Qəbələ ölkənin mədəniyyət
və turizm mərkəzinə çevrilir
Azərbaycan uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük. Çünki burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir.
İlham ƏLİYEV
Bu
gün ölkəmizin hüdudlarından kənarda da
yaxşı tanınan Qəbələ Azərbaycanın mədəniyyət
və turizm mərkəzlərindən birinə çevrilib.
1548 kvadratkilometr ərazisi olan rayonun əhalisi 98276 nəfərdir.
Qəbələdə 1 şəhər, 3 qəsəbə,
60 kənd var. Rayonda ayrı-ayrı xalqların nümayəndələri
çiyin-çiyinə yaşayır, öz adət-ənənələrini,
milli mədəniyyətlərini dövlətin yüksək
qayğısı sayəsində yetərincə inkişaf
etdirirlər. Geniş vüsət almış
abadlıq-quruculuq işləri milli azlıqların
yaşadığı qəsəbə və kəndləri də
əhatə edir, gün-güzəranlarının, sosial vəziyyətlərinin
yaxşılaşdırılması üçün gərəkli
tədbirlər həyata keçirilir.
Ötən
il Qəbələ rayonunun həyatında bir çox
uğurlarla əlamətdar olub. Təkcə bir faktı
xatırladaq ki, 2012-ci ildə adambaşına düşən
ümumi məhsul buraxılışı əvvəlki illə
müqayisədə 47 manat artaraq 2274 manatdan 2321 manata
çatıb.
Rayonda icra olunan xüsusi əhəmiyyətə malik layihələrdən biri də Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsidir. Azərbaycan hökuməti və Dünya Bankının maliyyə dəstəyi əsasında həyata keçirilən layihənin icrası uğurla davam etdirilir. İndiyədək 6 subartezian quyusu qazılıb, 2 ədəd 1000, 4 ədəd 600, 4 ədəd 500 kubmetrlik su anbarlarının tikintisi başa çatdırılıb və digər işlər görülüb.
Bu gün Qəbələ sözün həqiqi mənasında, böyük tikinti meydançasını xatırladır. Yaxşı haldır ki, həyata keçirilən abadlıq-quruculuq tədbirləri rayonun bütün yaşayış məntəqələrini əhatə edir. Qəbələdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi fikir verilir. Ötən il Topbağ kəndində 80, Tövlə kəndində 180, Nic qəsəbəsində 360, Solquca kəndində 80 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib.
Tikintisi davam edən, son tamamlama işləri görülən obyektlər də çoxdur.
Qəbələ şəhərinin Səməd Vurğun və Nizami küçələrində abadlıq və yenidənqurma işləri başa çatdırılıb, Zərifə Əliyeva küçəsində, Vəndam qəsəbəsindən keçən magistral avtomobil yolunda, Nic qəsəbəsinin mərkəzi küçəsində və parkında da tikinti-abadlıq işləri yekunlaşdırılıb.
Vəndam qəsəbəsində 600, Böyük Əmili kəndində 650 başlıq heyvandarlıq komplekslərinin inşa edilməsi də əhəmiyyətli işlər sırasındadır.
Qəbələ şəhərində istehsal təyinatlı "Cipsi" fabrikinin və limonad zavodunun tikintisinə də başlanılıb.
Hələ ötən il sentyabrın 10-da Qəbələyə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev bir çox obyektlərin açılışında iştirak etmiş, davam edən tikintilər və görülən işlərlə bağlı fikir və tövsiyələrini bildirmişdir. Dövlət başçısının həmin səfərindən sonra rayonda işgüzarlıq daha da artmış, bir çox layihənin icrası keyfiyyətlə başa çatdırılmışdır.
Bu il fevralın 28-də dövlət başçısı İlham Əliyevin Qəbələyə yenidən səfər etməsi də rayon sakinlərinin böyük sevincinə səbəb olub. Səfər zamanı ölkə Prezidenti Qəbələ Mədəniyyət Mərkəzinin, Qəbələ şəhər məscidinin, atıcılıq klubunun birinci mərhələsinin, heyvandarlıq-südçülük kompleksinin, "Aspi Winery" üzüm emalı zavodunun açılışlarında iştirak edib və Qəbələ Konqres Mərkəzində, "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksində tikinti işlərinin gedişi ilə tanış olub.
Qəbələ şəhərinə xüsusi yaraşıq verən, nəhəng ağ royal formasında tikilmiş mədəniyyət mərkəzi binasının alt qatında avtomobillər üçün qaraj da inşa olunub. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılıb. Üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdə nümunəvi tərtibatı ilə diqqəti cəlb edən 400 yerlik əsas tamaşa salonu var. Burada teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait mövcuddur. Binanın tikintisi zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli inşaat materiallarından istifadə olunması mərkəzin zahiri və daxili görünüşünü daha cəlbedici etməklə yanaşı, Qəbələ şəhərinin milli arxitekturası ilə ahəngdarlıq təşkil edir.
Qəbələdə müasir mədəniyyət, incəsənət mərkəzinin tikilməsinə böyük ehtiyac olduğunu və bu yeni mərkəzin həm də ölkəmizin ümumi inkişafının göstəricisi kimi qəbul edildiyini bildirən Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb. Bir müddət əvvəl Qəbələ Beynəlxalq Aeroportunun istifadəyə verilməsini, yeni mədəniyyət ocaqlarının, hotellərin açılmasını son illərin reallıqları adlandıran dövlət başçısı deyib: "Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilibdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir. Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur və iş yerlərinin yaradılmasına kömək, eyni zamanda, rayonun inkişafına və ölkəmizin dünyada tanınmasına xidmət göstərir. Bu gün müasir hotellər, turizm kompleksləri, istirahət zonaları açılır. Əlbəttə, belə gözəl mədəniyyət mərkəzinin açılışı görülən bütün bu işlərə əlavə dəstək verəcəkdir".
Qəbələdə istifadəyə verilən və tikintisi davam edən bir çox obyektlər, uğurla gerçəkləşdirilən layihələr bir daha sübut edir ki, dövlət başçısının təbirincə desək, regionlarla paytaxt arasındakı fərq azalır. Elə son illərdə aparılan siyasətin əsas istiqamətlərindən biri də hər bir şəhərdə və hər bir bölgədə yaşayış üçün normal şəraitin yaradılmasıdır.
Qəbələ ziyalılarından olan Şirin Şirinov dövlətin regionların sosial-iqtisadi inkişafına yüksək qayğısından razılıq etməklə yanaşı, xüsusi vurğuladı ki, insan amili, insan həyatı, insanların normal yaşayışı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini təşkil edir.
Bəli, bu, həqiqətən də, belədir. Dövlət başçısının yüksək diqqəti və qayğısı sayəsində ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilən Qəbələ də, digər rayonlarımız, şəhərlərimiz də gündən-günə gözəlləşir, abadlaşır, insanların normal yaşaması üçün hər cür şərait yaradılır.
Telman Nəzərli
Azərbaycan.-2013.- 20 aprel.- S.10.