Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu və
Çinin Beynəlxalq
Ticarətin Təşviqi Şurası arasında Anlaşma Memorandumu imzalanmışdır
Aprelin
18-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Çin
biznes forumu keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə hər iki tərəfdən
rəsmi şəxslərlə yanaşı, qida, tikinti,
yük avtomobillərinin istehsalı, İKT, infrastruktur, enerji,
emal, logistika, turizm, daşınmaz əmlak və s. sahələrdə
fəaliyyət göstərən şirkətlərin
nümayəndələri iştirak etmişlər.
İqtisadi
inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə
Çin arasında əməkdaşlığın uğurla
inkişaf etdiyini diqqətə çatdırmış,
ölkələrimiz arasında əlaqələrin dostluq və
tərəfdaşlıq prinsipləri üzərində
qurulduğunu, yüksək səviyyəli dövlət rəsmilərinin
qarşılıqlı səfərlərinin, aparılan
danışıqların ikitərəfli münasibətlərin
inkişafında mühüm əhəmiyyətini
vurğulamışdır. Bildirilmişdir ki, indiyədək
iki ölkə arasında 20-dən çox sənəd
imzalanmışdır. Azərbaycan-Çin əlaqələrinin
genişlənməsində indiyədək 4 iclası
keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti
də əhəmiyyətli rol oynayır.
Ölkələrimiz
arasında iqtisadi əlaqələr barədə məlumat
verən nazir müavini Niyazi Səfərov ticarət
dövriyyəsinin iki ölkə arasındakı əməkdaşlığın
mühüm istiqamətlərindən biri olduğunu, ticarət
dövriyyəsinin əhəmiyyətli dərəcədə
artdığını demişdir. Qeyd etmişdir ki,
hazırda Azərbaycanda xidmət, ticarət, sənaye, rabitə,
tikinti, bank və sığorta, kənd təsərrüfatı
sahələrində 70-ə yaxın Çin kapitallı
şirkət fəaliyyət göstərir.
Çinin
Beynəlxalq Ticarətin Təşviqi Şurasının
(SSPİT) sədr müavini Zhanq Vey ölkəsinin
iqtisadiyyatından danışmışdır. Z.Vey hər iki
ölkənin potensialından səmərəli istifadənin,
iş adamları arasında əməkdaşlığın
genişləndirilməsinin Çin-Azərbaycan iqtisadi-ticarət
əlaqələrinin inkişafında əhəmiyyətli
olacağını vurğulamışdır. Qonaq iqtisadi sahədə
əməkdaşlıq istiqamətlərini qeyd edərək
iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin
daha da inkişafı üçün böyük
imkanların olduğunu demişdir.
Çin
Xalq Respublikasının Azərbaycandakı səfiri Hong Jiu
Yin iki ölkə arasındakı əlaqələr və əməkdaşlığın
genişləndirilməsinin perspektivləri barədə məlumat
vermişdir.
AZPROMO-nun
rəhbəri Rüfət Məmmədov Azərbaycanın
investisiya mühiti və biznes imkanlarına dair təqdimatla
çıxış etmişdir.
Biznes
forum çərçivəsində AZPROMO ilə SSPİT
arasında qarşılıqlı əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Tədbir
iş adamları arasında ikitərəfli görüşlərlə
başa çatmışdır.
Azərbaycan.-2013.- 19 aprel.- S.8.