Planetin aqibəti onu qorumağımızdan asılıdır

 

2009-cu il aprelin 22-də BMT 63-cü sessiyasında 50-dən artıq üzv dövlətin təşəbbüsü ilə 22 apreli Beynəlxalq Yer Kürəsi Günü kimi təsdiq edərək hətta bu bayramın "Ana Torpaq Günü" kimi qeyd edilməsini tövsiyə etdi. Ana torpaq ifadəsi dünyanın bir çox ölkələrində ekosistemlə insanlar arasında mənəvi bağlılığın qədimliyinə və müqəddəsliyinə işarədir.

Ekoloji fəlakətlərin qarşısının alınması, ətraf mühitin qorunması, qlobal ekoloji problemlərin həlli yolları bu gün bəşəriyyəti narahat edən ən ciddi məsələlərdəndir. Sənayenin sürətli inkişafı, urbanizasiyanın artması və əhalinin gündən-günə çoxalması, təbii resursların, torpaqların aramsız istismarı planetimizdə zəncirvari ekoloji fəlakətlərə səbəb olub. Meşə örtüklərinin, yaşıllıqların sürətlə məhv edilməsi, hidrosfer təbəqəsinin çirklənməsi və atmosferə atılan zəhərli maddələr - bir sözlə, təbiətə vurulan bütün zərbələr bumeranq kimi qayıdaraq bəşəriyyətin özünə dəyir. İnsanla təbiət arasında balansın pozulması hər iki tərəf üçün qaçılması mümkün olmayan böyük itki və faciələrə səbəb olur.

Hər il aprelin 22-də qeyd olunan "Beynəlxalq Ana Torpaq Günü" də ilk növbədə, ekosistemin bütünlükdə bərpa edilməsinə, insanla təbiət arasında minilliklər boyu mövcud olan balansın qorunmasına, ekoloji tarazlığın bərpa edilməsinə xidmət edir.

Ötən əsrdə elmin, müxtəlif texnologiyaların, bütünlükdə iqtisadiyyatın sürətlə inkişafı, qlobal müharibələr, nüvə silahlarının saysız hesabsız sınaqları, meşələrin qırılması, təbii ehtiyatların talan səviyyəsində istismarı Ana torpaq dediyimiz planetə sağalmaz yaralar vurdu. Bu gün aramsız olaraq davam edən qlobal fəlakətlər insan məsuliyyətsizliyinə təbiətin kəskin cavabıdır. Məşhur tədqiqatçı Qumilyov hələ ötən əsrdə yazırdı ki, insan nə qədər təbiəti, landşaftı dəyişməyə cəhd edirsə, təbiət də bir o qədər sərtliklə nəinki bir ərazini, hətta qövmləri dəyişmək, Yer üzündən silmək gücünə qadirdir. Ötən əsrdə təbii resursların amansız istismarı planetlə birlikdə bizim sivilizasiya üçün təhlükəli fəlakətlərə rəvac verib. BMT-nin Baş Katibinə 85 ölkədən müraciət edən 300-dən artıq nüfuzlu alım planetin bütün təbəqələrində ötən əsrin 90-cı illərindən qlobal energetik sıçrayışların baş verdiyini bildirir. Məruzədə bu sıçrayış təbii kataklizmlərin: zəlzələ, vulkan, sunami, daşqınlar, çovğun, tornado, qasırğa  və meşə yanğınlarının, yerin seysmik və vulkanik aktivliyinin artmasına səbəb olduğu deyilir.

Son 10 ildə zəlzələlərdə həlak olanların sayı əvvəlki 50 ilə nisbətən 8,6 dəfə artmışdır. 2010-cu ilin birinci beş ayında püskürən vulkanların sayı son 110 ildəki vulkanların orta illik sayından artıqdır. 10 ildə (1999-2009) sunamilər zamanı həlak olanların sayı əvvəlki 100 ildə həlak olanlardan 10 dəfədən çoxdur. ABŞ-da son beş ildə daşqınların vurduğu ziyan əvvəlki 20 ildən artıqdır. 2004-cü ildə İndoneziyada baş verən zəlzələ Yerin oxunun və sutkanın uzunluğunun dəyişməsinə səbəb olmuşdur. 2010-cu ildə fevralın 27-də Çilidə baş verən zəlzələ mərkəzi oxun simmetriyasını 8 santimetr dəyişmiş, Yer sutkasının uzunluğunu azaltmışdır.

2010-2011-ci illərin qış aylarında bütün planetdə heyvanların kütləvi müəmmalı ölümü qeydə alındı. 2010-cu ildə İngiltərənin sahillərində 25 min yengəc - qısa quyruqlu xərçəng özünü dənizdən sahilə ataraq öldü. Sonrakı il onların sayı 40 minə çatdı. Arkansazda minlərlə qara ağacdələn yeni il ərəfəsində göydən töküldülər. Ölən quşlar haqqında məlumatlar  İsveç, İtaliya, Türkiyə və Kanadadan da gəlib. Onların ümumi sayı 2 milyondan artıq olub.  Özlərini sahilə atıb öldürən balıqlar, balina və delfinlər dəniz sakinlərinin müəmmalı ölümünə aiddir. Dünyanın bir sıra ölkələrində arılar kütləvi surətdə məhv oldular. Məsələn, ABŞ-da 2010-cu ildə 1 milyon arı ailəsi qırıldı.   Bu fəlakətləri alimlər planetimizdə baş verən qlobal dəyişikliklər və ekoloji balansın pozulması ilə izah edirlər.

