Azərbaycan Prezidenti İlham Əliyev Makedoniyanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Makedoniyanın Baş naziri Nikola Qruevskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Makedoniyanın Baş naziri Nikola Qruevskinin Azərbaycana səfərinin uğurlu olacağına və ikitərəfli münasibətlərimizin inkişafına dair məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirdi.

Makedoniyanın Baş naziri Nikola Qruevski ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı. Baş nazir siyasi əlaqələrlə yanaşı ölkəsinin Azərbaycan ilə iqtisadi və digər sahələrdə də əlaqələri genişləndirməkdə maraqlı olduğunu dedi.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanacaq sənədin önəmi vurğulandı, əlaqələrimizin  enerji, turizm, sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 20 aprel.- S.1.