Heydər Əliyev - 90: Nəsillərin görüşü

 

"Azərbaycan" qəzetinin təşəbbüsü ilə Respublika Ağsaqqallar Şurası üzvlərinin gənclər təşkilatlarının təmsilçiləri ilə görüşü

 

 Azərbaycan xalqı əlamətdar hadisə ərəfəsindədir. Qarşıdan ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 90 illik yubileyi gəlir. Bununla əlaqədar "Azərbaycan" qəzeti fevral ayından başlayaraq müxtəlif mövzulu "dəyirmi masa"lar təşkil edir. Qəzetimizin təşəbbüsü ilə keçirilən növbəti "dəyirmi masa"da respublika Ağsaqqallar Şurasının üzvləri ilə ictimai-siyasi həyatda fərqlənən gənclər bir araya gəldilər.

 

Nəsillərin görüşü zamanın tələbidir

 

Nəsillərin görüşünə həsr olunmuş "dəyirmi masa"nı açıq elan edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

 

- Qarşıdan ulu öndər Heydər Əliyevin 90 illik yubileyi gəlir. Bildiyiniz kimi, Prezident İlham Əliyev yanvarın 21-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən ölkənin hər yerində ulu öndərin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. "Azərbaycan" qəzetinin Respublika Ağsaqallar Şurası ilə birgə təşkil etdiyi "Nəsillərin görüşü" adlı "dəyirmi masa" da bu qəbildəndir.

Azərbaycan xalqının yeraltı və yerüstü sərvətləri çoxdur. Bu gün Heydər Əliyev ideyalarının yaşadılmasının və Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq xalqımız bu sərvətlərin bəhrəsini yaxından hiss edir. Azərbaycan xalqı eyni zamanda zəngin mənəvi sərvətlərə malikdir. Tarixi min illər əvvəllərə gedib çıxan adət-ənənələrimiz, bütün dünyaya nümunə olan mədəniyyətimiz bizim zəngin mənəvi irsimizdir.

Bütün bunlarla bərabər özünün müdrikliyi ilə fərqlənən ağsaqqallarımız, ağbirçəklərimiz də bizim mənəvi sərvətimizdir. Ona görə ağsaqqal sözü Azərbaycanda həmişə qiymətli olub, ağsaqqalların öyüd-nəsihətlərinə cəmiyyətimizdə tarixən önəm verilib. Ağsaqqal böyük sayılıb, ağsaqqal sözü uca tutulub. Təbii ki, bu da ağsaqqalların müdrikliyi, təcrübəsi, dünyagörüşü, insanlara düzgün yol göstərməsi, çətin vaxtlarda irəli çıxıb onları sülhə, barışığa, inkişafa çağırmaları ilə bağlı olub. Azərbaycanlılar böyüklərə, ağsaqqallara hər zaman yüksək qiymət verirlər. Ona görə də Azərbaycan xalqının milli dəyərlərindən irəli gələrək tarix boyu ağsaqqallar cəmiyyətdə yüksək hörmət və nüfuz sahibi olublar.

Lakin bəzən sual olunur: ağsaqqal kimdir? Özünün yerini, sözünün sanbalını bilən ağıllı insan yaşının müdriklik çağında savadı, biliyi, geniş dünyagörüşü, zəngin həyat təcrübəsi ilə ağsaqqal sayılır. Biz bu gün bu tədbirdə toplaşan müdrik həmvətənlərimizin timsalında ağsaqqallarımızla fəxr edirik! Belə bir sualla da rastlaşırıq ki, ağsaqqallıq yaşın hansı dövrüdür. Yəqin, hər kəs razılaşar ki, saqqalın ağlığı ağsaqqal olmağa dəlalət etmir. Ona görə də ağsaqqal yaşa görə yox, başa görə olur. Ağsaqqallıq ətrafın verdiyi titul, etirafdır. Ən əsası odur ki, ağsaqqallıq heç də hər adama qismət olmur. Qocalmaq, yaşlanmaq ağsaqqal olmaq deyil! Bu zirvəyə çatmaq üçün əsl insan ömrü yaşamaq lazımdır!

Ağsaqqal həm də liderdir. Yəni ağsaqqal ağıllı insanların mənəvi rəhbəridir, məsləhəti sınaqdan uğurla çıxıb fayda verən, sülh yaratmağı, insanları inandırmağı bacaran liderdir. Qabağa düşüb məsuliyyəti üzərinə götürən və cavabdehlik daşıyan liderdir. İnsanları inandırmağı və arxasınca aparmağı bacaran lider. Bu mənada ağssaqqalın üzərinə həm də mühüm missiya düşür. Bu missiya həlledici məqamlarda düzgün qərar qəbul edib insanları buna inandırmaq, xalqın milli-mənəvi dəyərlərinin keşiyində durmaq, dövlətin möhkəmlənməsinə, xalqın inkişafına dəstək vermək, cəmiyyətdə sabitliyə, insanlar arasında anlaşmaya və mehribanlığa xidmət etmək, dövlətə, xalqa, milli maraqlara sadiq gənclərin yetişdirilməsinə yardımçı olmaq, ən nəhayət, ağsaqqal adını doğrultmaq, ağsaqqal nüfuzunu qorumaqdır.

Tarix də sübut edir ki, cəmiyyətdə hər zaman öz müdrikliyi ilə seçilən ağsaqqallarımız Azərbaycan dövlətçiliyinin çətin günlərində də xalqın ön sıralarında olub, insanlara ən doğru yolu göstəriblər. 1993-cü ilin təlatümlü günlərində ulu öndər Heydər Əliyevi siyasi hakimiyyətə dəvət edənlərin böyük əksəriyyəti məhz ağsaqqallar idi. Böyük bir siyasətçi olmaqla bərabər, həm də bir ağsaqqal missiyası ilə irəli çıxan Heydər Əliyev bu vəzifəni şərəflə, ləyaqətlə yerinə yetirdi! Əsl ağsaqqal kimi ölkədə qardaş qarşıdurmasının, vətəndaş müharibəsinin qarşısını aldı, insanlara düzgün yol göstərdi!

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində ağsaqqalların rolu daha da artdı. Məhz Heydər Əliyevin sayəsində ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakı təmin edildi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev ağsaqqallara böyük ehtiramla yanaşırdı. Ulu öndər həmişə ağsaqqal sözünün hikmətinə, böyüklüyünə yüksək qiymət verir, onları cəmiyyətin ən fəxarətli üzvləri kimi qəbul edirdi.

 Hazırda bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən daim uca tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti vaxtilə ulu öndər Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını davam etdirir. Bütün bunlar bir daha təsdiqləyir ki, ağsaqqallar xalqımızın mənəvi sərvətidir və bu gün biz həmin sərvətin nümayəndələri ilə görüşürük.

Eyni zamanda sabahımızı etibar edəcəyimiz və gələcəyimizin ağsaqqalı olacaq bugünkü gənc nəsil də bizim üçün olduqca qiymətlidir. Biz gənclərə sabahımız, dövlətimizin gələcəyi deyirik! Bu gün vətənpərvər, savadlı, bilikli, milli hisslərə bağlı, torpağını, xalqını, dövlətini sevən gənclər yetişdirməsək, sabah öz gələcəyimizi, qurduğumuz dövləti kimə tapşıra və ya etibar edə bilərik? Ona görə əsas vəzifələrdən biri müasir gəncliyi Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, ölkəmizin inkişafı, dünya birliyindəki layiqli yerinin təmin olunması işində yaxından iştiraka təşviq etməkdir. Təsadüfi deyil ki, Azərbaycan dövləti, hakimiyyəti gənc nəslin təhsilinə, inkişafına, sosial problemlərinin yoluna qoyulmasına, mənzil şəraitinin yaxşılaşdırılmasına, bir sözlə, cəmiyyətdə özünü təsdiq etməsinə xüsusi diqqətlə yanaşır. Bu mənada ağsaqqallar bizim üçün nə qədər qiymətlidirsə, gələcəyimiz olan gənclər də bir o qədər dəyərlidirlər. Biz dövlətimizin gələcəyini məhz gənclərin simasında görürük. Gənclərimiz isə təhsilə, müasir biliklərə yiyələnməklə, texnoloji yenilikləri mənimsəməklə, dövlətin diqqət və qayğısından layiqincə bəhrələnməklə yanaşı, dövlətçiliyimizin qurulmasında, respublikamızın və cəmiyyətimizin inkişafında dəyərli xidmətləri olan müdrik ağsaqqallarımızdan çox şey öyrənməlidirlər.

Prezident İlham Əliyev deyib: "Fərəhli haldır ki, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında ağsaqqallar yaxından iştirak edir, dəyərli təşəbbüslər irəli sürürlər. Biz paytaxt və regionlarda genişmiqyaslı quruculuq işlərini həyata keçirərkən onların rəy və təkliflərini nəzərə alır, müdrik tövsiyələrinə istinad edirik. Yeniyetmə və gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqalların böyük rolu vardır". Göründüyü kimi, dövlət başçısı ağsaqqalların cəmiyyətdə roluna böyük qiymət verir və onların gənc nəslin formalaşmasında xüsusi rolunu qeyd edir.

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, respublikanın tanınmış ağsaqqalları və fəal gənclərin iştirakı ilə keçirilən "Nəsillərin görüşü" adlı "dəyirmi masa"nın da məqsədi gəncləri ağsaqqallara daha da yaxınlaşdırmaq, gənclərin ağsaqqallardan daha çox öyrənmələrinə, örnək götürmələrinə yardımçı olmaqdır.

Bu gün nəsillərin görüşündə 22 gənclər təşkilatının rəhbərləri, həmçinin ölkənin ictimai-siyasi həyatında fərqlənən fəal gənclər iştirak edir. Bu gənc təmsilçilər respublikamızdakı gənclər hərəkatının ən öncül, ən fəal hissəsini təşkil edir. Sıralarında 250 mindən artıq gənci birləşdirən YAP Gənclər Birliyini, 30 mindən artıq üzvü olan və kreativ gəncliyin flaqmanına çevrilən "İrəli" hərəkatını, 87 təşkilatı və 20 mindən çox üzvü təmsil edən Tələbə Gənclər Təşkilatları İttifaqını, 104 gənclər təşkilatının birləşdiyi Gənclərin Milli Şurasını, beynəlxalq məkanda böyük nüfuz qazanmış Dünya İqtisadi Forumunun Qlobal Gənclər Şəbəkəsinin və "Dialoq Avrasiya" Gənclər Platformasının Azərbaycan təmsilçiliklərini, həmçinin digər təşkilatları salamlayırıq.

İnanırıq ki, burada səslənəcək hər bir fikir, irəli sürüləcək təkliflər qarşıya qoyulan məqsədə çatmağa öz töhfəsini verəcək.

 

Heydər Əliyev yolu Azərbaycan gəncliyini uğura, inkişafa aparan yeganə yoldur

 

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah HeydƏrov ağsaqqalların cəmiyyətdə həmişə mühüm və həlledici rol oynadıqlarını dedi:

- Azərbaycanda ağsaqqal sözünə ehtiramla yanaşılmasının çox qədim və zəngin ənənələri var. Xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə ali həyat məramı olub. Dara düşəndə, ailə quranda, mübahisəli məsələlərin həllində ağsaqqal sözü həmişə keçərli olub. Ağsaqqallar el-obaya müdriklik təlqin edib, gənclərə xeyir-dua və məsləhətlər veriblər. Ağsaqqallar həm də xalqımızın adət-ənənələrinin qoruyucusu və gənc nəslə ötürücüləridir.

Ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirərək onun arzularını gerçəkləşdirən Prezident İlham Əliyev ağsaqqallara daim böyük ehtiramla yanaşır. Ölkə başçısı respublikamızın regionlarına, şəhər və qəsəbələrinə səfərləri zamanı mütəmadi olaraq ahıl vətəndaşlarla, ağsaqqal və ağbirçəklərlə görüşür, onların arzu və istəkləri ilə maraqlanır, təklifləri ilə əlaqədar yerli icra orqanlarına lazımi göstərişlər verir. Təbii ki, ağsaqqallar da öz işlərini qurur, dövlətin inkişaf etməsinə öz töhfələrini verirlər. Bu yaxınlarda keçirilən Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı da göstərdi ki, yaranandan sonra şərəfli inkişaf yolu keçən şura bu gün ölkəmizdə vətəndaş cəmiyyəti təsisatları arasında xüsusi yer tutur. Azərbaycan Ağsaqqallar Şurası milli-mənəvi dəyərlərimizin qorunması, saflıq, sadəlik kimi yüksək insani keyfiyyətlərin cəmiyyətdə geniş yayılmasını özünün əsas vəzifələrindən hesab edir.

