Zamanın tələbi ilə səsləşən mütərəqqi məhkəmə-hüquq islahatları

 

İstənilən cəmiyyətin, dolayısı ilə ictimai təfəkkürün formalaşması prosesinin özülündə hüquqi münasibətlər dayanır. Buna görə də tarix boyu fərqli ictimai-iqtisadi formasiyaları taleyində yaşamış bəşər övladı məhz demokratik quruluşda ali ideallarının təntənəsini tapmış, məhz belə bir sivil cəmiyyətdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, sosial ədalətin, ən başlıcası, qanunun aliliyinin mümkünlüyünə qəti əmin olmuşdur. Sivilizasiyanın hazırkı yüksək inkişaf mərhələsində də ümumbəşəri dəyərlərə - demokratik ideallara, insan və vətəndaş azadlıqlarına hörmət bəsləməyən hansısa dövlətin dünya siyasətində özünə layiq yer tutmasından, qlobal miqyasda cərəyan edən proseslərə nüfuz etməsindən danışmaq qətiyyən mümkün deyildir.

Müstəqil respublikamızda son 20 ildə hər bir fərdin maraq və mənafeyi əsas tutulmaqla həyata keçirilən siyasət ölkədə demokratikləşmə xəttinin davamlı və dönməz xarakter daşıdığını, hüquqi islahatların dövlətin ali məqsədlərindən biri olduğunu təsdiqləmişdir. Hüquqi dövlətin tam mahiyyəti üzrə reallaşdırılmasına və vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən bu islahatlar məhz ulu öndər, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Anadan olmasının 90-cı ildönümü respublikada yüksək səviyyədə qeyd olunan bu fenomen şəxsiyyət daim haqqa, ədalətə bağlı olaraq cəmiyyətin mütərəqqi ruhda inkişafının yalnız hüququn aliliyi şəraitində mümkün ola biləcəyini böyük müdrikliklə qeyd etmiş, qanunçuluğun bütün səviyyələrdə təminatına çalışmışdır.  

Möhtərəm Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında dahi rəhbərin Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlara xüsusi toxunulur: "Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir".

Ümummilli liderin dərin zəkası sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin dünya standartlarına uyğunlaşdırılması, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlanmışdır. Müdrik şəxsiyyətin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının, hər bir vətəndaşın layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin insan hüquq və azadlıqları ilə bağlı olması da ulu öndərin ümumbəşəri dəyərlərə sadiqliyinin, onun daxili demokratizminin bariz təcəssümüdür.

Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmişdir. Beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə uyğun yeni qanunlar, o cümlədən "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Polis haqqında" qanunlar,  Mülki,  Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual və sair məcəllələr qəbul edilmişdir.

1998-ci ilin 1 dekabrında "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu isə ulu öndər Heydər Əliyevin Azərbaycanda məhkəmə hakimiyyətinin müstəqilliyi naminə böyük siyasi iradə və qətiyyət nümayiş etdirdiyini bir daha təsdiqləyir. Qanunda hakimlərin toxunulmazlığı, dəyişməzliyi, şəxsi təhlükəsizliyi, onların müsabiqə yolu ilə seçilib təyin edilməsi, maddisosial təminatlarının nəzərdə tutulması və digər tədbirlər vasitəsilə hüquqi dövlətə xas olan məhkəmə sistemi müstəqilliyinin əsas prinsipləri müəyyən edilmişdir. Qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin genişləndirilməsi məqsədi ilə 2000-ci ilin sentyabr ayında Azərbaycanda üçpilləli yeni məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlamışdır. İnsanlara hüquqi xidmətin keyfiyyətini yüksəltmək üçün həmin ildən hakim korpusunun yeni formametodlarla - test üsulu ilə formalaşdırılması da bu baxımdan xüsusi vurğulanmalıdır.

Ümummilli lider Heydər Əliyevin 1998-ci ilin 22 fevral tarixli "Azərbayan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanında insan hüquqlarının təminatı yönümündə həyata keçirilən konsepsiya müəyyən edilmişdir. Azərbaycanın yeni inkişaf mərhələsinə adekvat olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 iyun 1998-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"ı təsdiq edilmişdir.

25 yanvar 2001-ci il tarixdən Avropa Şurasının bərabərhüquqlu üzvü olan Azərbaycan Respublikası 2001-ci il 25 dekabr tarixində "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı ratifikasiya etmiş və üzərinə milli qanunvericiliyin bu konvensiyaya uyğun təkmilləşdirilməsi öhdəliyini götürmüşdür. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq, Avropa standartlarına uyğunlaşdırılması prosesinin məntiqi davamı kimi 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu da tənzim etdiyi məsələlərin dairəsinə görə çox mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Qanununa əsasən, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyaya uyğunlaşdırılması məqsədinə hesablanmışdır.

