İddia imkandan üstün olanda...

 

Azərbaycan xalqının milli maraqlarına qarşı çıxan bir qrup "sabiq"in "daş yuxular"da qalan daşaltı iştahası, deyəsən, öz başına əngələ çevrilir. Dövlətimizin iqtisadi, siyasi və hərbi qüdrətindən qorxan, gücündən çəkinən, təbii sərvətlərinə həris gözlə baxan antiazərbaycançı şəbəkə narahat olmağa başlayıb. Ona görə də ölkəmizi daxildən parçalamaq, zəiflətmək, xalq-hakimiyyət birliyinə xələl gətirmək üçün milli təfəkkürdən çox uzaq muzdlu manqurtların nəfsindən istifadə etməyə başlayıb. Bu bədniyyətlilərin arxasında dayananların məqsədi yalnız dövlətimizin və xalqımızın ildən-ilə artan nüfuzuna xələl gətirmək, ölkədə xaos yaratmaq, xırda məişət və sosial problemləri şişirdərək gəncliyi doğru yoldan yayındırmaq, onlarda möhkəmlənən vətənpərvərlik hisslərini zəiflətməkdən ibarətdir.

Demokratik cəmiyyətin formalaşmasında iqtidar-müxalifət münasibətlərinin mühüm əhəmiyyətini danmaq olmaz. Təəssüf ki, iyirmi ildir ölkəmizdə özlərini radikal müxalifət düşərgəsinin təmsilçiləri (bir çoxları isə özlərini hətta lider saymaqdan hələ də çəkinmir) hesab edənlərin əməllərində və fəaliyyətlərində  demokratizmin, nə də plüralizmin cücərtiləri var. Bunlarda yalnız mənəm-mənəmlik iddiası güclüdür. Bu, xüsusən özünü adıçəkilən düşərgənin sahibi hesab edən AXCP və Müsavat Partiyasında daha qabarıq formada görstərir.

Eyni zamanda bunlar "mehriban düşmən"dirlər. Builki prezident seçkilərində   yalnız özlərini namizəd sayan bunda iddialı görünən AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasına 20 ildən artıq müddətə "hakimlik" edən İsa Qəmbər arasındakı gizli soyuqluq bütünlüklə müxalifət düşərgəsinə sirayət edib.

Başqa bir namizədin - Eldar Namazovun (eləcə bir çox onun kimi sabiqlərin) xalqa üz tutaraq onlardan dəstək istəməsi gülünc görünür. Axı artıq dövlətçiliyin bünövrəsinin qoyulmasından   möhkəmləndirilməsindən xeyli vaxt ötüb nəinki Avropa, dünyanın aparıcı dövlət ictimai xadimləri Azərbaycanın son illər artan nüfuzundan sürətli  inkişafından danışır.

Belə olduğu halda dağıdıcı müxalifət istəyir? Əlbəttə, düşmən kölgəsinə sığınıb qarşıdurma yaratmaq. İctimai qınaq obyektində olan Rüstəm İbrahimbəyov, Əkrəm Naibov Eldar Namazov "trio"su (hələ radikal müxalifətin "başbilənlər"ini demirik), görəsən, öz xalqına hansı əməli əqidələrinə görə "ağıl vermək" istəyirlər? Öz millətinə dirsək göstərərək erməniləri "məzlum" adlandıran, "Daş yuxular"dan qazanacağı muzdla daha bir "əsər" yazacaq Əkrəm Naibovdanmı ağıl gözləyirik?! Bəlkə ona tapşırılmış vəzifədən sui-istifadə edərək milyonları mənimsəmiş, üstəlik, milli azadlıq uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin uyuduğu müqəddəs məkanda restoran-bar tikdirmək eşqinə düşən, eyş-işrət məclisi keçirmək istəyində olan, ermənilərin Bakıdan getməsini təəssüf "ürəkağrısı" ilə xatırlayan, öz millətinin qaçqın-köçkününə ironiya ya nifrətlə baxan, onları ana dilində dindirməyən Rüstəm İbrahimbəyovdan milli təəssübkeşlik gözləyək?!

Eldar Namazovun adı son günlər müxalifət düşərgəsində xoş məramla çəkilmir. "EL" adlı qurum yaratsa da, el-obadan çox-çox uzaq olan bu reneqat Moskvadakı arxa-dayaqlarınamı  güvənir?!

"EL"dən əli üzülən müsavatçılar "Milli Şura" ideyasına da şübhə ilə yanaşırlar. Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyünün səsinin daha da zəif çıxması üçün Müsavat Partiyasının nəinki başqanı, sıraviləri bu "mübarizə"də liderliyi ələ almağa özlərini iddialı göstərirlər. Amma əslində, vəziyyət heç onların fikirləşdiyi kimi deyil. Doğrudur, "Milli Şura"nın özünün dərəcədə milli olacağı hələ sual altındadır. Əvvəlcə "İP"-dən yapışıb qüvvəni öz tərəflərinə dartanların qəfildən "EL"ə yıxılmaları - çaşdırıcı başgicəlləndirici "oyunlar"ı müsavatçı-cəbhəçi "cütlüyü"nü sanki "daş yuxular"dan ayıltdı. İndi hər iki tərəf sosial baza axtarışındadır. Müsavatçıların iddiasına görə, onların işinə yarımayan "EL" indi "elektorat ovu"na çıxıb. Bu dəfə məzmun dəyişməsə , forma taktika "yeniləşib".

Ümumiyyətlə, son günlər aqressiv müxalifət düşərgəsində prezident seçkilərinə vahid namizədlə getmək ideyasına birmənalı yanaşanların sayı azalmaqdadır. Müsavat Partiyası sədrinin müavini Mustafa Hacıbəylinin mətbuata açıqlamasından da görünür ki, müxalifətdə seçkilərə vahid namizədlə getmə məsələsi sual altındadır. Çünki bu düşərgənin təmsilçilərinin hər biri ayrı-ayrılıqda prezidentliyə iddialıdır.

Beləliklə, iddiaları imkanlarından üstün olan, mənəm-mənəm deyən aqressiv müxalifət "liderləri" öz başlarının hayındadır.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 20 aprel.- S.11.