Eyni zamanda gənc nəslin mənəvi və fiziki sağlamlığına, vətənə sədaqət ruhunda tərbiyəsinə diqqət yetirən ağsaqqallar bu istiqamətdə də əzmkarlıq göstərirlər. Bütün bu sahələr üzrə müxtəlif layihələr reallaşdıran ağsaqqallar tez-tez hərbi hissələrdə də əsgərlərlə görüşlər keçirirlər.

Burada doğru olaraq qeyd edildi ki, ağsaqqallar Azərbaycanın mənəvi sərvətidir. Bu sərvət həm də bir neçə onillikdən sonra bugünkü yaşlı nəsli əvəzləyəcək, ağıllı, kamallı, istedadlı, müasir dövrlə ayaqlaşan, cəmiyyətimizdə öz rolunu cəsarətlə oynaya biləcək gənclərimizdir. Bu "dəyirmi masa"da iştirak edən gənclərin hər birinin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsi, cəmiyyətin inkişafına öz töhfələrini verməsi onların həqiqətən bu xalqın sərvəti olduğunu göstərir. Məhz belə gənclərlə biz özümüzün etibarlı gələcəyimizi qururuq.

Azərbaycan bu gün çox sürətlə inkişaf edir. Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclası keçirildi. Həmin iclasda səslənən rəqəmlər, fikirlər, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri, qarşıya qoyduğu vəzifələr onu göstərdi ki, Azərbaycanın inkişafı davamlı və sürətlidir. Biz qürur hissi keçiririk ki, 20 il əvvəl tanınmayan, haqqı tapdalanan, əzilən Azərbaycan bu gün dünya dövlətləri içərisində özünə layiqli yer tutub. Biz həm də onunla fəxr edirik ki, Azərbaycan bir çox dövlətlərdən fərqli olaraq tam müstəqil siyasət həyata keçirir!

Belə bir vaxtda həm ağsaqqalların, həm də gənclərin üzərinə mühüm vəzifələr düşür. Hər iki nəslin nümayəndələri ölkəmizdəki uğurların davamlı olmasına, inkişafımıza, cəmiyyətimizin saflığına öz fəaliyyəti ilə töhfələr verməlidir. Hesab edirəm ki, Azərbaycan ağsaqqalları və gənclərimiz bu şərəfli missiyanı layiqincə həyata keçirirlər. Bu cür görüşlərin keçirilməsi isə fikir mübadiləsinin aparılması, gənclərin ağsaqqallardan öyrənməsi baxımından olduqca vacib və əhəmiyyətlidir. Belə görüşlərdə biz əsas postulatlar, qayələr haqqında düşünməliyik.

Xalqımızın böyük oğlu Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanı inkişaf etdirmək üçün çalışmış və müəyyən etdiyi mükəmməl konsepsiyaların, dərin elmi əsasları olan islahatların nəticəsində həmişə qarşıya qoyduğu məqsədə çatmışdır. Ona görə də biz çox haqlı olaraq Azərbaycanın keçdiyi inkişaf və yüksəliş yolunu Heydər Əliyev yolu adlandırırıq. Yaşlı nəsil bu yolun necə olduğunu daha yaxşı bilir. Yaxşı xatirimizdədir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etməzdən əvvəl ölkəmiz hansı vəziyyətdə idi. Və Heydər Əliyevin rəhbərliyindən sonra Azərbaycan necə böyük tərəqqi yolu keçdi. Heydər Əliyevin fəaliyyətinin ilk günlərindən etibarən respublikada böyük bir intibah başladı. Milli ruhlu, enerjili, qətiyyətli bir şəxs kimi böhran, tənəzzül içində yaşayan, SSRİ-nin geridə qalmış respublikalarından sayılan Azərbaycanda vəziyyəti qısa müddətdə dəyişdirdi. Heydər Əliyev çevik təşkilatçılıq, iradə, vətənpərvərlik və milli təəssübkeşlik hissinə söykənən yeni bir yol açdı!

Qayəsi Azərbaycan insanının maddi və mənəvi zənginliyinə xidmət edən böyük islahatlar həyata keçirdi. Azərbaycan vətəndaşına özünə müasir və rahat ev tikməyi, dayanıqlı təsərrüfat yaratmağı, abad kənd və şəhər salmağı öyrətdi. Mənalı düşüncələri və təklifləri ilə Azərbaycan torpağını barlı-bərəkətli etdi, onu üzərində yaşayan insanların bol ruzi mənbəyinə çevirdi. Yeni yaşayış məskənləri, Bakı ətrafında çoxsaylı qəsəbələr inşa etdi. Doğma paytaxtı əsl Azərbaycan şəhərinə çevirdi. İttifaqda olan ən qabaqcıl texnologiyaları ölkəmizə gətirdi. Azərbaycanı möhtəşəm tərəqqi yoluna çıxartdı.

Ümummilli lider Heydər Əliyev iqtisadi inkişafla yanaşı, respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılıq aşılamağa çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi mesajını verir, milli dilə, milli dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərk hissini gücləndirir, bütün ideoloji maneələri dəf edərək müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Heydər Əliyev sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda mlli özünüdərk məsələlərini önə çəkə, repressiya xofundan don vurmuş azərbaycanlı şüurundakı bu qorxunu, çəkingənliyi aradan qaldıra, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandıra bildi, ona qol-qanad verməyə nail oldu. Bütün bunları ümumiləşdirsək, belə qənaətə gəlmək olar ki, ulu öndər 1969-cu ildə rəhbərliyə başlayandan sonra müəyyənləşdirdiyi yol həm də şüurlarda müstəqil dövlətçilik ideyasını formalaşdırdı.

Zaman-zaman müstəqil Azərbaycan dövlətinin ideoloji-siyasi və iqtisadi əsaslarını yaratmış ulu öndər 1982-ci ildən sonra fəaliyyətini Sovet İttifaqı KP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi davam etdirməli olsa da, qanı, canı ilə bağlı olduğu Azərbaycanı heç vaxt unutmadı. 1982-1987-ci illərdə respublikamızın sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi. Milli maraqlarla bağlı məsələlərdə daim əzmkarlıq, yüksək siyasi iradə nümayiş etdirdi. Heydər Əliyev Kremldə olduğu müddətdə ermənilərin torpaq iddiaları bircə dəfə də olsa səslənmədi.

1987-ci ilin noyabrından 1993-cü ilin iyununadək Azərbaycan Heydər Əliyevsiz Azərbaycan oldu. Heydər Əliyevsiz Azərbaycan doğru yolunu itirdi. Faciələr, müsibətlər, insan və torpaq itkiləri xalqımızın ürəyinə sağalmaz yaralar vurdu. Azərbaycanın faciəli, sarsıntılı, yoxsulluq və səfalətlə müşayiət olunan ağır günləri başladı. Ən ağır faciələrlə, dərin problemlərlə üzləşdik. Torpaqlarımızın 20 faizi işğal olundu, 20 mindən çox azərbaycanlı müharibədə həlak oldu. Heydər Əliyevsiz Azərbaycanda iqtisadi çətinliklər baş qaldırdı. Heydər Əliyevin vaxtında yaradılan iqtisadi baza məhv edildi. Artıq 1993-cü ilin əvvəllərində Azərbaycan böyük uçurum qarşısında idi. Bu cür "münbit" şəraitdən istifadə edən bəzi separatçı qüvvələr ölkəni parçalamaq üçün çirkin oyunlara qoşularaq xarici düşmən qüvvələrin səyləri ilə antidövlət siyasəti həyata keçirirdilər. 1993-cü ilin iyun ayında Azərbaycanda dövlət idarəolunmaz vəziyyətə gəlib çıxdı. Belə vəziyyətə etiraz edən Azərbaycan ictimaiyyətinin, o cümlədən ağsaqqalların təkidi ilə Heydər Əliyev hakimiyyət sükanını öz əlinə aldı. 1993-cü ilin iyunundan Heydər Əliyevin başlatdığı yeni yolun nəticəsində Azərbaycanda milli həmrəylik yarandı, ictimai konsensus əldə edildi, vətəndaşlar milli maraqlar ətrafında birləşdi, ölkədə sabitlik bərpa olundu. İqtisadi tənəzzülün qarşısı alındı, xalq yoxsulluğun və məhrumiyyətlərin məngənəsindən xilas oldu.

Ötən 20 ildə sıfırdan başlayaraq qazandığımız uğurlar, Azərbaycan dövlətinin yüksəlişi bir daha göstərir ki, ən düz yol məhz Heydər Əliyev yoludur! Azərbaycanın taleyində Heydər Əliyev yolunun yeni başlanğıcı olan 2003-cü ilin 15 oktyabr seçkiləri cəmiyyətin kifayət qədər yetkinləşdiyinin təsdiqi oldu. Həmin tarix respublikanın ictimai-siyasi, iqtisadi və mənəvi həyatında yeni intibah mərhələsinin əsasını qoydu. Xalqın strateji seçiminin alternativsizliyini, dəyişməzliyini və Heydər Əliyev yolunun doğruluğunu sübuta yetirdi. Ötən 10 ildə qazandığımız nailiyyətlər həm də Prezident İlham Əliyevin müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin və inkişafının təminatçısı olduğunu təsdiq edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu yolla inamla addımlayır. Çünki Azərbaycanın bundan sonrakı tərəqqisi üçün yalnız bu yol bizim üçün müqəddəs və alternativsizdir.

Heydər Əliyev yolunu bizim gənclər daim öyrənməlidirlər. Gənclərimiz ən doğru, ən yaxşı nümunəni ulu öndər Heydər Əliyev yolundan götürməlidirlər. İctimai-siyasi fəaliyyətə başlayanda ilk növbədə ümummilli lider Heydər Əliyev yoluna, onun zəngin irsinə diqqət yetirməlidirlər. Bu mənada gənclərimizin sağlam həyatı və gələcəyi üçün ən doğru, ən düzgün yol Heydər Əliyev yoludur! Gənclərimiz bu yolla gedərək həm də Heydər Əliyevin ideyalarını mənimsəyirlər.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqı üçün müəyyən etdiyi yol bizim hər birimizin ən uğurlu yoludur. Bəs bizim gənclər bu yolu kimdən öyrənməlidirlər? Əlbəttə ki, yaşlı nəsildən, dəyərli ağsaqqallardan. Nümunəvi bir ağsaqqal kimi Heydər Əliyev daim xalqa düz yol göstərdiyi üçün, biz ağsaqqallar da hər bir nümunəni müasiri olduğumuz Heydər Əliyevdən götürmüşük. Ona görə də belə "dəyirmi masa"ların, müxtəlif tədbirlərin keçirilməsi, fikir mübadilələrinin aparılması ağsaqqalların təcrübələrinin, dünyagörüşlərinin, ən əsası, Heydər Əliyev yolunun gənclərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.

Biz daim Heydər Əliyev yolu ilə getməliyik. Bu yol bizim yeganə yolumuzdur! Buna qarşı çıxanlar, onu bəyənməyənlər, tənqid etmək, irad utmaq istəyənlər Azərbaycanı sevməyənlərdir! Bugünkü gənclərin də əsas vəzifələrindən biri buna qarşı mübarizə aparmaq, yad təsirlərə düşmüş insanları doğru yola qaytarmaqdır. Mən bu yolda hər birinizə uğurlar arzulayıram. Ağsaqqallarımıza da cansağlığı, uzun ömür diləyirəm. Çünki gənclərimiz sizlərin təcrübəsindən, dünyagörüşündən hələ çox qidalanmalıdırlar.

 

 Ağsaqqallar və gənclər Azərbaycan naminə qüvvələrini daha sıx birləşdirməlidirlər

 

Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur BÜNYADOV gəncliyin ağsaqqallardan hansı xüsusiyyətləri, təcrübələri əxz etmələrinə toxunaraq dedi:

 

- Mən qaşla göz arasında qalmışam, bilmirəm burada ağsaqqal kimdir, ağsaqqal olmayan kimdir? Burada toplaşan gənclərin hamısı minlərlə üzvü olan təşkilatların rəhbərləridir. Buna görə də elə hesab edirəm ki, sizin hər biriniz həm də ağsaqqalsınız! Ağsaqqal o demək deyil ki, saqqalı sinəsinə düşsün. Sizin kimi rəhbər gənclər də ağsaqqal sayılır və biz ağsaqqallar da sizlərlə fəxr edirik. Ona görə ki, bu xalqın bugünü, sabahı, xoşbəxt gələcəyi sizin əlinizdədir. Bizim ümidimiz, taleyimiz sizə bağlıdır!

