Səhnədə də, həyatda da faciə qəhrəmanı
Teatr! Bu, insan ağlının, düşüncəsinin, qabiliyyətinin elə bir bəhrəsidir ki, heç zaman dəbdən düşə bilməz. Dövrün, texniki tərəqqinin hansı dönəmindəsə zəifləyə, sola bilər, amma ölümsüzdür. Çünki bu aləmin elə bir möcüzəsi var ki, daim pərəstişkarını cəzb etməkdədir. Əlbəttə, bu, başqa məsələdir ki, teatra teatrsevərlər gəlməlidir. Haqqında danışmaq istədiyimiz Abbas Mirzə Şərifzadə sənət üfüqündə parlayan elə istedadlı korifeydir ki, həmişəlik olaraq Azərbaycan teatr mədəniyyətinin şah sütunu sayılır.
Milli
teatrımızın inkişafında misilsiz xidmətləri
ilə seçilən Hüseyn
Ərəblinski öldürüldükdən sonra (1919-cu il)
Abbas Mirzə Şərifzadə Azərbaycan səhnəsinin
birinci aktyoru kimi tanınaraq mədəniyyət tariximizə
görkəmli sənətkar kimi daxil olmuş və
şöhrət qazanmışdır. Abbas Mirzə elə
istedada malik olub ki, onun aktyorluq palitrasında bütün rənglərin
mövcudluğu və əfsunluğu diqqət çəkirmiş.
Şamaxıda
müəllim ailəsində anadan olmuş Abbas Mirzənin
atası Seyid Əzim Şirvaninin "Üsuli-cədid" məktəbində
işləyirmiş. Mirzə Əbdülrəsulun müəllimliklə
bərabər yaradıcılığa, teatra da böyük
marağı varmış. Şamaxının məşhur
şəbih ustalarından sayılan Mirzə Məmmədtağı
da Abbas Mirzənin doğma əmisi idi. Onu bu sənətə
həvəsləndirən də məhz əmisi olub. Hələ
kiçik yaşlarında şəbih tamaşalarında
oynadığı rollar böyük səhnəyə uzanan
cığırın ilk "yolçusu" kimi Abbas Mirzənin
həm yaddaşında dərin iz buraxıb, həm də həyat
yolunu qəti müəyyənləşdirməkdə istiqamət
verib. Sonra ailələri ilə birlikdə Bakıya
köçən yeniyetmənin arzuları daha da
çiçəklənməyə başlayıb.
Uşaqlıqdan gələn "artistlik" həvəsi əsl
məqsədə, mərama çevrilib. İlk dəfə səhnəyə
çıxanda 15 yaşı olub. Molyerin "Zorən təbib"
tamaşasında lal qız rolunda çıxışı ilə
həmişəlik teatra bağlanıb.
Ötən
əsrin əvvəllərində Azərbaycan teatrı
çox mürəkkəb və ziddiyyətli bir şəraitdə
təşəkkül tapırdı. O illərdə nəinki
müsəlman qızların, hətta oğlanların da
"aktyorluğa qurşanması" yaxşı
qarşılanmırdı. Belə adamları ələ
salır, məsxərəyə qoyur, hətta ölümlə
hədələyir, qətlə yetirir, aradan
götürürdülər. Bütün bunlara baxmayaraq,
dövrün ziyalıları hiss edirdilər ki, ağır məngənələrdən,
qadağalardan sıyrılıb çıxmaq
üçün mütləq ölümlə də
çarpışmaq, qalib gəlmək lazımdır. Belə
də oldu. Azərbaycan teatrı üzləşdiyi
bütün burulğanlardan qalib çıxaraq Yaxın Şərqdə
qabaqcıl teatr kimi tanınmağa başladı. Bu prosesin ən
fəal, mübariz, qorxmaz, qətiyyətli
iştirakçılarından biri məhz Abbas Mirzə Şərifzadə
idi. Teatr tariximizə aktyor kimi daxil olan Abbas Mirzənin çiyinlərinə
düşən yük çox ağır idi. O, bir tərəfdən
dram teatrının səhnəsində müxtəlif obrazlar
yaradır, digər tərəfdən də kinoda, operada
rejissorluq edirdi. İlk Azərbaycan kinorejissoru olaraq
"Bismillah" (1925), "Hacı Qara" (1929), "Məhəbbət
oyunu" (1934) filmlərini yaradıb. 1928-ci ildə Azərbaycan
Dövlət Opera və Balet Teatrının baş rejissoru təyin
olunan Abbas Mirzə Şərifzadənin bu sahədəki fəaliyyəti
də çox uğurlu olub.
