İç dünyanı təmizləyək
İstəsək nöqsanları
Çöl dünyadan devirək,
Onda hər şeydən öncə
Gərək iç dünyamızı
Ağıllı islahatlar
Mərkəzinə çevirək.
Hər şey ordan başlanır,
Ancaq necə, bəs necə?
Bilirik ki, Tanrının
Əməlidir içimiz.
Çöl dünyada görünən
Bütün şərafətlərin,
Bütün qəbahətlərin,
Təməlidir içimiz.
Namərd var, dar ayaqda
İçidir qaçar yeri.
Niyə
adil Allahım
Sinə
qapılar üstə,
Beyin qapılar üstə
Qoymayıb açar yeri,
Açıb girək içinə.
Elə ordan başlayaq
Bəzi
nadürüstlərin
İçləri içindəki
Namərdliyi biçinə,
Satqınlığı biçinə,
Nankorluğu biçinə.
Adam var adamlığa
Zərrəcə yoxdur tabı.
Üzü gül dibçəyidir,
İçisə zibil qabı.
Xalqın
ağ günlərinə,
O qara çeşməyinin
Ardından baxıb gəlir.
Çöl dünyanın zibili
O cür şərəfsizlərin
İçindən axıb gəlir.
Bədən adi bir dəri...
Doğulan gündən bəri
Bir sirr duyulmaz qalır.
Onu çöldən yusaq da,
İçdən yuyulmaz qalır.
İftira
kiri vardır,
Xəyanət kiri vardır,
Acgözlük kiri vardır,
Astar üzlər içində
-
Beyin küzlər içində,
Ürək küzlər içində,
Mədə küzlər içində...
Ürək ət parçasıdır,
Niyə dönüb daş olsun?
Çöldən əvvəl içimiz
Gərək vətəndaş olsun.
Baş açmıram bu sirdən,
Qadir
Allah, yardım et,
İç dünyanı biz necə
Təmizləyək bu kirdən?
Zeynal VƏFA
Azərbaycan.-2013.- 20 aprel.- S.11.