«Yeni Azərbaycan» qəzetinin
20 illik yubileyi qeyd olunmuşdur
Aprelin 22-də "Fours Seasons" hotelində
"Yeni Azərbaycan" qəzetinin 20 illik yubileyi ilə əlaqədar
ziyafət təşkil olunmuşdur.
AzərTAc
xəbər verir ki, tədbirdə iştirak edən Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov dövlət
başçısının "Yeni Azərbaycan" qəzetinin
kollektivinə təbrik məktubunu oxumuş, qəzetin əməkdaşlarının
"Əməkdar jurnalist" fəxri adı və "Tərəqqi"
medalı ilə təltif olunmaları haqqında Prezident tərəfindən
imzalanmış sərəncamları diqqətə
çatdırmışdır.
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov qəzetin əməkdaşlarını təbrik edərək demişdir ki, "Yeni Azərbaycan" ötən 20 il ərzində şərəfli yol keçərək ölkəmizdəki söz və mətbuat azadlığının formalaşmasına böyük töhfələr vermiş, vətəndaşların maariflənməsində əhəmiyyətli rol oynamışdır. Qəzet Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarını yaydığına və təbliğ etdiyinə görə cəmiyyətin aparıcı mətbuat orqanına çevrilmişdir. Bu qəzet partiyanın mətbuat orqanı kimi öz üzərinə düşən missiyanı ləyaqətlə və ciddi məsuliyyətlə yerinə yetirmiş, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlətimizin inkişafı istiqamətində apardığı siyasətin mahiyyətini oxuculara çatdırmışdır və bundan sonra da çatdıracaqdır.
"Yeni Azərbaycan" qəzeti YAP-ın rəsmi mətbuat orqanı olsa da, yalnız partiyaya aid olan xəbərləri və materialları deyil, eyni zamanda cəmiyyətdə baş verən müxtəlif siyasi hadisələrə obyektiv yanaşaraq oxucuları əhatəli xəbərlərlə təmin etmişdir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın müstəqillik tarixi ilə həmyaşıd olan "Yeni Azərbaycan"nın yaradıcı kollektivini yubiley münasibəti ilə təbrik edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin ölkədə yaratdığı söz və mətbuat azadlığından bəhrələnən qəzet hər zaman öz obyektivliyi və prinsipial mövqeyi ilə fərqlənmişdir. Müasir dövrümüzdə internet mediasının geniş inkişaf etdiyi bir vaxtda qəzetlərin işi çətinləşmişdir. Operativlik baxımından internet vasitəsi ilə xəbərlər qısa zaman kəsiyində yayımlanır. Belə bir şəraitdə "Yeni Azərbaycan" qəzeti oxucu auditoriyasını qoruyub saxlaya bilmişdir. Qəzetdə dərc olunan materialları yalnız YAP üzvləri yox, bütün cəmiyyət üzvləri oxuyurlar.
Ə.Amaşov Mətbuat Şurasının Fəxri fərmanını "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğluna təqdim etmişdir.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək Azərbaycan Prezidentinə mətbuatın inkişafı və yaradıcı adamlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Qeyd olunmuşdur ki, qəzet fəaliyyət göstərdiyi illər ərzində dövlətçilik ideyalarına sadiq olmuş və bundan sonra da dövlət siyasətinin təbliği işində prinsipiallıq nümayiş etdirəcəkdir.
Sonra tədbir bədii proqramla davam etmişdir.
Tədbirdə
Milli Məclisin deputatları, ziyalılar, ictimaiyyətin və
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.-2013.- 23 aprel.- S.8.