Təəssüf
ki, aktyor taleyinin qəribəliyi indi bizə o böyük sənətkar
haqqında mükəmməl fikir söyləməyə
geniş imkan vermir. Çünki Abbas Mirzənin
yaşadığı vaxt onun heç bir tamaşası lentə
alınmayıb. Biz ancaq qüdrətli sənətkar
haqqında yazılanları oxuyur, fotoşəkillərə
baxaraq o dövrün ədəbi mühiti və aktyora verilən
qiymətdən, bəslənilən hörmətdən xəbər
tuta bilirik. Dahi Hüseyn Cavidə məxsus fikirdir: "Sənətkarın
böyüklüyü yaşadığı mühitin mədəniyyəti
ilə ölçülür". Bu hikmət sahibinin ürək
çırpıntıları o dövrün səhnəsindən
aydın məlumatlar verir: "...Abbas Mirzə Şərifzadənin
özünəməxsus pək mümtaz bir zəkası və
kəskin bir istedadı var. O istedad yalnız səhnə
üfüqlərində parlar. Abbas Mirzə səhnə
tarixində unudulmaz qəhrəmanlıqlar göstərdi".
Dünya
mütəfəkkirlərinin, eləcə də Azərbaycan
dramaturqlarının milli səhnəmizdə tamaşaya
qoyulmuş əsərlərində baş rolların əsas
yaradıcısı məhz Abbas Mirzə Şərifzadə
olub. Şekspirin "Hamlet" faciəsindəki Hamlet rolunun
da səhnəmizdə ilk ifası qüdrətli aktyorun
adı ilə bağlıdır. Teatr tariximizi onsuz tədqiq
etmək mümkün deyildir. Çünki bu tarixin tam bir qərinəsinin
bütün uğurları Abbas Mirzə Şərifzadənin
yaradıcılığına ünvanlanır.
Ötən
əsrin 20-30-cu illərində Abbas Mirzə Şərifzadə
Azərbaycan səhnəsində bir heyrət mücəssəməsi
idi. Onun aktyorluq fəaliyyətinin 20 illiyi ilə əlaqədar
ünvanına göndərilmiş təbrik
teleqramlarını, ayrı-ayrı sənət
adamlarının, həmkarlarının xatirə və rəylərini
oxuduqca bir vətəndaş olaraq həm iftixar hissi
keçirir, həm də təəssüflənirsən.
Sevinirsən ona görə ki, aktyorluq fəaliyyətinə
şəbihdən başlamış Abbas Mirzə, haqqında
deyildiyi kimi, "Azərbaycan səhnəsinin altun
tağı", "Avropa miqyasında bir aktyor", "mədəniyyətimizin
fəxri" olub. Təbiət etibarilə üsyankar,
mübariz, cəsur, zahiri görkəmi ilə seçilən
Abbas Mirzə Şərifzadə yaratdığı rolun daxili
həyəcanlarını tamaşaçıya
çatdırmağı məharətlə bacarırdı.
Eyni rolu səhnədə bir neçə aktyor
yaradırdı. Amma Şərifzadənin ifası hamıdan fərqlənirdi.
Bu səbəbdən də onun iştirak etdiyi tamaşalar
hadisə sayılırdı.
Xalq
artisti Barat Şəkinskayanın xatirələrindən:
"Otello obrazının çox gözəl ifaçıları
məlumdur. Lakin onun sevən qəlbini, şair
varlığını, mən deyərdim ki, Abbas Mirzə qədər
ehtiras və məhəbbətlə heç kəs yarada bilməyib,
onunla oynadığım ilk tamaşadan mən Dezdemonanın həyatını,
faciəsini yaşamışam".