28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanununun qəbulu və daha sonra ombudsman təsisatının yaradılması və fəaliyyət göstərməsi üçün hüquqimaddi bazanın təşkili insan və vətəndaş hüquqlarının təmini istiqamətində respublikada həyata keçirilən hüquqi islahatların məntiqi davamı olmuşdur. İnsan hüquqları üzrə Azərbaycan Respublikasının səlahiyyətli müvəkkili təsisatının yaradılması ideyası hələ Azərbaycanın Avropa Şurasına qəbulundan üç il əvvəl - ümummilli lider Heydər Əliyevin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi ilə bağlı 22 fevral 1998-ci il tarixli fərmanında əksini tapmışdı. 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz tərkib hissəsi olan "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun qəbulu ilə mütərəqqi ideyanın praktik surətdə reallaşması mümkün olmuşdur.

Ulu öndərin hüquqi dövlət quruculuğu sahəsində mühüm addımlarından biriKonstitusiya islahatlarının həyata keçirilməsi olmuşdur. Əsas Qanuna xalqın iradəsi əsasında edilmiş dəyişikliklər siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, respublika ProkurorluğununAli Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması kimi vacib məsələləri də əhatə edirdi.

Ümumilikdə, 1993-2003-cü illərdə reallaşdırılan məhkəmə-hüquq islahatı ölkənin siyasiiqtisadi sisteminin kökündən dəyişdirilməsinin tərkib hissəsi kimi həyata keçirilən və mahiyyətcə təkamül xarakteri daşıyan islahatların həm ilkin şərti, həm də obyektiv nəticəsi olmuşdur.

Ulu öndər Heydər Əliyevin insan hüquqlarının qorunmasını ön plana çəkməklə əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu da təsadüfi deyildir - respublikamız son illərdə inkişafının elə uğurlu mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan dəyişikliklər ümumbəşəri səciyyə daşıyan demokratik-hüquqi idealların ictimai şüurda adekvat dərkinə, qanunçuluğun, hüquq qaydalarının, insan hüquq və azadlıqlarının təminatına yaxşı imkanlar açır. Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirmişdir ki, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması vacib şərtlərdən biridir.

Dövlət başçısının 9 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanı da bu istiqamətdə ilk konseptual sənədlərdən biri olmuşdur. Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası ötən illərdə dövlət başçısının fərmanından irəli gələn vəzifələrin icrası üçün geniş tədbirlər planı hazırlayıb həyata keçirmişdir. Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apelyasiya məhkəmələrinin yaradılması və fəaliyyətə başlaması məhkəmə sisteminin təkmilləşdirilməsi baxımından mühüm addım olmuşdur.

Fərman əsasında yaradılmış Ədliyyə akademiyası ali hüquq təhsili almış şəxslərin ixtisasları üzrə müəyyən vəzifələrə təyin edilməsi üçün onların peşə səviyyəsinin daha da yüksəldilməsini təmin edir. Fərman əsasında Azərbaycanın məhkəmə sistemi tarixində ilk dəfə olaraq Hakimlərin Etik Davranış Kodeksinin hazırlanıb təsdiq edilməsi də mühüm uğurlardan biri kimi vurğulanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və məhkəmə təcrübəsində nəzərə alınması da fərmanın müstəsna əhəmiyyətinə dəlalət edir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olduğundan məhkəmələr İnsan hüquqları üzrə Avropa Konvensiyasının tələblərini rəhbər tutmaqla, Avropa İnsan hüquqları məhkəməsinin təcrübəsini öyrənməli, öz fəaliyyətlərində həmin konvensiyanın müddəalarından bəhrələnməlidirlər.

Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərmanda Məhkəmə-Hüquq Şurasına tövsiyələrdən biri də məhz məhkəmələrdə hakimlərin sayının artırılması ilə bağlı olmuşdur. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca çətinliklərdən biri olduğunu nəzərə alan Prezident İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır.

Şübhəsiz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bununla əlaqədar vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Həmçinin hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum - tərkibi əsasən hakimlərdən ibarət olan hakimlərin seçki komitəsi tərəfindən həyata keçirilir.

Son illər həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən hakimlərin seçki komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007-ci ildə 55 nəfər, 2008-ci ildə 102 nəfər, 2010-cu ildə 78, 2012-ci ildə 76 nəfər hakimliyə namizəd ən şəffaf və mütərəqqi üsulla seçilərək hakim vəzıfələrinə təyin olunmuşlar. Bundan başqa, bir çox hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı məhkəmə hakimiyyətinin müstəqilliyinin təmini istiqamətində mühüm addımlardan biridir.

