«Heydər Əliyev və həmkarlar ittifaqları» mövzusunda «dəyirmi masa» keçirilmişdir

 

Aprelin 20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev və həmkarlar ittifaqları" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

 

AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin AHİK-in binasındakı büstü önünə gül dəstələri  qoymuş, ulu öndərin əziz xatirəsini yad etmişlər.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov müasir müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin davamlı inkişaf yoluna çıxarılmasında, milli ordu quruculuğunda və digər sahələrdəki əvəzsiz xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin dühası, uzaqgörənliyi sayəsində ölkəmiz düşdüyü çətin vəziyyətdən çıxmış, bütün sahələrdə yeniliklər başlamış, iqtisadiyyatımız dirçəlmiş, insanların rifahı xeyli yüksəlmişdir.

Qeyd edilmişdir ki, Sovet İttifaqı dağıldıqdan sonra da Azərbaycan xalqının imdadına ulu öndər çatmışdır. Həmin dövrdə ölkədə vəziyyət çox ağır idi. İnsanların bu gündən sabaha ümidləri yox idi. Lakin ümummilli lider Heydər Əliyevin uğurlu daxilixarici siyasəti nəticəsində Azərbaycan bu ağır vəziyyətdən çıxmağı bacardı. Ölkəmizdə vəziyyət sabitləşdi, iqtisadiyyat dirçəlməyə başladı, beynəlxalq əlaqələrimiz genişləndi.

B.Sadıqov diqqətə çatdırmışdır ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dayanıqlı iqtisadiyyatı olan sabit ölkəyə çevrilmiş, bir çox beynəlxalq təşkilatların üzvü olmuşdur.

AHİK-in sədr müavini Aqil Dadaşov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən, nəsillərə nümunə olan fəaliyyətindən, onun rəhbərliyi dövründə ölkəmizin müstəqillik və demokratiya yolunda atdığı uğurlu addımlardan danışmışdır. Bildirilmişdir ki, ümummilli liderin diqqət və qayğısı sayəsində Azərbaycanda həmkarlar ittifaqları təşkilatları fəaliyyətlərində yeni mərhələyə qədəm qoymuşlar. Respublikamızı dərin sosial-iqtisadisiyasi böhrandan çıxaran ulu öndər həmkarlar ittifaqları təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qoruyaraq bu qurumlara öz missiyalarını yerinə yetirmək üçün hərtərəfli şərait yaratmışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul olunmuş "Həmkarlar ittifaqları haqqında" qanun həmkarlar ittifaqları üzvlərinin əmək hüquqlarının daha mütəşəkkil qorunması, onların sosial və digər problemlərinin həlli üçün möhkəm hüquqi baza yaratmışdır.

Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən, sosial-iqtisadi inkişaf, ordu quruculuğu sahələrində həyata keçirilən proqram və layihələrdən danışmışlar.

 

 

Azərbaycan.-2013.- 21 aprel.- S. 3.