Yeddi oğul istərik...
Bəs niyə
ölkədə doğumun səviyyəsi aşağı
düşür
Nə
vaxtsa həmsöhbət olduğum ixtiyar yaşlı
inşaatçı oğul-uşaqdan danışanda
maraqlı bir atalar sözü işlətdi: "Evdə bir
uşaq çoxdur, 10-u isə azdır". Əvvəl
qocanın çaşdığını, sözlərin
yerini dəyişik saldığını güman etdim. Sonra
bu atalar sözünün məzmunundakı paradoksu dərk etməyə
çalışdım.
Əslində, nə qoca çaşmışdı, nə də fikirdə bir səhv vardı. Deməli, ailədə heç olmasa, bircə uşaq varsa, bu, böyük xoşbəxtlikdir. Qismətinə bir uşaq düşəndə belə, ailə tam olur, dağılmır, balasını böyüdə-böyüdə möhkəmlənir. Başqa sözlə, elə bir uşağın özü də az bir şey deyildir, çox böyük, əvəzsiz bir nemətdir. Və hər uşaq dünyaya gələndə özü ilə səadət gətirdiyi üçün bir yox, üç, beş, qısası, nə qədər çox olsa, daha yaxşıdır. Lap on olsa belə, azdır...
Xoşbəxtlikdən, bineyi-qədimdən xalqımızın övlad sarıdan sərvəti bol olub. Oğulu arxa, düşmən çəpəri bilərək əzizləyib, bəsləyib, böyüdüb, araya-ərsəyə çatdırıblar. Qız övladına daha incə və zərif duyğularla yanaşaraq onu gələcəyin qayğıkeşi, anası kimi seviblər. Hər övlad dünyaya gələndə nəzir-niyaz paylayıb, qurban kəsib, ağsaqqalların iştirakı ilə adqoydu mərasimi keçiriblər.
Qəlbimizdəki övlad sevgisi əbədidir. Odur ki, Azərbaycan mühitində övlad istəməyən ailə təsəvvür etmək belə çətindir. Bu, bizim psixologiyamızda yerləşə bilməyəcək bir fikirdir! Amma təbii ki, müasir dövrdə olduqca az insan tapılar ki, ailəsində 10 uşağın olmasını istəsin. Bunun yarısı qədər sayda övlad planlaşdıran ailələr də az-azdır.
İndi "ailə planlaşdırılması" təkcə tibbi termin kimi deyil, insanların həyatına nüfuz etmiş bir reallıqdır. Yəni, hər kəs "ayağını yorğanına görə uzatmaq" istəyir. Hər ailə imkanlarını hərtərəfli təhlil edərək neçə övladı olması qərarını özü verir.
Lakin neçə övladının olmasını ailə özü müəyyən etsə də, bu, şəxsi problem çərçivəsindən çıxaraq cəmiyyət, xalqın genefonu, gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən vacib bir məsələdir.
Bəziləri deyir ki, çox uşaq böyütmək vəsaiti, var-dövləti çox olanların işidir. Bəziləri isə əksinə, bu fikirdədirlər ki, kasıb, intellektual səviyyəsi o qədər də yüksək olmayan ailələrdə çox uşaq olur. Beləliklə, ailədə uşaqların az sayda olmasını valideynlərin intellektinin yüksək olması ilə bağlayanlar da var. Lakin unutmayaq ki, bizim müxtəlif dövrlərdə çoxuşaqlı nazirlərimiz, rayon başçılarımız, alim və ziyalılarımız olub. Maddi imkanı geniş olmayan ailələr arasında isə həm az, həm də çoxuşaqlılara rast gəlinib. Odur ki, ailədə uşağın azlığını-çoxluğunu intellektlə, maddiyyətlə bağlayanlar bir o qədər düz düşünmürlər. Bəlkə də bu fikirlərin hər birində müəyyən həqiqət və müəyyən yanlışlıq da var. Amma o da var ki, övlad sevgisi bunların heç birilə hesablaşmır. Fikrimizcə, burada ailənin istəyi, arzusu, ata-babadan gələn ənənə, mənəvi zənginlik və qəlbin böyüklüyü əsas rol oynayır.
