Avropanın nüfuzlu
«New Europe»
portalında Bakıda keçirilmiş Dünya İqtisadi Forumu ilə
bağlı geniş məqalə yerləşdirilmişdir
Avropanın
nüfuzlu "New Europe" portalında aprelin 7-8-də
Bakıda keçirilmiş Dünya İqtisadi Forumu ilə
bağlı geniş məqalə yerləşdirilmişdir.
Məqalədə
Forumun açılışında və "Cənubi Qafqaz
və Mərkəzi Asiya regionlarının gələcəyinə
baxışlar" mövzusunda birinci sessiyasında iştirak
etmiş Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışından sitatlar gətirilmişdir.
Prezident
İlham Əliyevin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə
xüsusi önəm verdiyini vurğulayan müəllif
dövlət başçısının
çıxışına istinadən yazır:
"Hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir.
Bunu etmək üçün biz dünyanın biznes
icmasına özümüzü nəinki mühüm coğrafi
mövqeyi və təbii sərvətlərə malik olan
ölkə, o cümlədən islahatlara, dəyişikliklərə
və şaxələndirməyə sadiq olan bir ölkə
kimi təqdim etməliyik. Biz iqtisadi inkişafın istiqamətini
enerji sektorundan qeyri-enerji sektoruna yönəldə bildik və
neft-qaz sahəsinə aid olmayan sektorlara sərmayələr cəlb
etdik. Eyni zamanda siyasi və iqtisadi islahatları davam etdirdik,
hazırda bu proses gedir. Bu, gələcək illərdə Azərbaycanda
sabit inkişaf üçün imkanlar yaradacaqdır".
Cənubi
Qafqaz və Mərkəzi Asiya regionlarının ötən
on ildə iqtisadi cəhətdən sürətlə
inkişaf etdiyi vurğulanan yazıda qeyd edilir ki, Bakıda
keçirilən Dünya İqtisadi Forumunda əsasən sənaye,
təbii sərvətlər, nəqliyyat, infrastruktur, kənd təsərrüfatı,
dağ-mədən, maliyyə, telekommunikasiya sahələri ilə
bağlı məsələlər müzakirə
olunmuşdur.
Məqalədə
Prezident İlham Əliyevin çıxışından gətirilən
sitatda deyilir: "Azərbaycan kifayət qədər gəncdir,
müstəqilliyimizin 21 yaşı vardır. Lakin Azərbaycan
böyük tarixə, adət-ənənələrə, mədəniyyətə
malik olan ölkədir. Əminəm ki, sizin Azərbaycanı
daha yaxşı tanımaq şansınız olacaqdır.
Bununla belə, müstəqil ölkə kimi biz yalnız 21
ildir ki, yaşayırıq".
Azərbaycanın
zəngin mədəniyyətə və əlverişli
coğrafi mövqeyə malik olduğunu yazan müəllif son
illərdə ölkəmizdə böyük dəyişikliklərin
baş verdiyini diqqətə çatdırmışdır.
Müəllif fikirlərini Prezident İlham Əliyevin
çıxışından gətirdiyi sitatla əsaslandırır:
"Biz olduqca ciddi, köklü siyasi və iqtisadi
islahatları həyata keçirməyə başladıq və
Azərbaycan özünü beynəlxalq ictimaiyyətə təqdim
etdi. Bu, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına,
birpartiyalı sistemdən çoxpartiyalı sistemə,
totalitarizmdən demokratiyaya keçid dövrü oldu. Deyə
bilərəm ki, tarixi baxımdan 21 il əlbəttə ki,
böyük zaman kəsiyi deyildir. Lakin, eyni zamanda, bu, real dəyişikliklər
dövrü idi. İslahatların başlanğıc mərhələsində
Azərbaycan öz enerji sektoruna böyük sərmayələri
cəlb edə bildi. Biz Azərbaycana sərmayə
yatırdıqlarına görə, xarici investorlara,
böyük enerji şirkətlərinə minnətdarıq".
Azərbaycanın əldə etdiyi iqtisadi uğurlardan
danışan Prezident İlham Əliyev demişdir: "Azərbaycanda
ümumi daxili məhsul 3 dəfə - 300 faiz, sənaye
istehsalı 2,5 dəfə artmışdır. Biz işsizliyi
azalda bilmişik, hazırda işsizliyin səviyyəsi 5,2
faizdir. On il əvvəl əhalimizin demək olar ki,
yarısı yoxsulluq şəraitində yaşayırdı.
Hazırda yoxsulluq səviyyəsi 6 faiz təşkil edir.
Büdcə xərcləri demək olar ki, 20 dəfə
artıb və inflyasiya isə təxminən 1 faiz səviyyəsindədir.
Bu, son 10 il ərzində müşahidə olunan inkişafdır".
Yazıda
Prezident İlham Əliyevin Azərbaycanda təhsil sahəsinin
inkişafına verdiyi önəm xüsusi vurğulanır.
Dövlət başçısına istinadla bildirilir: "Əsas
gələcək məqsədlərimizdən biri təhsildir.
Təhsil istənilən ölkənin hər hansı
uğurlu inkişafının ən vacib amilidir. Təhsil sahəsinə
sərmayələr, universitetlərimiz ilə dünyanın
aparıcı universitetləri arasında əlaqələr
iqtisadi gələcəyimizi çox ciddi intellektual potensiala əsaslanaraq
planlaşdırmağa imkan yaradır. Eyni zamanda biz hazırda
yeni texnologiyalara sərmayə yatırırıq".
Müəllif
Azərbaycan Prezidentinin ölkəmizin enerji potensialı ilə
bağlı fikirlərinə də yer
ayırmışdır: "Biz Xəzər dənizini xarici
sərmayələr üçün açıq elan edən
ilk ölkə olduq. Biz Xəzər dənizindən Aralıq
dənizinə və Qara dənizə dəhliz yaradan ilk
ölkəyik. Neft və qaz dəhlizləri sonra ümumi
geosiyasi və enerji dəhlizi rolunu oynamağa başladı.
Hazırda biz Azərbaycan, Gürcüstan və Türkiyə
arasında mühüm dəmir yolu xətti layihəsini
yekunlaşdırmaq üzrəyik və bu, sırf regional layihə
olmayacaqdır. Bu, Avropanı Asiya ilə Azərbaycan və
qonşu ölkələr vasitəsilə bağlayacaq layihə
olacaqdır. Böyük fərəh hissi ilə qeyd edirəm
ki, biz bu layihənin həyata keçirilməsində nəinki
maliyyə resurslarımızla, o cümlədən öhdəliklərimiz
və siyasi iradəmizlə əsas rollardan birini
oynayırıq. Əlbəttə ki, hökumətimizə gəldikdə,
enerji amili artıq əsas prioritet deyildir. Lakin enerji
potensialımız regionun, xüsusən də Avropanın
enerji təhlükəsizliyində daha böyük rol
oynayır və oynayacaqdır".
AzərTAc
Azərbaycan.-2013.- 23 aprel.- S.2.