Şərifzadə
1928-ci ildə əməkdar, 1936-cı ildə xalq artisti fəxri
adına, eləcə də bir sıra dövlət
mükafatlarına layiq görülüb. Bu sevincin
üstünə xətt çəkən ağır kədər
isə ondan ibarətdir ki, 1937-ci ildə Abbas Mirzə Şərifzadə
həbs edilib. Əlbəttə, bu, qəribəlik yox, faciədir.
Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd
Cavadları aparanların növbəti hədəfi məhz Azərbaycan
səhnəsinin korifeyi Abbas Mirzə Şərifzadə oldu.
Abbas Mirzənin hansı şəkildə qətlə
yetirildiyi uzun müddət qaranlıq qaldı. Ailəsinin
çəkdiyi zillətin təsvirini vermək indi çox
çətindir. Övladlarının uzun müddət
göstərdikləri səylərin nəticəsində
yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə
1938-ci ildə güllələnib. Səhnədə faciə
qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə
Şərifzadə heç vaxt ağlına gətirməzdi
ki, yaratdığı obrazların taleyi onu da gözləyə
bilərmiş. O, həyatda da faciə qəhrəmanına
çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin
ağrı-acısını çəkənlərdən
birincisi ömür-gün dostu, səhnəmizin digər
qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə
xanım Davudova oldu.
Həştərxanda anadan olmuş Mərziyyə Yusif qızı Davudovanı Azərbaycan səhnəsinə əslində unudulmaz Hüseyn Ərəblinski dəvət etmişdi. 1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmət göstərmişdir. Doğrudur, onun ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf-müqabili olmaq idi. Amma bu xoşbəxtlik ona qismət olmadı. Çünki o, Bakıya gələndə nadanlar qüdrətli aktyorun həyatına son qoymuşdular. Amma ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın - Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf-müqabili deyil, həyatda da sevgili həmdəminə çevrildi.
Ötən əsrdə 20-ci ildən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli... kimi aktrisalar çıxış edirdilər. Bu durna qatarının sırasına qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu təsdiqləyib. O, Hüseyn Cavidin "İblis" tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabili olub. Bununla da Mərziyyə Davudova səhnədə bir-birinə bənzəyən və bənzəməyən mürəkkəb, ziddiyyətli qadın obrazlarının, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parıldayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü. Onun haqqında yazılan xatirələrdən məlum olur ki, böyük dramaturq Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da yüksək əks-sədaya səbəb olmuşdu. Mərziyyə xanımın ustalıqla can verdiyi Sevil obrazı o qədər parlaq, təsirli alınıbmış ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atırmışlar. Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən parlaq bir ulduz kimi doğmuşdu. Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".
Mərziyyə xanımın teatra gəlişi ilə çox şey dəyişdi. Bu aktrisa səhnədə yalnız Azərbaycan qadını surətlərini deyil, Qərb teatrından gələn Dezdemonalar, Amalyalar, Ofelyalar, Violalar... kimi neçə-neçə mürəkkəb obraz yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu qüdrətinə görə Hüseyn Ərəblinski, Abbas Mirzə kimi aktyorlarla bir sırada fəxarətlə dayanırdı. Mərziyyə xanım Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdır.
Mərziyyə xanım Davudovaya da xalq artisi fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla, istintaqa aparıb gətirməklə qəlbini didib-parçalayırdılar. O illərin əzab-əziyyətini, xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. Bu repressiyalar onu çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdə ürəyi arxayın idi. Çünki böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.
Düşmənləri bunun fərqinə varmasa da, yaxın adamlar, dostlar sevinirdilər ki, səhnədə yeni parlaq ulduza dönən Firəngiz Şərifova təkcə öz ömrünü yaşamır. Onun bütün aktrisalıq fəaliyyətindən Abbas Mirzə Şərifzadənin və Mərziyyə xanım Davudovanın arzuları boylanırdı. Firəngiz 10-12 yaşından atasının dərdini içinə çəkərək yaşadı. Özünü sənətə bağladı, səhnəyə həsr etdi. Axı o, adi aktrisa deyil, iki korifeyin yadigarı idi. Məhz bu məsuliyyəti nəticəsində də Firəngiz Şərifova Azərbaycan səhnəsinin görkəmli nümayəndələrindən birinə çevrildi. Tamaşaçı sevgisi qazanmış xalq artisti, Prezident təqaüdçüsü Firəngiz xanım Şərifovanın səsində, nəfəsində qəribə bir cazibə var. O danışanda qulaq asasan. Özünəməxsus təbəssümlə, qəribə ifadələrlə elə şirin müsahibə çevrilir ki, bəzən keçmişə qanadlanırsan. Elə bil ötən əsrin 20-30-cu illərində yaşamış bir zadəgan xanımın çıxışını dinləyirsən. Danışıqda, jestdə, sözdə, söhbətdə nə qədər cazibədarlıq göstərmək mümkünmüş.
