Səməd Vurğun milli sərvətimizdir
Sərdar Cəlaloğlunun müsahibəsini oxudum. Ölkənin ictimai-siyasi vəziyyətinə həsr olunmuş bu müsahibənin içərisindən ən qalmaqallı cümlənin seçilib başlığa çıxarılmasını bəlkə də S.Cəlaloğlunun məsuliyyətinə aid etmək düzgün deyil! Hardasa mətbuatın oxucu qazanmaq maraqlarını başa düşürəm. Bəzən bütöv mətnin içərisindən mahiyyətə heç bir dəxli olmayan cümlələrin seçilib başlığa çıxarılması məhz bu maraqlardan doğur və media mənsublarını bu mənada qınamaq da çətindir. Uzun illər siyasətdə saç ağartmış, bu gün belə adı mətbu orqanlarda ən çox hallanan siyasətçilərdən olan Sərdar bəy müsahibə verərkən bu amilləri yaddan çıxarmamalı, Azərbaycan mədəniyyətinin, onun mənəvi genefondunun formalaşmasında misilsiz xidmətlər göstərmiş insanlar barəsində ehtiyatla danışmağa çalışmalıdır.
Doğrusu, məlum müsahibədə "Səməd Vurğun kimi dılğırın biri" ifadəsini həm ciddi siyasətçi kimi Sərdar Cəlaloğluna yaraşdırmaq mümkün deyil, həm də nə qədər arqoik dildə yazılmasını nəzərə alsaq belə, bu fikir həqiqəti də ifadə etmir. Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir. Əslində o, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşaması olmasıdır. Bununla belə, o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərmişdir. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı mübarizədə sözün həqiqi mənasında, ideoloji silaha çevrilmişdir. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı "Ukrayna partizanlarına" şeirinin mətni dərc edilərək təyyarədən Ukrayna meşələrinə səpələnib partizanlara çatdırılmışdır.
Səməd Vurğunun şan-şöhrəti yalnız keçmiş sovet məkanı sərhədləri daxilində qalmamış, bütün dünyaya yayılmışdır. Hətta o vaxt SSRİ ilə əks qütbdə dayanan qüvvələr belə, ideoloji fərqliliklərə baxmayaraq, Səməd Vurğun poeziyasının böyüklüyünü etiraf etmək məcburiyyyətində qalmışdılar. Bunun ən bariz nümunəsi kimi1943-cü ildə ABŞ-da keçirilən müharibə əleyhinə yazılmış dəyərli əsərlərin müsabiqəsini göstərmək olar. Həmin müsabiqədə Səməd Vurğunun "Ananın öyüdü" şeiri 20 ən yaxşı əsərdən biri kimi qiymətləndirilib və Nyu-Yorkda çap olunaraq hərbçilər arasında yayılıb. Bütün bunlar Səməd Vurğunun necə bir şair olduğunu sübut edir. Sovet hakimiyyəti də onun dahi bir şair olduğu qənaətində idi və buna görə də 1954-cü ildə Sovet Yazıçılarının II Ümumittifaq qurultayında "Sovet poeziyası haqqında" məruzə ilə çıxış etmək ona tapşırılmışdı.
Sərdar
Cəlaloğlunun Səməd Vurğunu bu cür qiymətləndirməsi,
görünür, onun tarixi şərait və ədəbi
yaradıcılıq əlaqələrini nəzərə almamasından
irəli gəlir. Ümumiyyətlə, bu tendensiya yalnız
S.Cəlaloğluna xas deyil. Bütün cəmiyyətimiz nədənsə,
tarixi şəxsiyyətlərə qiymət verərkən məsələlərə
bu günün nöqteyi-nəzərindən yanaşırlar.
Bu da həmin şəxsiyyətlərin obyektiv qiymətləndirilməsində
yalnış nəticələrə gətirib
çıxarır. Məsələn, öz əqidəsi
uğrunda nəinki ölümü, hətta dərisi
soyula-soyula qətlə yetirilməyi belə, gözə alan Nəsimi
yazdığı:
"Dərdmənd
etdin məni,
ey dərdə
dərman erməni,
Olmuşam
eşqin yolunda
bəndə-fərman
erməni"
-
şeirinə görə bu gün bizə azərbaycançılığı,
müqəddəs dəyərləri bir erməni gözəlinə
satan vətən xaini kimi görünə bilər.
