Hüquqi dövlət ideyasını
gerçəkliyə çevirən lider
İstənilən yeni müstəqil dövlətin milli inkişaf yolunun başlanğıcdan düzgün müəyyənləşdirilməsi onun mövcudluğunun qorunub saxlanılması və gələcək tərəqqisi baxımından vacib amildir. Dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarının elmi təməl üzərində qurulması, cəmiyyətin potensial imkanlarının milli intibah prosesinə məqsədyönlü şəkildə cəlb olunması son nəticədə xalqları davamlı, sabit inkişaf yoluna çıxararaq dövrün ağır sınaqlarından, təbəddülatlarından qoruyur. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz milli strategiyanın olmaması üzündən meydana çıxmışdı.
1991-ci ildən 1993-cü ilin iyun ayınadək respublikanın üzləşdiyi böyük problemlər, ilk növbədə, xalqın dəstəklədiyi legitim hakimiyyətin, eyni zamanda, yeni ictimai-iqtisadi formasiyada dövlətin gələcək inkişaf yolunu düzgün müəyyənləşdirə biləcək qətiyyətli və müdrik siyasi rəhbərin olmaması ilə bağlı idi. Hələ 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Konstitusiya Aktında hakimiyyətin və bütün təbii sərvətlərin xalqa mənsubluğu, mülkiyyətin bütün formalarının bərabərliyi, vətəndaşların seçki hüququnun, çoxpartiyalı sistemin təminatı, habelə insan və vətəndaş hüquq və azadlıqlarının ümumi prinsipləri də rəsmən elan edilmişdi. Lakin 1991-1993-cü illərdə bir tərəfdən ictimai-siyasi sabitliyin, qanunçuluğun kövrək xarakter daşıması, xalqla hakimiyyət arasında mənəvi-siyasi böhranın dərinləşməsi, qanunsuz silahlı qüvvələrin baş alıb getməsi, digər tərəfdənsə iqtisadi tənəzzülün dərinləşməsi bu məqsədlərin praktik surətdə gerçəkləşməsinə imkan verməmişdi.
İstiqlaliyyətini bərpa etmiş Azərbaycanın ilk iki ildə üzləşdiyi fəlakət və sarsıntılar, sosial-iqtisadi böhran, xaos və anarxiya mühiti təsdiqlədi ki, müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
1993-cü ilin iyununda kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli çağırışına biganə qalmayaraq Naxçıvandan Bakıya dönən, vəziyyəti sabitləşdirərək ölkəyə rəhbərlik missiyasını inamla həyata keçirməyə başlayan ulu öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olmuş, sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti istiqamətində mühüm addımlar atmışdır. 1993-cü ilin 15 iyununda Heydər Əliyevin əvvəlcə Azərbaycan Ali Sovetinin Sədri seçilməsi qanunverici orqanın cəmiyyətdəki nüfuzunu qaldırmış, onun fəaliyyətinin təkmilləşməsinə, ölkənin ictimai-siyasi həyatının sabitləşməsinə, habelə milli parlamentarizm ənənələrinin inkişafına böyük zəmin yaratmışdır. Ali Sovetin 15 iyun 1993-cü il tarixli iclasındakı çıxışında ulu öndər Heydər Əliyev ona göstərilən etimadı doğrultmağa çalışacağını vurğulamışdır: "Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını vəhdət tutaraq əlimdən gələni edəcəyəm".
Ulu öndər ilk gündən milli qanunvericiliyin yeni dövrün tələblərinə uyğunlaşdırılması, cəmiyyət həyatı üçün faydalı olan bir sıra yeni qanunların qəbulu prosesini də diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyildir ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Azərbaycan Respublikası Ali Sovetinə rəhbərlik etdiyi dövr Azərbaycan parlamentarizmi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi, hərbi əməliyyatların şiddətləndiyi bir zamanda Heydər Əliyev Milli Məclisdə, ilk növbədə, müdafiə sisteminin hüquqi bazasının təkmilləşdirilməsinə, nizami ordu quruculuğuna xidmət edən qanunların hazırlanmasını və qəbulunu vacib saymışdır. Cəmi 4 ay müddətində 120-yədək qanun və qərarın qəbulu ulu öndərin parlamentin spikeri kimi səmərəli fəaliyyətini bir daha təsdiqləyir.
