Ədalətin zəfərinə xidmət
edən məhkəmə-hüquq islahatları
Haqq-ədalətə, qanuna bağlılıq bəşər sivilizasiyasının qədim dövrlərindən insanlığı səciyyələndirən, onu dünyanın ali varlığına, zinətinə çevirən ümdə prinsiplər sayılmışdır. Yaşadığı zaman və məkandan asılı olmayaraq vicdanının səsi ilə hərəkət edən, daxilindəki həqiqət işığına boylanan, bütün varlığı ilə düzgünlüyə, ədalətə can atan böyük liderlər bütün cəmiyyətlərdə sevilib-seçilmiş, əbədiyaşarlıq hüququ qazanmışlar.
Bu da təsadüfi deyildir ki, hər bir xalqın ibtidai dünyagörüşü sistemində - mifoloji-fəlsəfi baxışlarında onun arzusunda olduğu ədalətli lider tipi ilə bağlı müxtəlif poetik nümunələrə rast gəlmək mümkündür. İnsanlar bəzən real həyatda görmək istədikləri adil və mərhəmətli rəhbər obrazını şifahi xalq ədəbiyyatı nümunələrində yaratmışlar.
XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi fenomen şəxsiyyət - ümummilli lider Heydər Əliyev də özünün dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman prioritet verərək bu meyarları milli dövlət quruculuğunun vacib şərti saymışdır. İctimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu idarəçiliyin başlıca formuluna çevirən Heydər Əliyev dühası yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu, humanizm ideyalarının möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması naminə misilsiz xidmətlər göstərmişdir. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan Heydər Əliyev idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də xüsusi diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmişdir.
Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizim, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəcilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Prezident İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamında deyilir: "Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu - Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir".
Ümummilli liderin 1998-ci il dekabrın 1-də imzaladığı fərmanla qüvvəyə minmiş "Məhkəmələr və hakimlər haqqında" qanun məhkəmə sisteminin müasirləşdirilməsi baxımından mühüm addım olmuşdur. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır. "Məhkəmələr və hakimlər haqqında" qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum - Məhkəmə Hüquq Şurası yaradılmışdır. Şura hakim vəzifəsinə müstəqil namizədlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri həyata keçirən müstəqil qurumdur. 2000-ci ildən Məhkəmə Hüquq Şurası hakim vəzifəsində çalışmaq üçün qanuni meyarlara cavab verən müstəqil namizədlərin test usulu ilə - tamamilə obyektiv və ədalətli əsaslarla seçilməsi, peşəkar hakim korpusunun formalaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə mövcud beynəlxalq təcrübə öyrənilmişdir.
"Məhkəmələr və hakimlər haqqında" qanunun tələbinə görə, Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin ölkə Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən, qanun pozuntularından müdafiə hüququ məhkəmə icraatının istənilən mərhələsində təmin olunur. Heç kəs müdafiə hüququndan məhrum edilə bilməz. Şübhə edilən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş vasitələrlə müdafiə hüququna, o cümlədən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu haldan, müdafiəçinin köməyindən istifadə etmək hüququna təminat verilir. Konstitusiyamızın 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var və qanunda nəzərdə tutulan hallarda bu hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Dövlət hər bir vətəndaşın hüquqi yardıma olan tələbatının ödənilməsini qanunvericilik qaydasında nizama salmış, buna tam təminat verilmişdir.
Ümummilli lider sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. Hüquqa və ədalətə söykənən mülki cəmiyyətin formalaşdırılması üçün ilk növbədə milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması prosesi davam etdirilmiş, ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların qayəsində insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə hörmət prinsipi dayanmışdır.
Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatına xidmət edən bu islahatlar son 10 ildə ulu öndərin layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır. Bu məqsədlə hələ 2004-cü ilin dekabrında "Məhkəmə Hüquq Şurası haqqında" yeni qanun qəbul olunmuş, "Məhkəmələr və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi dəyişikliklər edilmişdir. "Konstitusiya Məhkəməsi haqqında" qanuna əlavə və dəyişikliklər edilməsi haqqında" 2003-cü il 23 dekabr tarixli qanuna əsasən isə, vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmləri müəyyən edilmişdir.
Prezident İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsas qayəsində həm də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi, onların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması olmuşdur. Bu baxımdan dövlət başçısının 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanı respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi prosesində ən mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Fərman bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarını genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə imkan yaratmışdır. Fərman əsasında Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apelyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri yaradılmışdır.
İslahatlara böyük təkan olan həmin fərmanda birinci instansiya məhkəmələrinin fəaliyyətinin qiymətləndirilməsi də Məhkəmə Hüquq Şurasına tövsiyə edilmişdir. Qanunvericiliyə əsasən, hakimlərin fəaliyyəti üç ildə bir dəfə Məhkəmə Hüquq Şurası tərəfindən qiymətləndirilir. Bu proses ədalət mühakiməsinin təkmilləşdirilməsi, hakimlərlə tədris prosesinin düzgün aparılması, habelə onların vəzifədə irəli çəkilməsi, hakimlik və sədrlik fəaliyyətini davam etdirməyə yararlılığın müəyyən edilməsi məqsədi ilə aparılır. İqtisadi-sosial həyatın sürətlə inkişafı qanun normalarının mütəmadi və ardıcıl surətdə təkmilləşdirilməsini, yeni qanunların qəbulunu, hakimlərin peşə səviyyəsinin yüksəldilməsini, bilik səviyyəsinin, ümumi dünyagörüşün artırılmasını tələb edir.
Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən olduğunu nəzərə alan Prezident İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı son illər Məhkəmə Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. İlk dəfə təsis olunaraq hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007-2012-ci illərdə 311 nəfər hakimliyə namizəd şəffaf və mütərəqqi üsulla seçilərək hakim vəzifəsinə təyin olunmuşdur. Hakim seçkilərinin şəffaflığı və demokratikliyini yüksək dəyərləndirən Avropa Şurası 2011-ci ildə Azərbaycanın təcrübəsinin öyrənilməsini digər ölkələrə də tövsiyə etmişdir.
Ümumilikdə ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı son illər ərzində 2 dəfə, məhkəmə aparatı işçilərinin sayı isə 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır. Hakimlərin maddi təminatının yaxşılaşdırılması məsələləri də daim diqqət mərkəzində saxlanılmış, 2000-ci illə müqayisədə onların əməkhaqqı orta hesabla 30 dəfə artırılmış, iş şəraitinin müasir tələblərə uyğun qurulması üçün onlarca yeni, müasir məhkəmə binaları istifadəyə verilmişdir.
Son illər əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədi ilə ölkənin əlavə 4 bölgəsində regional ağır cinayət məhkəmələri təsis edilmişdir. Bundan başqa, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədi ilə ölkəmizin tarixində ilk dəfə olaraq yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tez bir zamanda fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmişdir. Bundan başqa, vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədi ilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. İnternet portalı ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimdə müraciət etmək və cavab almaq imkanı yaradır.
İnanırıq
ki, ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu və yeni dövrün tələblərinə
uğyun davam etdirilən bu mütərəqqi islahatlar
respublikada insan və vətəndaş hüquq və
azadlıqlarının etibarlı təminatına, hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğu prosesinin sürətləndirilməsinə təkan
verəcəkdir.
Hüseyn MİRZƏLİYEV,
Tərtər
Rayon Məhkəməsinin sədri
Azərbaycan.-2013.- 23 aprel.- S.4.