Akademik Zərifə xanım Əliyeva
tanınmış tibb tədqiqatçıları tərəfindən dünya səviyyəli
alim kimi qəbul edilmişdir
Azərbaycanın
əməkdar elm xadimi, Rusiya Tibb Elmləri Akademiyasının
laureatı, akademik Zərifə xanım Əliyeva
tanınmış tibb tədqiqatçıları tərəfindən
dünya səviyyəli alim kimi qəbul edilmişdir.
İnsanların gözlərinə nur verən Zərifə Əliyeva
oftalmologiya üzrə dünya elminə yenicə məlum olan
bilikləri tez bir zamanda mənimsəyərək onun nəticələrini
operativ surətdə tətbiq edirdi. Qəlbən təmiz, ruhən
nəcib olan bu insan peşəsinin vurğunu idi.
AzərTAc
xəbər verir ki, bu fikirlər aprelin 19-da Səhiyyə
Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində
(İSİM) görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş
"dəyirmi masa"da səslənmişdir.
Tədbiri
giriş sözü ilə açan İSİM-in direktoru
Ceyhun Məmmədov demişdir ki, Zərifə xanım Əliyevanın
həyatını mənalandıran elmi fəaliyyəti, ailəsi,
sadəliyi, xeyirxahlığı, səmimiyyəti və
insanlara doğma münasibəti
bu nəcib qadının ruhundan şölələnmişdir.
Zərifə xanımın insanlara nur bəxş edən hər
günü mənalı keçmiş, yalnız xoş əməl
naminə sərf olunmuşdur.
İSİM-in
həmkarlar komitəsinin sədri Aris Rüstəmov isə
müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, ulu öndər Heydər Əliyevin vəfalı
ömür-gün yoldaşı, etibarlı silahdaşı
olan, Vətənə Prezident İlham Əliyev kimi ləyaqətli
oğul bəxş etmiş, yüksək intellektual keyfiyyətləri
özündə birləşdirən ziyalı Zərifə Əliyevanın
həyatı, elmi və ictimai fəaliyyəti barədə məruzə
ilə çıxış etmişdir.
Bildirilmişdir
ki, Zərifə Əliyeva özünün tədqiqat işlərini
əsasən traxomanın müalicəsi ilə bağlı məsələlərə,
habelə traxomanın və onun ağır nəticələrinin
müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin
imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə
həsr etmişdir. Alim dünyada ilk dəfə peşə
patologiyasını araşdıran elmi-tədqiqat
laboratoriyası yaratmış və praktik olaraq elm aləmində
yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını
qoymuşdur. Görmə orqanının peşə
patologiyası sahəsində apardığı elmi-tədqiqat
işlərinin uğurlu nəticələrinə görə
akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin
oftalmologiya sahəsində ən mötəbər
mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının
M.İ.Averbax adına mükafatına layiq
görülmüşdür. SSRİ-də bu mükafatı
alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə
düşmüşdür.
Akademik
Zərifə Əliyevanın həyatının maraqlı
anları və elmi fəaliyyətinin əsas istiqamətləri
barədə danışan məruzəçi onu həm də görkəmli
ictimai xadim kimi səciyyələndirmişdir. Demişdir ki, Zərifə
xanım Əliyeva keçmiş SSRİ Sülhü
Müdafiə Komitəsinin üzvü, Azərbaycan
Sülhü Müdafiə Komitəsi sədrinin müavini,
Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin,
Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin
üzvü olmuş, "Əməkdar elm xadimi" fəxri
adına layiq görülmüşdür.
Tədbirdə
Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri
kafedrasının müdiri, professor Paşa Qəlbinur, Akademik
Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin
şöbə müdiri, professor Rasim Hacıyev və
başqaları çıxış edərək dünya
tibb elminə əvəzolunmaz töhfələr vermiş
görkəmli oftalmoloq alim Zərifə Əliyevanın
yüksək insani keyfiyyətlərindən, eləcə də
Azərbaycana, ədəbiyyatımıza, musiqimizə və
dilimizə olan sonsuz sevgisindən danışmışlar.
"Dəyirmi
masa"da, həmçinin Azərbaycan oftalmologiya elmini
dünyada tanıdan Zərifə Əliyevanın ömür
yolu və elmi-ictimai fəaliyyətindən bəhs edən sənədli
film də nümayiş olunmuşdur.
Azərbaycan.-2013.- 20 aprel.- S.9.