Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənc İş Adamları Şəbəkəsi İdarə Heyətinin 3-cü iclası keçirilmişdir

 

Aprelin 19-da Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun və Azərbaycan Gənc İş Adamları Şəbəkəsinin təşkilatçılığı ilə Bakıda İslam Əməkdaşlıq Təşkilatı Gənc İş Adamları Şəbəkəsi (İƏT GİŞ) İdarə Heyətinin 3-cü iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda İƏT GİŞ-in Avropa, Körfəz, Yaxın Şərq və Şimali Afrika, Avrasiya ölkələri üzrə regional, eləcə də milli əlaqələndiriciləri iştirak etmişlər.

İƏT GİŞ-in Türkiyə üzrə milli əlaqələndiricisi Ergin Beceren çıxış edərək demişdir ki, 2011-ci ildə Bakı şəhərində təsis olunmuş Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumuna bağlı olan İƏT GİŞ İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə platforma rolunu oynamaqla onlar arasında biznes  məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verən biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən beynəlxalq səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradır.

Daha sonra gündəlik barədə məlumat verən E.Beceren bildirmişdir ki, müxtəlif ölkələrdən nümayəndələrin qatıldığı bu iclas, əslində, İƏT GİŞ-in Avrasiya bölgəsində ilk tədbiridir. Tədbirdə İƏT GİŞ-in nümayəndəliklərinin təxminən 18 təqdimatı nümayiş etdiriləcəkdir.

Sonra çıxış edən İƏT GİŞ-in Avrasiya regionu üzrə əlaqələndiricisi Fərid Novruzi şəbəkənin üzvlərinin sayının artmasının sevindirici hal olduğunu demişdir. Qeyd olunmuşdur ki, İƏT GİŞ ilbəil inkişaf edir. Biz bu cür görüşlərə qarşılıqlı əməkdaşlığın inkişafında, islam dünyasının sahibkarları arasında daha sıx münasibətlərin bərqərar olunmasında mühüm bir addım kimi baxırıq. Əminik ki, bugünkü görüş milli nümayəndəliklər arasında əlaqələndirməni daha da möhkəmləndirəcəkdir. Biz bütün İƏT ölkələri ilə uzunmüddətli, qarşılıqlı və faydalı əlaqələrin yaradılmasında maraqlıyıq və baş verən proseslərdən kənarda qala bilmərik.

Tədbirdə İƏT GİŞ-in Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və digər ölkələr üzrə təmsilçiləri öz ölkələrində son iki il ərzində həyata keçirilmiş layihələrlə bağlı təqdimatlarla çıxış etmişlər.

İƏT GİŞ-in Avrasiya regionu üzrə əlaqələndiricisi F.Novruzi tərəfindən İƏT-ə üzv ölkələr arasında biznes ideyaları sahəsində gənc tələbələr arasında müsabiqənin keçirilməsi təşəbbüsü irəli sürülmüşdür.

İclas çərçivəsində Türkiyə, Azərbaycan və Rusiyanın gənc sahibkar təşkilatları arasında anlaşma memorandumları imzalanmışdır.

Tədbir zamanı biznes təşviqi ilə bağlı regional və beynəlxalq təşəbbüslər, xüsusilə az inkişaf etmiş ölkələrdə gənc sahibkarlığın inkişafı və sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına dair məsələlər müzakirə olunmuşdur.

İclasın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov müzakirə olunan məsələlərin üzv ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini bildirmiş və iclas çərçivəsində əldə olunan razılaşmaları yüksək qiymətləndirmişdir.

 

 

Azərbaycan.-2013.- 20 aprel.- S.9.