Ailəni milli-mənəvi dəyərlərimizin qarantı hesab edən ulu öndər

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir. Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Cəmiyyəti yaşadanonun varlığını sübut edən ailə meyarlarına ulu öndərin öz münasibəti, öz yanaşması var idi.  Heydər Əliyev həm də öz ailəsinə göstərdiyi qayğı və diqqətlə seçilmiş, milli-mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir.

Zaman keçdikcə xalqımız üçün daha da yaxın, daha da doğma bir insana çevrilən Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrinin yazılmasında, bu müstəqilliyin qorunmasında və möhkəmləndirilməsində, Azərbaycan xalqının yüksək intellektual və işgüzar səviyyəli bir millət kimi formalaşmasında, dünya xalqları sırasında öz layiqli yerini tutmasında əvəzsiz xidmətləri heç vaxt unudulmayacaqdır. Onun cəmiyyətin idarə olunmasında, insanlar arasında münasibətlərin formalaşmasında, möhkəm ailə prinsiplərinin yaranmasında və həyata keçirilməsində göstərdiyi nümunə də daim öyrəniləcək və tətbiq ediləcəkdir.

Heydər Əliyev Azərbaycanın suverenlik və müstəqillik rəmzi olmaqla yanaşı, böyük humanizmin, möhkəm və nümunəvi ailə başçısının simvoludur. Heydər Əliyev üçün ailə təkcə bir neçə nəfərin birgəyaşayışı deyil, cəmiyyəti yaşadan özəkdir, onun bir parçasıdır və bütövlükdə ölkənin, millətin həyatını və yaşayışını təmin edən bir vasitədir. O, ailəni eyni zamanda millətin və xalqın mənəvi sərvətlərinin, adət-ənənələrinin, dilinin, dininin, mədəniyyətinin, bir sözlə, varlığının təcəssümü hesab edirdi.

Ulu öndər öz yorulmaz səyləri ilə möhkəmləndirdiyi dövlət müstəqilliyini millətimizi və dövlətimizi yaşadan mənəvi dəyərlərimizin qorunmasında və inkişaf etdirilməsində mühüm vasitə hesab edirdi. O, fəxrlə bildirirdi ki, Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı milli-mənəvi ənənələrimizin davam etdirilməsi üçün əsas zəmanətdir. Təkrarsız həyat yolu və Azərbaycan qarşısında xidmətləri ilə ən böyük azərbaycanlı adını qazanmış Heydər Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərini uca tutmağı hər bir ailənin, hər bir ailə başçısının əsas vəzifələrindən biri hesab edir, bunu Azərbaycan xalqının əbədiyaşarlığı üçün mühüm şərt, zəruri amil sayaraq bildirirdi: "Biz heç vaxt öz dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir".

Heydər Əliyev bütün məsələlərdə ciddi nizam-intizamın, daxili məsuliyyətin və saflığın olmasını çox vacib məsələ hesab edir, bütün fəaliyyəti ilə bunu həyata keçirməyə çalışır, hər bir kəsdən bu prinsiplərə əməl etməyi tələb edirdi. Onun öz həyat yolu buna əyani nümunə idi. Bu nizam-intizam onun ailəsinin timsalında da bariz nəzərə çarpırdı.

Ulu öndər tarixən formalaşmış Azərbaycan ailəsinin yaşam tərzini, davranış prinsiplərini, ailədaxili münasibətlərdə böyük hörmət və etimada əsaslanan ailə iyerarxiyasını, həmçinin böyüyə və kiçiyə olan ehtiramı qoruyub saxlamağı vacib sayırdı. O, hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü özünün real yerini bilməli, öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Onun əsas prinsipi cəmiyyətdəki bütün ziddiyyətləri sülhdialoq yolu ilə həll etmək idi.

