«Yarat!» Müasir
İncəsənət Məkanı Parisdə «Müasir Azərbaycan incəsənəti» mövzusunda sərgi təşkil
etmişdir
"Yarat!"
Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti
ilə bağlı həyata keçirilən layihələrin
davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev
Fondu ilə birlikdə aprelin 18-də Parisin mərkəzində
yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində
müasir Azərbaycan incəsənətinə həsr
olunmuş "Home, sweet home" ("Doğma ev")
mövzusunda sərgi təşkil etmişdir.
Sərginin
bəşəriyyətə mədəniyyət və incəsənət
sahəsində böyük dühalar bəxş etmiş,
dünya mədəniyyətinin beşiyi sayılan Fransada
nümayiş etdirilməsi fransızları Azərbaycanın
zəngin rəssamlıq nümunələri və milli dəyərləri
ilə yaxından tanış etmək və onlarda ölkəmiz
barədə geniş təsəvvür yaratmaq məqsədi
daşıyır.
Sərgidə
25 rəssamın 90 əsəri nümayiş etdirilir.
Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov,
Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə
Məmmədova, Fidan Seyidova, Fərid Rəsulov və digərlərinin
əsərləri ilə tanış olmuşlar. Sərgidə
Leyla Əliyevanın "Beyin", Aida Mahmudovanın
"Yenidən emal" ("Recycle"), Altay Sadıqzadənin
"Pilləkənin başında", Fərid Rəsulovun
"Anonim" əsərləri xüsusi maraqla
qarşılanmışdır.
Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu tədbirin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyəti və zəngin dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədilə təşkil olunduğunu, maraqlı ekspozisiyanın Mədəniyyət Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyini diqqətə çatdırmışdır. Səfir demişdir ki, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində müstəsna rolu vardır.
Mədəniyyət sahəsində müxtəlif layihələri həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Qafqazın incisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Azərbaycan günlərinin artıq Fransanın ayrı-ayrı regionlarının on şəhərində keçirildiyini xatırladan səfir Heydər Əliyev Fondunun tərəfdaşlığı sayəsində Mərkəzdə gənc rəssam Aida Mahmudovanın təsis etdiyi "Yarat!" Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu sərgidə müxtəlif rəssamların çoxlu sayda əsərinin nümayiş etdirildiyini və mədəniyyətlərarası dialoqa xidmət etdiyini bildirmiş, qurumun əsas məqsədinin azərbaycanlı və xarici rəssamlar arasında sıx əlaqələr yaradılmasından ibarət olduğunu vurğulamışdır.
"Yarat!" Müasir İncəsənət Məkanının yaradıcısı Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunan "Doğma ev" adlı sərgisinin fəaliyyəti barədə söz açmış, sərginin Azərbaycanın gənc və tanınmış rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə çatdırmışdır.
Parisdə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayan A.Mahmudova "Yarat!" Müasir İncəsənət Məkanının digər təşkilatlarla əməkdaşlıq etdiyini, belə tədbirlərin gələcəkdə də davamlı olacağını bildirmişdir.
A.Mahmudova
demişdir: "Doğma ev" sərgisinin
iştirakçısı olan rəssamlar doğma evlə
bağlı hissləri tamaşa edəcəyiniz əsərlərə
köçürmüşlər". Tədbirin təşkilində
Heydər Əliyev Fondunun köməyini xüsusi vurğulayan A.Mahmudova fonda
təşəkkürünü bildirmişdir.
Sonda
Aida Mahmudova bu sərginin Azərbaycan ilə Fransa arasında
mövcud əlaqələrin inkişafına yeni töhfə
verəcəyinə əminliyini vurğulamışdır.
Sərginin
açılışında iştirak edən Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
ekspozisiya ilə yaxından tanış olmuşdur.
Sərgidə
Fransanın dövlət və hökumət rəsmiləri,
senatorlar və deputatlar, ictimaiyyətin nümayəndələri,
Parisdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları,
diasporumuzun təmsilçiləri, yerli və xarici kütləvi
informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.-2013.- 20 aprel.- S.5.