İqtisadi İnkişaf Nazirliyində
geniş kollegiya iclası keçirilmişdir
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadi İnkişaf Nazirliyində geniş kollegiya iclası keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri, kollegiyanın sədri Şahin Mustafayev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların cəlb edilməsi, sağlam rəqabət mühitinin tam formalaşması, inhisarçılığa qarşı daha ciddi addımların atılması, inflyasiyanın aşağı səviyyədə saxlanılması, daxili istehsalın stimullaşdırılması ilə bağlı verdiyi göstərişləri xatırlatmışdır. Eyni zamanda, Prezidentin dövlət proqramlarının icrasının davam etdirilməsi, sənayedə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ölkənin yerli mallarla maksimum dərəcədə təminatı və idxaldan asılılığın minimuma endirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalının və xarici bazarlara çıxışın genişləndirilməsi, infrastruktur layihələrinin, kənd, qəsəbədaxili və qəsəbələrarası yolların, su və kanalizasiya layihələri tikintisinin davam etdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, turizmin inkişafı, kadr hazırlığı prosesinin sürətləndirilməsi və digər sahələrdə konkret tapşırıqların verildiyi vurğulanmışdır.
Nazir Şahin Mustafayev dövlət başçısı tərəfindən bitkiçilik və heyvandarlıq sahələrində intensiv metodların tətbiqi, yeni torpaq sahələrinin dövriyyəyə buraxılması, elektron kənd təsərrüfatı layihəsinin həyata keçirilməsi və fermerlərin elektron qeydiyyat sisteminin yaradılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, subsidiyaların verilməsinin təkmilləşdirilməsi, bu ilin sonunadək üçüncü regional dövlət proqramının hazırlanması barədə müvafiq tapşırıqlar verdiyini də diqqətə çatdırmışdır.
Kollegiya iclasında İqtisadi İnkişaf Nazirliyinin əlaqədar qurumlarının rəhbərləri qeyd olunan sahələrdə indiyədək görülmüş işlər barədə məlumat vermişlər.
Şahin Mustafayev dövlət başçısının qarşıya qoyduğu mühüm vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədi ilə nazirliyin müvafiq strukturlarına tapşırıqlar vermişdir.
Geniş kollegiya iclasında konkret müddət və icraçılar göstərilməklə tədbirlər planının hazırlanması, növbəti iclasda müvafiq sahələrdə işlərin gedişi barədə hesabatların dinlənilməsi qərara alınmışdır.
İclasda
həmçinin bir sıra cari məsələlər də
müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 19 aprel.- S.8.