Azərbaycan ilə Polşanın enerji əməkdaşlığına həsr olunmuş konfrans keçirilmişdir
Polşa
Respublikasının Krakov şəhərinin Strateji
Araşdırmalar Mərkəzinin təşkilatçılığı
ilə Azərbaycan ilə Polşanın enerji əməkdaşlığına
həsr olunmuş konfrans keçirilmişdir.
Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyindən AzərTAc-a
bildirilmişdir ki, konfransda ölkəmizi sənaye və
energetika naziri Natiq Əliyev təmsil etmişdir.
Tədbirdə
Polşanın Baş nazirinin müavini, iqtisadiyyat naziri,
Polşa ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın həmsədri
Yanuş Pexoçinski, Polşanın keçmiş müdafiə
naziri, senator Boqdan Klix və onun xanımı Strateji
Araşdırmalar Mərkəzinin prezidenti Anna Jimanska Klix,
Krakovun meri Yasek Mayxrovski, politoloqlar, iqtisadçılar,
hökumət üzvləri, şirkət rəhbərləri,
həmçinin 150-yə yaxın polşalı iş
adamları iştirak etmişdir.
Konfrans
qlobal enerji problemləri və bundan irəli gələn enerji
siyasətinin həyata keçirilməsində Polşa və
Azərbaycanın əldə etdiyi nailiyyətlərə və
ikitərəfli əməkdaşlığın
inkişafı nəticəsində hər iki ölkə tərəfindən
atılan addımlara dair müzakirələrə həsr
olunmuşdur.
Tədbirdə
məruzə ilə çıxış edən Yanuş
Pexoçinski dünyada baş verən enerji problemləri və
Avropa İttifaqı ilə Polşa arasındakı münasibətlər
haqqında məlumat vermişdir. Polşalı nazir qeyd
etmişdir ki, Polşa və Azərbaycanın enerji siyasətində
sıx və ikitərəfli əlaqələr
yaradılmışdır, ölkələrimiz bir neçə
layihədə iştirak edir.
Natiq
Əliyev çıxışında Azərbaycanda enerji sahəsində,
xüsusilə 1993-cü ildən başlayaraq ulu öndər
Heydər Əliyevin neft sənayesinin dirçəlişi və
bərpası sahəsində göstərdiyi xidmətlər
və bunun nəticəsi olaraq Azərbaycanın regionda əsas
neft və qaz ixrac edən ölkəyə çevrilməsi
barədə geniş məlumat vermişdir.
Qeyd
olunmuşdur ki, Azərbaycan Avropa İttifaqı ilə enerji
sahəsində strateji əməkdaşlıq edir və
İNOGATE, TACİS, Tvinninq layihələri üzrə fəaliyyət
göstərir.
Nazir
vurğulamışdır ki, 2008-ci ildə Krakov şəhərində
keçirilmiş Enerji Sammitindən sonra Polşa Respublikasının
təşəbbüsü ilə Azərbaycan, Polşa,
Ukrayna, Litva və Gürcüstan arasında Avro-Asiya neft nəqli
dəhlizi layihəsi və Odessa-Brodı-Plotsk neft boru kəmərinin
tikintisi istiqamətində birgə fəaliyyətə
başlanmışdır.
Görülmüş işlər və
5 ölkənin təsis etdiyi "Sarmatiya" Birgə Müəssisəsi
haqqında geniş məlumat verən nazir bu layihənin
inkişafı üçün gələcəkdə
atılacaq addımlardan danışmışdır.
N.Əliyev
forum çərçivəsində Polşanın Baş
nazirinin müavini Yanuş Pexoçinski, senator Boqdan Klix və
onun xanımı Anna Jimanska Klix, "Sarmatiya" Beynəlxalq
Boru Kəməri Müəssisəsinin baş direktoru Sergey
Skripka və digər rəsmi şəxslərlə ikitərəfli
görüşlər keçirmişdir.
Səfər
çərçivəsində nazir Krakov şəhərindəki
Texnologiyalar Parkı ilə yaxından tanış olmuşdur.
Azərbaycan.-2013.- 23 aprel.- S.8.