Dahilik zirvəsi

 

Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Ümummilli lider müdrik siyasəti, uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gercəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına nail olmuşdur. Böyük rəhbərin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialı sayəsində dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Azərbaycan xalqının taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində ümummilli lider Azərbaycanı zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Heydər Əliyev büllur kimi saf əməlləri ilə bütün ömrünü öz doğma xalqına həsr etdiyinə görə dahilik zirvəsini fəth etmiş və əbədiyaşarlıq qazanmış, Azərbaycan tarixinə öz şərəfli adını qızıl hərflərlə yazmışdır.

Dahilik yüksək düşüncə bacarığına malik olmaqla yanaşı, əql və qüdrət sahiblərinin öz ömür yollarında qazandıqları ən kamil davranış vərdişi, milli-mənəvi dəyərlərə sadiqlik, bir çox ideyaların sirlərini mənimsəmə qabiliyyəti və onları həyata tətbiq etmək bacarığıdır. Bütün bunlarsa ağlın gücündən, qüdrətindən məharətlə istifadə etmək bacarığı olan düşüncəli insanların şəxsiyyətini bütövləşdirən amillərdir.

Ulu öndər Heydər Əliyev böyük tarixi şəxsiyyət kimi Azərbaycanın firavan gələcəyi naminə daim çalışmış və dövlətçilik amallarımızı həyata keçirməkdə əvəzsiz müdriklik göstərmiş, qəlbində Vətən sevgisi, xalq məhəbbəti ilə dahilik zirvəsini fəth edə bilmişdir. Böyük rəhbər Vətəni, milləti qarşısında vətəndaş-şəxsiyyət borcunu ləyaqətlə yerinə yetirən, XX əsrin ikinci yarısında Azərbaycanın milli azadlıq tarixi üçün yaddaş ömrü yaşayan şəxsiyyət olmuşdur.

Heydər Əliyev 30 ildən artıq bir dövrdə ölkənin taleyüklü məqamlarında bütün məsuliyyəti öz üzərinə götürərək Azərbaycanı bir dövlət və millət kimi tarixin sınaqlarından çıxarmışdır. Bununla da xilaskarlıq missiyasının daşıyıcısı olmuşdur.

Xilaskarlıq missiyası dövlətçiliyi dərk etməyə xidmət edir. Dövlətçiliyin dərki isə müdrik düşüncə, ehtiyatlı davranış, qarşısındakının nəyə qadir olduğunu dərk etmək məsuliyyəti ilə şərtlənir. Heydər Əliyev dünya siyasətçiləri qarşısında əməli işləri ilə nüfuzunu təsdiqləyə, reallaşdıra bilmişdir.

Tarixə nəzər salaq. 1980-ci illərin axırlarından məlum idi ki, keçmiş SSRİ-də gedən proseslər çox keçmədən ittifaqı tarixin arxivinə atacaqdır. Ancaq onu saxlamağa cəhd edən qüvvələr hələ də var idi. Azərbaycandakı milli azadlıq hərəkatını, milli süuru boğmaq üçün imperiya tərəfindən 1990-cı ilin qanlı Yanvar faciəsi törədildi. Azərbaycan xalqına qarşı hərbi təcavüz oldu.

Xalq lidersiz qalmışdı, vahimə içində idi. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etdi, doğma xalqı ilə birgə olduğunu bildirdi. Böyük rəhbər çıxışında və müsahibələrində 20 Yanvar faciəsinə siyasi qiymət verdi.

Heydər Əliyevin Moskvadakı tarixi çıxışının mətni, maneələrə baxmayaraq, respublikada və dünyada geniş yayıldı. Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında onu ağır gündə "həmrəyliyə və birliyə" çağırdı. Təklənən, heç nəyə əli çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu bir şəxsiyyətin onunla birgə olduğunu görüb ürəkləndi. Əhalinin müstəqillik arzusunda olduğu bir zamanda Azərbaycanın o vaxtkı rəhbərliyi xalqın iradəsinə zidd olaraq martın 17-də  respublkanın guya Sovetlər İttifaqı tərkibində qalmaq barədə biabırçı referendum keçirdi.

Moskvada dövlət çevrilişi cəhdi və onun qarşısının alınması sovet imperiyasının dağılmasına gətirib çıxardı və bundan sonra gedən proseslər nəticəsində Sovetlər İttifaqı dağıldı. Ümummilli lider Heydər Əliyevin təbirincə desək, "İkinci Dünya müharibəsindən sonra bir çox imperatorluqlar ardıcıl surətdə dağıldığına görə belə böyük imperiya da - sovet imperiyası da dağılmağa məhkum idi, dağılacaqdı və dağıldı da".

