Azərbaycan ilə Keçmiş Yuqoslaviya Respublikası Makedoniya arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Aprelin 19-da Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş naziri Nikola Qruevskinin ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Makedoniya işgüzar görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan ilə Balkan ölkələri arasında əlaqələrin uğurla inkişaf etdiyini və bu baxımdan Keçmiş Yuqoslaviya Respublikası Makedoniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırmışdır. Nazir iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və bu əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulamışdır.

Nazir Şahin Mustafayev biznes forumlarının, işgüzar görüşlərin və sahibkarların iştirakı ilə keçirilən digər tədbirlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd etmiş, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş nazirinin Azərbaycana səfəri çərçivəsində keçirilən bugünkü işgüzar görüşün ölkələrimiz arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcəyini vurğulamışdır.

Bildirilmişdir ki, işgüzar görüşdə rəsmi şəxslərlə yanaşı kənd təsərrüfatı, tikinti, qida, səhiyyə, İKT sahələrini təmsil edən şirkətlər iştirak edir və bu tədbirin keçirilməsi yeni sahələr üzrə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə imkan yaradacaqdır. Ölkələrimiz arasında möhkəm siyasi təməlin mövcudluğu ticarət-iqtisadi əməkdaşlığın yüksək səviyyədə qurulmasında mühüm rol oynayır. Bu baxımdan iqtisadi əlaqələrimizin genişlənməsi üçün böyük potensial vardır və bu imkanlardan birgə istifadə etməliyik.

İqtisadi inkişaf naziri Şahin Mustafayev iki ölkə arasında iqtisadi sahədə müqavilə-hüquq bazasının genişləndirilməsinin qarşıda duran vəzifələrdən olduğunu qeyd edərək Baş nazir Nikola Qruevskinin səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"in imzalanmasını iqtisadi əməkdaşlığın genişləndirilməsinə, hər iki ölkədə həyata keçirilən investisiya layihələrinin icrasına iş adamlarının cəlb edilməsinə, işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqinə, ticarət dövriyyəsinin və investisiya qoyuluşlarının artmasına müsbət təsir göstərəcəyinə əminliyini qeyd etmişdir.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş naziri Nikola Qruevski dostluq zəminində qurulan münasibətlərimizin uğurla inkişaf etdiyini qeyd etmiş, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulamışdır. Baş nazir Nikola Qruevski  Azərbaycan və Keçmiş Yuqoslaviya Respublikası Makedoniya iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd etmişdir. Ölkəsinin iqtisadiyyatına, biznes və investisiya mühitinə, ticarət əlaqələrinə dair ətraflı məlumat verən Nikola Qruevski hazırda Keçmiş Yuqoslaviya Respublikası Makedoniyada azad iqtisadi zonaların, xüsusi turist zonalarının fəaliyyət göstərdiyini bildirmişdir.

 Baş nazir Nikola Qruevski hər iki ölkə iqtisadiyyatının dinamik inkişaf etməsinin iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlverişli imkan yaratdığını vurğulamış, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Azərbaycan ilə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edərək azərbaycanlı iş adamlarını ölkəsində investisiya layihələrində iştiraka dəvət etmişdir.

Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizdə yaradılmış əlverişli biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış etmişdir.

Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Baş nazirinin müavini Vladimir Pesevski, xarici investisiyalar naziri Bill Pavlevski və iqtisadiyyat nazirinin müavini Hristiyan Delevin təmsil etdikləri ölkənin  investisiya mühitinə dair müxtəlif sektorlar üzrə təqdimatlarla çıxış etmişlər.

 

 

Azərbaycan.-2013.- 20 aprel.- S.3.