«Roll Call» qəzeti keçmiş konqresmen Maykl MakMeyxonun Azərbaycanla
əməkdaşlıq haqqında məqaləsini dərc
etmişdir
Amerikanın
siyasi həyatından bəhs edən "Roll Call" qəzetində
Nyu-Yorkdan olan keçmiş konqresmen Maykl MakMeyxonun Azərbaycana
münasibətdə ikili standartlar haqqında məqaləsi dərc
edilmişdir.
Məqalənin
müəllifi yazır ki, keçən il normal ikitərəfli
ticarət münasibətlərinin yaradılmasına dair
ABŞ ilə Rusiya arasında saziş imzalanması Prezident
Obamanın nailiyyətlərindən biri olmuşdur. Belə
ki, ABŞ ilə Rusiya arasında normal münasibətlər
Rusiyada Amerikanın bir çox şirkəti üçün
imkanlar açacaq və rus tərəfdaşlarının
şəffaflığını təmin edəcəkdir.
Lakin son 21 ildə ABŞ-ın Azərbaycanla bağlı
xarici siyasəti iki ölkə arasında dərin ikitərəfli
tərəfdaşlığı əks etdirmir.
M.MakMeyxon qeyd edir ki, SSRİ-nin tənəzzülündən sonra 1992-ci ildə ABŞ konqresi daxili siyasi seçicilərin məhdud mənafeyinə cavab olaraq azadlığı müdafiə aktına 907-ci düzəlişi qəbul etmişdir. Bunun da nəticəsində ABŞ-ın Azərbaycana birbaşa yardımı məhdudlaşdırılmışdır. 2001-ci ilin 11 sentyabr hadisələrinə cavab olaraq Azərbaycan dərhal kəşfiyyat informasiyası mübadiləsinə hazır olduğunu bildirmiş, Azərbaycan üzərində uçuşlara icazə vermiş, maddi-texniki və strateji yardımı təmin etmişdir. Bundan sonra ABŞ konqresi Prezidentə 907-ci düzəlişin fəaliyyətini müvəqqəti olaraq dayandırmaq imkanı vermişdir. Qanuna görə, düzəlişin tətbiqi formal olaraq hər il ABŞ Prezidenti tərəfindən ləğv edilməlidir. MakMeyxon bildirir ki, 2001-ci ildən ABŞ prezidentləri 907-ci düzəlişin müvəqqəti ləğv olunduğunu hər il imzalasalar da, düzəliş qəti şəkildə ləğv edilməlidir ki, Rusiya ilə daimi ticarət sazişinin imzalanması mümkün olsun.
Müəllif
yazır ki, 1992-ci ildən Azərbaycan ABŞ-ın
etibarlı tərəfdaşı olmuş və Əfqanıstanda
beynəlxalq təhlükəsizliyə yardım qüvvələri
komandanlığının (ISAF) əməliyyatlarında
ABŞ-a kömək göstərmişdir və regionda
ABŞ-ın missiyası üçün əsas strateji və
logistik mərkəz olaraq qalır. Keçmiş konqresmen
deyir: "ABŞ konqresinin Nümayəndələr
Palatası xarici işlər komitəsinin və Azərbaycan
kokusunun üzvü kimi mən ardıcıl surətdə
907-ci düzəlişi ləğv etməyə, Azərbaycan
xalqı ilə diplomatik münasibətlərin daha yüksək
səviyyəyə qaldırılması üçün
geniş imkanlar açmağa çağırmışam.
Birləşmiş Ştatlarla Azərbaycan arasında mədəni,
iqtisadi, siyasi və strateji əlaqələrin inkişaf
etdirilməsi və daha sıx tərəfdaşlığın
qurulması üçün bir çox üsullar vardır.
907-ci düzəlişin ləğvi bu sinergetik effekti gücləndirəcəkdir.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 19 aprel.- S.7.