Hazırda Azərbaycanda əhalinin təbii artımla çoxalması da bunu təsdiqləyir. Bu o deməkdir ki, əhalinin sayı kənardan köçüb gələnlərin deyil, təzə doğulanların hesabına artır. Ölkədə doğum ölümü üç dəfə üstələyir və hər bir qadına orta hesabla 2,3 uşağın düşməsi ölkədə statistik terminlə desək, əhalinin təkrar istehsalının təmin olunduğunu göstərir.
Bugünkü Azərbaycan qadınlarının 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir. Orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Lakin bu faktları şərh edərkən nəzərə almaq vacibdir ki, bir çox anaların yalnız bir övladı var. Üstəlik, dünyaya uşaq gətirmək yaşında olan qadınların bir çoxu hələlik ana deyil. Buradan belə bir nəticə çıxır ki, Azərbaycanda üç və daha çox uşağı olan ailələr də az deyil. Bu isə heç də hər ölkəyə, hər xalqa nəsib olan xoşbəxtlik deyil. Bununla belə...
Son dövrlər Azərbaycanda doğumun səviyyəsi müəyyən dərəcədə aşağı düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci il ərzində ölkədə 174,5 min körpə dünyaya gəlib. Halbuki 2011-ci ildə 176,1 min uşaq doğulmuşdu. Deməli, keçən il ondan əvvəlki illə müqayisədə əhalinin hər min nəfəri hesabı ilə doğumun səviyyəsi 19,4-dən 19-a enib.
Təəssüf ki, bu tendensiya cari ilin ötən
aylarında da davam edib. Bu
ilin yanvar-mart aylarında Azərbaycanda 41,3
min körpə dünyaya gəlib. Keçən
ilin eyni dövrünün göstəricisinə baxanda bu rəqəm
ürəkaçan deyil. Belə ki, ötən ilin
üç ayında ölkədə 43,1
min uşaq doğulmuşdu. Cari ilin eyni aylarının
göstəricisi isə bundan 1,8 min
azdır. Bu isə doğumun sayı ilə
yanaşı, səviyyəsinin də aşağı
düşdüyünü göstərir. Əgər
keçən ilin birinci rübündə hər min nəfər
hesabı ilə doğulanların əmsalı 19 idisə,
indi 18,1-dir.
Cavan ailələr bir qayda olaraq ikidən artıq
uşaq arzulamırlar. Bildiyimizə görə, əgər
birinci uşaq oğlandırsa, ikinci üçün heç
tələsmirlər də. Doğrudanmı,
Azərbaycanda təkuşaqlılığa meyil yaranır?!
Gənc
ana Almaz Qasımova deyir ki, beş
yaşlı oğlumuz və üç yazlı
qızımız var: "Həyat yoldaşımla onları
yaxşı tərbiyə edib böyütmək, təhsil
vermək, necə deyərlər, əllərini çörəyə
çatdırmaq üçün indidən ciddi fikirləşirik.
Qaldı ki, ailənin böyüməsinə... "Az olsun, yaxşı olsun" fəlsəfəsini
rəhbər tutmuşuq. Bir də ki, mən Azərbaycan Dillər
Universitetini bakalavr pilləsi üzrə bitirmişəm. Həm
orta, həm ali məktəbdə əla
qiymətlərlə oxumuşam. İndi
magistraturaya daxil olmaq, sonra da qazandığım biliklərlə
cəmiyyətə bir xeyir vermək istəyirəm. Bu,
bizim ailə büdcəmiz üçün də
vacibdir..."
Çoxuşaqlı ana,
ağbirçək Zərnigar Hüseynova isə deyir:
- 5
övladım var. Şükürlər olsun ki,
hamısını boya-başa çatdıra bilmişik,
savad, peşə qazanıblar. İki
qızım artıq ailə qurub. Birinin
iki, digərinin bir övladı var. Elə bu sayla da kifayətlənməkdə
israrlıdırlar. Desəm ki, maddi
imkanları yoxdur, səhv edərəm. Sadəcə,
rahatlıq istəyirlər, artıq əziyyətdən
qaçırlar. Başqa millətlərdən,
gəzməyə getdikləri xarici ölkələrdəki
ailələrdən nümunə götürürlər.
