Rabitə və informasiya
texnologiyaları naziri Gəncədə bu şəhərdən və ətraf rayonlardan olan vətəndaşları
qəbul etmişdir
Aprelin
19-da rabitə və informasiya texnologiyaları naziri Əli
Abbasov Gəncədə bu şəhərdən, həmçinin
Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən,
Şəmkir, Goranboy və Gədəbəy rayonlarından
olan vətəndaşları qəbul etmişdir.
AzərTAc
xəbər verir ki, Ə.Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığı ilə keçirilən bu qəbulların
səmərəsindən danışaraq demişdir ki, nazirlik
bu görüşə bir ay əvvəldən
hazırlaşmışdır. Bu müddət ərzində
100-dən artıq vətəndaş nazirliyə müraciət
etmişdir. Onlardan 22-nin müraciəti müsbət həll
olunmuş, 3-nün məhkəmə prosesi ilə əlaqədar
həlli müvəqqəti dayandırılmış, 2-si isə
struktura aid olmadığı üçün həll edilməmişdir.
Nazirliyin saytına daxil olan müraciətlərin bir qismində
problemlərin həlli ilə bağlı minnətdarlıqlar
da ifadə edilmişdir.
Nazir Əli Abbasov respublikamızın rabitə və informasiya sistemində görülən və görülməsi nəzərdə tutulan məsələlərə toxunarkən qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında bağlanmış müqaviləyə əsasən, ölkənin bütün ərazilərinin telefonlaşdırılması, davamlı və genişzolaqlı internet şəbəkəsi yaradılması üçün 400 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Bundan əlavə, dövlətimizin başçısı tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması ilə bağlı bu sahədə bir çox qlobal işlərin icrasına başlanılmışdır. Bu proqramda kadr hazırlığı, yeni texnologiyaların tətbiqi də nəzərdə tutulmuşdur.
Görüşdə
vətəndaşların müraciəti dinlənilmiş,
onlardan bəziləri yerindəcə həll edilmiş, bəziləri
isə nəzarətə götürülmüşdür.
Azərbaycan.-2013.- 20 aprel.- S.6.