Valideynlərini itirmiş uşaqlar ödənişsiz
təhsil alacaqlar
Milli Məclisin
iclasında
Aprelin
19-da Milli Məclisin növbəti plenar iclası
keçirildi. Milli Məclisin Sədri
Oqtay Əsədov iclasın gündəliyinə 31 məsələnin daxil edildiyini bildirdi. Əvvəlcə
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Yayım Şurasının tərkibində dəyişikliklər
edilməsi haqqında qanun layihəsi müzakirə edildi.
Milli Məclisin
Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov
qeyd etdi ki, Azərbaycanın İctimai Televiziya və Radio
Yayımları Şirkəti Yayım Şurasının 6
illik səlahiyyət müddəti başa çatmış
üç üzvünün yerinə yeni namizədlər təqdim
olunub. Nizami Cəfərov namizədlərin
hər birinin ictimai fəaliyyətinin aktivliyini və cəmiyyətdə
öz işləri ilə tanınmış insanlar
olduğunu diqqətə çatdırdı. Bildirdi ki, idman
federasiyaları tərəfindən Boks Federasiyasının təşkilat
komitəsinin sədri Babanlı Yusif Məmməd oğlu və
Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının Tələbə Yaradıcılıq
Birliyinin rəhbəri Ağayeva Validə Eldar qızı bir
yer üçün namizəd kimi təqdim edilmişlər. Dini konfessiyalar tərəfindən
Qafqaz Müsəlmanları İdarəsi sədrinin
müşaviri Nurullayev Fuad İzzət oğlu və Alban-Udi
Xristian Dini İcmasının sədri Mobili Robert
Baqratoviçin namizədliyi irəli
sürülmüşdür.
Yaradıcılıq təşkilatları tərəfindən
nəzərdə tutulan yerə isə Azərbaycan Bəstəkarlar
İttifaqından Qafarova Zemfira Həsən qızı, Azərbaycan
Yazıçılar Birliyindən Ələddinov Rafiq Səməndər
oğlu, Azərbaycan Rəssamlar İttifaqından Əliyev
Ziyadxan Alxan oğlu və Azərbaycan Jurnalistlər Birliyindən
Babayev Şahin Ənvər oğlu namizəd kimi təqdim
olunmuşlar.
Bu məsələnin
müzakirəsi zamanı çıxış edən
parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
bildirdi ki, İctimai Televiziya ictimai həyatın bütün
sahələrini əhatə edən verilişləri ilə
diqqəti cəlb edir. İctimai Televiziya Azərbaycanın həyatında
baş verən hadisələri düzgün istiqamətləndirməklə,
işıqlandırmaqla insanların, vətəndaşların
istək və arzularını əks etdirən verilişləri
cəmiyyətə təqdim etməklə bizim
hamımızı sevindirir.
Deputatlardan
Etibar Hüseynov, Fəzail İbrahimli, Siyavuş Novruzov və başqaları qeyd etdilər
ki, televiziya kanalının
yaradıcı heyəti, rəhbərliyi, kanalda
çalışan jurnalistlər öz peşəkarlığı,
dünyagörüşləri, hadisələrə sərbəst,
müstəqil münasibətləri, yüksək intellektual
səviyyələri ilə seçilən insanlardır.
Aparılan
müzakirələrdən sonra səsvermə nəticəsində
Yayım Şurasına idman federasiyaları tərəfindən
irəli sürülmüş Azərbaycan Boks
Federasiyasının Təşkilat Komitəsinin sədri
Babanlı Yusif Məmməd oğlu, dini konfessiyalar tərəfindən
irəli sürülmüş Qafqaz Müsəlmanları
İdarəsi sədrinin müşaviri Nurullayev Fuad İzzət
oğlu, yaradıcılıq təşkilatları tərəfindən
isə Azərbaycan Bəstəkarlar İttifaqından Qafarova
Zemfira Həsən qızı seçilmişlər.