Ailənin ağsaqqalı ona rəhbərlik edən, yol və qayğı göstərəndir. Elə şəxslər də var ki, elin, obanın ağsaqqalıdır. O, daha yüksək rütbəyə malikdir, çiyinlərində daha böyük yük daşıyır. O, hər cəhətdən təcrübəlidir, müdrikdir, dünyagörmüş adamdır. Ona görə eldə-obada bir problem olanda da, qan su yerinə axanda da, ailə quranda da ağsaqqala müraciət edirlər. Hətta adi bir məsləhətə ehtiyac olanda da ağsaqqallara üz tuturlar.

Elə ağsaqqal da var ki, ölkədə və ölkədən çox-çox uzaqlarda tanınır. Belə ağsaqqalların ən mükəmməl örnəyi dahilik, ucalıq zirvəsində qərar tutan ulu öndər Heydər Əliyevdir! Adi bir fəhlə balası aşağı işdən başlayaraq dünyanın 3-5 nüfuzlu dövlət xadimindən biri oldu! SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonov Heydər Əliyevə deyirdi ki, bu dövləti sizdən yaxşı idarə edən olmaz, amma təəssüf ki, siz müsəlmansınız.

Bizim ən böyük müdriyimiz və mənəvi ağsaqqalımız Heydər Əliyevdir! Sizin xoşbəxt həyatınız, gələcəyiniz naminə fədakarlıqla fəaliyyət göstərən, sizinlə fəxr edən, cavan və enerjili ağsaqqalımız isə Prezident İlham Əliyevdir! O, siz gəncləri özünün qol-qanadı hesab edir və yaxşı bilir ki, gələcək sizin əlinizdədir. Buna görə də siz vəzifənizi bildiyiniz kimi, məsuliyyətinizi də bilin! Bu ölkənin Qarabağ dərdi var, ölkəni sağdan, soldan, yuxarıdan, aşağıdan istəməyənlər var! Prezident İlham Əliyev bunların hamısına sinə gərir, öz qüdrəti, gücüylə heç kimə əyilmir və müstəqil bir siyasət yeridir! O, bu yolda xalqına və sizlərə arxalanır. Bu baxımdan bizim qarşımızda çətin və çətin olduğu qədər də şərəfli vəzifələr durur. Biz də bir ağsaqqal kimi həmişə sizin yanınızdayıq, sizinlə fəxr edirik, qürur duyuruq. Ağsaqqallar və gənclər Azərbaycan naminə qüvvələrini daha sıx birləşdirməlidirlər.

Qarşıdan prezident seçkiləri gəlir. Bu seçki xalqımızın böyük səmimiyyət və qürur hissi ilə cənab İlham Əliyevə səs verdiyini, onun ətrafında mütəşəkkil birləşdiyini bir daha bütün dünyaya nümayiş etdirəcək. Mən bu işdə sizin hər birinizə, həm gənclərə, həm ağsaqqallara uğurlar və təntənələr arzulayıram!

 

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir

 

"Azərbaycan gəncləri müasir dövrün ağsaqqallarını necə təsəvvür edirlər və necə görmək istəyirlər" mövzusu ilə çıxış edən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur ORUCOV bildirdi ki, Azərbaycanın inkişafında və çiçəklənməsində böyük əməyi olan ağsaqqallar daim gənclərin güvənc yeri olublar:

- Biz ağsaqqallardan hər gün öyrənirik və gələcək fəaliyyətimizdə də hökmən onların təcrübəsindən yararlanmalıyıq. Hər hansı bir mühüm işə başlayarkən mütləq ağsaqqal məsləhəti və xeyir-duasına hamımız ehtiyac duymuşuq. Vətənin müdafiəsinə yollanan, ailə həyatına qədəm qoyan gənclərimiz, uzaq səfərlərə gedən və digər böyük işlərə başlayan insanlar həmişə ağsaqqal xeyir-duasına böyük hörmətlə yanaşmışlar. Ağsaqqal sözünün Azərbaycan mentalitetində böyük mənası var. Azərbaycanda hər zaman onların öyüd-nəsihətləri, məsləhətləri nəzərə alınır. Ağsaqqallar öz cəmiyyətinə, millətinə, dövlətinə və əqidəsinə xidmət edən müdrik insan olmalı və onun fəaliyyəti gələcək nəsillər üçün bir yol göstəricisinə çevrilməlidir.

Bütün bunların timsalında ümummilli lider Heydər Əliyevi nümunə göstərmək olar. Biz ona görə Heydər Əliyevi özümüzə öndər kimi müəyyənləşdirmişik ki, o, Azərbaycanın ən çətin vaxtlarında heç vaxt geriyə çəkilməmiş, hətta həyatını belə dövlət və millət uğrunda qurban verməyə hazır olmuşdur! Ulu öndər heç kimdən, heç nədən çəkinməyərək öz müdrik mövqeyini ortaya qoymuş və buna görə də Azərbaycan cəmiyyəti onu birmənalı dəstəkləmişdir. Bu səbəbdən bu gün də biz dahi lider Heydər Əliyev irsini araşdırırıq, öyrənirik. Araşdırma apardıqca hiss edirik ki, ümummilli liderin təməlini qoyduğu milli inkişaf strategiyası ilə bağlı hələ öyrənəcəyimiz çox məsələlər var.

Respublika Ağsaqqallar Şurasının üzvləri ilə gənclərin görüşləri mütəmadi olaraq keçirilməlidir. Tez-tez debatlar təşkil olunmalı, ağsaqqallarla müzakirələr aparılmalıdır. Gənclər ağsaqqallarla nə qədər çox görüşsələr, bir o qədər çox təcrübə toplaya bilərlər. Ona görə də təklif edirəm ki, həftədə, ayda bir-iki dəfə gənclərlə görüşlər keçirilsin. Bu, gənclər üçün çox maraqlı olar. Çünki biz bu gün tam formalaşmamışıq və müəyyən qədər təcrübələrə ehtiyacımız var. Ağsaqqallar Şurasının üzvləri ilə keçirəcəyimiz görüşlər, aldığımız məsləhətlər həm bizə, həm də bizdən sonrakı gəncliyə kömək olar bilər. Gələcək nəsil bu irsi qoruyub saxlayar və Azərbaycanda daim ağsaqqal məsləhəti, öyüd-nəsihəti gənclərin fəaliyyətinin prioritet istiqaməti hesab olunar.

Təəssüflə qeyd etmək istəyirəm ki, Azərbaycanda yaşına görə hörmət olunan bəzi insanlar xoşagəlməz əməllərinə görə ölkəmizə müəyyən zərbələr də vurublar. Belə insanlara Əkrəm Naibov və Rüstəm İbrahimbəyovu misal çəkmək olar. Bu şəxslər özlərinin çirkin əməlləri ilə ağsaqqal adına layiq olmadıqlarını sübut ediblər. Azərbaycan xalqını aşağılayan, qəlbində erməni sevgisini yaşadan, Dağlıq Qarabağın kimə məxsus olduğunu müzakirə mövzusu hesab edən, ermənini "məzlum xalq" adlandıran belə şəxslər Azərbaycan ağsaqqalı hesab oluna bilməz! Onlar öz əməlləri ilə həm də təsdiq etdilər ki, ağsaqqallıq yaşla və saqqalın ağlığı ilə ölçülmür. Xalq onlara artıq öz qiymətini verib. Müasir gənclik də Rüstəm İbrahimbəyov və Əkrəm Naibov kimi insanları qınayır!

Gənclərin daim ağsaqqallardan mənəvi dəstək alması mütərəqqi haldır. Eyni zamanda Azərbaycan gəncliyi böyük potensiala malikdir. Məsələn, gənclər təşkilatlarının, o cümlədən YAP Gənclər Birliyinin timsalında ölkəmizdə yüksək intellektə malik gənclər ordusu formalaşıb. Bu ordu birmənalı şəkildə Prezident İlham Əliyevin yürütdüyü siyasi kursu dəstəkləyir. Odur ki, Azərbaycan gəncliyi cəmiyyətimizin aparıcı qüvvəsidir, dövlətçiliyimizin qorunmasında və inkişafında müstəsna rol oynayır.

Azərbaycan gəncliyinin avanqard qüvvəsi olan YAP Gənclər Birliyinin fəaliyyəti məhz bu müqəddəs amala xidmət edir. Yüksək intellektli gənclərin YAP-ın sıralarına qoşulması onların partiyamızın ideya və prinsipləri ətrafında birləşmək istəyi ilə bağlıdır. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, gənclərimiz siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Eyni zamanda Azərbaycan gəncliyi ölkəmizi dünyada layiqincə təmsil etməkdədir. Hazırda gənclərimiz ölkəmizdə bütün sahələr üzrə layiqincə təmsil olunur. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati- hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Ölkəmizdə Gənclər Fondu yaradılıb və bununla da Azərbaycanda dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb ki, bu da dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi, gənclərin də hərtərəfli yararlanmasına şərait yaradacaq.

 

Gənclərimiz əsl nümunəni məhz Heydər Əliyevdən götürməlidirlər

 

 Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Ağsaqqallar Şurasının sədr müavini Südeyf İMAMVERDİYEV Azərbaycan ağsaqqallarının gənclərdən nə gözlədiklərini diqqətə çatdırdı:

- 1965-ci ildən indiyə qədər ali tibb tədrisi ilə məşğul olun, dərs deyən, mühazirə oxuyan bir insan olsam da, siz gənclərin qarşısında müəyyən qədər gərginlik duyuram. Çünki vətənimizdə, bugünkü Azərbaycan reallığında sizlərin mövqeyini, düşüncə və savadınızı görərək hər birinizə dərin ehtiramımı bildirirəm. Siz bizim daha uğurlu gələcəyimizsiniz. Biz ağsaqqallar sizinlə həmişə fəxr etmişik, daim də fəxr edəcəyik!

Ulu öndər Heydər Əliyevin məzarı nurla dolsun! O deyirdi ki, mən üç şeyə həmişə minnətdar olmuşam - Yaradanıma, zəhmətimə və bir də xalqıma! Bu sözlər onun bütün ömrü boyu, bütün fəaliyyətində özünü göstərib. Bu insan bütün varlığı ilə xalqına xidmət edərək öz xoşbəxtliyini bunda görüb. Heç vaxt özü barədə düşünməyən bu insan yüksək vəzifələrindən istefa verəndə Bakıda yaşamağa evi belə yox idi. Təsəvvür edirsinizmi? Bu insan böyük imkanlara malik olsa da, öz böyüklüyünü, borcunu yalnız xalqına xidmətdə görürdü! Xalqını, vətənini sevmək hər bir insanın ləyaqət məsələsidir. Vətəni sevmək, ona bağlı olmaq başqadır, amma bunları həyata keçirə bilmək tamamilə fərqli bir şeydir. Əgər sən xalqını sevirsənsə, gərək daim ona xidmət edəsən, daim onu tərənnüm edə biləsən.

Ən aparıcı dünya dövlətlərinin rəhbərləri Heydər Əliyevlə danışanda heyran olurdular. Onun təfəkkürünə, özünü aparmasına, öz xalqının mədəniyyətini dərindən bilməsinə və yeri gələndə bunları üzə çıxarmaq bacarığına həsəd aparırdılar. Bugünkü gənclərimiz əsl nümunəni də məhz Heydər Əliyevdən götürməlidirlər!

Eyni zamanda gənclik onun üçün yaradılmış imkanlardan geniş istifadə etməlidir. Çünki hazırda dövlətimiz gənclər üçün elə şərait yaradıb ki, onlar dünyanın aparıcı universitetlərində əlavə xərc çəkmədən təhsil ala bilirlər.

