«Heydər Əliyev. Şəxsiyyət və
zaman» altıcildliyinin təqdimat mərasimi
keçirilmişdir
Aprelin 18-də Heydər Əliyev Mərkəzində tanınmış yazıçı-publisist, əməkdar jurnalist, Milli Məclisin deputatı Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" altıcildliyinin təqdimat mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, mərasimdə hökumət nümayəndələri,
Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda
akkreditə olunmuş diplomatik korpusunun təmsilçiləri,
tanınmış ictimai-siyasi xadimlər, alimlər,
yazıçılar, jurnalistlər iştirak etmişlər.
Tədbirdə
çıxış edən Heydər Əliyev Mərkəzinin
direktorunun birinci müavini Adil Kərimli bildirmişdir ki,
kitabın təqdimatının ulu öndərin 90 illik
yubileyi ərəfəsində keçirilməsi xüsusi
önəm daşıyır. Bildirilmişdir ki, Elmira
Axundovanın gərgin əməyinin nəticəsi olaraq ərsəyə
gələn bu əsərdə ümummilli lider Heydər Əliyevin
fenomenal şəxsiyyəti, onun zəngin və
çoxşaxəli həyat və fəaliyyəti ilə
bağlı olduqca maraqlı məlumatlar yer
almışdır. Ümummilli liderin irsinin
araşdırılmasında və təbliğində bu əsərin
çox böyük əhəmiyyət kəsb etdiyi
vurğulanmışdır.
Sonra
kitabın ön sözünün və sözardının
müəllifi, görkəmli siyasi və ictimai xadim,
Qazaxıstanın UNESCO-dakı nümayəndəsi Oljas
Süleymenovun təbrik məktubu oxunmuşdur. Məktubda
Elmira Axundovanın bu əsərinin həm indiki, həm də
gələcək nəsillərin
ömrünü öz xalqının tərəqqisi və
inkişafına həsr etmiş, yorulmadan Azərbaycanın
xoş gələcəyi naminə
çalışmış ulu öndər Heydər Əliyevin
həyatını və dövlətçilik fəaliyyətini
yaxından öyrənmələri baxımından zəngin
mənbə olduğu diqqətə
çatdırılmışdır.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar bildirmişdir ki, böyük zəhmət
hesabına ərsəyə gələn bu dəyərli əsər
çox əhəmiyyətli tarixi mənbədir.
Bildirilmişdir ki, altıcildlikdə Azərbaycanın və
bütövlükdə Sovet İttifaqı tarixinin
böyük bir dövrü əhatə olunmuşdur. Əsərin
baş qəhrəmanı müasir müstəqil Azərbaycan
dövlətinin banisi, qurucusu və xilaskarı ulu öndər
Heydər Əliyev, onun mürəkkəb və şərəfli
həyat yolu, eləcə də ümummilli liderin
yaşadığı və çalışdığı
zamandır. Bildirilmişdir ki, bu əsərin yazılması
üçün müəllif Sov.İKP MK Siyasi Bürosunun
keçmiş üzvləri, Azərbaycanın
tanınmış siyasi xadimləri, ziyalıları ilə
görüşmüş, onlardan aldığı məlumatları
sistemləşdirmiş, çoxsaylı arxiv sənədlərini
araşdırmışdır. Bütün bunlar isə gərgin
əmək tələb edir.
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra
edən, akademik Akif Əlizadə bildirmişdir ki,
xalqımızın ümummilli lideri Heydər Əliyev
yalnız Azərbaycanın deyil, dünya tarixində görkəmli
yer tutmuş siyasi xadimlərdən biridir. Ulu öndər
haqqında çoxsaylı kitabların
yazıldığını qeyd edən akademik ümummilli
liderin Azərbaycan xalqı qarşısında əvəzolunmaz
xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, "Heydər Əliyev.
Şəxsiyyət və zaman" altıcildliyi ulu öndərin
öz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti
ilə zamanı əyilməyə məcbur etməsinin
açıqlaması baxımından önəmli bir
araşdırmadır.
Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla keçmişlə gələcəyi özündə birləşdirən və fədakar əməyin nəticəsi olan bu əsərin oxucuların, xüsusilə də gənc nəslin ulu öndər Heydər Əliyevi həm dahi şəxsiyyət, böyük siyasi lider, həm də sadə bir insan kimi dərindən öyrənməsi baxımından əhəmiyyətini vurğulamışdır.
Milli Məclisin deputatı, professor Musa Qasımlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, əməkdar incəsənət xadimi, yazıçı Natiq Rəsulzadə, kitabın redaktoru, əməkdar jurnalist Elmira Əliyeva çıxış edərək bildirmişlər ki, bu əsərin coğrafiyası təkcə Azərbaycan ilə məhdudlaşmır, həm də Sovet İttifaqının böyük bir dövrünü əhatə edir. Bildirilmişdir ki, hər hansı tarixi şəxsiyyət zaman və məkan çərçivəsində fəaliyyət göstərir. Zaman və məkandan kənar tarix və tarixi şəxsiyyət yoxdur. Lakin həyatda öz düşüncələri ilə zamanı aşan, hətta yüz illəri qabaqcadan görmək qabiliyyətinə malik olan dahilər də vardır. Ulu öndər Heydər Əliyev Azərbaycan tarixində məhz belə bir dahi şəxsiyyətdir. Sözü gedən kitabın ana xəttini də bu amil təşkil edir.
Çıxışlarda bildirilmişdir ki, bu əsər həm də ümummilli lider haqqında yazılacaq bütün kitablar, məqalələr üçün çox gözəl bir mənbə olacaqdır. Əsərdən çıxan nəticə bundan ibarətdir ki, Azərbaycanın güclü, çiçəklənən bir dövlət olması üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir və bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd edilmişdir ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə, beynəlxalq aləmdə tanınmasına, dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizdə demokratik dövlət quruculuğuna həsr etmişdir. Natiqlər altıcildliyin xarici dillərə də tərcümə edilməsinin vacibliyini vurğulamışlar.
"Heydər Əliyev. Şəxsiyyət və zaman" altıcildliyinin müəllifi Elmira Axundova demişdir ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti, onun fenomenal şəxsiyyəti, qeyri-adi taleyi əsərin böyük uğur qazanmasının əsas səbəblərindəndir. Elmira Axundova altıcildliyin ərsəyə gəlməsində ona kömək edənlərə təşəkkürünü bildirmişdir.
"Heydər Əliyev. Şəxsiyyət
və zaman" altıcildlik roman-tədqiqatı
ulu öndərin uşaqlıq və gənclik
dostları, qohumları və yaxınları ilə söhbətlər,
tanınmış ictimai-siyasi xadimlər
və dövlət adamları ilə müsahibələr, Milli Təhlükəsizlik Nazirliyinin,
Azərbaycan Prezidentinin arxivlərindəki
sənədlər əsasında
yazılmışdır. Dərin təhlil və müəllif
şərhləri ilə müşayiət olunan
kitab indiyədək çox
az məlum olan faktlar, məxsusi informasiyalarla
zəngindir. Həm Azərbaycanda, həm də respublika hüdudlarından kənarda geniş oxucu
auditoriyasının böyük
marağına səbəb olan
altıcildlik 2012-ci ilin sonlarında
yekunlaşmışdır. Kitabın ilk dörd cildinin təqdimatı
isə 2008-ci ildə Heydər Əliyev Fondunun
dəstəyi ilə Moskvada keçirilmişdir.
Azərbaycan.-2013.- 19 aprel.- S.9.