Meşələrin kütləvi qırılması, böyük torpaq sahələrinin aramsız istismarı, geni modifikasiya olunmuş ərzaq məhsullarının yetişdirilməsi insanların da sağlıq durumunda ciddi problemlər yaradır.  Müalicəsi çətinləşən xəstəliklər artır, sonsuzluq, yeni doğulan körpələr arasında şikəstlik, fiziki və əqli inkişafdan geri qalma halları çoxalır. Təbiətlə ədavətdə və onu anlamadan, qayğısını çəkmədən yaşayan bəşər övladında xəstəliklər "cavanlaşır". Ümumdünya Səhiyyə Təşkilatlının məlumatlarına görə xərçəng xəstəliyinin yaranmasının 70 faizi ətraf mühitin çirklənməsi ilə bağlıdır.

Son 200 ildə Yer kürəsində olan meşə sahələri iki dəfə  azalmışdır. Azərbaycanda isə bu göstərici 35-dən 12 faizə düşmüşdür. Sovet hakimiyyəti ilk illərindən Azərbaycanı  Ümumittifaq bostanına çevirdi. Ekoloji tədbirlər həyata keçirilsə də, bəzi meşə sahələri təmizlənərək aqrar sektorun istifadəsinə verildi. Minlərlə hektarda əkilmiş pambıq sahələrinə atılan zəhərli maddələr ziyansız ötüşmədi.  Ermənistanın təcavüzü nəticəsində işğal altında qalan 246 min hektar meşə sahəsi isə bu gün də vəhşicəsinə qırılıb talan edilir.

Azərbaycan müstəqilliyini elan etdikdən sonra ən mühüm islahatların aparıldığı sahələrdən biri də ekologiya oldu. Bir sıra qanunlar qəbul edildi, ekoloji mühitin qorunması, bərpası üçün ciddi maliyyə vəsaitləri ayrıldı. Yeni qoruqlar, yasaqlıqlar yaradıldı. Respublikada meşələrin ümumi sahəsi 1,021 milyon hektardır. Hər il min hektarlarla yeni meşə zolaqları salınır, tingliklərdə milyonlarla şitil yetişdirilir. Xatırladaq ki, ümumilikdə respublika ərazisinin 8 faizindən çoxu indi xüsusi mühafizə olunan təbiət əraziləridir.  Bircə o faktı demək kifayətdir ki, Xəzəryanı dövlətlərdən yalnız Azərbaycan bu dənizin ekosisteminin qorunması üçün böyük maliyyə vəsaitləri tələb edən ciddi tədbirlər həyata keçirir.

Dövlətimiz digər sahələrlə bərabər, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması istiqamətində də müstəqil siyasətini formalaşdırdı. 1995-ci ilin noyabrında qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsində ilk dəfə olaraq hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit edildi. Azərbaycan Respublikasının Milli Məclisi ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən istifadə olunması ilə bağlı bu maddəyə müvafiq qanunlar qəbul etdi. Eyni zamanda, 1999-cu il 8 iyunda "Ətraf Mühitin Mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi.

Prezident İlham Əliyevin 2006-cı ildə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında sərəncamında ümumi ekoloji problemlərin  çözülməsi ilə bərabər, ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması və bu sahə üzrə kadrların hazırlanması məsələsi də öz əksini tapıb.

"Yer günü" ABŞ-da 1970-ci ildən keçirilməyə başlayıb. Keçmiş Sovet İttifaqında da hər il aprelin 22-də iməcilik keçirilər, ağac əkilərdi. "Beynəlxalq Yer Kürəsi Günü" və ya "Ana Torpaq Günü" əksər ölkələrdə, həmçinin Azərbaycanda hər il qeyd olunan kütləvi ekoloji aksiyadır. Məqsəd ətraf mühitin qorunması, flora və faunanın zənginləşdirilməsi, ekoloji problemlərin həll olunması üçün cəmiyyətin bütün təbəqələrini maarifləndirmək, yaşından asılı olmayaraq hamını fəallığa istiqamətləndirməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə silsilə tədbirlər keçirilir, ekoloji siyasətin faydalı olması üçün KİV-nin geniş imkanlarından istifadə edilir. Ölkəmizdə qoruq və yasaqlıqların mühafizəsi, yeni milli parkların salınması, yazda və payızda keçirilən ağacəkmə kampaniyaları ekosistemin qorunmasında və bərpa olunmasında xüsusi rol oynayır. Biz təbiəti mühafizə etməklə, yaşıllıqların sayını artırmaqla öz ömrümüzü uzadırıq, təbiətlə yanaşı öz sağlamlığımızı qoruyur, gələcək nəsilləri acı fəlakətlərdən xilas edirik.

 

 

Elnur HADIYEV

 

Azərbaycan.-2013.- 21 aprel.- S.5.