Unudulmaz görüşlər

 

Heydər Əliyev mənim həyatımda

 

...Heydər Əliyevlə iclaslarda, müşavirələrdə, büro və plenumlarda görüşlərim çox olub. Lakin dahi rəhbərlə ən yaddaqalan və həyatım boyu xatirəmdə yaşayacaq 1973-cü və 1980-ci illərdəki görüşlərdir. Mən Lənkəran Rayon XDS İcraiyyə Komitəsinə sədrliyə tövsiyə olunmuşdum. Heydər Əliyev 1973-cü ilin iyun ayında Mərkəzi Komitədə özünün iş otağında başqa rayonlardan rəhbər vəzifələrə tövsiyə olunmuş 20 nəfərlə bir yerdə məni də qəbul etdi. Lənkəran iri və aparıcı rayonlardan olduğu üçün əvvəlcə məni danışdırdı. Ümumi göstəriş və tövsiyələrini verdikdən sonra hamımızı təbrik etdi.

Heydər Əliyevlə MK-da ikinci görüşüm isə 1980-ci ilin dekabr ayında olub. Dekabrın 5-də rayonda ənənəvi məhsul bayramı keçiriləcəkdi. Bakıdan çoxlu qonaq gəlmişdi. Onları Sütəmurdov kəndindəki qonaq evində yerləşdirdim. Gözlənilmədən məni telefona çağırdılar. Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi İsa Məmmədov idi:

- Heydər Əliyev zəng edib, - dedi, - səni Yardımlı Rayon Partiya Komitəsinə birinci katib göndərir. Sənin rəyini öyrənmək istəyir.

Telefon söhbəti deyildi. Dərhal birinci katibin yanına gəldim. Böyük etimada görə, razılıq və minnətdarlığımı bildirdim.

İsa Məmmədov Azərbaycan KP MK-ya zəng etdi, Heydər Əliyevlə danışdı və razılıq verdiyimi söylədi.

Dekabrın 6-da Azərbaycan KP MK-da oldum. Dedilər ki, MK-nın birinci katibi məni axşam saat 18-də qəbul edəcək. Çox narahat idim. Bilmirdim ki, Heydər Əliyev məni necə qarşılayacaq, nələri soruşacaq. Nəhayət, qəbul vaxtı gəlib çatdı. Qəbulda başqa adamlar da vardı. Heydər Əliyevin otağına girəndə bütün həyəcanım birdən-birə yox oldu. O, çoxdan tanıyırmış kimi mənimlə səmimi görüşdü. Yardımlı rayonunu mənim üçün elə təhlil və xarakterizə etdi ki, elə bil, orada anadan oluborada böyümüşdü. Mənə tövsiyələrini və tapşırıqlarını verdi, sonra MK-nın təşkilat-partiya işi şöbəsinin müdiri İsmayıl Əskərova göstəriş verdi ki, dekabrın 9-da Yardımlı Rayon Partiya Komitəsinin konfransı çağırılsın, Sərhad Məmmədov orada birinci katib kimi təqdim edilsin.

Heydər Əliyev, sözün əsl mənasında, mənəvi atamız, dahi şəxsiyyət idi. 1981-ci ilin nəticəsinə görə, MK müşavirəsində mənə "Şərəf nişanı" ordeni təqdim olunarkən bir daha onun qayğısını hiss etdim.

Qürur hissi keçirirəm ki, Heydər Əliyevin idarəçilik məktəbini keçmişəm. Yardımlıda işlədiyim yeddi il ərzində çalışdım ki, Heydər Əliyevin etimadını doğruldum. Çox şadam ki, mən bunu bacardım.

Heydər Əliyev zəngin fitri istedada, böyük zəkaya malik idi. Onda nəinki Azərbaycanın, o vaxtkı SSRİ-nin, hətta xarici ölkələrin iqtisadi-siyasi fəaliyyətini dərindən təhliletmə bacarığı vardı. Cəlilabadda üzümçülərin zona müşavirəsində çıxış üçün mənə söz verdi. Dedim ki, keçən il üzümün şəkərliyini 1 faiz artırmaqla min manatlarla əlavə gəlir əldə etdik. O, çıxışımdakı bu faktı başqa zona müşavirəsində də misal gətirmişdi.

Xalq Heydər Əliyev siyasətinin bütövlüyünə həmişə inanıb. Əgər xalqın böyük təkidi ilə Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq mümkün olmazdı. Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitlik yarandı, atəşkəs əldə olundu. Özbaşınalığa son qoyuldu, hərc-mərcliyin qarşısı alındı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan azad, demokratik, müstəqil respublikaya çevrilmişdünya ölkələri sırasında öz layiqli yerini tutmuşdur. Heydər Əliyev, doğrudan da, nadir şəxsiyyətdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan ulu öndərin rəhbərliyinin ikinci dövründə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, ölkəmiz sivil, demokratik inkişaf yolu ilə irəliləyərək, böyük uğurlar əldə etmişdir. Heydər Əliyev demişdir: "Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən Azərbaycanda əbədi olacağam!"

Bəli, Heydər Əliyevin ideyaları yaşayır və yaşayacaqdır. Onun layiqli yetirməsi möhtərəm Prezident İlham Əliyev tərəfindən ölkəmiz yeni qələbələrə doğru inamla irəliləyir.

 

 

Sərhad MƏMMƏDOV,

Lənkəran Rayon Ağsaqqallar Şurası sədrinin

müavini, Gərmətük qəsəbə sakini

 

Azərbaycan.-2013.- 20 aprel.- S.8.