İnsan gərək gənclik dövründən başlayaraq daim çox yüksək səviyyədə xalqını təmsil edə bilmək yolunu seçə bilsin. Əlbəttə ki, bu imkanlardan geniş istifadə etmək üçün qabiliyyət, zəhmətkeşlik tələb olunur. İnsan öz xalqının mədəniyyətini bilmədən, dəyərli insanlarını tanımadan, tarixinə bələd olmadan başqa xalqların gəncləri ilə təmasda olduqda öz xalqını heç vaxt səviyyəli şəkildə təmsil edə bilməz. Bəzən məəttəl qalırsan, gəncdən soruşursan, görürsən ki, xeyli savad alıb, universitet bitirib, amma nə Üzeyir Hacıbəyovdan, nə Fikrət Əmirovdan, nə də Qara Qarayevdən xəbəri var. Axı sən bir almanla görüşərkən o, Bethovendən, Motsartdan, yaxud bir rus Çaykovskidən, Qlinkadan söz açanda, sən öz xalqının yüksək mədəniyyəti barədə danışa bilmədikdə onlar sənə natamam insan kimi baxacaqlar! Hesab edəcəklər ki, bizim mədəniyyətimizdə heç nə yoxdur, kasaddır! Ona görə də gərək böyük mədəniyyət xadimlərimizi, alimlərimizi tanıyasan, biləsən. Bu gün Azərbaycan alimlərinin elmə verdikləri töhfələr bütün dünyaya yayılıb. Gənclər bu sahədə mümkün qədər məlumatlı olmalıdırlar ki, öz xalqının da başını daim uca tutsunlar.

Xalqı sevmək, vətənpərvər olmaq yalnız dildə olmamalıdır, siz bunu daim göstərməyi bacarmalısınız. Diqqət yetirin ki, bu gün Prezident İlham Əliyev Azərbaycan gəncinin sağlam yetişməsi üçün bütün imkanları yaradıb. Çünki sağlam olmadan mübarizə aparmaq mümkün deyil! Hansısa xalqın nümayəndəsi ilə üz-üzə gələndə, idman növlərinin birində uğur qazananda bu, xalqın, millətin başucalığıdır. Elə buna görə də idman kompleksləri Azərbaycanı bürüyüb. Siz gənclər də bunun təbliğatçıları olmalısınız, gənc oğlan və qızları idmana sövq etməlisiniz. İdman olmadan insan sağlam formalaşmır, onun təfəkkürü düzgün çalışmır, tam açılmır. Deməli, biz bu istiqamətdə daim təbliğat aparmalıyıq ki, insanlarımız sağlam olsunlar. Eyni zamanda bilik əldə etmək imkanlarımızdan səmərəli istifadə etməli və daim irəliyə baxaraq inkişafa can atmalıyıq.

 

 Gənclərin dəyişməz seçimi: YALNIZ İLHAM ƏLİYEV!

 

Respublika Ağsaqqallar Şurası 2013-cü il prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Gənclərin bu seçimi tam dəstəklədiklərini qeyd edən "İrəli" İctimai Birliyinin sədri Rauf MƏRDİYEV "Niyə məhz İlham Əliyev" sualına gənclərin mütləq cavabının da olduğunu qeyd etdi:

- Bugünkü tədbirdə Azərbaycanın ən müdrik ağsaqqalları əyləşiblər. Onlarla üz-üzə dayanmaq bizim üçün böyük fəxrdir! Çünki onlar təcrübəni, müdrikliyi və zəkanı, biz gənclər isə enerjini, ambisiyanı təmsil edirik. İki nəslin bir araya gəlməsi həqiqətən nəsillərin görüşü adlanır və bu, zamanında atılmış doğru addımdır. Bu gün öz xalqını, vətənini, dövlətini düşünən Azərbaycan gənci, şübhəsiz ki, Heydər Əliyev siyasi kursu ətrafında sıx səfərbər olub və Prezident İlham Əliyevi birmənalı dəstəkləyir.

Biz "İrəli" İctimai Birliyi olaraq ötən prezident seçkilərində də xüsusi fəallıq göstərmiş, "İlhamla irəli!" kampaniyası çərçivəsində ölkəni tam əhatə edən təşviqat işi həyata keçirmişdik. Qarşıdakı seçkilərdə də bütün potensialımızı ortaya qoyaraq cənab İlham Əliyevin misilsiz fəaliyyətinin, möhtəşəm uğurlara rəvac verən siyasətinin təbliğatını aparacağıq. Təbliğat prosesinə başlamamışdan öncə müxtəlif peşəyə sahib olan gənclər arasında "İlham Əliyevi dəstəkləməyinizin səbəbi nədir" sualı ilə sorğu təşkil etdik. Sorğunun nəticəsi ümumiləşdirilərək 15 bənd müəyyənləşdirilib.

 

Beləliklə, gənclər niyə məhz cənab İlham Əliyevi dəstəkləyirlər?

- Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla qarşıdurmasında Azərbaycanın iqtisadi üstünlüyünü təmin edib. İqtisadi aspektdən Azərbaycanla Ermənistan arasında dərin uçurum var. Ermənistan yoxsul, Azərbaycan varlı ölkədir;

- Prezident İlham Əliyev Azərbaycanın Ermənistan üzərində ideoloji-siyasi qələbəsini təmin etdi. İndi ABŞ-ın 12 ştatı, Pakistan, Kolumbiya, Monteneqro, Ruminiya, Çexiya Ermənistanı soyqırımı cinayətlərinin "müəllifi" kimi tanıyır. Düşmən psixoloji-siyasi baxımdan sındırılıb;

- Prezident İlham Əliyev Ermənistanı diplomatik dalana sala bilib. Avropa Parlamenti, AŞPA və NATO Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini təsdiqləyib. Baş Assambleyada iki dəfə Ermənistanı "nokdauna"a saldırıb.

- Prezident İlham Əliyev 5 mindən artıq tələbənin xaricdə dövlət hesabına təhsil almasını təmin edib;

- Prezident İlham Əliyev sahibkarları güzəştli kreditlərlə təmin edir. Artıq 1 milyard 300 milyon manat güzəştli kredit verilib. Bu il də 250 milyon manat veriləcək. Xaricdə təhsil, güzəştli kredit və ASAN xidmət əsl "xalq layihələri"dir;

- Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi kimi böyük siyasi iradə tələb edən və Azərbaycanın geosiyasi-iqtisadi vəziyyətini köklü şəkildə dəyişən layihəni başladı. Onu başa çatdırmaq üçün yenidən prezident seçilməlidir;

- Prezident İlham Əliyev Azərbaycanda olan bütün məcburi köçkün çadır düşərgələrini ləğv edib onları müasir evlərə və qəsəbələrə köçürdü;

- Prezident İlham Əliyev Azərbaycan Ordusunu S-300 zenit-raket kompleksi ilə təmin etdi. Bunu heç də hamı - hətta pulu olan dövlətlər də edə bilmir. Bunun üçün pulun olması əsas deyil, siyasi güc mühüm məsələdir;

- Prezident İlham Əliyev Azərbaycanın peykini kosmosa çıxararaq ölkənin adını kosmik dövlətlər sırasına yazdırdı. İndi Azərbaycanın telekommunikasiya peyki ölkənin informasiya təhlükəsizliyinə xidmət edir. Bu, qeyri-neft sektorunda ən gəlirli sahədir;

- Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq statusunu BMT Təhlükəsizlik Şurasının üzvlüyünə qədər yüksəldə bildi;

- Prezident İlham Əliyev Kulevi Terminalını Azərbaycanın mülkiyyətinə çevirdi. Azərbaycanın Qara dənizə iqtisadi çıxışını təmin etdi;

- Prezident İlham Əliyev Azərbaycan investisiyalarının Avropanın gəlirli və strateji sahələrinə yatırılmasını təmin etdi. Azərbaycan "Exxon-Mobil" şirkətinin İsveçrədəki aktivlərini almaqla dövlət vəsaitini sərfəli sahələrə yatıra bildi;

- Prezident İlham Əliyev Ali Baş Komandan olaraq zabit Ramil Səfərovu həbsxanadan çıxarıb vətənə geri qaytara bildi;

- Prezident İlham Əliyev Azərbaycan regionlarının infrastrukturunu dəyişdirməklə regionlarla paytaxtın fərqini azaldıb. Bu işi başa vurmaq üçün İlham Əliyev yenə prezident seçilməlidir;

- Prezident İlham Əliyev Oğuzdan Bakıya su kəməri çəkməklə paytaxt əhalisinin, böyüyən nəslin sağlamlığını təmin edib.

Cənab Prezidentin Azərbaycanın inkişafı və yüksəlməsi üçün gördüyü işlərə yüzlərlə, minlərlə belə misal gətirmək olar. Amma vaxtın məhdudluğunu nəzərə alaraq mən bunlardan yalnız 15-ni sizin diqqətinizə çatdıra bildim.

Bu bir daha göstərir ki, gənclər cənab Prezidentin ölkə üçün gördüyü işləri bilir və onu sevirlər! Tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanın parlaq gələcəyini, daha güclü olmasını istəyən gənclər birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyirlər. Rəhbərlik etdiyim və sıralarında 30 min Azərbaycan gəncini birləşdirən "İrəli" İctimai Birliyinin adından bir daha bəyan edirəm ki, biz cənab Prezidentin gəncləriyik, əsgərləriyik və vətənimizin inkişafı, yüksəlməsi yolunda Prezidentimizin həyata keçirdiyi uğurlu siyasəti birmənalı olaraq bəyənir və müdafiə edirik!

 

 Gənclik ona bəslənən etimadı doğruldur

 

"Mənəviyyat, ictimai fəaliyyət və ümumiyyətlə, cəmiyyət həyatının əsas sahələrində ənənə ilə yeniliyi bir-birinə necə uzlaşdırmaq, qovuşdurmaq olar?" Bu məsələ həmişə ictimaiyyəti düşündürüb. Bu mövzuda danışan Ağsaqqallar Şurasının Yasamal təşkilatının sədri, AMEA-nın müxbir üzvü Kərim KƏRİMOV öncə Azərbaycanın yüksəlişindən söz açdı:

- Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir və ölkəmizin razılığı olmadan bölgədə heç bir irimiqyaslı layihə həyata keçirilə bilməz. Prezident İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən siyasət ölkəmizin adının nüfuzlu dövlətlər sırasında çəkilməsi ilə nəticələnib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bütün bunlar bu il 90 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasətin uğurlu davamının nəticəsidir.

Bu uğurlar həm də ondan xəbər verir ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək, xalqının azad, firavan yaşamasını istəyən dahi liderin ideyaları tam olaraq həyata keçirilir. Siyasi kursu layiqli əllərdə uğurla davam etdirilir. Prezident İlham Əliyev hər gün Azərbaycanı irəliyə aparır. Xalqa xidmət edən bu siyasət dövlətimizin daha da möhkəmlənməsinə şərait yaradır.

Ancaq Azərbaycanın yüksək templə inkişafını gözü götürməyən qüvvələr də var. Bu, daim belə olub. Uğurlarımızın, nüfuzumuzun artması bəzi dairələri narahat edir. Kiçik bir problem olduqda onu şişirdərək ölkəmizə təzyiq göstərmək niyyətinə düşən həmin dairələr heç vaxt istəklərinə nail ola bilməyiblər. Çünki Azərbaycan xalqı ümummilli məsələlərdə bir yerdə olub və heç vaxt milli maraqlar ayaqlar altına atılmayıb. Azərbaycan xalqının müdrikliyi də bundadır. Ona görə də bu xalq yaxşı, mənalı yaşamağa layiq xalqdır. Bir vaxtlar xalqımızın və torpaqlarımızın zorla bölünməsi də məhz buna istiqamətlənib. Azərbaycanın gələcəkdə qüdrətli dövlət olacağını bilən bəzi qüvvələr xalqı iki yerə parçalayıblar. Amma Azərbaycan bu gün yenə də dünyada söz sahibinə çevrilib. Bəzi hallarda ölkəmizə qarşı ikili standartlar müşahidə olunsa da, bu gün Azərbaycanın haqq səsi ən yüksək tribunalardan eşidilməkdədir. Bütün bunlar gərgin əməyin nəticəsində baş verib.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində gənc nəsil üçün hər cür şərait yaradılıb. Çünki gənclər dövlətin gələcəyidir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasət gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədi ilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir.

Fərəhlə qeyd etməliyik ki, onlara bəslənən etimadı doğruldan Azərbaycan gəncliyi cəmiyyətin bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Ancaq dünyada gedən qloballaşma prosesləri onu göstərir ki, bu gün ağsaqqallar və müdriklər Azərbaycan gəncliyinə doğru yolu göstərməli, onların düzgün istiqamətdə irəliləməsi üçün bütün vasitələrdən istifadə etməlidirlər.

Bu gün xarici ölkələrdə təhsil alan Azərbaycan gəncləri gələcəkdə öz ölkələrinin inkişafında mühüm rol oynayacaqlar. Eləcə də ölkəmizdə olan gənclər təşkilatlarının apardıqları siyasət, həyata keçirdikləri layihələr gənclərimizdə böyük ruh yüksəkliyi yaradır. Biz sevinirik ki, gənclər aktiv siyasətlə məşğul olur, öz fikir və təkliflərini irəli sürürlər.