Peşəkar hakim korpusunun formalaşdırılmasında tətbiq olunan şəffaf və obyektiv metodlar bir sıra beynəlxalq qurumlarda olduğu kimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyası tərəfindən də yüksək qiymətləndirilmişdir.  Qurum ölkəmizdə hakimliyə namizədlərin seçim prosesinə maraq göstərərək nüfuzlu ekspertlər qrupu yaratmış və qrup üzvləri ölkəmizə səfər etməklə 2011-ci ilin sentyabr ayında hakimliyə namizədlərin seçimi prosedurunu bilavasitə izləmişlər. Avropa Şurasının 47 üzv dövlətlərindən olan nümayəndələrin iştirakı ilə komissiyanın 2011-ci ilin dekabr ayının 7-8-də keçirilmiş 18-ci plenar iclasında üzv dövlətlərdə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması sahəsində görülmüş işlər müzakirə olunmuş, Azərbaycanda hakimlərin seçki proseduru yüksək dəyərləndirilmişdir.

Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları vətəndaşların qanuni mənafelərinin təminatına xidmət etdiyindən, yeni məhkəmələrin yaradılmasına da xüsusi diqqət yetirilir. Məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi sahəsində son illər atılmış mühüm addımlardan biri də "Məhkəmələr və hakimlər haqqında" qanuna 22 iyun 2010-cu il tarixli dəyişikliklərlə bağlıdır. Bunun ardınca isə müvafiq olaraq dövlət başçısının 15 iyul və 9 avqust 2010-cu il tarixli fərmanlarıdır ki, bu sənədlər də ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında müstəsna rola malikdir. Qeyd olunan sənədlərə əsasən, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin dörd bölgəsində əlavə regional ağır cinayətlər məhkəmələri təsis edilmiş, dövlət orqanları tərəfindən insan hüquqlarına əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələr yaradılmış, hakim ştatlarının sayı 25 faiz artırılmışdır.

Vətəndaş-məmur münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verən inzibati-iqtisadi məhkəmələrin yaranması və 2011-ci il yanvarın 1-dən inzibati işlərə məhz yeni yaradılmış həmin məhkəmələrdə baxılması Azərbaycan məhkəmə sistemi üçün tamamilə yeni hadisədir. Bu yenilik inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmasının, ədalətlə və sırf qanuna uyğun olaraq baxılmasının təmin edilməsinə, ümumilikdə isə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Müasir məhkəmə sistemini informasiya-kommunikasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyildir ki, son illərdə vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsi və hüquqi xidmətlərin təkmilləşdirilməsi məqsədilə bütün məhkəmələri əhatə edən veb-səhifə yaradılmışdır. Veb-səhifənin imkanlarından istifadə etməklə ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, hakimlərin qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini yükləmək, həmçinin müvafiq məhkəmələrə internet vasitəsi ilə müraciət etmək mümkündür. Bütün bunlar məhkəmələrin fəaliyyətində şəffaflığı, qanunçuluğu daha da möhkəmləndirir. Bu məqsədlə hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına yeni nəfəs verən hadisələrdən biri də 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" sərəncamın imzalanmasıdır. Sərəncam dövrün tələbləri, məhkəmə-hüquq islahatlarının sürətli və keyfiyyətli həyata keçirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, həmçinin normativ-hüquqi bazanın və hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Sərəncamda diqqəti cəlb edən məqamlar əsas etibarilə insan hüquqlarının müdafiəsini tənzimləyən beynəlxalq sənədlərin müddəalarının Azərbaycan Respublikasının məhkəmələri tərəfindən tətbiqi üzrə araşdırma və tədqiqatların aparılmalı olması, xüsusilə, İnsan Hüquqlarına dair Avropa Konvensiyasının məhkəmə aparatı işçiləri tərəfindən öyrənilməsinin təmin edilməsi, dolayısı ilə məhkəmə qərarlarının vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə icra tədbirlərinin səmərəliliyinin artırılmalı olmasının zəruriliyi ilə bağlıdır.

Təcrübə göstərir ki, yeni, müasir və təkmil dövlətçilik modelinin yaradılması, demokratik idarəetmə meyarlarının cəmiyyət həyatının ən müxtəlif sahələrində bərqərar olması çevik hüquqi mexanizmlərin formalaşdırılmasından bilavasitə asılıdır. Dövlət başçısı cənab İlham Əliyevin son 10 ildə inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatları da məhz respublikamızda demokratiyanın, qanunçuluğun, hüquq qaydalarının  möhkəmlənməsinə, habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik imicinin yüksəlməsinə xidmət edir.

 

 

Nazim TAĞIYEV,

Xətai Rayon Məhkəməsinin sədri

 

Azərbaycan.-2013.- 20 aprel.- S.8.