Eynilə,
S.Vurğunun "Vaqif" poeması da bu gün bəziləri
üçün türkəsilli Qacara qarşı həqarət
yağdıran ədəbiyyat nümunəsidir.
Yazıldığı dövrdə isə Azərbaycanın
İran istilasına, şahlıq üsul-idarəsinə
qarşı dirənişin tərənnümü kimi dərk
olunurdu. Səməd Vurğun da onu yazanda sözsüz ki,
öz millətinin içərisindən
çıxmış tarixi qəhrəmanı inkar etmək məqsədi
güdmürdü. Məqsədİ fars şovinizminin Azərbaycan
xalqını assimilyasiyaya uğratmaq istəməsinə
etiraz idi. Və əsərdə bu tezis olduqca aydın şəkildə
öz əksini tapırdı. Vaqifin Qacarla
qarşılaşdığı səhnədə İran
şahının Azərbaycan dilində şeir yazmağa
ironiya ilə yanaşmasına verdiyi cavab bu mənada diqqətəlayiqdir.
Bu faktın özü də sübut edir ki, Səməd
Vurğunun Şah Məhəmməd Qacara düşmən
münasibətinin əsası heç də vətənə,
millətə barmaqarası baxmağından irəli gəlmirdi.
Əksinə, Səməd Vurğun dövrün tələblərindən
istifadə edərək Azərbaycan ədəbi dilinin formalaşmasında
misilsiz xidmətlər göstərməyə
çalışır, bunu həm əsərlərində təbliğ
edir, həm də yazdığı şeirlərlə
nümunələr yaradırdı.
Tarixi
şəxsiyyətləri qiymətləndirərkən tarixi
şəraitin nəzərə alınmaması hər
şeydən əvvəl, demokratik
dünyagörüşünə də zidd hadisədir və
keçmişi inkar fəlsəfəsinə əsaslanır.
Keçmişin inkarı cəmiyyətlərin dəyişilməsi
üçün ən vacib şərtlərdən sayılsa
da, bunun həddən ziyadə olması nəticə etibarilə
vulqarizmə aparır ki, bu gün Sərdar Cəlaloğlunun
da haqlı olaraq bəyənmədiyi sovet nəzəriyyəsi
belə vulqarizmdən qaçmağa
çalışırdı. Xüsusilə, ədəbiyyat və
mədəniyyət nümunələrinə münasibətdə
bunu aydın şəkildə sezə bilərik. Sovet
dövründə bizlərə öyrədilən
Füzulinin, Nizaminin poemaları mətləbə keçməzdən
əvvəl Allahın, peyğəmbərin tərifiylə başlayır,
dövrün hökmdarlarının mədhiyyəsiylə
davam edirdi. İdeoloji dünyagörüşünə
görə ateist olan SSRİ bütün bu əks fikirlərə
baxmayaraq onları antisovet şair adlandırıb məktəblilərdən
uzaq tutmağa çalışmırdı. Əksinə, təbliğ
edir, elm ocaqlarında həmin tarixi şəxsiyyətləri
tədqiq edən mərkəzlər yaradırdı.
Çünki bu şairlərin dövrün tələbinə
görə yaşayıb-yaratdıqlarını qəbul
edirdi.
Səməd
Vurğun da öz dövrünün şairi idi. Bəzi məqamlarda
öz fikirlərini dövrün tələblərindən irəli
gələn prinsiplərin əsasında çatdırır,
oxucularda milli-mənəvi ruh formalaşdırmağa
çalışırdı. Hətta bu xüsusiyyətinə
görə onun az qala, repressiyaya uğraması təhlükəsi
belə yaranmışdı. Xüsusilə, 1953-cü ildə
şairin üzərinə hücumların artdığı
məlum həqiqətlərdəndir. Həmin ildə
şairin yazdığı "Aygün" poeması ciddi tənqid
olunur, Azərbaycan Yazıçılar İttifaqı onu millətçilikdə
günahlandıraraq haqqında Moskvaya məktublar göndərirdi.