Unutmayaq ki, Avropa Avropadır, biz isə bizik! Götürdüyümüz
nümunələr də xalqımıza, onun həyat tərzinə
yamaq olmamalıdır. Körpələrin
sayının azalmasının səbəbini cavan valideynlərin
zəhmətdən, əziyyətdən qorxmasında, tənbəllikdə
görürəm. Vaxtilə mən də
iki övladla kifayətlənmək istəyirdim. Qayınanam, anam məsləhət verdilər, dedilər
ki, övlad insanın qol-qonadı, arxası, qocalanda,
yatağa düşəndə dayağıdır. Nə yaxşı ki, qulaq asdım. İndi
baxıram, çətinliklərin hamısının arxada
qaldığını, özümün isə çoxlu
oğul-uşaq, nəvə ətrafında olduğumu
görürəm...
Azərbaycanda çoxuşaqlılıq ənənəsi
əsrlərlə yaşayıb. Bir həmkarımız
danışır ki, ailədə 10 uşaq - 7 qardaş, 3
bacı olublar. Kənd yerində yaşadıqlarından
böyüdükcə biri qoyun-quzu otarmağa gedib, digərləri
əkin-biçində, həyət-bacada səliqə-sahman
yaratmaqda valideynlərinə kömək edib: "Qoyun, qaz
otarmağa gedəndə kitab-dəftərimizi qoltuğumuza
vurardıq. Dərslərimizi elə oradaca əzbərləyərdik.
Məktəbdə heç də pis
oxumazdıq. Ruzimizi isə Allah elə bil
göydən ələyərdi. Qatıq-qaymaq,
mer-meyvə aşıb-daşardı, çoxunu satardıq.
İndi şəhərdə
yaşayanımız da var, kənddə ata-baba yurdunda
qalanlarımız da. Bir-birimizə
arxa-kömək oluruq".
Bəlkə elə buna görə də el arasında
deyirlər ki, Allah yaratdığı bəndənin ruzisini
özü yetirər.
Məsələnin başqa bir tərəfi
uşaqların tərbiyəsidir. Çoxuşaqlı
ailələrdə böyüyən övladlarda
kollektivçilik hissi - ünsiyyət qurmaq qabiliyyəti, əməksevərlik,
başqasına kömək etmək, tikəsini bölmək
istəyi də güclü olur. Başqa
sözlə, onlar həyata atılanda çətinlik çəkmir,
cəmiyyətə tez adaptasiya olunurlar.
"Bir oyuncaq top alırsan. Ailədə bir
uşaq varsa, o, topu qamarlayıb təkcə oynayacaq. Beləliklə, vərdiş edəcək ki,
ata-ananın aldıqlarının hamısı onundur. İki uşaq çox güman ki, top
üçün dava salacaq. Biri deyəcək, top mənimdir,
digəri deyəcək, yox, mənim... Üç
uşaq heç zaman bir top üçün "mübarizə"
etməyəcək, görəcək ki, o, bölünməzdir.
Hər birinin ürəyindən topu əldə
etmək keçsə də, məcbur olub onu birlikdə
oynadacaqlar". Bu sözlərin müəllifi
nə pedaqoq, nə də psixoloqdur. Uşaq
xarakterinə yaxşı bələd olan, dediklərini öz
həyat təcrübəsindən əxz edən bir ata - Nazim
Tağıyevdir.
Lakin bu gün doğumun səviyyəsinin
aşağı düşməsinin heç də
bütün səbəbləri ailələrin istəyi,
"avropalaşması", yaxud maddiyyətlə
bağlı deyil. Bir sıra digər səbəblər də
var.
Həkim-genetik Eldəniz Bayramov deyir:
- Ailə
quran cavanları bəzi hallarda sonsuzluq adlı bəla
sınağa çəkir. Bunun çarəsi
üçün hər gün neçə-neçə ailə
həkimlərə müraciət edir. Bu insanların
ata, ana ola bilməməsinin səbəblərini
araşdıranda görürük ki, onlar əsasən genetik
xəstəliklərdən, ekologiyanın təsirindən,
streslərdən, düzgün qidalanmamaqdan irəli gəlir. Bir səbəb də gənclərin ailə həyatı
haqqında kifayət qədər məlumatlı
olmamasıdır. Bizdə gənclərin
ailə qurmazdan əvvəl həkimə müraciət etməsi
nadir hallarda olur, bu, hətta ayıb sayılır. Amma evlənməzdən əvvəl tibbi müayinə
bir qayda olarsa, bəzi xəstəliklər, o cümlədən
genetik xəstəliklər vaxtında aşkarlanar. Gənclər lazımi məsləhət və
müalicə alarlar. Bəzi cütlüklər
isə ailə qurandan sonra da illərlə gözləyib,
yaxud düzgün müalicə almayıb, bəzən də
mollaya, ekstrasensə inanıb axırda əsl mütəxəssislərə
müraciət edirlər. Atalar
yaxşı deyib ki, dəmiri isti-isti döyərlər.