 Gənclərə göstərilən dövlət qayğısı göz önündədir və çalışmalıyıq ki, bu tempi aşağı salmayaq. Gənc nəslə qayğı göstərək ki, ondan sonrakı gənc nəsil də bu ənənəni davam etdirsin.

 

Gənclər Azərbaycanın haqq səsinin yayılmasına böyük töhfə verirlər

 

 Dünya İqtisadi Forumunun Qlobal Gənclər Şəbəkəsinin Azərbaycan təmsilçisi Nərmin MƏMMƏDOVA gənclərin Azərbaycanın dünyada tanınmasına, onun problemlərinin uğurlu həllinə hansı töhfələri verə bilmələrindən danışdı:

- XXI əsrin qloballaşmanın intensiv getdiyi bir dövr olduğunu nəzərə alaraq dünyanın aparıcı universitetlərində çalışan futuroloq alimlər qeyd edirlər ki, dünyada müharibələrin daimi sülhlə əvəz olunması prosesi ya başa çatacaq, ya da dünya fəlakətlər içərisində batacaq. Məhz elə XXI əsrdə dünya dövlətləri, həmin dövlətlərin vətəndaşları vacib seçim qarşısındadır. Bu seçim ondan ibarətdir ki, biz ya kütləvi qırğın silahları əldə edərək bir-birimizə meydan oxuyacağıq, ya da qloballaşan dünyaya öz mədəni irsimizi qorumaqla qoşulacağıq.

Azərbaycan xalqı müstəqilliyə qədəm qoyduğu ilk günlərdən öz seçimini etmişdir. Azərbaycan beynəlxalq qurumlara - İslam Konfransı Təşkilatı, BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlara üzv olaraq üç vacib missiyanı öz üzərinə götürmüşdür: dünyanı tərəqqi və sülhə aparan ümumbəşəri dəyərlərin Azərbaycanda tətbiq olunması; Azərbaycanın dərin və zəngin irsinin dünyaya çatdırılması; Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması.

İnteqrasiya modeli kimi götürdüyümüz Avropa tarix boyu bir çox çətinliklərlə, müharibələrlə qarşılaşmışdır. Lakin bugünkü Avropa modeli dünyanın sülh və əməkdaşlıq modelinin ən gözəl nümunələrindən biridir. Belə ki, İkinci Dünya müharibəsindən sonra Qərb dövlətləri dağıdılmış Avropa üzərində yeni Avropa evi qurmaq qərarına gəldilər. Bu evin bünövrəsi məhz iqtisadi əməkdaşlıq olmuşdur. İqtisadi əməkdaşlığın arxasınca siyasi, sosial və mədəni əməkdaşlıq Avropa Evi ideyasını reallaşdırdı.

Azərbaycanın sürətlə artan iqtisadi gücü ölkəmizin dünya dövlətləri ilə əlaqələrinin məhz əməkdaşlıq üzərində qurulmasının nəticəsidir. Belə ki, Azərbaycanla əməkdaşlıq edən bir çox dövlətlər ölkəmizin etibarlı tərəfdaş olduğunu açıq şəkildə bildirirlər. Azərbaycanın güclü iqtisadi tərəfdaş olması eyni zamanda respublikamızı güclü siyasi müttəfiq edir. Bunun göstəricisi isə Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv olmasıdır.

Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünün artmasının məhz Azərbaycanın ərazi bütövlüyünün tez bir zamanda bərpa olunmasına istiqamətlənməsi heç kəsdə şübhə doğurmur. Eyni zamanda, Azərbaycanın gücünün artması və qlobal məkana  inteqrasiyası çağdaş dünyanın tələblərinə cavab verə biləcək kadrların meydana gəlməsinə, Azərbaycanın gələcəyinin məhz etibarlı əllərdə olmasına hesablanmış uğurlu siyasətin nəticəsidir. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, bizim əsas məqsədimiz maddi kapitalın insan kapitalına çevrilməsidir. Bu sahədəki uğurlar da göz qabağındadır. "2011-2015-ci illər xaricdə təhsil üzrə Dövlət Proqramı" çərçivəsində hal-hazırda azərbaycanlı tələbələr dünyanın aparıcı universitetlərində təhsil almaqdadırlar. Minlərlə tələbə xaricdə təhsilini davam etdirərək ixtisaslaşmış kadr kimi yetişib gələcəkdə ölkəmizə töhfəsini verəcək. Azərbaycan gəncinin rəqabətli dünya tələblərinə cavab verməsi üçün yeni, müasir səviyyəyə uyğun universitetlər açılmaqdadır. Bu, Azərbaycan gəncinə olan diqqətin, himayənin nümayişidir. Azərbaycan gənci də, öz növbəsində, dövlətimizə qarşı yönəlmiş təhlükələrə və çağırışlara hazırlıqlı olmalıdır! Dövlətçiliyimizi fəal müdafiə etməli, terrorizm kimi ümumbəşəri təhlükələrdən qorumalıdır!

Artıq neçə ildir ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar, gənc idmançılarımızın dünya miqyaslı turnirlərdə, olimpiya oyunlarında qazandıqları medallar da ölkəmizin dünyaya tanıdılmasına kömək edir. 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsində ölkəmizin əldə etdiyi birincilik Azərbaycanın möhtəşəm mədəniyyətə malik olduğunu bir daha sübut etdi.

Bu gün Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycanın bacarıqlı diplomatları ilə yanaşı, vətənpərvər gənclərimiz də fəal surətdə çalışır, Azərbaycan gənci öz rasionallığından maksimum istifadə edir. Dağlıq Qarabağ probleminə dünya ictimaiyyəti tərəfindən obyektiv qiymət verilməsi uğrunda gənclər təşkilatlarının apardığı fəaliyyətlərdən biri də beynəlxalq təsisatların elektron ünvanlarına Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı məktub "hücumları"nın və elektron imza kampaniyalarının təşkil olunmasıdır. Eləcə də "İrəli" İctimai Birliyi tərəfindən yaradılan www.genocıde.az, www.history.az kimi veb saytların, "My Karabakh - My Azerbaijan" layihəsi çərçivəsində işğal olunmuş rayonlarımıza aid bloqların bir çox xarici dillərdə təqdim olunması bu sahədə atılmış mükəmməl addımların nümunəsidir.

Azərbaycanın xaricdə təhsil alan gəncləri bu sahədə çox irəliləyişlər ediblər. ASAİF, Rusiyanın Azərbaycandakı Gənclər Təşkilatı (RAGT), Ukraynanın Azərbaycanlı Gənclər İttifaqı və bir çox digər diaspor təşkilatları Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük işlər görməkdədirlər. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla xanım Əliyevanın gördüyü işlər danılmazdır. Onun təşəbbüsü ilə 2008-ci ildə başladılan "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın 50-yə yaxın ölkəsində soyqırımının tanıdılması üçün tədbirlər silsiləsi həyata keçirilmişdir. Azərbaycanın diaspor fəaliyyətinə verdiyi töhfələrlə yadda qalan digər gənc isə Azərbaycan-Avropa Cəmiyyətinin sədri Tale Heydərovdur. Təqdirəlayiq haldır ki, həm Leyla Əliyeva, həm də Tale Heydərov Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə cənab Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif olunublar.

Bildiyiniz kimi, bu yaxınlarda ölkəmizdə Dünya İqtisadi Forumu keçirildi. Bu, əslində Azərbaycanın yalnız regionda deyil, dünyada sözünü demək iqtidarında olduğunu sübut etdi. Təmsil etdiyim Dünya İqtisadi Forumunun Qlobal Gənclər Şəbəkəsi dünyada liderlik potensialı ilə seçilən 2000 nəfərə yaxın gənci öz ətrafında birləşdirən bir platformadır. Bu il bu şəbəkənin Bakı təmsilçiliyi fəaliyyətə başlamışdır. Şəbəkə üzvləri təmsil olunduqları ölkələrin sosial-iqtisadi problemlərini müzakirə edir və onların birlikdə həlli yollarını araşdırırlar.

Dəyərli ağsaqqallar, qətiyyətlə əmin ola bilərsiniz ki, sizin bizə miras qoyduğunuz Azərbaycan etibarlı əllərdədir. O əllərdə ki, milli özünəməxsusluğumuzu qoruyub, Azərbaycanımızı gücləndirib və inkişaf etdirib, daha da qüdrətli dövlətə çevirib özündən sonrakı nəsillərə verəcək!

 

Heydər Əliyev irsi gənclərin fəaliyyətində alternativsiz istinad mənbəyidir

 

"Heydər Əliyev irsini necə öyrənməli, öyrətməli və yaşatmalı" mövzusuna toxunan Azərbaycan Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin Aran Regional Mərkəzinin sədri Murad HƏSƏNLİnin sözlərinə görə, Heydər Əliyev irsi gənclərin fəaliyyətində alternativsiz istinad mənbəyidir:

 

- Hər bir xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu dəyərlər bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir. Heydər Əliyev irsini öyrənmək və təbliğ etmək üçün ilk növbədə bu dəyərlərə yiyələnmək lazımdır.

Heydər Əliyev şəxsiyyəti üçün ən vacib şərtlərdən biri məhz milli-mənəvi dəyərlərə sahib olmaq idi. Ümumiyyətlə, milli-mənəvi dəyərlər nədir? - Mənəvi dəyərlər insanı cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması prosesi nəticəsində dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən xüsusiyyətlər yaranır. Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur.

Heydər Əliyev irsinin iki əsas istiqaməti olan prinsiplər - milli-mənəvi dəyərlər və azərbaycançılıq hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir! Bu, həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışilə gənc dövlətin siyasi və iqtisadi əsasları yaradılmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət verilməyə başlandı. Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlaması oldu.

Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev üç tərkib hissəni xüsusi qeyd edirdi: dil, din, adət-ənənə. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur. Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir. "...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" deyən Heydər Əliyev azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Heydər Əliyev bilirdi ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yolgöstərəni və bələdçisidir. "Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik" deyən ümummilli liderin işıqlı ideyaları, şərəfli irsi bu gün də yaşayır və həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən fenomenə çevrilmişdir. Bu gün biz gənclər Prezident İlham Əliyevi eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bu gün ulu öndərin ali ideyalarının gerçəkləşməsində cənab İlham Əliyevlə birgə onun xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban xanım Əliyeva demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına Birinci xanım ənənəsini də gətirmişdir.

Çıxışımın sonunda qeyd etmək istərdim ki, biz gənclər də ümummilli lider Heydər Əliyevin şərəfli irsinin və Prezident İlham Əliyevin qorunmasına önəm verdiyi milli dəyərlərimizin müdafiəçisiyik. Və bu yolda daim cənab Prezidentin yanındayıq! Azərbaycanın inkişafı məhz Heydər Əliyev siyasi kursu ilə bağlıdır! Bu kurs, bu irs biz gənclərin fəaliyyətində alternativsiz istinad mənbəyidir. Bu irsi öyrənmək, təbliğ etmək, yaşatmaq biz gənclərin əsas missiyasıdır! Bu missiya biz gənclər tərəfindən də layiqincə davam etdirilir və etdiriləcək!

 

Vətənpərvərliyin təbliğatına zəruri ehtiyac var

 

Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, əməkdar kənd təsərrüfatı işçisi və Qarabağ müharibəsi veteranı İmran ƏBİLOV vətənpərvərlik anlayışına ağsaqqalların baxışından danışaraq dedi:

- Gənclər nə qədər uğurlar qazansalar, yenə də ağsaqqalların məsləhətlərinə ehtiyacları var. Bugünkü toplantının da əsas qayəsi bundan ibarətdir. Biz yetmiş il Sovet İttifaqının əsarətində yaşamışıq, amma çox şükür ki, milli adət-ənənələrimizi, əsasən də vətənpərvərlik hissimizi qoruyub bugünkü nəsillərə çatdıra bilmişik. Xüsusilə Heydər Əliyev o dövrdə cəmiyyətdə vətənpərvərlik və milli hissin qorunub saxlanmasına və yüksəlməsinə böyük şərait yaratdı. O, təkcə rəhbər deyil, həm də xalqımızın müdrik ağsaqqalı idi! Ağsaqqallara da, gənclərə də böyük qayğı göstərirdi.