Demokratik qüvvələrin  təzyiqi altında 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyanat qəbul olundu. 1991-ci il oktyabrın 18 də isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildi. Bununla da Azərbaycan müstəqil bir dövlət kimi özünü dünyaya bəyan etdi. Bu, çox böyük tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi.

İnkişaf etmiş dövlətlər sırasına çıxmaq, Azərbaycanı dünyaya tanıtmaq imkanı əldə etdik. Lakin təəssüflər olsun ki, bu sevincimiz içərisində çox acılı, məşəqqətli günlərlə də rastlaşdıq. Müstəqilliyin  əldə olunmasından sonra onu qoruyub saxlamaq, demokratik cəmiyyəti formalaşdırmaq ən böyük vəzifə olaraq qarşımızda dururdu. 1991-1993-cü illərdə müstəqillik yollarında çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Eyni zamanda, Ermənistan tərəfindən hələ 1988-ci ildən Azərbaycana qarşı başlamış hərbi təcavüz bu illərdə daha da güclənmişdi. Belə bir hal həm respublikamızın daxilində olan vəziyyəti gərginləşdirmiş, həm də Azərbaycanın xarici siyasətinə çox böyük maneələr törətmişdi. Bu müharibə dövründə buraxılmış böyük səhvlər və ayrı-ayrı qrupların xalqımıza qarşı etdiyi xəyanətlər nəticəsində Azərbaycan Respublikasının ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Çox təəssüf ki, bu illər ərzində xalqın qüvvəsini toplayıb düşmənə qarşı mübarizə aparmaq, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini möhkəmləndirmək əvəzinə, resbublikamızın daxilində ayrı-ayrı qüvvələr hakimiyyət mübarizəsi ilə məşğul olmuşlar. Onlar vəzifə hərisliyinə düşərək şəxsi mənafelərini ümummilli, ümumxalq mənafeyindən üstün tutaraq respublikada qarışıqlıq yaratmağa çalışmış, ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış, parçalanma, müstəqilliyin itirilməsi, dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşlar. Bax, belə bir şəraitdə xalqın, ölkənin güclü bir liderə ehtiyacı yarandı. Tarixi təcrübədən aydındır ki, ən kəskin məqamlarda, millətin taleyinin həll olunduğu, xüsusilə azadlıq yolunu seçdiyi və bu yolda minlərlə şəhid verdiyi zaman kəsiyində xalqın liderlərə böyük ehtiyacı olur. Əlbəttə, söhbət təkcə xalqın azadlıq mücadiləsində tökülən qanlara hazır olmasından getmir, həm də dövlət müstəqilliyini qoruyub saxlamağı, millətin ali məqsədinə qovuşmasını təmin edən dövlət başçısından gedir.

Ölkə həmin dövrdə səriştəsiz rəhbərlər tərəfindən elə bir vəziyyətə gətirilmişdi ki,ümidini itirən xalq qaranlıqlar içərisində yol axtara-axtara hara, hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü böyük rəhbər Heydər Əliyevə tutdu. Xalq başa  düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir şəxsiyyət çıxara bilər. Respublikanın düşdüyü bu çətin, çıxılmaz vəziyyəti, çoxminli insanların təkidli tələbini nəzərə alan dahi rəhbər ikinci dəfə hakimiyyətə qayıtdı və bununla da Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Bununla da Azərbaycan dövlətçiliyi və müstəqilliyimiz xilas edildi. Xalq yaxşı dərk edirdi ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtmasaydı, yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü ildə başa çatmış olacaqdı. Xilaskar  missiyasını öz çiyinləri üzərinə götürmüş ulu öndər məmləkəti, müstəqilliyimizi, azadlığımızı iflasdan xilas etdi.

Heydər Əliyevin milli dövlətçilik  irsinin özünəməxsus cəhətləri, taktiki və strateji hədəfləri, konkret məqsədləri vardı. Bu məqsəd və hədəflərə o, zaman-zaman nail olmuşdu. Onun dövlətçilik irsinin ilkin mərhələsi Azərbaycan cəmiyyətini, dövlət hakimiyyətini dağılmaqdan, parçalanma və mərkəzdənqaçma stereotiplərindən xilas etməkdən ibarət oldu.