Daha sonra
"MDB-nin iştirakçısı olan dövlətlərin
kitabxanalararası abunəçilik sisteminin yaradılması
haqqında" 1999-cu il 13 yanvar tarixli Sazişə dəyişikliklər
edilməsi barədə" Protokol, "Azərbaycan
Respublikası və Serbiya Respublikası arasında dostluq
münasibətləri və strateji tərəfdaşlıq
haqqında" Bəyannamə və
"Azərbaycan Respublikası hökuməti və
Serbiya Respublikası hökuməti arasında baytarlıq sahəsində
əməkdaşlıq haqqında" Saziş müzakirəyə
çıxarıldı və təsdiq olundu.
Sonra Milli
Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin
Hacıyev gündəlikdə olan növbəti məsələ
- "Ay və digər səma cisimləri də daxil olmaqla,
kosmik fəzanın tədqiqi və istifadəsi üzrə
dövlətlərin fəaliyyət prinsipləri
haqqında" Müqavilənin təsdiq edilməsi barədə
qanun layihəsi ilə bağlı məlumat verdi. Bildirdi ki,
bu müqavilə 1967-ci ildən qüvvəyə minib və
dünya ölkələrinin əksəriyyəti bu sənədə
qoşulub. Müqavilənin əsas şərti kosmik fəzanın
istisnasız olaraq sülh məqsədi ilə tədqiq edilməsi,
bu sahədə beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi və səma cisimlərinin
işğalını qadağan etməkdir.
Qanun layihəsi
təsdiq olundu.
Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədr müavini
Çingiz Əsədullayev "Azərbaycan Respublikası
hökuməti və Küveyt Dövləti hökuməti
arasında gömrük işi sahəsində əməkdaşlıq
və qarşılıqlı yardım haqqında" və "Azərbaycan Respublikası
hökuməti və Sloveniya Respublikası hökuməti
arasında beynəlxalq avtomobil əlaqələri
haqqında" Sazişin təsdiq edilməsi barədə
qanun layihələrini müzakirəyə təqdim etdi.
Bu qanun
layihələri də səs çoxluğu ilə qəbul
edildi.
Parlamentin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
sədri Əli Hüseynlinin məlumatından sonra "Azərbaycan
Respublikası hökuməti və Küveyt Dövləti
hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla
mübarizə sahəsində əməkdaşlıq
haqqında" Sazişin təsdiq edilməsi barədə
qanun layihəsi də təsdiq olundu.
Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov
"Azərbaycan Respublikası hökuməti və Sloveniya
Respublikası hökuməti arasında xidməti pasportlara
malik şəxslər üçün qısamüddətli
vizadan imtina edilməsi haqqında" və "Azərbaycan
Respublikası hökuməti və Çin Xalq Respublikası
hökuməti arasında Azərbaycan Respublikasının
Çindəki səfirliyinin binasının inşası
üçün torpaq sahəsindən istifadə haqqında"
sazişlərin təsdiq edilməsi barədə qanun layihələrini
müzakirəyə təqdim etdi. Qanun layihələri səs
çoxluğu ilə təsdiq olundu.
İclasda
"İnsan alverinə qarşı mübarizə
haqqında" Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi də müzakirə edildi. Parlamentin İnsan
hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova
dedi ki, əcnəbi və ya vətəndaşlığı
olmayan şəxs insan alverindən zərər çəkmiş
şəxs hesab olunduqda, onun barəsində 1 il müddətində
Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxartma tətbiq edilmir. İnsan alverinin qurbanı Azərbaycan
Respublikasının hüdudlarını tərk etmək
arzusunda olduqda, onun müvafiq sənədlərlə təmin
edilməsinə, nəqliyyat və digər zəruri xərclərin
ödənilməsinə kömək göstərilir.
Qanun layihəsi
səsə qoyularaq qəbul edildi.