Moskvada çap edilmiş "Şairin hüquqları" məqaləsi
ona qarşı hücumları daha da kəskinləşdirmişdi.
Hətta bir ara kitabları kitabxanalardan, dram əsərləri
səhnədən
yığışdırılmışdı. Müasirlərinin
bildirdiyinə görə, şairə şəhərdən
çıxmaq belə qadağan edilmişdi. Hər kəs
repressiyanın növbəti qurbanının qətlə
yetiriləcəyini gözləyərkən şairi xoşbəxt
bir təsadüf xilas etdi. Bu təsadüf Stalinin
ölümü və yerli rəhbərliyin dəyişilməsi
idi. Yəni, qələmə aldığı "Vaqif" əsərində
Vaqifi qurtaran eyni tale Səməd Vurğunun da üzünə
gülmüşdü.
1954-cü
ildən sonra Səməd Vurğunun yenidən yüksəlişinin
ikinci dövrü başlasa da, bu intibah da uzun sürmədi. O
dövrün repressiyasından sağ qurtulmasına baxmayaraq,
bu repressiya təhlükəsinin gətirdiyi mənəvi gərginliklər
onun çox yaşamasına imkan vermədi. 1956-cı ildə
dünyasını dəyişən Səməd Vurğunu da
bu mənada repressiya qurbanı saymaq olar. Sırf bu məsələyə
görə bir şairə təhqiramiz söz demək nə
qədər ədalətlidir, qərar verməyi Sərdar Cəlaloğlunun
özünə buraxıram.
Mən,
əslində, cəmiyyətimizdə bəzən dəyərli
tarixi şəxsiyyətlərə qarşı bu cür
mövqe sərgilənməsini, haradasa, başa
düşürəm. Böyük şəxsiyyətlər
haqqında hansısa qüvvələr tərəfindən cəmiyyətə
təlqin olunan dezinformasiyalar istər-istəməz vətəndaşlarımızı
bu cür düşünməyə yönləndirir. Səməd
Vurğun haqqında belə məqsədli dezinformasiyalar isə
daha çox yayılıb. Hələ Azərbaycan
Respublikasının Prokuroru işlədiyim zaman Səməd
Vurğunun guya Mikayıl Müşfiqə qarşı ifadə
verdiyi haqqında şayiələr yayılmışdı. Mən
arxivdən Mikayıl Müşfiqin cinayət işini tələb
etdim. Cinayət işiylə tanış olduqda deyilənlərin
tam əksinə, Səməd Vurğunun onu
bacardığı qədər müdafiə etdiyini
gördüm. Yazıçılar İttifaqının sədri
Anarı çağırıb işlə onu da tanış
etdim. Bu gün də Anar müəllim mənim dediklərimi təsdiq
edə bilər.
Səməd
Vurğun dahi şair olmaqla bərabər, həm də
böyük vətəndaş idi. O, bir çox kimsəsiz
insana bacardığı qədər kömək etmiş, hətta
qardaşına yazdığı məktublardan birində
özünü əzilənlərin hamisi
adlandırmış və bunu əsrin bəbəyinə
sancacağına and içmişdi. Müasirləri onda həqiqətən
də, bu xüsusiyyətlərin mövcud olduğunu bildirirlər.
Qısası,
ölkəmizin görkəmli şəxsiyyətləri
haqqında cəmiyyətimizdə yayılan bu cür
informasiyaların heç bir əsası yoxdur və
onların qəsdən yayıldığını, tarixi
şüurumuza zərbə vurmaq məqsədi
daşıdığını, əsli olmayan bir millət
olduğumuza bizi inandırmaq niyyəti güddüyünü
düşünürəm. Sərdar Cəlaloğlunu da fikirlərini
ifadə edərkən bir qədər ehtiyatlı olmağa
çağırıram.
İlyas İSMAYILOV,
Milli Məclisin deputatı,
Ədalət Partiyasının sədri
Azərbaycan.-2013.-
21 aprel.- S.6.