Heydər Əliyevin cəsarəti, vətənpərvər addımları haqqında minlərlə misal göstərmək olar. 1990-cı ilin yanvarında Qorbaçovun rəhbərliyi ilə Sovet ordusu azərbaycanlıları qana buladı. Səhəri gün Heydər Əliyev özünü təhlükəyə ataraq Moskvada Qorbaçovu tənqid edən bəyanat verdi. Bu bəyanat Azərbaycan xalqını dirçəltdi və bütün dünyaya sübut etdi ki, həqiqətən də Qorbaçov çox iyrənc bir addım atıb! Heydər Əliyev tərəfindən atılan təkcə bu addım böyük cəsarətin, öz xalqına xidmətin və vətənpərvərliyin ən yüksək nümunəsi idi. Onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" cümləsini böyük iftixarla qeyd etməsi də bunun əyani sübutudur.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə Heydər Əliyev ideyaları aydın görünür. Prezident İlham Əliyevin Azərbaycan gənclərinə olan böyük diqqət və qayğısı da bunu göstərir. Dövlət başçısının yaratdığı gözəl şəraitin nəticəsidir ki, gənclərimiz idman sahəsində möhtəşəm uğurlar qazanır, minlərlə tələbə xaricdə təhsil alır, qazandıqları nailiyyətlərlə vətənpərvərlik nümunəsi göstərirlər.

Ağsaqqallarımız da gənclərimizə böyük ümidlər bəsləyirlər. Biz onlarla birlikdə vətənimizin doğma parçası olan Qarabağın azad edilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bizim qəhrəmanlarımız çoxdur. Ermənilərə qarşı müharibədə 168 nəfər övladımız "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Onların hamısı bu adı alanda gənc idi. Mübariz İbrahimov kimi qəhrəman oğullarımızın göstərdiyi igidliklər isə tək xalqımız üçün deyil, başqa ölkələrdə də dastan olmuşdur!

Bu mövzuda bəzi təkliflərimi də vermək istəyirəm. Yaxşı olar ki, televiziyalarda vətənpərvərlik mövzusunda proqramların sayı artırılsın, milli qəhrəmanların, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı, vətənə göstərdiyi xidmətlər haqqında yeni verilişlər hazırlansın. KİV-lərdə bu mövzuda məqalələrə geniş yer verilsin. Yaşlı vətənpərvərlərlə gənclərin görüşləri mütəmadi təşkil edilsin. Bu görüşlər tək Bakıda deyil, rayonlarda, kəndlərdə də keçirilsin.

 

 Biz vətənpərvərliyi ən böyük Azərbaycanlı olan ümummilli liderimizdən və ən böyük vətənpərvər cənab Prezidentimizdən öyrənirik

 

Cəlilabad rayonundakı Heydər Əliyev Mərkəzinin direktoru Münasib HƏSƏNOV isə vətənpərvərlik mövzusunda danışarkən qeyd etdi:

- Əbədiyaşar xatirəsini bu gün böyük ehtiramla andığımız ulu öndər Heydər Əliyev Azərbaycanın əsl müstəqillyinin banisi olaraq istiqlaliyyətimizin əbədiliyini, dönməzliyini təmin edən siyasi kursun da müəllifidir. Səməd Vurğunun "Azərbaycan" şeirini söyləyərkən liderimizin necə kövrəldiyinin hamımız canlı şahidiyik. Bu duyğusal anlar Heydər Əliyevin vətəninə, xalqına nə dərəcədə bağlı olduğunu əyani sübut edən, Azərbaycanın ən böyük vətənpərvəri olduğunu təsdiqləyən minlərlə faktdan sadəcə biridir. Müasir Azərbaycan ulu öndərin biz nəslə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.

Dahi şəxsiyyətimiz demişdir ki, "hər bir vətəndaş həm də vətənpərvər olmalıdır". Ümummilli lider bu ifadəni necə gerçəyə çevirməyin də nümunəsini öz parlaq şəxsiyyətində yaratmışdır. Onun vətənpərvərliyi həm də milyonlarla həmvətənimizi səfərbər edən, müqəddəs ideallar uğrunda fədakarlıq göstərməyə çağıran qeyri-adi bir güc idi.

Belə ki, Heydər Əliyevin 1993-cü il noyabrın 2-də Azərbaycan xalqına tarixi müraciəti bütün ölkə əhalisini, xüsusilə də Azərbaycan gəncliyini ayağa qaldırdı. Ölkədə qısa müddət ərzində vətənpərvərlik ruhu yüksəldi, hərbi xidmətə çağırış qaydaları nizama salındı, müdafiə sistemi gücləndirildi.

Əvəzsiz liderimizin 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratması, 2 fevral 1996-cı ildə ilk dəfə olaraq müstəqil Azərbaycan gənclərinin forumunu keçirməsi və forumda şəxsən iştirak etməsi, 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edərək "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" sərəncam imzalaması gənclərə yeni ruh verdi və vətənpərvərlik hissini gücləndirdi. Əsl vətənpərvərlik və gəncliyə diqqət bu idi! Sevindirici haldır ki, ''Gənclər siyasəti haqqında'' Azərbaycan Respublikasının Qanunu 9 aprel 2002-ci il tarixində ümummilli lider tərəfindən imzalanıb. Bu işlər ulu öndərin gəncliyə xüsusi diqqətinin məntiqi davamı idi. Çünki hələ sovetlər dövründəki hakimiyyəti illərində də gənclik bu qayğını hiss etmişdi. 1970-1980-ci illərdən başlayaraq hər il Azərbaycandan 1000-1600 gənc digər respublikalara ali təhsil almaq üçün göndərilirdi. Təhsil almış bu gənclər vətənə ixtisaslı kadrlar kimi qayıdırdılar. Həmin gənclərin xeyli hissəsi indi respublikamızda məsul vəzifələrdə çalışır, xaricdə qalanlar isə Azərbaycan diasporunun özəyini təşkil edirlər. Bəli, gələcəyə hesablanmış əsl vətənpərvərlik siyasətinin uğurlu nümunəsi bu idi.

Həmin siyasət bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və daim yüksələn xətlə inkişafdadır. Bu gün bütün rayonlarda olimpiya komplekslərinin tikilməsi sağlam gəncliyin, Gənclər evlərinin inşası fəal gəncliyin, ipoteka yolu ilə kreditlərin verilməsi təminatlı gəncliyin, Bayraq meydanlarının istifadəyə verilməsi zəngin milli-mənəvi dəyərlərə bağlı gəncliyin, Heydər Əliyev mərkəzlərinin tikilməsi isə əsl vətənpərvər Azərbaycan gəncliyinin yetişməsinə xidmət edir! Biz regionlarda bu inkişafı bir fərd olaraq yaxından hiss edirik. Bu qayğının, diqqətin nəticəsidir ki, region gəncləri cənab Prezidentimizin siyasətinə sadiqdir!

Bu vətənpərvərlik siyasətinin bariz nümunəsidir ki, orduda minlərlə Mübariz, Fərid kimi qəhrəman övladlarımız var. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov hər birimizin qürur mənbəyidir. Onun rəşadətli döyüş yoldaşı Fərid Əhmədov mənim həmyerlim, sinif yoldaşım və yaxın dostum olmuşdur. Fərid həmişə deyərdi: "Mən vətən uğrunda, Heydər Əliyevin müqəddəs ideyaları uğrunda, hörmətli Prezidentimiz cənab İlham Əliyevin siyasəti uğrunda şəhid olmağa hazıram. Çünki bu dövlətin yolunda şəhid olmağa dəyər, bu, şərəfdir, qiymətini alacaqsan - bu, dəqiqdir". Bəli, bu mənim dəfələrlə eşitdiyim real sözlər idi. Dünən Heydər Əliyev ideyaları uğrunda şəhid olan Fəridin arxasınca gedərək bu gün cənab İlham Əliyevin siyasəti uğrunda şəhid olmağa hazır olan minlərlə gənc vardır! Bu gün Azərbaycan gəncinin yalnız bir amalı vardır: Heydər Əliyevin müqəddəs ideyalarını qorumaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək həmin ideyaları inkişaf etdirmək!

Ulu öndər həmişə iftixar hissi ilə deyirdi ki, "mən fəxr edirəm ki, mən azərbaycanlıyam". Əgər ulu öndər azərbaycanlı olduğuna görə fəxr edirdisə, biz Azərbaycan gəncləri bu gün qürur hissi duyuruq ki, bizim Heydər Əliyev kimi dünya şöhrətli ümummilli liderimiz vardır!

Biz vətənpərvərliyi ən böyük Azərbaycanlı olan ümummilli liderimizdən və ən böyük vətənpərvər cənab Prezidentimizdən öyrənirik!

 

Dünya Azərbaycanı Heydər Əliyevə görə tanıyırdı

 

Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor Əjdər Ağayev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və onun qorunmasına münasibətini belə ifadə etdi:

- Milli-mənəvi dəyərlərin konsepsiyası əslində Heydər Əliyev irsində tam əks olunub. Buna nə ağsaqqallar, nə də gənclər fərdi yanaşmasın. Amma atalar və oğullar problemi olub və yenə də var. Bu, milli-mənəvi problemlərə aid deyil, adət-ənənələrə aiddir. Düzdür, bu da milli dəyərlər üzərində qurulur, amma adət-ənənə dəyişir, universallaşır. Burada atanın mühafizəkarlığı meydana çıxa bilər və s.

Milli-mənəvi dəyərlərin qorunub saxlanmasında ağsaqqalların sözündən, izahından çox onların örnəyi gənclərə təsir göstərir. Bir misal çəkmək istəyirəm. 1977-ci il idi, mən Azərbaycan Gənclər Təşkilatı Metodiki Şurasının sədri idim. Bütün SSRİ üzrə komsomol təşkilatlarından nümayəndələr Ulyanovska dəvət olunmuşdu. Mən də yenicə mehmanxanada yerləşmişdim ki, telefon zəng çaldı. "Ulyanovskiy molodost" qəzetinin müxbiri soruşdu ki, siz Bakıdan gəlmisiniz? dedim, bəli! Adımı və familiyamı qeyd elədi. Təəccübləndim ki, mən bura yeni gəlmişəm, məni necə tanıyıblar?! Daha sonra o müxbirlə görüşdük. Soruşdum ki, bütün SSRİ respublikalarından burada nümayəndələr var, nə yaxşı məni tanıdınız? Dedi ki, mən sizi Heydər Əliyevə görə tanıdım. Ulyanovskda Nəriman Nərimanovun heykəli qoyulurdu, Heydər Əliyev də orada iştirak edirdi. Hava o qədər soyuq idi ki, insanlar dayana bilmirdilər, amma Heydər Əliyev iki saatdan artıq müddətdə orada çox vüqarla, mərd-mərdanə dayandı və o qədər gözəl çıxış etdi ki, mən valeh oldum! Bax bu, ağsaqqal, lider örnəyidir! Ona görə atalar deyib ki, "yüz eşitməkdənsə, bir görmək yaxşıdır". Bəli, dünya Azərbaycanı Heydər Əliyevə görə tanıyırdı!

Gənclərimiz də gördükləri örnəklərdən bəhrələnməlidirlər. Metroda elan olunur ki, "yaşlılara və hamilə qadınlara yer verin". Bir neçə dəfə müşahidə etmişəm ki, gənclərimiz həqiqətən də bunu yerinə yetirirlər. Amma bu fikirləri bir avropalıya desən, çox qəribə baxacaq. Çünki onların düşüncəsi, dəyərləri tam fərqlidir. Artıq avropalılar da etiraf etirlər ki, Azərbaycan dəyərləri, Azərbaycan adətləri çox alidir. Bir dəfə təhsil islahatı ilə əlaqədar Avropadan bir nəfər professor gəlmişdi. O dedi ki, mən sizi öyrəndim, sizin milli-mənəvi dəyərləriniz dünyaya lazımdır, onu əldən verməyin!.. Ona görə elə hesab edirəm ki, ağsaqqalların da, gənclərin də baxışı bir istiqamətdədir, bir özəkdədir. Çox tövsiyə edərdim ki, biz Heydər Əliyev barədə danışarkən əsərlərinə istinad edək, həqiqi mənada oxuyub həzm edək və onun üzərində işlərimizi quraq. Bununla da öz milli dəyərlərimizə, öz kökümüzə sadiqliyimizi nümayiş etdirə bilərik.

