«YaratMüasir İncəsənət Məkanı Parisdə «Müasir Azərbaycan incəsənəti» mövzusunda sərgi təşkil etmişdir

 

"Yarat!" Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunmuş "Home, sweet home" ("Doğma ev") mövzusunda sərgi təşkil etmişdir.

Sərginin bəşəriyyətə mədəniyyət və incəsənət sahəsində böyük dühalar bəxş etmiş, dünya mədəniyyətinin beşiyi sayılan Fransada nümayiş etdirilməsi fransızları Azərbaycanın zəngin rəssamlıq nümunələri və milli dəyərləri ilə yaxından tanış etmək və onlarda ölkəmiz barədə geniş təsəvvür yaratmaq məqsədi daşıyır.

Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulov və digərlərinin əsərləri ilə tanış olmuşlar. Sərgidə Leyla Əliyevanın "Beyin", Aida Mahmudovanın "Yenidən emal" ("Recycle"), Altay Sadıqzadənin "Pilləkənin başında", Fərid Rəsulovun "Anonim" əsərləri xüsusi maraqla qarşılanmışdır.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu  tədbirin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyəti və zəngin dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədilə təşkil olunduğunu, maraqlı ekspozisiyanın Mədəniyyət Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyini diqqətə çatdırmışdır. Səfir demişdir ki, Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində müstəsna rolu vardır. 

Mədəniyyət sahəsində müxtəlif layihələri həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Qafqazın incisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Azərbaycan günlərinin artıq Fransanın ayrı-ayrı regionlarının on şəhərində keçirildiyini xatırladan səfir Heydər Əliyev Fondunun tərəfdaşlığı sayəsində Mərkəzdə gənc rəssam Aida Mahmudovanın təsis etdiyi "Yarat!" Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunan bu sərgidə müxtəlif rəssamların çoxlu sayda əsərinin nümayiş etdirildiyini və mədəniyyətlərarası dialoqa xidmət etdiyini  bildirmiş, qurumun əsas məqsədinin azərbaycanlı və xarici rəssamlar arasında sıx əlaqələr yaradılmasından ibarət olduğunu vurğulamışdır.

"Yarat!" Müasir İncəsənət Məkanının yaradıcısı Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunan "Doğma ev" adlı sərgisinin fəaliyyəti barədə söz açmış, sərginin Azərbaycanın gənc və tanınmış rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə çatdırmışdır.

Parisdə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayan A.Mahmudova "Yarat!" Müasir İncəsənət Məkanının digər təşkilatlarla əməkdaşlıq etdiyini, belə tədbirlərin gələcəkdə də davamlı olacağını bildirmişdir.

A.Mahmudova demişdir: "Doğma ev" sərgisinin iştirakçısı olan rəssamlar doğma evlə bağlı hissləri tamaşa edəcəyiniz əsərlərə köçürmüşlər". Tədbirin təşkilində Heydər Əliyev Fondunun köməyini  xüsusi vurğulayan A.Mahmudova fonda təşəkkürünü bildirmişdir. 

Sonda Aida Mahmudova bu sərginin Azərbaycan ilə Fransa arasında mövcud əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini vurğulamışdır.

Sərginin açılışında iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ekspozisiya ilə yaxından tanış olmuşdur.

Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, senatorlar və deputatlar, ictimaiyyətin nümayəndələri, Parisdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2013.- 20 aprel.- S.5.