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər
edilməsi haqqında, "Azərbaycan
Polisinin 95 illiyi (1918-2013)" Azərbaycan Respublikasının
yubiley medalının təsis edilməsi ilə əlaqədar
"Azərbaycan Respublikasının orden və medallarının
təsis edilməsi haqqında" Qanuna dəyişiklik edilməsi
barədə, Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişiklik edilməsi
haqqında , Azərbaycan Respublikasının 2001-ci il 29 iyun
tarixli 168-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının daxili işlər
orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə,
Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516
nömrəli qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Dövlət gerbi haqqında Əsasnamə"yə
dəyişklik edilməsi barədə qanun layihələri
haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat
verdi.
Cinayət
Məcəlləsində dəyişikliyə görə
yetkinlik yaşına çatmayanların istismarı da insan
alveri hesab olunacaq və bu istismara yol verənləri 12 ilədək
həbs cəzası gözləyə bilər. Dəyişiklikdə
qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxsin
istismar məqsədi ilə cəlb edilməsi, əldə
edilməsi, saxlanılması, gizlədilməsi,
daşınması, verilməsi və ya qəbul edilməsi
bütün hallarda insan alveri hesab edilir. Cinayət Məcəlləsinə
edilən əlavədə isə bununla bağlı 9 ildən
12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur.
Dəyişikliyə
görə, köləliyə bənzər adətlər və
onlardan irəli gələn asılılıqlar, insanın
daxili orqanının qanunsuz olaraq çıxarılması,
insanın üzərində biotibbi tədqiqatların
aparılması da insan istismarı kimi insan alveri hesab olunacaq.
Sadalanan bütün epizodlar üzrə Cinayət Məcəlləsinin
144-cü maddəsinə əlavə və dəyişikliklər
edilərək müvafiq cəzalar da müəyyənləşəcək.
Qeyd olunan insan istismarı hallarına görə müvafiq
olaraq 4 ildən 12 ilədək azadlıqdan məhrumetmə nəzərdə
tutulur.
Həmçinin
dəyişikliyə görə, insan alveri məqsədi ilə
şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və
ya şəxsiyyətini təsdiq edən digər sənədinin,
yaxud yol (sərhədkeçmə) sənədinin
saxtalaşdırılması insan alveri faktı kimi qeydə
alınır və buna görə 1 ildən 3 ilədək
azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilir.
Eyni zamanda, insan alveri məqsədi ilə insan alverçisini
və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi,
pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd,
yaxud yol (sərhədkeçmə) sənədləri ilə
təminetmə, o cümlədən eyni məqsədlə
insan alverçisini və ya insan alveri qurbanını saxta
şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti
təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə)
sənədləri ilə təmin etmək üçün
belə sənədləri əldə etmə faktları da
insan alveri faktı kimi qeydə alınaraq 1 ildən 3 ilədək
azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.
Müzakirələrdən
sonra qanun layihələri qəbul edildi.
Azərbaycan
Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli
qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik
edilməsi barədə qanun layihəsi haqqında məlumat
verən Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov dedi ki, təklif olunan dəyişikliyə əsasən,
konsul Azərbaycan Respublikası vətəndaşlarına
yalnız pasport vermək hüququna malikdir. Buna kimi isə
pasport verməklə yanaşı, onların
pasportlarının vaxtını uzatmaq və ya dəyişiklik
etmək hüququna da malik idi.
Qanun layihəsi
səs çoxluğu ilə təsdiq olundu.
Daha sonra
Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli
"Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında", "Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət vəsiqəsi
haqqında", "Ölkədən
getmək, ölkəyə gəlmək və pasportlar
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında" Əsasnamənin və "Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiqi haqqında" Əsasnamənin təsdiq
edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin
1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarının
ləğv edilməsi haqqında,
"Azərbaycan Respublikası vətəndaşının
ümumvətəndaş, xidməti və diplomatik
pasportları nümunələrinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Milli Məclisinin
1995-ci il 13 iyun tarixli 1052 nömrəli qərarının ləğv
edilməsi barədə, "Azərbaycan
Respublikası vətəndaşının ümumvətəndaş,
xidməti və diplomatik pasportlarının nümunələrinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1052 saylı qərarına
əlavələr və dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 1997-ci il 14 noyabr tarixli 401-IQD
nömrəli qanununun ləğv edilməsi haqqında, "Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan
Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də
dəyişikliklər edilməsi barədə, Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi barədə qanun layihələri
haqqında məlumat verdi.