Vaxtında həkimə, həm də xəstəliyin
xarakterinə uyğun sahənin mütəxəssisinə
müraciət etmək lazımdır. Çünki
hər bir ailədə uşaq, özü də sağlam
uşaq olmalıdır.
Həkim-ginekoloq
Bahar Mustafayeva ana olmağa hazırlaşan gənc
xanımları, onların doğmalarını narahat edən
daha bir məsələyə aydınlıq gətirir:
- Bəzən
həkimləri qınayırlar ki, doğuş zamanı kesəriyyə
üsulundan yerli-yersiz istifadə edirlər. Əlbəttə,
imkan daxilində bundan qaçmaq lazımdır. Çünki hər halda bu, o qədər də sadə
olmayan bir əməliyyatdır. Bir dəfə
ona məruz qalan qadınlar ikinci uşağı dünyaya gətirməkdən,
yəni, təkrar əməliyyat olunmaqdan qorxurlar. Əvvəla, heç bir vicdanlı həkim qəsdən
bu üsuldan istifadə etməz. Həkimlər
yalnız zərurət olanda, yəni, ananın və körpənin
həyatını təhlükədən qorumaq
üçün buna əl atırlar. Amma
onu da deyim ki, bu üsulla azad olmağı özləri tələb
edən pasientlər də olur. Mən məcburiyyət
qarşısında qalıb kesəriyyə əməliyyatı
ilə uşaq dünyaya gətirən xanımlara demək istəyirəm
ki, təkrar ana olmaqdan çəkinməsinlər. Həkim
nəzarətində olmaqla, sınanmış klinikaya,
yaxşı ginekoloq-cərraha bel bağlamaqla kesəriyyə əməliyyatı
ilə tam təhlükəsiz şəkildə üç dəfə
ana olmaq mümkündür.
Statistika mütəxəssislərinin fikrincə isə
müharibə itkilərinə məruz qalmış hər
bir ölkədə müəyyən dövrdən sonra
doğumun səviyyəsinin aşağı düşməsi
olur.
Namərd erməni qonşularımız tərəfindən
cəlb edildiyimiz müharibədə qismətinə hələ
valideynlik səadəti düşməmiş neçə-neçə
gəncimizi itirdik. Onların indi 20-25 yaşlarında
övladları olmalı idi. Bu gün həmin övladlar ailə
qurub dünyaya körpə bəxş edə bilərdilər.
Üstəlik, 20 Yanvar faciəsində,
Xocalı soyqırımında, erməni vandallarının
işğal etdikləri bölgələrimizdə neçə-neçə
azyaşlı uşaq müharibənin qurbanı oldu.
Onların hərəsi indi neçə körpənin
atası, anası ola bilərdi. Dünyaya
gələn uşaqlarımızın sayındakı kəsirin
bir mənbəyi də bax, budur!
Və daha bir bəla boşanmaların
çoxalmasıdır. Məlumdur ki, boşananların çox
hissəsini cavanlar təşkil edir. O cavanlar ki, xoşbəxt
olmaq, oğul-uşaq sahibi olmaq arzusu ilə birləşmişdilər...
Yeri gəlmişkən,
keçən ilin birinci rübündə 2,6
min boşanma olduğu halda, bu ilin müvafiq dövründə
onların sayı 2,8 minə çatıb. Faktın
bəlkə də şərhə ehtiyacı yoxdur. Amma
o da aydındır ki, boşananlar arasında erkən,
düşünmədən ailə quranlar, "tələsib
təndirə düşənlər" az
deyil.
Hər şey öz vaxtında gözəldir. Ona görə
gecikmək də lazım deyil. Çünki
bu gün qəlbləri ata, ana olmaq istəyi ilə
çırpınan cütlüklər arasında talelərini
gec birləşdirənlərin də sayı çoxdur.
Onlar Tanrıdan imdad, həkimlərdən
kömək diləyirlər. Çünki
övlad sevinc və xoşbəxtlikdir, bir dünya səadətdir.
Səadətiniz
dünyalarca olsun!
Flora SADIQLI
Azərbaycan.-2013.- 21 aprel.- S.5.