Heydər Əliyev məktəbinin layiqli müdavimi

 

Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ümummilli lider Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi xalqın qəlbində əbədi yaşayır. Azərbaycanımızı qaranlıqdan işıqlığa çıxaran ulu öndərlə birgə çalışmış, vətənə, xalqa xidmət etmiş insanların onun barəsində söylədikləri xatirələrdən cild-cild kitablar hazırlanıb və bu gün də əsərlər yazılmaqdadır.

Belə kitablardan biri də yazıçı-publisist, Vəkillər Kollegiyasının üzvü  Ağakişi Nağıyevin müəllifi olduğu "Ən böyük azərbaycanlının silahdaşı" adlı kitabıdır. Kitab milyonlarla insanın qəlbinə yol tapmış ulu öndərin müsbət keyfiyyətlərindən yararlanan və ömrünün 30 ilini vətəninə xidmət edən insanlardan biri Vahid İsmayılovun həyat yolu və ictimai-siyasi fəaliyyətinə həsr olunub. Ulu öndərin ən yaxın silahdaşı olmuş, xalqa xidmət etmiş, özünəməxsus fərqli şəkildə insanın qədrini bilən Vahid İsmayılovun şərəfli ömür yolundan bəhs edən bu kitabda onun insani keyfiyyətləri real boyalarla öz əksini tapmış, həqiqətə söykənən maraqlı faktlar, tarixi hadisələr və xatirələr dərc olunmuşdur.

"Vahid İsmayılov kimdir?" - sualına dolğun cavab verən bu kitab təkcə V.İsmayılovun deyil, o cümlədən insan şəxsiyyətinin açılmasında tədqiqat xarakterli kitabdır. Kitabda 22 yaşlı ali təhsilli bir gəncin müstəqil həyata qədəm qoyaraq düz 30 il fasiləsiz olaraq dövlətinə, xalqına necə sədaqətlə xidmət etdiyi ilə bağlı maraqlı xatirələr öz əksini tapıb.

Respublika Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil, uzun müddət ölkə mətbuatında elmi-publisistik məqalələri ilə çıxış edən Ağakişi Nağıyevin yaradıcılıq məhsulu olan  "Ən böyük azərbaycanlının silahdaşı" adlı  kitabının Vahid İsmayılovun - ömrünü öz dövlətinə və xalqına həsr edən ictimai-siyasi bir xadimin həyatına həsr olunması heç də təsadüfi deyil. Çünki bu şəxs ulu öndər Heydər Əliyevin etimadını qazanmış insan idi. Onun əsl uğuru və xoşbəxtliyi də onda olub ki, o, ulu öndərlə 13 ildən çox çiyin-çiyinə fəaliyyət göstərmiş, onun məsləhətləri, tövsiyələri sayəsində bir sıra uğurlara imza atmışdır. V.İsmayılov ümummilli liderin etimadını o dərəcədə qazanmışdı ki, Ağcabədi Rayon Partiya Komitəsinin birinci katibi işləyərkən bərk xəstələnmiş və ulu öndər bunu eşidən kimi dərhal öz şəxsi təyyarəsini həkim briqadası ilə birlikdə Ağcabədiyə göndərmiş və Vahid İsmayılovun  tezliklə sağalıb iş başında olmasını təmin etmişdir. Yazıçı həmin dövrün bütün hadisələrinin ictimai-siyasi çalarlarını çox sadə və anlaşıqlı dildə oxuculara çatdırır və Heydər-Xalq birliyinin möhtəşəm sarsılmazlığını özünəməxsus tərzdə izah edir və ən böyük azərbaycanlının silahdaşı olan Vahid İsmayılovun canlı obrazını yaratmağa nail olur. Oxucuların diqqətinə təqdim olunan bu kitabda 52 yaşında həyatla vidalaşan bir insanın namuslu ömür yolu, vətən, millət sevgisi ilə bağlı unudulmaz sözləri, ifadələri də özünə yer tapıb. Eyni zamanda, bu şəxsin dəfələrlə Sov.İKP MK-nın plenumlarına, qurultaylarına nümayəndə, Ali Sovetin Rəyasət Heyətinin, Mərkəzi Komitənin üzvü, respublika parlamentinin deputatı seçilməsi, 19 il raykom katibi (Zəngilan, Ağcabədi və Beyləqan rayonlarına başçılıq etmişdi) işləməsi ilə bağlı maraqlı faktlar kitabı daha oxunaqlı edir. Müəllif Vahid İsmayılovu ucaldan, onu xalqa sevdirən cəhətlərinin nədən ibarət olduğunu onunla birgə çalışmış insanların xatirələri vasitəsi ilə oxucuların diqqətinə çatdırır.   

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 21 aprel.- S.5.