Dünyanın inkişaf yollarını və mərhələlərini, keçmişinibugününü çox gözəl bilən Heydər Əliyev Azərbaycan qadınının cəmiyyətdə roluna böyük əhəmiyyət verir, onun mövqeyini yüksəltməyin vacibliyini dərindən dərk edir, dünyanın hər yerində bütün görüşlərində qürur hissi ilə qeyd edirdi ki, Azərbaycan qadınları Şərqdə ən yüksək inkişafa nail olmuş insanlardır və qadın azadlıqlarının ilk təmsilçiləridir. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 40 illik bir dövrdə Azərbaycan qadınlarının əməyini bütün sahələrdə yüksək qiymətləndirmiş, xüsusilə müstəqillik illərində qadınların hüquqlarının daha da genişləndirilməsinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ciddi yanaşmış, onu real işlərlə tamamlamışdır.  Məhz onun tapşırıq və tövsiyələri ilə müstəqillik illərində bir sıra qanun və fərmanlar qəbul edilmiş və respublikamız qadınların hüquq və azadlıqlarını təsbit edən bir sıra mühüm beynəlxalq konvensiyalara və sazişlərə qoşulmuşdur. Məsələn, Heydər Əliyev 1998-ci ildə "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərmanı, 1999-cu ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsini, 2000-ci il martın 6-da "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında"  fərmanı, 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamış, ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə tanınmış Azərbaycan qadınını respublikanın yüksək mükafatları ilə təltif etmişdir.

Ulu öndərin həyat yolundan bəhs edən sənədli filmlərdən, müxtəlif kitablardan onun ailəyə nə qədər bağlı bir insan olduğunu görməmək mümkün deyildir. Xüsusilə onun ömür-gün yoldaşı Zərifə xanım Əliyeva haqqında xatirələrini və söhbətlərini dinlədikcə, bu zaman gözlərində gilələnən göz yaşlarını gördükcə böyük və müqəddəs bir məhəbbətin, son dərəcə nəcib insani münasibətin şahidi olursan. Heydər Əliyev üçün ailə cəmiyyətin əsas dayağı, eyni zamanda böyük ideallarla yaşayan insanların boy atdığı, tərbiyə aldığı və vətəninə xidmət üçün böyüdülüb boya-başa çatdırıldığı bir ocaq idi.

Valideyni, ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, adamların mənəvi aləmi təkcə oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin böyüyüb boya-başa çatdığı ailədə formalaşır.

Heydər Əliyevin ailə həyatı çox ibrətamizdir, ilk növbədə sadəlik və təvazökarlıq, sədaqət və etibar nümunəsidir. Heç bir çətinliyə, maddi və mənəvi sıxıntıya, siyasi təzyiqə baxmayaraq ailəni qoruyub saxlamaq, onu illərin, zamanın sınağından alnı açıq, üzü çıxarmaq asan olmasa da,  ulu öndər bunu çox böyük müdriklik və bacarıqla yerinə yetirə bilmiş, təkcə övladlarına və yaxınlarına deyil, bütün xalqına belə bir nümunə göstərmişdir.

1954-cü ildə dövlət təhlükəsizlik orqanlarında xidmət edərkən qurduğu ailənin sonrakı həyat yolu bu gün təkcə onun övladları üçün deyil, hər bir azərbaycanlı ailəsi üçün əvəzsiz bir nümunədir. Ulu öndərin xatirələrində bu fakt belə qeyd olunur: "1954-cü ilin noyabrında həkim Zərifə Əziz qızı Əliyeva ilə evləndim, xoşbəxt ailə qurdum. Toyda cəmi 15 nəfər yaxın qohum var idi. Çalğı olmadı. Toy mərasimi  özümüzün ikiotaqlı mənzilimizdə keçirildi". Zahiri dəbdəbə və təmtəraqdan çox uzaq olan bu insanların xalqımız qarşısında xidmətləri, gördükləri işlərin miqdarı heç bir ölçüyə, çərçivəyə sığmır.