Həmin dövrdə Azərbaycan cəmiyyəti üçün zəruri və həyati əhəmiyyət kəsb edən başlıca problem ondan ibarət idi ki, ölkədə anarxiya meyillərinin qarşısı alınsın. Bunun üçün kifayət qədər riskli addımların atılması zərurətə çevrilmişdi. Supergüclərin geosiyasi mübarizə poliqonuna çevrilən bir ölkədə buna nail olmaq olduqca çətin idi və bu, hər şeydən öncə, qətiyyət və siyasi iradə tələb edirdi. Amma Heydər Əliyev ölkəni bu problemdən çox qısa zaman kəsiyində xilas edə bildi. Ulu öndər qısa zamanda sübut etdi ki, vətəndaş müharibələri, hakimiyyət uğrunda silahlı mübarizə hüquqi demokratiyaya, dövlətçiliyə gedən yol deyil, əksinə, bu prinsiplər cəmiyyətdə demokratik dəyərlərin təşəkkül tapması prosesini daha da əngəlləyir.

Ulu öndərin baxışlar sisteminə görə, demokratiya üçün vacib olan başlıca şərtlər siyasi sabitlik və güclü dövlət hakimiyyətidir. 1993-cü ildə başlanan proseslər çox keçmədi ki, Azərbaycanda demokratikləşmənin inkişafı üçün real zəmin yaratdı. Bu prosesə mane ola biləcək bütün xarici və daxili qüvvəllər tamamilə neytrallaşdırıldı. Ulu öndərin simasında hakimiyyətə inam bərqərar oldu. Cəmiyyət başa düşdü ki, o həyatın ümidinə buraxılan bədbin siyasi tale yaşamağa məhkum olunan qara kütlə deyil. Bu mərhələnin özəlliyi ondan ibarət idi ki, siyasi sabitlik olmadan cəmiyyətin digər problemlərini həll etmək mümkün deyildi. Başıpozuq hərbi birləşmələrin ləğvi, ordu quruculuğuna ciddi şəkildə başlanılması, dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınması siyasi sabitlik sahəsində görülən mühüm tədbirlər idi. Ulu öndər siyasi sabitliyi  yüksək dəyərləndirirdi: "Azərbaycanda hər bir şəxs, hər bir partiya, milli birlik, vətəndaş həmrəyliyi istiqamətində hərəkət etməli, fəaliyyət göstərməlidir. Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək yox, yaranmış sabitliyi daha da möhkəmləndirmək lazımdır. Çünki bu, Azərbaycanın yaşaması, onun müstəqilliyinin qorunması üçün ən əsas şərtdir".

Siyasi sabitliyin ardınca köklü islahatlar gəlməli idi və Heydər Əliyev bu yöndə növbəti uğurlu addımlarını atdı. ''Əsrin müqaviləsi''nin bağlanması, özəlləşdirmə və torpaq islahatlarının həyata keçirilməsi, mühüm qanunların qəbul edilməsi, əhalinin maddi rifah halının yaxşılaşdırılması, iqtisadiyyatın bərpa edilib inkişaf və yüksəliş yoluna düşməsi, elmimizin, mədəniyyətimizin, təhsilimizin tərəqqisi məhz ölkədə əldə edilən sabitliyin nəticələri idi.

Heydər Əliyevin milli dövlətçilik irsinin ən mühüm mərhələsini isə dövlət  quruculuğu və demokratikləşmə prosesi kimi səciyyələndirmək olar. Ölkədə inzibati hakimiyyətin proseslərə tam nəzarət etməsi, yeni Konstitusiyanın qəbulu və məhkəmə hakimiyyətlərinin qurulması dövlət quruculuğu sahəsində atılan mühüm addımlar idi. Güclü dövlət hakimiyyətinin qurulması ilə demokratikləşmə prosesinin paralel şəkildə aparılması son dərəcə böyük əhəmiyyət daşıyırdı. Heydər Əliyev hər iki proses arasında balansı təmin etməklə ortaya analoqu olmayan  siyasi model qoydu. Böyük rəhbər ölkədə Qərb standartlarını uğurla tətbiq etdi və həmin standartların milli mentalitetlə vəhdətini yaratdı. Ulu öndərin ölkədə qurduğu güclü hakimiyyət Azərbaycan cəmiyyətini demokratikləşdirmə prosesindən yayındıra biləcək tendensiyalardan qorumaq baxımından son dərəcə əhəmiyyətli idi.