1993-cü ilin 10 oktyabrında xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər Heydər Əliyev qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə, bu istiqamətdə əlavə tədbirlərin həyata keçirilməsini də təmin etmişdir. Ümummilli liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində atdığı ilk addımlardan biri məhz 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" fərmanı olmuşdur. Həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün daxili işlər, milli təhlükəsizlik və prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni strukturların yaradılması vacibliyi önə çəkilmişdir.
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına doğru uzanan mürəkkəb prosesin məhz 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyaya əsaslandığını xüsusi vurğulamağa ehtiyac yoxdur. SSRİ-nin süqutu ilə bağlı qlobal proseslərin tərkib hissəsi olaraq beynəlxalq hüququn müstəqil subyektinə çevrilən Azərbaycan Respublikasında demokratik cəmiyyətin atributu olan, vətəndaş cəmiyyətinin bərqərar edilməsini, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin edən yeni milli Konstitusiyaya ehtiyac duyulurdu. Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün hələ 1991-ci il fevralın 9-da keçmiş Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 74 nəfərdən ibarət komissiya yaradılsa da, bu istiqamətdə faktiki olaraq uzun müddət heç bir iş görülməmişdi. 1993-1994-cü illərdə ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsi, bir sıra təxribatlar, dövlət çevrilişi cəhdləri Konstitusiyanın qəbulu istiqamətində konkret addımlar atmağa imkan vermirdi. Dövlətçiliyə qarşı yönəlmiş qəsdlərin qarşısı alındıqdan sonra 1995-ci ilin iyul ayında Milli Məclisin iclasında ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan dövlət komissiyası təşkil edilmişdir. Görkəmli alimlərin, hüquqşünasların, mütəxəssislərin və rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995-ci il iyul ayının 5-də ilk iclasını keçirmişdir. Komissiyanın iclasında geniş nitq söyləyən ümummilli lider Heydər Əliyev dəyərli tövsiyələrini, məsləhətlərini vermişdir: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır" - deyən ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında həm Azərbaycanın tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.
Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyanın 158 maddəsindən 48-nin, yəni, üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ulu öndər Heydər Əliyevin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları tam və əhatəli şəkildə təsbit olunmuşdur. Keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitusiya bu deklarativ norma ilə kifayətlənməyərək, başqa bir maddədə insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoymuşdur.
Konstitusiyanın qəbulundan sonra ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq islahat komissiyası yaradılmış, Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanmış "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış tədbirləri haqqında", "Notariat haqqında" və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi yekunu olmuşdur.
Ötən əsrin 90-cı illərinin sonlarına doğru ulu öndər Heydər Əliyevin ən inamlı və prinsipial addımlarından biri ölkədə söz, fikir və mətbuat azadlığının tam təmin edilməsidir. Ümummilli liderin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.
1996-cı il iyunun 28-dən etibarən Azərbaycan Respublikasının Avropa Şurasında "xüsusi qonaq statusu"nda iştirakının təmin olunması milli qanunvericiliyin Avropa standartlarına yüksəlməsinə, təşkilatla əlaqə və dialoqun intensivləşməsinə zəmin yaratmışdır. Eyni zamanda, ulu öndər Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında", habelə 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların sürətlə keçilməsinin işlək mexanizmlərini hazırlamağa imkan vermişdir.
Ulu öndər Heydər Əliyev Avropa Şurasına üzvlük naminə riskli və prinsipial addımlar atmaqdan belə çəkinməmişdir. Ulu öndərin 4 may 1995-ci il tarixli fərmanı ilə əfvetmə institutunun bərpası və Prezident yanında Əfv komissiyasının yaradılması, 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulması, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsi deyilənləri bir daha təsdiqləyir. Şəffaf və demokratik əsasda fəaliyyət göstərən komissiyada ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiliyinə lazımi şərait yaradılmış, əfv fərmanlarının imzalanması və məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir.
Məlumdur ki, ölüm hökmünün ləğvi Avropa Şurasının üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi əsas tələblərdən biridir. Yaradılışın ali varlığı, əşrəfi sayılan insanın hər hansı səbəbdən edam edilməsi humanizm və insanpərvərlik prinsipləri baxımından qəbul olunmur. Ölüm hökmünün tətbiqi cinayət törətmiş məhkumun tərbiyə və islah olunaraq sağlam cəmiyyətə qovuşması baxımından yolverilməz sayılır. Bu gün əksər Avropa ölkələrində, o cümlədən ABŞ-ın ondan çox ştatında ölüm cəzası tətbiq edilmir.
