Liseydə Heydər Əliyevin xatirəsi
anılıb
Xətai rayonunda Heydər Əliyev adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib.
Liseyin direktoru Fikrət Xəlilov qeyd edib ki, Heydər Əliyev tarix yazmış şəxsiyyətlərdən olub: "Bu gün milyonlarla insan ulu öndərin əsasını qoyduğu, iqtisadiyyatda, sosial sferada, təhsildə, mədəniyyətdə, ümumiyyətlə, bir çox sahələrdə uğur əldə etmiş müasir Azərbaycanda yaşaması ilə fəxr edir. Bu dahi şəxsiyyət hakimiyyətdə olduğu dövr ərzində Azərbaycan xalqının gələcəyi üçün çalışıb, böyük nailiyyətlər əldə edib. İndi də bu uğurlu siyasəti Prezident İlham Əliyev davam etdirir".
Deputat Aydın Mirzəzadə ulu öndərin yaşadığı dövrdə doğulduğuna görə özünü xoşbəxt hesab etdiyini vurğulayıb: "Ümummilli liderin əsasını qoyduğu siyasət nəticəsində ölkəmiz dünya arenasında aparıcı dövlətlərin arasında özünə layiqli yer tutub. 20 il öncə Azərbaycan müstəqilliyini qoruyub saxlamaq üçün kredit alan ölkə idisə, artıq bu gün digər dövlətlərə kredit verən ölkəyə çevrilib. Həmçinin dünyanın ən öndə gedən dövlətləri bu gün Azərbaycanı öz sıralarında dost ölkə olaraq görmək arzusundadırlar".
Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov isə bildirib ki, liseyin foyesində Heydər Əliyev guşəsi ilə tanış olarkən onun fəaliyyətinin, keçdiyi həyat yolunun şahidi olursan. Onun sözlərinə görə, 20 il əvvəl Azərbaycanı düşdüyü böhranlı vəziyyətdən məhz Heydər Əliyev xilas edib.
Liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuranə Şıxəliyeva isə bildirib ki, bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur. Liseyin özfəaliyyət qrupu hər dəfə maraqlı kompozisiyalar nümayiş etdirir. Şagirdlərin bu tədbirə də böyük məsuliyyətlə hazırlaşdıqlarını deyən N.Şıxəliyeva Heydər Əliyev və onun siyasi irsini şagirdlərə aşılamaqdan fəxarət hissi duyduğunu qeyd edib: "Dahi şəxsiyyət Heydər Əliyevin məqsədyönlü siyasətinin, Azərbaycan üçün gördüyü işlərin nəticəsidir ki, bu gün Azərbaycan bir sıra beynəlxalq tədbirlərin keçirildiyi və regionda bütün sahələrdə daha çox inkişaf etmiş dövlətdir. Biz Heydər Əliyevin adını daşıyan lisey olaraq hər zaman çalışacağıq ki, onun xatirəsini əziz tutaq".
Tədbirdə
xalq artisi Alim Qasımovun ifası və liseyin özfəaliyyət
qruplarının maraqlı rəqs və şeirləri də
iştirakçıların marağına səbəb olub.
Elgün MƏNSİMOV
Azərbaycan.-2013.- 23 aprel.- S.9.