Bakıda «Kimya və kimya texnologiyalarının aktual
problemləri» mövzusunda
1-ci Beynəlxalq konfrans keçirilir
"Gülüstan"
sarayında Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (ARDNŞ) və Qafqaz Universitetinin birgə təşkilatçılığı
ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə
həsr olunmuş "Kimya və kimya texnologiyalarının
aktual problemləri" mövzusunda 1-ci Beynəlxalq konfrans
keçirilir.
AzərTAc
xəbər verir ki, tədbirdə Milli Məclisin
deputatları və yerli mütəxəssislərlə
yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Norveç,
İsveçrə, İngiltərə, Gürcüstan,
Almaniya və digər ölkələrdən neft-kimya mütəxəssisləri
də iştirak etmişlər.
Təhsil
naziri Misir Mərdanov konfrans iştirakçılarını
salamlayaraq bildirmişdir ki, Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş bu möhtəşəm elmi tədbirə 13 ölkədən
80-dən çox alim və kimya sənayesi üzrə
ixtisaslaşmış mütəxəssis
qatılmışdır.
Qeyd
olunmuşdur ki, konfrans müxtəlif ölkələrin alimlərini
kimya texnologiyaları mövzusu ətrafında birləşdirəcək
və elmi nailiyyətlərin əldə olunmasına əhəmiyyətli
köməklik göstərəcəkdir. Azərbaycanda kimya
elminin inkişaf etməsində Y.Məmmədəliyev,
B.Dadaşov, Ə.Quliyev kimi alimlərin böyük rolu
olmuşdur. Bu alimlər Azərbaycanda qabaqcıl kimya məktəbinin
formalaşmasının əsasını yaratmış və
dünya kimya elminə dəyərli töhfələr
vermişlər.
Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə demişdir ki,
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən aparıcı elm ocaqlarının nümayəndələrinin
beynəlxalq konfransda iştirak etməsi onun yüksək
statusa malik olmasından xəbər verir.
Bildirilmişdir
ki, Azərbaycan qədim zamanlardan neft ölkəsi olmuşdur.
Lakin neftin sənaye üsulu ilə emalı XIX əsrdən
başlanmışdır. Azərbaycana 1970-ci illərdə rəhbərlik
edən ulu öndər Heydər Əliyev kimya elminin
inkişafına böyük diqqət və qayğı
göstərmişdir. Heydər Əliyev neft-kimyası sənayesini
ekologiyanı qorumaqla inkişaf etdirirdi və buna görə də
yeni texnologiyaların tətbiqinə üstünlük verirdi.
Bu gün Sumqayıtda fəaliyyət göstərən
etilen-propilen zavodu həmin illərdə yüksək ekoloji
standartlara uyğun və yeni texnologiyaların tətbiqi ilə
inşa edilmişdir.
Müstəqillik
illərində yeni neft strategiyasını hazırlayıb həyata
keçirən Heydər Əliyev "Azəri-Çıraq-Günəşli"
kimi zəngin neft ehtiyatına malik yataqlar blokunun işlənməsinin
əsasını qoymuş, Azərbaycanın karbohidrogen
ehtiyatlarının dünya bazarlarına
çıxarılması üçün
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin
çəkilməsinə nail olmuşdur.
Bu
gün Azərbaycan Prezidenti İlham Əliyev yeni neft
strategiyasını uğurla davam etdirir. Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında mühüm rol oynayır.
Bakı
Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı Abel
Məhərrəmov qeyd etmişdir ki, adətən kimya elmi ilə
əlaqədar keçirilən elmi konfranslar D.Mendeleyevin, Y.Məmmədəliyevin
adları ilə bağlı olurdu. Lakin 1-ci Beynəlxalq
"Kimya və kimya texnologiyalarının aktual problemləri"
konfransının ulu öndər Heydər Əliyevin 90 illik
yubileyinə həsr edilməsi xüsusi ilə əhəmiyyətli
və vacibdir. Ona görə ki, Azərbaycanda kimya sənayesinin
və kimya elminin inkişafı məhz Heydər Əliyevin
adı ilə bağlıdır.
Sonra
Azərbaycan Neft Akademiyasının rektoru Siyavuş Qarayev,
Qafqaz Universitetinin rektoru Əhməd Sanıç və
başqaları çıxış edərək Azərbaycanda
neft kimyasının inkişafından
danışmışlar.
Beynəlxalq
konfransda neft-kimya sənayesinin perspektiv inkişafı, yeni
layihələrin həyata keçirilməsi, müasir kimya
texnologiyalarının öyrənilməsi və tətbiq
edilməsi məsələləri ətrafında müzakirələr
aparılacaqdır. Neft kimyasının nəzəri və
praktik məsələləri, fiziki və analitik kimyanın
aktual problemləri, kimya sahəsində müasir elmi-tədqiqatlar,
ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və
digər aktual məsələlərlə bağlı
çıxış və məruzələr dinləniləcək,
diskussiyalar təşkil olunacaqdır.
Konfrans
öz işini aprelin 20-dək Qafqaz Universitetində, "Azərikimya"
İstehsalat Birliyində və Azərbaycan Dövlət Neft
Akademiyasında davam etdirəcəkdir. Plenar iclaslarda yeni əsr
kimyasının aktual sahələri - qeyri-üzvi maddələrin
və kompleks birləşmələrin kimyası, funksional
nanomateriallar və yüksək təmizlikli maddələrin
texnologiyası, üzvi və bioloji kimyanın aktual problemləri,
tibbi kimya, bioloji aktiv maddələrin kimyası və
texnologiyası, "yaşıl kimya" və ətraf
mühitin mühafizəsi, qida və təbii məhsullar
kimyası və s. üzrə 70-ə qədər məruzə
dinləniləcəkdir.
Aprelin
21-də qonaqların Azərbaycanın paytaxtı Bakı
şəhərinin görməli yerləri, tarixi memarlıq
abidələri ilə tanışlığı nəzərdə
tutulmuşdur.
Azərbaycan.-2013.- 19 aprel.- S.9.