Azərbaycanda ölüm hökmü tam ləğv olunmazdan əvvəl cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır. Ulu öndər 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə bağlı müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş və bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Gərgin müzakirələrdən sonra Milli Məclis ölüm hökmünün ləğvi ilə bağlı ölkə Prezidentinin təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə belə bir tarixi qərar qəbul etmişdir.
1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanmış, bu fərmanlar 3104 məhkuma şamil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun qəbul olunmuş, 21325 məhkum azadlığa buraxılmış, bu amnistiya aktları 77 mindən artıq məhkuma şamil edilmişdir. Bəzi iddiaların əksinə olaraq, bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşımış, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etmişdir.
Həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olaraq Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv seçilmiş, təşkilat qarşısında götürdüyü bütün öhdəlikləri vaxtlı-vaxtında icra etmişdir. İmzalanmış çoxsaylı əfv fərmanları nəticəsində qondarma "siyasi məhbuslar" problemi qapanmış, insan hüquqlarının təminatına xidmət edən yeni qanunlar qəbul olunmuş, o cümlədən İctimai Televiziya fəaliyyətə başlamışdır. Rəsmi Bakı təşkilatın ölkənin demokratik inkişafına xidmət edən bütün mütərəqqi təklif və tövsiyələrini nəzərə alaraq, AŞ PA həmməruzəçilərinin respublikada müntəzəm monitorinq aparmasına şərait yaratmışdır. 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu, 2002-ci ildə ombudsman institutunun fəaliyyətə başlaması üçün maddi-texniki bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olmuşdur.
2001-ci
il dekabrın 25-də respublikamızın qanunverici orqanı
olan Milli Məclis "İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında" Avropa
Konvensiyasını ratifikasiya etməklə demokratik ənənələrə,
ədalətə, yurisdiksiya altında olan insanlar
üçün əsas hüquq və əsas
azadlıqların təminatına yüksək sadiqlik
nümayiş etdirmişdir. 15 aprel 2002-ci il tarixdə
ratifikasiya sənədi depozitə edilmək üçün
Avropa Şurasının Baş Katibinə təqdim
olunmuş, bununla da, ölkə vətəndaşlarının
Avropa İnsan Hüquqları Məhkəməsinə
müraciət etmək imkanı reallaşmışdır.
Tarixi
təcrübə sübut edir ki, dövlət idarəetmə
sistemində davamlı uğur və nailiyyətlərə yol
açan vacib amillərdən biri də məhz siyasi varislik ənənələrinin
təmin olunmasıdır. Müstəqil Azərbaycanın son
10 ildə Prezident İlham Əliyevin rəhbərliyi
altında ciddi uğurlara imza atması, sürətli iqtisadi
inkişaf tempi ilə dünyada lider mövqelərini qoruyub
saxlaması da məhz dövlət idarəçiliyinin uzun
illər ərzində formalaşmış, təcrübədən
uğurla çıxmış mükəmməl mexanizmlər
əsasında həyata keçirilməsi nəticəsində
gerçəkləşmişdir. Ümummilli liderin ciddi elmi təməllərə
söykənən inkişaf strategiyasını inamla davam
etdirən cənab İlham Əliyev qısa müddətdə
Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə
inkişaf edən, sabit və qüdrətli dövlətinə
çevirməyə müvəffəq olmuşdur.
Ölkənin
dinamik sosial-iqtisadi inkişafı ölkə
başçısına son illərdə insan və vətəndaş
hüquq və azadlıqlarının yüksək səviyyədə
təminatına xidmət edən islahatları keyfiyyətcə
yeni mərhələdə uğurla davam etdirmək imkanı
yaratmışdır. Prezident İlham Əliyevin ictimai həyatın
bütün sahələrində, o cümlədən
hüquqi dövlət quruculuğu yönündə həyata
keçirdiyi islahatların başlıca qayəsində məhz
insan və şəxsiyyət amili dayanır. Dövlət
başçısı haqlı olaraq vurğulayır ki,
iqtisadi sahədə keçid dövrünü başa vuran
Azərbaycan üçün vacib məsələlərdən
biri də demokratikləşmə prosesini, siyasi və
hüquqi islahatları cəmiyyətin inkişaf ahanginə
uyğun daha da dərinləşdirmək, son nəticədə
qanunun aliliyini, insan hüquqlarının prioritetliyini
bütün səviyyələrdə təmin etməkdir. Son
10 ildə Azərbaycanda həyata keçirilən milli
demokratik keçidin mahiyyətini də məhz iqtisadi
firavanlıq müəyyənləşdirir.