Bu amilin daha mühüm strateji əhəmiyyəti vardı. Həmin dövrdə Azərbaycanın iqtisadi inkişafını sürətləndirmək və davamlı etmək üçün xarici investorlara və iş adamlarına real təminatlar verilməli idi. Hətta əcnəbi iş adamlarını və xarici kapitalı Azərbaycana cəlb edən təbii faktorlar nə qədər əlverişli olsaydı belə, onlar siyasi təminatlar olmadan riskli addımlar atmazdılar. Azərbaycanın isə belə investisiyalara ehtiyacı çox idi. Heydər Əliyevin siyasi iradəsi və təminatı ilə ölkəyə qısa müddətdə cəlb edilən xarici kapital Azərbaycanın hərbi və geosiyası təhlükəsizliyi üçün başlıca qaranta çevrildi. Bütün maraqlar qarşılıqlı şəkildə ödənildi.

Ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar ilk baxışdan qeyri-populyar görünə bilərdi, lakin bu, son nəticədə düzgün və bütün reallıqları nəzərə alan optimal, praqmatik qərarlar idi. O, heç vaxt xalqa fantastik və populist vədlər vermirdi, əksinə, real vəziyyəti və konkret şəraitdə əldə edilə biləcək nəticələri olduğu kimi təqdim edirdi: "Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik, qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib". Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini, Azərbaycan xalqını fəlakətdən qurtardı, dövlətçiliyi möhkəmlətdi, onu çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi, cəmiyyətdə özünəinam hissini bərpa etdi, sabitlik və firavanlığa şərait yaratdı. Çox böyük əzab-əziyyətlərlə əldə etdiyimiz müstəqilliyimizi dönməz və əbədi etdi.

Ulu öndər Heydər Əliyev fəaliyyəti və əməlləri ilə bütöv bir siyasət məktəbinin əsasını qoydu və müasir dünyanın politoloji leksikonuna "Heydər Əliyev siyasəti" sözləri daxil oldu. Bu balanslaşdırılmış, bütün cəhətləri ölçülüb-biçilmiş və ən əsası, dövlətin təməl maraqlarını, onun perspektivini, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ehtiva edən, cəmiyyətdə ahəngdarlıq yaradan siyasətdir. Bütün bunlar Heydər Əliyev siyasətinin fəlsəfi əsaslarını təşkil edirdi. Ümummilli liderin siyasətinin bundan sonrakı və yüzillər boyu davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.

Şübhə yoxdur ki, Heydər Əliyevin başladığı inkişaf yolu ilə gedəcək Azərbaycanda onun dövlətçilik ənənələri davam edəcəkdir. Bu yolun Azərbaycan tarixində gerçək yeri məsələsinin hələ çox müzakirələrə səbəb olacağı şəksizdir. Amma önəmli olan bir cəhətdir - bu yolun heç zaman alternativi olmayacaqdır. Xalqımız bu gün həmişəkindən daha rahatdır. Çünki ulu öndərin daxili və xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev kimi liderimiz, dövlət rəhbərimiz var. Ulu öndər hələ vaxtilə onun haqqında demişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı ümummilli liderin tövsiyəsinə və Heydər Əliyev dühasına sadiq olduğunu nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyev siyasi kursunun və milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması sosial sifariş kimi qiymətləndirilməlidir. Təbii ki, bu konsepsiyanın üstünlüyü, obyektiv xarakter daşıması Heydər Əliyevin müstəqil dövlətimizin rəhbəri olduğu on ildə özünü dəfələrlə nümayiş  etdirdi. Zaman-zaman cəmiyyət belə bir siyasi iradə ortaya qoydu ki, bu kursun, aparılan siyasətin varisliyi mütləq təmin olunmalıdır. Cəmiyyəti narahat edən əsas faktor hakimiyyət sükanının yenidən təsadüfi şəxslərin, meydan eyforiyasından ayıla bilməyən diletantların əlinə düşməsi qorxusu idi. Təhtəlşüurda baş qaldıran stereotiplər xalqdan tələb edirdilər ki, ortaya siyasi iradə qoysun. Bu, belə də oldu və xalqımız birmənalı olaraq İlham Əliyev fenomeni üzərində dayandı.  Faktiki olaraq cənab İlham Əliyevin  qarşısına belə bir sosial sifariş, ümumxalq tələbi qoyuldu ki, xalqın bu istəyini reallaşdırsın.

