Dünya Elektron Kitabxanasında Azərbaycan səhifəsi sönükdür

 

Dünya Elektron Kitabxanası 2009-cu ildə ABŞ konqresmeni Ceyms Bllinqtonun, Misirin İskəndəriyyə və Brazilyanın milli kitabxanasının təşəbbüsü ilə yaradılıb.  M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası daxil olmaqla 64 ölkə bu kitabxananın üzvüdür.

Yeddi dildə tərcüməsi nəzərdə tutulan kitabxanada üzv ölkələrin tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti və digər sahələri təbliğ edilir. Məqsəd müxtəlif tarix və mədəniyyətlərdən götürülən əlyazmaların, nadir kitabların, filimlərin, fotoların, arxitektura xəritələrinin və başqa mədəni resursların, bir sözlə, qiyməti olmayan nadir incilərin dünyanın bütün oxucularına ödənişsiz şəkildə əlçatan olmasıdır. 2009-cu ildə Heydər Əliyev Fondunun ABŞ-dakı nümayəndəsi ilə kitabxananın yüksək rütbəliləri arasında görüş keçirilmiş və kitabxananın təmsilçisi bildirmişdir ki, Azərbaycana məxsus olan sənədlər və nəşrlər, xüsusilə bu xalqa aid çox dəyərli mədəni irs DEK-in məzmununu zənginləşdirə bilər. Güman etmək olardı ki, bu sahədə beynəlxalq əməkdaşlıq üfüqlərinin genişlənməsinə, milli kitabxanamızın ümumavropa və ümumdünya layihələrində iştirakına real imkan yaranacaq, eyni zamanda, Azərbaycan gerçəklikləri bu kitabxana vasitəsilə 7 dildə dünya oxucusuna çatdırılacaq.  

Lakin Dünya Elektron Kitabxanasının müxtəlif ölkələrə aid səhifələri zəngin məlumatlarla yükləndiyi halda Azərbaycana aid səhifədə ölkəmizin tarixinə, coğrafiyasına, zəngin mədəni irsinə və ya ölkəmiz haqqında həqiqətləri ifadə edən materiala rast gəlinmir. Xalqımızın Qarabağ problemi ilə bağlı yaşadığı 25 illik tarixi hadisələri və Xocalı soyqırımı həqiqətlərini dünyaya təqdim etmək üçün Dünya Elektron Kitabxanası çox dəyərli vasitə olacağı halda, təəssüf ki, səhifəmizdə yeknəsəqlikdir. Burada yalnız Rusiya imperiyasına daxil olan əyalətlərə aid 1856-cı ildə hazırlanmış bir neçə illüstrativ açıqca yer alıb ki, onu da Rusiya Milli Kitabxanası təqdim edib. Dünyada informasiya müharibəsinin bütün savaşları geridə qoyduğunu nəzərə alsaq, bu kitabxananın imkanlarından daha çox biz yararlanmalı, həqiqətləri, dəlil və sübutları, uzun illərdən bəri xalqımıza qarşı törədilən kütləvi terror hadisələrini, zəngin mədəniyyətimizi, sürətlə inkişaf edən ölkəmizin uğurlarını dünyanın diqqətinə çatdırmalıydıq. Mənzərə isə dediyimiz kimi, ürəkaçan deyil! Ölkəmizlə bağlı hər hansı bir əcnəbi oxucu bilgi almaq, tariximizi öyrənmək, Qarabağ problemi ilə maraqlanmaq, qiymətli arxiv sənədləri ilə tanış olmaq  istəsə, bilgi sahibi ola bilməyəcək, çünki səhifəmizdə heç nə yerləşdirilməyib!

Təbii ki, səbəblərlə maraqlandıq. Dünya Elektron Kitabxanasının Ermənistana aid bölməsinə daxil olduq. Burada 1856-cı ildə Rusiya imperiyasına daxil olan əyalətlərə həsr olunmuş 82 illüstrasiyalı açıqcanın bir neçə səhifəsi yer alıb. Rusiya Milli Kitabxanasının təqdim etdiyi həmin açıqcalarda Naxçıvan, Ordubad və Şamaxı daxil olmaqla, Azərbaycanın bir neçə yaşayış məskəni İrəvan quberniyasının ərazisi  kimi göstərilib. Rəngli açıqcalarda əyalətlərin mədəni, tarixi, iqtisadi və coğrafi şərhləri, üst tərəfində əyalətlərin əsas fərqli xüsusuiyyətləri: çaylar, dağlar, iri şəhərlər və sənayenin başlıca sahələri yer alıb. Əks tərəfdə isə əyalətin xəritəsi və möhürü, əhalisi haqqında informasiya, eləcə də yerli əhalinin ənənəvi geyim forması təsvir olunub. Digər bir açıqcada isə əl yazısı ilə Cənubi Qafqazda ermənilərlə bərabər yalnız farsların, gürcülərin və digər millətlərin yaşadıqları qeyd olunur, azərbaycanlıların isə adı çəkilmir.