Bu gün ulu öndərin məzarını ziyarət edən hər bir insan, həm Azərbaycan vətəndaşları, həm də dünyanın hər yerindən gələn qonaqlar bu iki nəcib insanın məzarını bir-birindən ayırmırlar. Onları yaxından tanıyan insanlar həqiqətən bu insanların bir-birinə sədaqətinə qibtə edir, böyük ehtiramla xatırlayırlar. Təsadüfi deyildir ki, ulu öndər qurduğu, yaratdığı və gələcəyinə inandığı Azərbaycanın taleyini kimə etibar etmək barədə qərar qəbul edərkən belə bir ailədə böyümüş, Heydər Əliyev kimi siyasətçinin, Zərifə Əliyeva kimi alim və ananın tərbiyəsini almış, Heydər Əliyev ideyalarını və arzularını reallaşdırmağa qadir olan bir insanın, özü qədər inandığı şəxsiyyətin - İlham Əliyevin üzərində dayanmışdı.

Bizim indiki nəsil yaxın keçmişin, xüsusilə 1993-cü ildən sonra 2003-cü ilə qədər yenidən respublikaya rəhbərlik etmiş Heydər Əliyevin canlı çıxışlarının, insanlarla görüşlərinin şahidi olmuşbununla yalnız fəxr edə bilər. Bunu qeyd etməliyik ki, Heydər Əliyevin respublikaya ikinci qayıdışından sonra milli-mənəvi dəyərlərimizi yaşatmaq, inkişaf etdirmək və zənginləşdirmək üçün gördüyü işlər onun kökümüzə, adət-ənənələrimizə son dərəcə bağlılığından irəli gəlirdi.  

Ümummilli lider qurub yaratdığı Azərbaycanın müstəqillik illərində milli-mənəvi dəyərlərimizin möhkəm qorunub saxlanmasına və zənginləşməsinə, cəmiyyətdə qadının, ananın nüfuzunun daha da yüksəlməsinə böyük diqqət yetirir, Azərbaycan dövlətinin daha da möhkəmlənməsində və yenidən qurulmasında qadınların daha fəal rol oynamasını və öz töhfəsini verməsini alqışlayır, hər vasitə ilə buna yardımçı olurdu. Onun hər il qadınlar günü münasibətilə keçirdiyi tədbirlər, müxtəlif görüşlərdə, beynəlxalq simpoziumlarda, konfranslarda etdiyi çıxışlar həmişə böyük diqqətlə dinlənilir və Azərbaycan xalqı, o cümlədən qadınlar tərəfindən çox yüksək hörmətlə qarşılanırdı. O, hər bir çıxışında Azərbaycan qadınının bütün nəcib keyfiyyətlərini qeydonun cəmiyyətdəki mövqeyini daha da artırmağı tövsiyə edirdi.

1995-ci ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən təntənəli bayram mərasimində deyirdi: "Ümumiyyətlə, qadın cəmiyyətin ən hörmətli üzvüdür. Hamı qadının qarşısında baş əyməlidir, hamı qadına hörmət etməlidir. Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm". Bu, həqiqətən belə idiulu öndər elm, mədəniyyət və incəsənət sahəsində çalışan Azərbaycan qadınlarının əməyini həmişə qədərincə qiymətləndirir, ən yüksək dövlət mükafatları ilə təltif etməklə onları daha böyük uğurlar qazanmağa həvəsləndirirdi. Azərbaycan qadını haqqında ən gözəl, ən səmimi sözləri Heydər Əliyev demişdir. Heç kəs Azərbaycan qadını haqqında Heydər Əliyev qədər  belə ürəkdən, belə böyük məhəbbətlə danışmamışdır - desək, yanılmarıq.

Ulu öndər bir azərbaycanlı kimi qürurla deyirdi: "Mən həmişə millətim haqqında düşünürəm və millətimin həm mənəviyyatı haqqında düşünürəm, həm əxlaqı haqqında, həm də onun gözəlliyi haqqında düşünürəm. Həm zahiri gözəllik, həm daxili gözəllik. Bunların hamısını anlamaq üçün qadınların gözəlliyi həmişə nümunədir. Ümumiyyətlə, biz həqiqətən də fəxr edə bilərik ki, millətimiz gözəl millətdir. Heç kəs  heç vaxt deməsin ki, bu barədə bizim millətimiz hansı millətdənsə aşağı səviyyədədir. Xeyr. Bizim millətimiz istedadlı millətdir, gözəl millətdir, qəhrəman millətdir. Biz bununla fəxr edə bilərik".