O bildirdi
ki, "Ölkədən getmək, ölkəyə gəlmək
və pasportlar haqqında" və "Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət
vəsiqəsi haqqında" qanunlara edilən dəyişikliklərdən
sonra Azərbaycanda pasportu 10 günədək almaq
mümkün olacaq. Dəyişikliklərə görə,
artıq 15 yaşdan başlayaraq
şəxsiyyət vəsiqəsi almaq mümkün
olacaq. Dəyişikliklərə əsasən, ümumvətəndaş
pasportu vətəndaş müraciət etdikdən sonra on
iş günü müddətində, Azərbaycan
Respublikası vətəndaşının və ya onunla gedən
şəxsin (şəxslərin) təcili müalicəsi,
yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi,
ölümü ilə bağlı hallarda isə iki iş
günü müddətində müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi "Ölkədən getmək,
ölkəyə gəlmək və pasportlar haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də
nəzərdə tutulan sənədlər əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək.
15 yaşına çatmamış vətəndaşlardan əl-barmaq
izi götürülmür. "Dövlət rüsumu
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə
tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın
ödədiyi dövlət rüsumunun məbləğinə
müvafiq olaraq beş və ya bir iş günü müddətində
verilir.
Ə.Hüseynli
onu da dedi ki, yetkinlik yaşına çatmamış vətəndaşın
valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi,
ölmüş və ya itkin düşmüş elan edilməsi,
valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin
qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın
ananın göstərişi üzrə yazılması haqqında
arayış təqdim edildikdə, digər valideynin
razılığı tələb olunmur. Dəyişikliklərə
əsasən, əvvəllər şəxsiyyət vəsiqəsi
16 yaşdan sonra alına bilirdisə, indi 15 yaşından
sonra almaq mümkündür.
Komitə
sədri bildirdi ki, İnzibati Xətalar Məcəlləsinə
edilən dəyişikliyə
görə Azərbaycanda sürücülük vəsiqəsinin
qəsdən korlanmasına, yararsız hala salınmasına və
ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv
edilib: "Artıq Azərbaycanda "ASAN Xidmət" mərkəzləri
fəaliyyətə başlayıb və orada ödəniş
etmədən sürücülük vəsiqəsini əldə
etmək olar".
Sonra "Dövlət rüsumu
haqqında" qanunda dəyişiklik edilməsi barədə,
"Azərbaycan Respublikası Əhalisinin Dövlət
Reyestri haqqında" qanunda dəyişikliklər edilməsi
barədə, Azərbaycan Respublikasının 2007-ci il 10 aprel
tarixli 267-IIIQ nömrəli
qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasına qayıdış şəhadətnaməsinin
verilməsi qaydası haqqında Əsasnamədə dəyişiklik
edilməsi barədə və Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında qanun layihələri səs
çoxluğu ilə qəbul edildi.
İclasın
gündəlikdə olan sonuncu məsələsi -
"Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" qanuna dəyişiklik edilməsi barədə məsələ müzakirəyə
çıxarıldı. Parlamentin Sosial siyasət komitəsinin
sədri Hadi Rəcəbli dedi
ki, bu qanun qəbul olunduqdan sonra valideyn himayəsindən məhrum
olan, təhsil alan şəxslərin sayı ən azı iki
dəfə artacaq. Bütün tipdən olan dövlət təhsil
müəssisələrində, habelə bələdiyyə
və özəl ali və orta ixtisas təhsil müəssisələrində
təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlar, habelə onların arasından
olan şəxslər həmin təhsil
müəssisəsini bitirənədək tam dövlət təminatına
götürülürlər.
Yekunda qanun
layihəsi səsə qoyularaq qəbul edildi.
Elçin CƏFƏROV
Azərbaycan.-2013.- 20 aprel.- S.4.