Daşkənddə özbək dilində
nəşr olunan «Jaxon
adabiyyati» jurnalında Azərbaycanla bağlı
materiallar dərc edilmişdir
Daşkənddə
nəşr olunan "Jaxon adabiyyati" jurnalında
tanınmış özbək şair və tərcüməçisi
Tahir Qəhharın Azərbaycan alimi, filologiya elmləri doktoru
Ramiz Əsgərin yaradıcılığı haqqında məqaləsi
dərc edilmişdir.
Məqalədə
deyilir ki, böyük hökmdar və dövlət xadimi,
ümumtürk ədəbiyyatının görkəmli
nümayəndəsi Zəhirəddin Məhəmməd Baburun
(1482-1530) Bakıda iki kitabı çap olunmuşdur. Bunlar
Ramiz Əsgərin Azərbaycan dilinə tərcümə
etdiyi "Baburnamə" kitabı və 2011-ci ildə nəşr
olunan "Seçilmiş əsərləri"dir.
Müəllif
yazısında bu əsərlərlə bağlı geniş
təhlillər aparır, Baburun müxtəlif ölkələrdə
çapdan çıxmış kitablarının məziyyətlərindən
söhbət açır. Qeyd olunur ki, "Baburnamə" əsəri
türk və islam ədəbiyyatında memuar janrında
yazılmış ilk əsərdir.
Məqalədə
deyilir ki, Ramiz Əsgər hər iki kitaba ətraflı
"Ön söz" yazmışdır.
Materialda
Ramiz Əsgərin Bakıda Azərbaycan və rus dillərində
nəşr etdirdiyi digər tərcümə kitabları -
Mahmud Kaşğarinin məşhur "Divani
lüğat-it-türk" əsəri, Faruq Sümərin
"Oğuzlar", Yusif
Balasaqunlunun "Qutadğu bilig", Bahəddin Ögəlin
"Türk mifologiyası", "XX əsr özbək
şeiri antologiyası", Oraz Yağmurun
"Qarabağlı ananın ağısı", Molla Nəfəsin
"Bu məkana gəlmişəm" və
"Seçilmiş əsərləri", Məxdimqulu Fəraqinin
"Seçilmiş əsərləri" və digər
kitablar haqqında da oxuculara məlumat verilir. Orada deyilir ki,
müəllifin orijinal və tərcümə
kitablarının sayı 40-a yaxındır.
Jurnalda
Matluba Temurqızının görkəmli bəstəkar və
müğənni, Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu haqqında yazısı da dərc
olunmuşdur.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi
müxbiri
Daşkənd
Azərbaycan.-2013.- 20 aprel.- S.11.