Heydər Əliyev bütün işlərdə xalqının mənafeyini güdərək var gücü ilə onun rifahı, azadlığı və güzəranı üçün çalışır, onu zamanın çətin sınaqlarından uğurla keçirməyə səy göstərirdi. O, 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdarkən keçirdiyi hissləri belə ifadə edirdi: "1993-cü ilin iyun ayında məni buraya dəvət edən siz idiniz, eyni zamanda o vaxt hakimiyyətdə olan adamlar idi. Mən buraya özüm gəlməmişdim. Mən Azərbaycanın ən ağır dövründə, 1993-cü ilin iyun ayında Bakıya gəlib öz üzərimə böyük məsuliyyət götürmüşəm. Mən dərk edirdim ki, Azərbaycanda vəziyyət nə qədər ağır idi. Dərk edirdim ki, özümü oda atıram. Dərk edirdim ki, öz üzərimə böyük məsuliyyət götürürəm. Mən də insanam, başa düşün, mənim də övladım var, nəvəm var, şəxsi həyatım var. Ancaq mən şəxsi həyatımı, ailəmi, övladlarımı bir tərəfə qoydum, xalqın mənafeyi üçün özümü odun içinə atdım".

Həmin dövrdə onun çağırışı ilə minlərlə insanın Prezident Sarayının qarşısına yığışmasını Heydər Əliyev Azərbaycan xalqının öz dövlətçiliyini qorumaq üçün göstərdiyi bir fədakarlıq kimi qiymətləndirir, bu insanlar sırasında qadınların da çox olduğunu qürur hissi ilə qeyd edirdi.

Heydər Əliyev bilirdi ki, Azərbaycan qadını ailənin aparıcı qüvvəsidir və onun sözü böyük təsir gücünə malikdir. O, qadınlara üzünü tutaraq deyirdi: "Siz Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçılarısınız. Arzu edirəm ki, bundan sonra da belə fəal olasınız və bilin ki, mən də öz tərəfimdən bütün imkanları yaratmağa hazıram. Bir arzum da var. Çalışın öz intizamlılığınızı, dözümlülüyünüzü  və sədaqətliliyinizi kişilərə də öyrədəsiniz.

Məlumdur ki, cəmiyyətdə qadının təsiri çox böyükdür. Doğrudur, ola bilər, hakimiyyət orqanlarında istədiyiniz yeri tutmamısınız, amma cəmiyyətdə qadının təsiri böyükdür. Qadının sözü də kəsərlidir, təsirlidir. Məlumdur ki, kişilərin çoxu da qadınların təsiri altındadır. Ona görə, çalışın, təbliğ edin ki, kişilər sizdən nümunə götürsünlər. Sizin kimi fədakar, cəfakeş və sizin kimi sədaqətli olsunlar".

Xalqımız böyük tarixi şəxsiyyətin, ulu öndər Heydər Əliyevin 90 illik yubileyini böyük təntənə ilə qeyd edir. Təbiidir ki, Heydər Əliyevi görmək xoşbəxtliyi nəsib olan hər bir insan onun haqqında öz ürək sözlərini deməyi özünə borc bilir. Xüsusilə Azərbaycan qadınlarının  qəlbində xüsusi yeri olan Heydər Əliyevin arzu və istəkləri onun ardıcıllarının, o cümlədən övladlarının fəaliyyətində davam edir və reallaşır. Bizim hər birimiz fəxr etməli və qürur duymalıyıq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı Heydər Əliyev Fondunun prezidenti, respublikanın birinci xanımı Mehriban Əliyeva, Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər.

 

 

Səadət İSMAYILOVA,

Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi,

 hüquq elmləri üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 23 aprel.- S.4.