Qədim İçərişəhərlə
tanışlıq Makedoniyanın Baş nazirində zəngin təəssürat
yaratmışdır
Azərbaycanda
rəsmi səfərdə olan Keçmiş Yuqoslaviya
Respublikası Makedoniyanın Baş naziri Nikola Qruevski aprelin
19-da İçərişəhərlə tanış
olmuşdur.
AzərTAc
xəbər verir ki, Makedoniyanın Baş nazirinin İçərişəhərdə
gəzintisi Qız qalası ilə tanışlıqdan
başlamışdır. Qonağa Qız qalası abidəsinin
qeyri-adi memarlıq özəllikləri barədə ətraflı
məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl
VII-VI əsrlərdə əsası qoyulmuş Qız
qalası XII əsrdə bərpa edilmişdir.
Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə
silindr formalı əsl qaladan və cənub tərəfdən
ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda
Qız qalasında muzey konservasiyası işləri
aparılır.
Yaxınlıqdakı
Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki
ekspozisiya ilə tanışlıq da Makedoniyanın Baş
nazirində böyük maraq doğurmuşdur.
Gəzinti
Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən
xəbər verən, ölkə əhəmiyyətli abidə
- Buxara karvansarayı ilə tanışlıqla davam
etdirilmişdir.
Elektromobillə
gəzinti zamanı Baş nazir Nikola Qruevskiyə UNESCO-nun
Dünya İrsi Siyahısına daxil edilmiş
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir,
abadlaşdırma və bərpa işləri barədə ətraflı
məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər
ərazisində müxtəlif əsrlərə aid nadir tarixi
memarlıq abidələri vardır və bunlar qorunub
saxlanılır.
Kiçik
Qala küçəsi ilə davam edən gəzinti zamanı
Makedoniyanın Baş naziri təndir çörəyinə
qonaq edilmişdir.
Gəzinti
zamanı Baş nazir Nikola Qruevski orta əsr Şərq
memarlığının şah əsəri, dünya əhəmiyyətli
tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı
Kompleksi" ilə tanış olmuşdur. Məlumat
verilmişdir ki, XV əsrin əvvəllərində inşa
olunmuş tarixi abidənin tikililəri İçərişəhərin
təpələrindən birinin ən hündür nöqtəsində
yerləşir. O, Xəzər dənizindən və şəhərin
ətrafındakı yüksəkliklərdən aydın
görünür. Kompleks bugünədək öz
tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Daha
sonra Nikola Qruevski Kiçik karvansaradakı Azərbaycan təsviri
və dekorativ-tətbiqi sənət mərkəzində -
"İncəsənət bağı"ndakı sənət
nümunələrini seyr etmişdir.
Keçmiş
Yuqoslaviya Respublikası Makedoniyanın Baş naziri
"İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək
sözlərini yazmışdır.
Azərbaycan
paytaxtının qədim guşəsi ilə
tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim
edilmişdir.
İçərişəhərlə
tanışlıq Makedoniyanın Baş nazirində xoş təəssürat
yaratmışdır.
Azərbaycan.-2013.- 20 aprel.- S.3.