 

 Milli-mənəvi dəyərlərə sahib gənclik dövlətçiliyin inkişafında əsas amildir

 

Milli-mənəvi dəfərlərin qorunması mövzüsunu davam etdirən  "Dialoq Avrasiya" Gənclər Platformasının Azərbaycan təmsilçisi Edil HƏSƏNOV qeyd etdi ki, çox dəyərli böyüklərimizin, tariximizin canlı korifeylərinin qarşısında söz demək nə qədər fəxr ediləcək və qürurverici olsa da, bir o qədər də məsuliyyətlidir:

- Bugünkü tədbir çox əlamətdardır. Çünki bu gün biz gənclərin sizin kimi dəyərli böyüklərimizin qızıl timsallı məsləhətlərindən, biliklərindən, təcrübəsindən faydalanmağa çox ehtiyacımız var və məhz bu səbəbdən də rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzetinin redaksiyası bu zərurəti duyaraq belə möhtəşəm tədbirin həyata keçirilməsinə öncüllük edib. Bunun üçün də mən rəsmi dövlət qəzetimizin kollektivinə dərin təşəkkürümü bildirirəm. Bu tədbir bizim milli-mənəvi dəyərlərimiz olan böyüklərimizə hörmətin, minnətdarlığın nə qədər güclü olduğunu göstərir.

Beynəlxalq dialoq qurumunda çalışan bir şəxs kimi zaman-zaman bu dialoq panellərinin qurulmasının və gənclərlə daha təcrübəli böyüklərimizin bu panellərdə görüşdürülməsinin, fikir mübadiləsinin, təcrübə paylaşımının tərəfdarıyam. Dünyanın bütün ölkələrində gənclərlə bağlı müxtəlif tədbirlər, konfranslar təşkil olunur. Amma bunların əksəriyyəti öyüd-nəsihət, məsləhət xarakterli olur. Gənclər nə qədər öyüd-nəsihət almaq lazım olduğunu dərk etsə də, hər zaman onun da öz fikirlərinin, baxışlarının böyüklər tərəfindən dinlənməsini arzu edərlər. Təqdirəlayiq haldır ki, tədbirimizdə bu balans qorunub. Həmçinin qeyd etməliyəm ki, artıq respublikamız bu sahədə də dünyada model olacaq ölkə halına gəlib.

XX əsrin sonlarında dünyada meydana gələn qlobal dəyişikliklər təkcə iqtisadiyyat və siyasət sahələrində deyil, eləcə də dövlətin, cəmiyyətin bel sütunu olan milli-mənəvi dəyərlərinə də təsirsiz qalmır. Bu baxımdan da milli-mənəvi dəyərlərin mühafizəsi nəinki çətinləşmiş olur, hətta çox təəssüf ki, bəzi dəyərlər, adət-ənənələr unudulur. Milli-mənəvi dəyərlərimiz bizim ən böyük sərvətimizdir. Bu nə neft, nə qaz, nə də zamanla tükənən digər təbii ehtiyatlardır. Bu sərvət hər zaman olub və ölkəmizin dinamik inkişafının ən böyük ehtiyatıdır. Hər bir ölkənin özünün malik olduğu bir milli-mənəvi dəyərlər sistemi var. Böyük tarixi keçmişi olan Odlar diyarı ölkəmiz də çox dərin və zəngin milli-mənəvi dəyərlər sisteminə malikdir. Bu dəyərlər sistemi - bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.

Bu sərvətimizin nə qədər böyük əhəmiyyətə malik olduğunu çox yaxşı bilən ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bu prinsiplərə sadiq qalan ölkə Prezidenti İlham Əliyev də bu gün bu mirasımızın qorunub saxlanmasına çox böyük diqqət ayırır. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Onun üçün də hər bir ölkə vətəndaşı bunu bilməli, dərk etməli, yaşamalı, həyatının ən ayrılmaz hissəsinə çevirməlidir. Xüsusən də bu işdə biz gənclərə çox böyük məsuliyyət düşür.

Gənclik toplumun ən böyük potensialıdır. Bununla yanaşı gəncliyin də ən böyük potensialı saglam düşüncə, milli-mənəvi dəyərlərə bağlılıqdır. Bu potensial adi həyat tərzinə, zərərli alışqanlıqlara, mənəvi aşınmalara, piketlərə, provakasiyalara sərf edilməyəcək, kitabxanalarda, elmi araşdırmalarda, cəmiyyətdə tutduğu mövqedən, vəzifədən asılı olmayaraq ölkənin inkişafına ən maksimal şəkildə sərf edəcək qədər önəmli potensialdır. Ümummilli lider Heydər Əliyev gənclərə yüksək mənəvi keyfiyyətlər aşağılamağı tövsiyə edir və "Gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik" deyirdi.

Bir millətin, bir dövlətin mövcud olmasında, inkişafında sağlam düşüncəli, bilikli, milli-mənəvi, əxlaqi dəyərlərə sahib gəncliyin rolu çox böyükdür. Ona görə də gənclərin düzgün yetişdirilməsi, düzgün istiqamətləndirilməsi və gələcəyə hazırlanması hər bir dövlətin ən vacib məsələlərindən biridir. Vilhelm Snelmanın bir deyimi var: "Gəncliyin ruhunu şumlanmayan bir tarla kimi öz halına buraxsanız, orda zərərli qanqal otları, tikanlar yetişər".

Qloballaşan dünyamızda sosial, iqtisadi, mədəni, mənəvi və sürətlə artan bir çox problemlər var ki, onların həlli dövlətləri, millətləri, mədəniyyətləri, insanları böyük çətinliklərlə qarşı-qarşıya gətirir. Bu problemlərin həllində ən çox çətinliklərlə qarşılaşanlar məhz gənclərdir. Bu problemlərin həllinə çalışarkən çox vaxt böyük səhvlər edə bilir, risklərlə qarşı-qarşıya qalırlar. Təbii ki, bu da gənclərin kifayət qədər geniş təcrübəyə sahib olmamalarından irəli gəlir. Gənclik dövrü insanın ən mükəmməl inkişaf dövrüdür və hər bir gənc özünü bu dövrdə çox özəl hesab edir. Gənclər daim dinamik şəkildə dünyanı tanımaq, araşdırmaq və dəyişdirmək marağında, arzusundadırlar. Amma bu istək və arzular bəzən fanatizmə, irqçiliyə, şiddətə çevrilir və şəxsi eqolar ön plana çıxır, hər kəs "MƏN" deyə səsini dünyaya eşitdirməyə çalışır. Bu da bəzi hallarda fəlakətlərə gətirib çıxarır. Belə olan təqdirdə insanlar, nəsillər arasında qarşılıqlı münasibətlərin, dialoqun önəmi daha artmış olur. Çünki dialoq anlayışı gənclərin bu istəklərini, arzularını tolerantlıq, humanizm, ədalət və barış çərçivəsində dəyərləndirmək, gənclərdə olan bu potensialı müsbət istiqamətə yönəltmək funksiyasına malikdir.

Azərbaycanımızın daha da inkişafı və dünyada layiqli yerini tutması üçün milli-mənəvi dəyərlərə sahib, eyni zamanda bunun beynəlxalq sferada ən gözəl təbliğini həyata keçirəcək, Azərbaycan həqiqətlərini dünya dövlətlərinə çatdırmağı və qəbul etdirməyi bacaran müasir, modern gəncliyə ehtiyacımız var. Milli-mənəvi dəyərlər və müasirlik - bir quşun iki qanadı kimidir. Bunları hər zaman paralel inkişaf etdirmək lazımdır.

Ölkəmiz hər zaman tolerant, humanist dövlət kimi tanınıb. İnanıram ki, ölkəmizin və ümumiyyətlə dünyanın daha gözəl, insanların sülh və barış ortamında, hər zaman qarşılıqlı dialoq şəraitində yaşaya bilmələri üçün milli-mənəvi dəyərlərə sahib olan ölkə gənclərimizin böyük xidmətləri olacaq. Bu potensial bizdə var və bunun üçün durmadan çalışmalı, ölkə rəhbərliyinin ümidlərini doğrultmalıyıq.

 

Ağsaqqallarla gənclər arasında təmaslar mütəmadi xarakter daşımalıdır

 

"Nəsillərin görüşündən nə gözləyirsiniz və onun səmərəli olması üçün təklifləriniz nədir?" mövzusu ilə bağlı isə Ağsaqqallar Şurasının Sumqayıt Təşkilatının sədri Müzəffər GÜLÜMOV çıxış etdi:

- Bu gün nəsillərin görüşündə Azərbaycan ağsaqqalları gənc nəslin nümayəndələri ilə olduqca vacib məsələlər ətrafında müzakirələr apardılar. Seçilmiş mövzuların rəngarəngliyi, gənclərin yeni fikirləri və ağsaqqalların hikmətli sözləri, məsləhətləri ümummilli lider Heydər Əiyevin 90 illik yubileyinə bir töhfə oldu.

Azərbaycan Prezidenti İlham Əliyev Ağsaqqallar Şurasının VI qurultayına göndərdiyi təbrikdə yeniyetmə və gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində ağsaqqalların böyük rolu olduğunu qeyd etmişdir. Prezident həm də ümidvar olduğunu bildirdi ki, Respublika Ağsaqqallar Şurası Azərbaycan cəmiyyətində nüfuzunu daha da artıracaq, dövlət orqanları ilə əməkdaşlığının dərinləşməsinə yenidən təkan verəcəkdir. Bəli, bu gün ağsaqqallar gənc nəslin vətənpərvər ruhda böyüməsi, dövlətə, millətə sevgi hissinin daha da artırılması istiqamətində öz təklif və məsləhətlərini əsirgəmirlər. Ağsaqqallarımıza da həmişə Azərbaycan dövləti tərəfindən qayğı və diqqət göstərilib, onların əməyinə yüksək qiymət verilib.

Bəli, Azərbaycanda ağsaqqallar həmişə xalq arasında böyük nüfuza malik olmuşlar. Ağsaqqal sözü insanlar tərəfindən həmişə hörmətlə qarşılanmışdır. Ağsaqqal öz həyat təcrübəsi, təmkini və ağlı ilə el arasında seçilib, mühüm məsələlərin həllində söz sahibi olub. Ağsaqqal, eyni zamanda, xalqın ən yaxşı adət-ənənələrinin saxlayıcısı, daşıyıcısı və nəsildən-nəslə ötürücüsüdür. Ağsaqqal cəmiyyətdə tərbiyəedici nüfuza malikdir. Müasir cəmiyyətimizdə də yeni nəslin tərbiyəsində, cəmiyyətin formalaşmasında, dövlətimizin inkişafında, onun idarə olunmasında və həyatımızın bütün sahələrində ağsaqqal sözü, ağsaqqal məsləhəti əvəzsiz rol oynayır.

Bizim qarşımıza qoyduğumuz məsələlərin hamısı respublikamızın suverenliyinin qorunmasına, sosial-iqtisadi inkişafına, mədəni yüksəlişinə, maddi-mənəvi dəyərlərinin qorunması və nəsildən-nəslə ötürülməsinə yönəlmişdir. Bugünkü "dəyirmi masa"da səslənən fikirlər bunu təsdiq etdi. Hesab edirəm ki, həqiqətən də ağsaqqallarla gənclər arasında təmaslar mütəmadi xarakter daşımalı və belə görüşlər tez-tez baş tutmalıdır. Gənclərin ağsaqqallardan öyrənəsi hələ çox məsələlər var. Bu onların həyat təcrübəsini daha da artırar və dünyagörüşünü zənginləşdirər. Bütün bunların səmərəli olması üçün gənclərin ağsaqqallara güvənməsi və məsləhətlərinə əməl etməsi vacibdir. İnanıram ki, qarşıda biz yeni mövzular ətrafında səmərəli müzakirələr aparacaq və maraqlı diskussiyalar keçirəcəyik. Bütün bunlar isə gənclərimizdə dövlətimizin, dövlətçiliyimizin qorunması məsuliyyətini artıracaq, vətənə, millətə sevgi hissini yüksəldəcək və onlar Prezident İlham Əliyevin apardığı siyasi kursa dəstək olaraq iti addımlarla irəliləyəcəklər.

Bir məsələyə də toxunmaq istəyirəm. Bu gün gənc nəsildə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi üçün ilk növbədə orta məktəblərdə yüksəksəviyyəli dərslər tədris olunmalı, milli qərhəmanlarımız, şəhidlərimiz, igid oğullarımızla bağlı kitablar yazılmalı, filmlər çəkilməlidir. Ağsaqqalların da başlıca vəzifəsi gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda böyüməsi, vətəni qorumağa həmişə hazır olması, doğma yurda, ana torpağa məhəbbət, xalqın adət-ənənələrinə hörmət bəsləməsi, müasir biliklərə yiyələnməsi istiqaməitində qurulmalıdır. Televiziya kanallarında yayımlanan, xalqımıza xas olmayan, gənclərimizin tərbiyəsinə mənfi təsir edən bəzi verilişlər ağsaqqallarımızı çox narahat edir. Biz senzura tərəfdarı deyilik. Lakin istərdik ki, səthi, dayaz, lazımsız seriallara, şoulara və başqa bu kimi bayağı verilişlərə yox, xalqın adət-ənənələrindən, ölkəmizin tarixindən, görkəmli şəxsiyyətlərindən, qəhrəmanlarımızdan bəhs edən, vətənpərvərlik mövzusunda olan verilişlərə üstünlük verilsin.

