«YARAT!» Müasir
İncəsənət Məkanı «PARTICIPATE» Baku Public Art»
festivalı çərçivəsində Natalya
Pastuxovanın «Yaxşı it» layihəsini
təqdim etmişdir
"YARAT!" Müasir İncəsənət Məkanı "PARTICIPATE" Baku Public Art" festivalı iştirakçılarının işlərini təqdim etməkdə davam edir.
Bu ilki festival müddətində Azərbaycandan, Gürcüstandan, Rusiyadan, ABŞ-dan, Portuqaliya və Hollandiyadan olan müəlliflərin əsərlərinin 10 təqdimat mərasimi və 10 interaktiv layihə nəzərdə tutulmuşdur. Festivalın sponsoru "Bank Respublika"dır.
Festival çərçivəsində Dənizkənarı Milli Parkda yerləşən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında, rusiyalı gənc dizayner və rəssam Natalya Pastuxovanın "Yaxşı it" adlanan layihəsi təqdim edilmişdir.
Rəssam Şərqdə və Qərbdə itə qarşı münasibəti bir mövzu olaraq götürmüşdür. Bəzi Şərq ölkələrində it əti yemək mal, yaxud toyuq əti yemək kimi bir şeydir. Avropalılar üçün it intellektə, ruha və xarakterə malik bir varlıqdır, deməli o, individuallığa sahibdir.
Müxtəlif it portretləri silsiləsinin əsas ideyası ondan ibarətdir ki, küçədə gördüyünüz istənilən yiyəsiz it yaşadığı mühitin və şəhərin güzgüdə olan əksidir. İt (zalım, mehriban, vəfalı, istiqanlı, yiyəsiz) bizə özümüz haqqında çox şey danışa, bizi insanlığımız barədə düşünməyə vadar edə bilər. Natalya Pastuxova öz layihəsi üzərində işləyərkən müəyyən fotoaraşdırma aparmış, Bakıda yerləşən sahibsiz heyvanların sığınacaq yerinə getmişdir.
İnstalyasiyanın
açılışına bir gün qalmış isə
Natalya Pastuxova öz yaradıcılıq təcrübəsi və
təəssüratları barədə mühazirə söyləmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 19 aprel.- S.10.