Hərbi Prokurorluqda «Cinayət Prosessual qanunvericiliyinin tətbiq olunmasında insan hüquqlarının müdafiəsi məsələləri» mövzusunda seminar keçirilmişdir

 

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Azərbaycan Hüquqşünaslar Konfederasiyasının və Amerika Hüquqşünaslar Assosiasiyasının təşkilatçılığı ilə "Cinayət Prosessual qanunvericiliyinin tətbiq olunmasında insan hüquqlarının müdafiəsi məsələləri" mövzusunda seminar keçirilmişdir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev demişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin cinayət hüququ sahəsində təcrübəsinin öyrənilməsi prokurorluq orqanlarının əsas vəzifələrindən biridir.

X.Vəliyev son illər ölkəmizdə hüquqi dövlət quruculuğu, iqtisadi-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində aparılan genişmiqyaslı islahatlar barədə ətraflı məlumat vermişdir.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Robert Steere də çıxışlarında tədbirin əhəmiyyətindən danışmışlar.

Ə.Hüseynli respublikamızda insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlərin əhəmiyyətindən danışmış, bu prosesin hazırda keyfiyyətcə yeni müstəviyə keçdiyini xüsusi qeyd etmişdir.

Sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin insan hüquqlarının müdafiəsi məsələləri sektor müdiri Çingiz Əsgərovun "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ", Avropa Şurası İşgəncələrə Qarşı Komitəsinin sədri, Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, hüquq elmləri doktoru Lətif Hüseynovun "İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin standartları", Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Fərəc Sayılovun "Cinayət Prosessual qanunvericiliyinin tətbiq olunmasında insan hüquqlarının müdafiəsi məsələləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ" mövzularında məruzələri dinlənilmişdir.

Məruzələr ətrafında fikir mübadiləsi və müzakirələr aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Ədliyyə general-leytenantı Xanlar Vəliyev seminara yekun vuraraq iştirakçılar tərəfindən məhkəmə-istintaq təcrübəsinin və qanunvericiliyin təkmilləşdirilməsi üçün maraqlı təkliflər səsləndirildiyini xüsusi qeyd etmiş, müzakirələrin Hərbi Prokurorluğun fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə etmişdir.

Tədbir iştirakçılarına metodik vəsait təqdim olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 21 aprel.- S.3.