Xalqımız 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində hakimiyyət dəyişikliklərinin və onların daşıyıcılarının sistemsiz, millətimizə  başucalığı gətirməyən idarəçilik metodlarının ağır nəticələrini yaşamışdı. Xalqımız həm də 1993-cü ildə yenidən siyasi hakimiyyətə gələn və qısa zaman kəsiyində ölkəni fəlakətlərdən qurtarıb müstəqil, demokratik və güclü Azərbaycan dövlətini yaradan Heydər Əliyev zəkasının, gərgin əməyinin və yenilməz iradəsinin məntiqi nəticəsi olan  əmin-amanlığın, sabitliyin və iqtisadi dirçəlişin bəhrələrini görməkdə idi. Heydər Əliyev dövlətçilik ənənələrinin  qorunub saxlanılmasına, onun müəyyənləşdirdiyi kursun siyasi varisliyinin təmin olunmasına xalqın ciddi əhəmiyyət verməsi məhz bu məntiqə söykənirdi.

Cəmiyyət Heydər Əliyevin daxili və xarici siyasət kursuna alternativ görmədiyi kimi, bu strategiyanı uğurla davam etdirəcək siyasi xadimi də haqlı olaraq ümummilli liderin inamı əsasında cənab İlham Əliyevin fəaliyyəti üzərində kökləndi. Cəmiyyətdə qəti olaraq belə bir rəy formalaşmışdı ki, cənab İlham Əliyev ulu öndərin siyasi kursunun  müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin edə biləcək alternativsiz şəxsdir.

Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi fəaliyyət fəlsəfəsi ondan ibarətdir ki, o, mövcud reallıqları operativ və obyektiv olaraq qiymətləndirməyi bacarır, sosial sifarişə uyğun çevik qərarlar qəbul edir. Xüsusilə ölkənin sosial-iqtisadi problemlərinə onun münasibəti daha həssasdır. Prezident İlham Əliyev həm də istedadlı strateq olaraq Azərbaycanın geosiyasi mövqeyini düzgün qiymətləndirir. Etiraf edilməlidir ki, İlham Əliyev fenomeninin cəmiyyətin simpatik göstəricisinə çevrilməsi, ilk növbədə, təbii-siyasi amillərdən qaynaqlanan gerçəklikdir. Prezidentin siyasi-psixoloji portretinin əsasını təşkil edən komponentlər onun Azərbaycan və dünya siyasi arenası üçün uğurlu sima olduğunu birmənalı olaraq sübut etdi. O öz simasında Qərb standartlarını - aristokratik rəftarın, rasional düşüncə tərzinin, alovlu vətənpərvərliyin, praqmatizmin milli mentalitetlə son dərəcə dəqiqliklə uzlaşdırılmış vəhdətini yaratmağa nail oldu. Möhtərəm Prezident bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə həm də yeni nəfəs, siyasi ruh və müasirlik gətirdi. Cənab İlham Əliyev eyni zamanda gördüyü işlərlə bütövlükdə məmləkətin, xüsusilə onun paytaxtının mənzərəsini dəyişdirdi, Azərbaycanı regionun ən  qüdrətli dövlətinə çevirdi. Ulu öndərin ərməğan qoyub getdiyi dövlət müstəqilliyimizi daha da möhkəmləndirdi, onun əbədiliyi və dönməzliyini dünyaya bir daha bəyan etdi.

Bu gün əsas vəzifəmiz müstəqilliyimizin mahiyyətini, əhəmiyyətini dərindən dərk etməkdir. Bütün çətinliklərə, məhrumiyyətlərə baxmayaraq, müstəqilliyimizin ən böyük sərvətimiz olduğunu başa düşməkdir. Xalqa, xüsusən də gənc nəslə müstəqilliyimizin böyük nemət və əvəzsiz bir sərvət olduğunu dönə-dönə izah etməli, onu vətəndaşlarımızın  zehninə, düşüncəsinə və qəlbinə birdəfəlik həkk etməliyik. Tam əminik ki, qərinələr ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, dövlət müstəqilliyimizlə ümummilli lider Heydər Əliyevin adı qoşa çəkiləcəkdir. Yazımızı ulu öndərin dövlət müstəqilliyimizə verdiyi dəyərlə bağlı sözləri ilə tamamlayırıq: "Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır".

 

 

Fəxrəddin MƏMMƏDOV,

Azərbaycan Tibb Universitetinin Azərbaycan

 tarixi kafedrasının müdiri, professor

 

Azərbaycan.-2013.- 21 aprel.- S. 2.