Elə bil bütün bunlar dünən olub. Mərziyyə xanım
balaca Firəngizin əlindən tutaraq konservatoriyaya - Üzeyir
Hacıbəylinin yanına gəlib. İlk sualı da belə
olub: "Üzeyir bəy, Firəngiz bizim
davamçımız ola bilərmi? Bəlkə bir qulaq
asasınız?" Dahi bəstəkar əvvəlcədən
qətiyyətlə bildirib ki, Abbas Mirzənin yadigarı
mütləq onun davamçısı olmalıdır.
Böyük bəstəkar bu fikirlərində
yanılmayıb. Firəngiz Şərifova dövlət
konservatoriyasında təhsil aldığı illərdə həmişə
səhnə haqqında düşünüb, atasının,
anasının yolunu davam etdirmək istəyi bütün hisslərinə
hakim kəsilib. İlk professional fəaliyyətə Musiqili
Komediya Teatrında başlayıb. Müxtəlif tamaşalarda
bitkinliyi, məzmunu ilə seçilən müxtəlif
obrazlar yaradıb. 1949-cu ildə Dövlət Musiqili Komediya
Teatrı müvəqqəti bağlandıqdan sonra Firəngiz
Şərifova öz yaradıcılıq yolunu Gənc
Tamaşaçılar Teatrında davam etdirib. Firəngiz
xanımın bu teatra gəlişi böyük maraqla
qarşılanıb. İlk rolu da Cəfər
Cabbarlının "Yaşar" pyesindəki Yaqut obrazı
olub. Sonralar Mehdi Hüseynin, Yusif Əzimzadənin, Çingiz
Aytmatovun, Qoqolun, Şekspirin, Löpe de Veqanın, Şillerin və
başqalarının əsərlərində bitkin xarakterlər
ustası kimi məşhurlaşıb.
Ömrünün
yarım əsrdən çoxunu Gənc
Tamaşaçılar Teatrına həsr edən Firəngiz
Şərifova zəngin yaradıcılıq yolu keçərək,
sözün əsl mənasında sənət məktəbi
yaradıb. Həyatın müxtəlif sınaqlarına məruz
qalan, uzun illər atasının müəmmalı "yoxa
çıxması" ilə əlaqədar müxtəlif
idarə və təşkilatlara müraciətlər edən,
keçmiş Sovetlər birliyində həqiqətlərin
müdafiəsi mümkün olmadıqda onu ürəyində
ağır dərdə çevirərək gizlətməyi
bacaran Firəngiz Şərifova bütün bu olacaqların
acığına mərd və mərdanə yaşadı. Bu
səbəbdən də başını həmişə dik
tutdu, Şərifzadələr ocağının ləyaqətli
davamçısı kimi yaşayıb-yaratdı. Firəngiz
xanımın Gənc Tamaşaçılar Teatrının səhnəsində
təqdim etdiyi ana obrazları xüsusilə seçilir. Onun səsinin
ahəngindəki istilik, mehribanlıq hər bir
tamaşaçıya doğma və əzizdir. Səhnədə
doğulmuş aktrisa teatra həmişə müqəddəs
məbəd kimi baxıb. Bu səbəbdən də onun təqdim
etdiyi obrazlar təbii və səmimiliyi ilə seçilərək
yaddaşlarda dərin iz salıb. İllər özü də
təsdiqlədi ki, Şərifzadələr həqiqətən,
Azərbaycan teatr mədəniyyətinin şah
sütunlarıdır. Zamanın heç bir qovğası, vəlvələsi
bu əzəmətli sütunun bir kərpicinə də toxuna
bilmədi.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 21 aprel.- S.6.