Demokratik
idarəetmə forması vətəndaşların
sosial-siyasi, iqtisadi, mədəni rifahına, bu sahələrdə
baş verən müsbət dəyişikliklərə
reaksiya verməlidir. İqtisadi cəhətdən inkişaf
etməmiş hansısa dövlətdə demokratikləşməyə
və vətəndaş cəmiyyəti quruculuğuna yönələn
cəhdlər uğursuzluqla nəticələnir,
çünki tətbiqinə cəhd göstərilən
mütərəqqi yeniliklər vətəndaşların real
yaşayış səviyyəsi, həyat tərzi ilə
uzlaşmır. Məhz bu reallıqdan çıxış edən
Azərbaycan Prezidenti hər iki təmayülə vəhdət
şəklində yanaşılmasını vacib sayır və
ölkənin uzunmüddətli inkişafını məhz
demokratik və iqtisadi islahatların paralel aparılması
şərtilə real hesab edir. Dövlət
başçısı dəfələrlə
vurğulamışdır ki, demokratikləşmə, şəffaflıq,
qanunun aliliyi olmadan inkişaf etmiş ölkə yaratmaq
mümkün deyildir.
Dövlət
başçısının hələ 17 iyun 2007-ci il tarixli
fərmanı ilə 18 iyun tarixinin Azərbaycanda "İnsan
Hüquqları Günü" elan olunması insan amilinə
həssas münasibətin bariz təcəssümü kimi diqqət
çəkir (1998-ci il 18 iyun tarixində Azərbaycan
Respublikası Prezidentinin fərmanı ilə "İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət
Proqramı" təsdiq olunmuşdur). Ötən müddətdə
insan hüquqlarının müdafiəsi prosesinin səmərəli
təşkili də diqqət mərkəzində
saxlanılmışdır. Bu baxımdan dövlət
başçısının 28 dekabr 2006-cı il tarixli
"Azərbaycan Respublikasında insan hüquqlarının
müdafiəsi üzrə milli fəaliyyət planının
təsdiq edilməsi haqqında" sərəncam ölkədə
insan hüquq və azadlıqlarının təmini istiqamətində
daha qətiyyətli və prinsipial addımların
atılmasına imkan yaratmışdır. Sərəncam əsasında
Azərbaycan Respublikasının normativ hüquqi
aktlarının insan hüquqlarına dair beynəlxalq
standartlara tam uyğunluğunun təmini, beynəlxalq təşkilatlarla
yeni əməkdaşlıq strategiyasının
hazırlanması və həyata keçirilməsi, dövlət
orqanlarının fəaliyyətinin insan
hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi,
elmi-analitik işlərin stimullaşdırılması,
hüquqi maarifləndirmə işinin genişləndirilməsi,
dövlətlə vətəndaş cəmiyyəti
arasında qarşılıqlı əlaqələrin
inkişaf etdirilməsi istiqamətində mühüm
addımlar atılmışdır.
Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Dekabrın 27-də imzalanmış sərəncamla İnsan Hüquqları üzrə müvəkkilə proqramın həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik etmək tövsiyə olunmuşdur. Konseptual və miqyaslı xarakter daşıyan Milli Fəaliyyət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması istiqamətində atılan ilk ciddi addımlardan biri olmuşdur. Bu sənəd insan hüquqlarının müdafiəsinin Azərbaycan üçün strateji əhəmiyyətli məsələ olduğunu bir daha təsdiqləyir. 6 fəsil və 75 bənddən ibarət Milli Fəaliyyət Proqramı normativ-hüquqi bazanın təkmilləşdirilməsi; əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi; dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi; insan hüquqları sahəsində tədris; elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi; insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq; Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi; monitorinqi və qiymətləndirilməsi kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə ehtiva edir.