 

Azərbaycanda ləyaqətli gənc nəsil formalaşıb

 

Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov da ağsaqqallarla gənclər arasında mənəvi vəhdətin, ünsiyyət və təmasın yaradılmasını və möhkəmlənməsini zəruri saydı:

- Düşünürəm ki, gənclərlə ağsaqqallar arasında keçirilən bu görüşlər nəsillərarası uçurumların aradan qaldırılmasını, bu istiqamətdə yaxınlaşmanı təmin etməyə qadirdir. Bildiyimiz kimi, "atalar və oğullar" problemi tarixin özü qədər qədim və həll olunmamış, yəqin ki, həll olunmayacaq bir problemdir. Hər sonrakı nəslin özündən əvvəlkini köhnəlikdə günahlandırması, hər əvvəlki nəslin sonrakını korlanmaqda, pozulmaqda suçlaması, demək olar ki, təbii prosesə çevrilib. Qəribədir ki, hər iki tərəfin sözlərində müəyyən həqiqətlər var. Hətta bugünün müasir gənci də özünün 3-5 il qabaq qurtardığı məktəblə bugünkü məktəb arasında böyük fərq olduğunu söyləyir, "biz oxuyan vaxt belə deyildi" deyir.

Azərbaycanın yenidən müstəqilliyini əldə etməsindən 22 ilə yaxın vaxt ötür və bu baxımdan onun ictimai, siyasi, mədəni və mənəvi həyatında da bir canlanma, dəyişiklik hiss edilməkdədir. Azərbaycanda sovet dövrü məktəbini keçmiş və vaxtı ilə sosializmin insanları xoş gələcəyə aparacağı ideologiyası ilə tərbiyə olunmuş orta və yaşlı nəsil var. Təxmini hesablamalara görə, onlar hazırda ölkə əhalisinin 40-45 faizini təşkil edirlər. İki müxtəlif sistemdə yetişən insanların istər siyasi, iqtisadi, istərsə də mədəni, mənəvi dünyagörüşləri arasında kifayət qədər fərq var. Bu da əksər hallarda yaşlı və orta nəsillə gənc nəsil arasında müxtəlif səviyyəli polemikaların, mübahisələrin yaranmasına gətirib çıxarır. Belə hallarda adətən bəzi gənclər orta və yaşlı nəsli, yumşaq desək, sosializmin qalıqları adlandıraraq, onları gerifikirli olmaqda günahlandırırlar. Qarşı tərəf isə, öz növbəsində, gəncləri mədəni, mənəvi dəyərlərə əməl etməməkdə, böyük-kiçik yeri bilməməkdə günahlandırır. Əlbəttə, hər iki tərəf bu məsələdə subyektiv mülahizə irəli sürür. Amma bütün hallarda yeni sistem, yeni düşüncə tərzi keçmişə nifrətlə yanaşan və özündən əvvəlki mənəvi, mədəni dəyərləri heç hesab edən və sosializmin ideoloji təbliğatına uyaraq yeni "atasını satan Pavlik Morozovlar" yetişdirməyə xidmət etməməlidir. Əks halda bunun ağrısını məhz indi yetişən gənc nəsil gələcəkdə daha ağır tərzdə öz üzərində hiss edəcəklər.

Bu sətirlərin müəllifi digər həmyaşıdları kimi, sovet dövrünün itirilmiş nəslinə mənsubdur. Orta yaşlı nəsil sovet ideologiyasının yalanlar üzərində qurulduğunu yalnız SSRİ dağılandan, sosializmlə kapitalizm arasındakı dəmir pərdələrin aradan qaldırılmasından sonra anladı. Açıq demək istəyirəm ki, sosializm dövründə milli-mədəni, mənəvi dəyərlərə hörmət indikindən dəfələrlə yüksək idi. Sosializm cəmiyyətinin yeni nəslin formalaşmasına xidmət edən yüksək əxlaq kodeksləri vardı. Onun əsasında düzlük, yalan danışmamaq, özündən böyüyə hörmət etmək və keçmişdən günümüzə qədər gəlib çıxan əxlaqi dəyərləri qoruyub saxlamaq dayanırdı. Bu kontekstdə böyüyə, qadına, qocaya, uşağa hörmət etməyə xüsusi diqqət yetirilir, qeyri-əxlaqi həyat tərzi qəti şəkildə rədd edilirdi. O dövrdə özündən böyüyün yanında icazəsiz danışmaq ən böyük tərbiyəsizlik hesab olunurdu. Orta nəsil özündən yaşlı nəslin yanında atdığı hər addıma, danışdığı hər sözə görə məsuliyyət daşıdığını bilir və cüzi istisnalarla böyük əksəriyyət buna uyğun hərəkət edirdi.

Yəqin heç kəsə sirr deyildir ki, Azərbaycanda ləyaqətli gənc nəsil formalaşmışdır. Azərbaycanın gələcəyi bu nəsillə bağlıdır. Bu gün əsası qoyulan ənənələrin həmin gənclər tərəfindən layiqincə həyata keçiriləcəyinə heç kimdə şübhə yoxdur. Bu gənc nəslin formalaşmasında dövlət gənclər siyasəti, həmçinin onunla bahəm ictimaiyyət, valideynlərlə müəllimlərin də xüsusi rolu var. Bu gün gənclərimizi bir tərəfdən Azərbaycanın ictimai-siyasi inkişafı, ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsi maraqlandırır, digər tərəfdən, bu proseslər onlarda ciddi qürur və iftixar hissləri formalaşdırır. Gənclərimizin fəallığı Azərbaycanda ictimai-siyasi proseslərin müsbət məcrada inkişaf etməsinə öz töhfəsini verməkdədir. Gənclərimizin uğurları, yaxşı keyfiyyətləri ilə yanaşı, orta və yaşlı nəsil tərəfindən narazılıqla qarşılanan xüsusiyyətləri də var. Ancaq gənclər heç də hər zaman bu narazılığı qəbul etmirlər və elə onların da yaşlı nəsildən giley-güzarlarını eşidirik. Ümumiyyətlə, düşünürəm ki, "atalar və oğullar" adı ilə səciyyələndirdiyimiz nəsillərin qarşıdurması, müasirlik və mühafizəkarlıq, bir-birimizi başa düşmək və qəbul etməyə məhkum olduğumuzu müzakirə etmək üçün hər birimizin fikrini bilmək, bölüşmək lazımdır. Bu məqsədlə də nəsillərin görüşünü mütəmadi təşkil etmək, təmaslarımızı intensivləşdirmək vacibdir!

 

Azərbaycan ağsaqqalları və gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşib

 

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah HEYDƏROV "dəyirmi masa"da çıxış edənlərə təşəkkürünü bildirərək "Azərbaycan" qəzetinin təşəbbüsü ilə Ağsaqqallar Şurası üzvləri ilə gənclər təşkilatlarının təmsilçiləri arasında keçirilən görüşü tarixi hadisə adlandırdı:

- Gənclərimizin cəmiyyətdə özlərini daha layiqli təsdiq etmələri üçün, dünyagörüşlərinin artırılması məqsədi ilə belə görüşlərin, forumların keçirilməsi çox mütərəqqi haldır. Aparılan diskussiyalardan sonra fəxarət hissi keçirirəm ki, Azərbaycanın gənclər təşkilatlarında dünyagörüşlü, savadlı və ağsaqqal sözünə dəyər verən gənclər toplaşıb. Biz həm də məlumatlandıq ki, Azərbaycan gəncləri ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında baş verən bütün hadisələri yaxından izləyir və öz düzgün münasibətlərini bildirirlər. Bu gün Azərbaycan ağsaqqalının müdrik kəlamları, zəngin həyat təcrübəsindən yararlanan gənclik düz yoldadır. Bu isə o deməkdir ki, Azərbaycan xüsusilə mənəvi baxımdan xoşbəxt ölkədir.

Hazırda gənclərimiz Avropaya inteqrasiya yolunda bütün lazımi addımları atırlar. Azərbaycanı xarici ölkələrdə təmsil edən gənclərimiz yüksək mədəniyyət, qabiliyyət və bacarıqla öz işlərində fəallıq göstərirlər. Bu mənada Azərbaycan gəncliyi adət-ənənələrimizi yaşadan, gələcəyimizə işıq salan, dövlət və dövlətçiliyi iftixarla qoruyan güvənc yerimizdir.

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvəsi kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir! Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli lider həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb.

Azərbaycan hakimiyyətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şərait yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanmasıdır. Hər bir gənc həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır! Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir! Çünki bu gün gənclərimizin qürur duymaq üçün bir istinadgahı var. Bu, müstəqil Azərbaycan dövlətidir. Biz bu dövləti daha qüdrətli etməli və bu istiqamətdə aparılan bütün işlərə dəstək olmalıyıq! Bu gün ağsaqqal məsləhəti ilə hərəkət edən gənclərimiz sonrakı nəsillər üçün də örnək olmalıdır. Çünki hər bir azərbaycanlının ən böyük arzusu Azərbaycanı qüdrətli dövlətlər sırasında görməkdir!

Azərbaycanın çiçəklənməsi üçün bütün ömrünü fəda edən ümummilli lider Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev ləyaqətlə, şərəflə davam etdirir və ölkəmizi işıqlı gələcəyə doğru aparır. Buna görə də biz çalışmalıyıq ki, Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün böyük zəhmət çəkən, məqsədyönlü daxili və xarici siyasət yürüdən cənab İlham Əliyevə bu il keçiriləcək Prezident seçkilərində dəstək olaq, onu yenidən Azərbaycan Prezidenti seçək. Çünki Azərbaycanın uğurlu gələcəyinin təminatçısı məhz İlham Əliyevdir. Elə "Nəsillərin görüşü" adı altında keçirilən bu diskussiyanın ən mühüm nəticəsi bundan ibarət oldu ki, Azərbaycan ağsaqqalları və gənc nəsil daim cənab İlham Əiliyevi dəstəkləyib və bundan sonra da onun yanında olacaqlar.

 

Artıq gənclər arasında da örnək nümunələr var

 

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV tədbirə yekun vuraraq "Nəsillərin görüşü"nün çox uğurlu alındığını, səmimi söhbətlərin və açıq fikir mübadiləsinin aparıldığını diqqətə çatdırdı:

- Bu görüş həm də respublikanın sayılıb-seçilən insanları, elm xadimləri, görkəmli mütəxəssisləri, millətimiz, dövlətimiz qarşısında xidməti olan ağsaqqallarla gənclərimizin gözəl dialoqu idi. Vətəninə, xalqına xidmət etmək istəyən gənclər ağsaqqallarla təmas quraraq onlardan öyrənmək istədiklərini nümayiş etdirdilər. Biz ağsaqqalları nümunə göstərdik! Gənclər də öz sıralarından nümunələr gətirdilər, Leyla xanım Əliyevanı, onun uğurlu fəaliyyətini örnək göstərdilər. Həmçinin gənc fəal Tale Heydərovun Avropa məkanında Heydər Əliyev irsini layiqincə təbliğ etməsi də bu gün məmnunluqla təqdir edildi. Yəni artıq ağsaqqallarla bərabər öndə gedən və gənclərə mayak kimi yol göstərən gənclərimiz də var! Budur Azərbaycan xalqının sərvəti, budur Azərbaycanın müsəqilliyini möhkəmlədən, onu inkişaf etdirən amillər! Mən sonda ulu öndər Heydər Əliyevin gənclərə müraciətindən bir məqamı xatırlatmaq istəyirəm: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"

Azərbaycan gənci buna hazırdır! Azərbaycanın çətin dövrü arxada qalıb, amma yenə də qarşıda bizi mübarizələr gözləyir! İnanırıq ki, bizdən sonra gələn nəsillər də bu işin öhdəsindən gələ biləcəklər!

Qarşıdan prezident seçkiləri gəlir. Həm ağsaqqalların, həm də gənclərin bir namizədi, lideri var, bu da cənab İlham Əliyevdir! Bu müqəddəs amal bizləri birləşdirən ən böyük dəyərdir!

 

 

Azərbaycan.-2013.- 23 aprel.- S.5-6-7.