Xəritədə Türkiyənin bir neçə vilayəti Ermənistan ərazisi kimi göstərilir və Osmanlı dövləti Ermənistan ərazilərini işğal etmiş imperiya kimi təqdim olunur. Haqqında bəhs edilən xəritənin 1920-ci ildə ABŞ Prezidenti Vudro Vilsonun Sevr müqaviləsində Türkiyəni Yer üzündən silmək üçün hazırladığı sərsəm və uğursuz sənədin  fotosurətidir desək daha düz olar. Oxucularımıza xatırladaq ki, 1915-ci ildə Antanta dövlətləri Osmanlı imperiyasının bölüşdürülməsi planı ətrafında gizli danışıqlara başlayırlar. Sevr müqaviləsinin şərtlərini ABŞ Prezidenti Vudro Vilson hazırlayır. Şərtlərin 6-cı bəndinə görə, Bitlis, Ərzrum və Van əyalətlərinin şimal hissəsində Ermənistan yaradılır, Trabzon vilayətinin şərq hissəsi isə Ermənistanla Gürcüstan arasında bölünür. Beləliklə, Ermənistan dövləti yaradılır və ona Qara dənizə çıxış imkanı verilirdi. Antanta ölkələri reallıqdan daha çox istəkdən bəhrələnən bu plana ironik olaraq "Vilson Ermənistanı" deyirdi. Lakin Sevr müqaviləsi Atatürk tərəfindən tanınmadı və ratifikasiya olunmadı. Rusiya ABŞ-ın Ermənistan üzərindəki mandat istəyini rədd etdikdən sonra ABŞ da məsələyə müşahidəçi mövqeyindən yanaşmaq məcburiyyətində qalır və Vilson xəritəsi də hüquqi-siyasi qüvvəsi olmayan sənəd kimi arxivə atılır. Bolşevik Rusiyası Osmanlı imperiyası ilə Brest-Litovsk müqaviləsini imzalayaraq 1877-1878-ci illərdə rus-türk müharibəsi zamanı işğal etdiyi Ərdəhan, Qars və Batumi vilayətlərini Tələt paşanın israrları nəticəsində türklərə qaytarır. Tarixin dəlil və sübutlarından göründüyü kimi, nə imperiyanın 1850-ci illərdəki açıqcalarının, nə də xəritənin heç bir hüquqi qüvvəsi yoxdur və ciddiyyət kəsb etmir.    

Respublika Milli Kitabxanasının direktor müavini Mələk Hacıyeva bildirdi ki, məsələdən xəbərləri var, Azərbaycana aid səhifənin boş olması da məhz dediyimiz səbəblərdəndir: "2010-cu ildə kitabxananın direktoru Kərim Tahirov ABŞ-da olarkən kitabxananın rəhbərliyi ilə görüşmüş, bu xətanın aradan qaldırılmasını istəmişdir. Azərbaycanın ABŞ-daki səfirliyi də Ermənistan səhifəsində yerləşdirilən həmin sənədlərə etirazını bildirmiş, uydurma materialların oradan yığışdırılmasını xahiş etmişdi. Direktor Bakıya qayıtdıqdan sonra Milli Kitabxananın adından rəsmi məktub yazaraq Dünya Elektron Kitabxanasına göndərmiş, Azərbaycanın və Türkiyənin əleyhinə olan materialların səhifədən  çıxarılmasını tələb etmişdi. Lakin bunların heç bir nəticəsi olmadı. Kitabxanadan verilən cavabda bildirilir ki, sənəd və materialları hansı ölkə yerləşdiribsə, yalnız həmin ölkə də çıxara bilər".

Görünən odur ki, bu sənədlər heç zaman oradan götürülməyəcək. Kitabxanaya üzv dövlətlərdən biri kimi haqsızlığa etiraz olaraq susması, səhifəsini boş saxlaması və imkanlardan istifadə etməməsi Azərbaycanı bu faktları qəbul etmiş şəklində göstərməzmi? İndi küsüb kənara çəkilməyin zamanı deyil, daha dəqiq faktlarla dünya oxucusunun diqqətini Azərbaycan səhifəsinə çəkmək zamanıdır. Eyni zamanda, öz səhifəmizdə daha tutarlı fakt və sübutları, mükəmməl sənədlər yerləşdirməklə bu iddiaları kökündən məhv edə bilərik.

Mələk xanımın fikrincə, bu sənəd və fotolar Ermənistan səhifəsindən yığışdırılmadan Milli Kitabxananın öz səhifəsində Azərbaycana aid sənəd və məlumatlar yerləşdirilməsi orada göstərilən dəlilləri qəbul etməsi, etiraf etməsi anlamı yaradar. Bəs çarə nədir deyə soruşduq: "Azərbaycan ziyalıları, tarixçi və alimləri, siyasətçi və ictimaiyyət nümayəndələri Dünya Elektron Kitabxanasına kütləvi şəkildə etiraz məktubları göndərməli, teleqram vurmalı, bahəm rəsmi münasibət bildirilməli, xətanın aradan qaldırılmasını tələb etməlidirlər".

2009-cu ildən indiyədək bu sənədlər oradan götürülməyibsə, bundan sonra da götürüləcəyi inandırıcı görünmür. Lakin ən doğru addım, Azərbaycan Milli Kitabxanasının hücum taktikası seçməsi, tarixçi alim və ziyalılarla birgə səhifəmizə daha tutarlı sənədlər yerləşdirməsi olar.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 23 aprel.- S.12.