Son illər ölkədə hüquqi dövlət quruculuğu sahəsində atılmış ən mühüm addımlardan biri də 2009-cu ilin 18 martında ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi olmuşdur. Məlumdur ki, hər bir dövlətin hüquq sisteminin fundamental əsasını təşkil edən konstitusiyanın demokratikliyi, hamılıqla qəbul edilmiş ümumbəşəri norma və prinsiplərə cavab verməsi adekvat olaraq ictimai münasibətləri tənzimləyən qanunların liberallığında, insan və vətəndaş hüquq və azadlıqlarına maksimum təminat yaratmasında real təcəssümünü tapır. 2009-cu ilin 18 martında keçirilmiş ümumxalq referendumunun nəticəsi olaraq Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər mahiyyətcə dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının hüquqi təminatı məsələlərinin dəqiqləşdirilməsinə, habelə onların hüquqi çərçivəsinin, əhatə dairəsinin, hüdudlarının müəyyənləşdirilməsinə, ali hakimiyyət orqanlarının səlahiyyətlərinin konkretləşdirilərək məsuliyyətinin artırılmasına, yerli özünüidarə qurumlarının məsuliyyəti prinsiplərinin təsbit olunmasına yönəlmişdir.
Referendumun nəticəsi olaraq Konstitusiyada əksini tapmış əlavə və dəyişikliklərə vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasından və ətraf mühitin qorunmasından tutmuş, mülkiyyətin geri alınması prinsiplərinin dəqiqləşdirilməsinə, şəxsi həyatın qorunmasına, dini etiqadların və əqidələrin sərbəst ifadə edilməsinə (nümayiş etdirilməsinə), cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə, insanların fərdi və qrup şəklində hüquqlarının təminatına, məhkəmə hakimiyyəti üzərində ictimai nəzarətin gücləndirilməsinə, icra və qanunverici orqanların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinədək geniş spektrli, əhəmiyyətli məsələlər daxildir.
Prezident İlham Əliyevin siyasi iradəsi ilə son illərdə məhkəmə sisteminin daha da müasirləşdirilməsinə xidmət edən tədbirlər də uğurla davam etdirilmişdir. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə", "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları", Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunmaqdadır.
Məhkəmə-Hüquq Şurasının tərkibinin yenilənərək, əsasən hakimlərdən, eyni zamanda, ölkə Prezidentinin, Milli Məclisin, Prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılması onun fəaliyyətinin daha da təkmilləşməsinə xidmət etmişdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.
19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində mühüm addımlardan biri olmuşdur. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması təmin edilmişdir. Fərman əsasında Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.
Bu gün respublikada demokratik təsisatların rolunun yüksəldilməsi vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsas şərtlərindən biri kimi çıxış etməklə, nəinki Azərbaycanda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. İqtisadi inkişafa paralel olaraq, ölkədə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun, real məzmun kəsb etməkdədir. Vətəndaşların əsas hüquqlarının müdafiəsinin mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri həyata keçirilir.
Dövlət
hakimiyyətinin möhkəmliyi bir çox cəhətdən
iqtidarın cəmiyyətin müxtəlif təbəqələrinin
mənafelərini müdafiə etmək, ictimai qüvvələrin
tarazlığını qoruyub saxlamaq və cəmiyyətə
xas olan mülki, demokratik, özünüidarə meyillərinin
mütərəqqi inkişafını təmin etmək
qabiliyyəti ilə müəyyən olunur. Bu mənada,
ölkədə demokratik təsisatların rolunun yüksəldilməsi,
insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi
istiqamətində atılan addımlar nəinki
respublikamızda, həmçinin beynəlxalq arenada yüksək
qiymətləndirilir. Hüquqi-siyasi sahədə aparılan
islahatlar Azərbaycanın Avropa hüquq məkanında fəaliyyət
göstərən beynəlxalq standartlara tam uyğunluğunu
təsdiqləyir. Bütün bunlar göstərir ki, Prezident
İlham Əliyev insan hüquqlarının qorunmasını
təmin edən mütərəqqi islahatların
aparılmasını demokratiyanın daha da möhkəmləndirilməsinə,
vətəndaş cəmiyyəti quruculuğunun uğurla həyata
keçirilməsinə istiqamətlənmiş siyasətin tərkib
hissəsi kimi nəzərdən keçirir.
Zahid CƏFƏROV,
hüquq elmləri doktoru, BDU-nun Əmək
və ekologiya hüququ kafedrasının dosenti
Azərbaycan.-2013.- 20 aprel.- S.7.