Azərbaycan Prezidenti İlham Əliyev «MDB
müsəlmanları sülh və sabit
inkişaf naminə» mövzusunda Bakıda keçirilən konfransın
iştirakçılarını qəbul etmişdir
Aprelin
23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
"MDB müsəlmanları
sülh və sabit inkişaf
naminə" mövzusunda Bakıda keçirilən
konfransın iştirakçılarını qəbul
etmişdir.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV dedi:
- Bilirəm
ki, siz burada konfransda iştirak edirdiniz. Bu konfransda iştirak
etdiyinizə görə çox sağ
olun. Çox mühüm və aktual mövzu
idi. Sizin iştirakınız, əlbəttə, bu
konfransa xüsusi əhəmiyyət verdi. Tədbirin möhtərəm şeyximizin rəhbərliyi
ilə Bakıda keçirilməsi və sizin dəstəyiniz
xalqlarımız arasında qardaşlığın,
qarşılıqlı münasibətlərin və ümumi
məqsədimizin göstəricisidir. Çünki
hamımız istəyirik ki, bütün dünyada, bizim
regionda, Qafqazda sülh olsun, müharibələr, əzablı
günlər olmasın. Bir daha demək istəyirəm
ki, belə bir mövzu düzgün seçilmişdi:
"Müsəlmanlar sülh naminə". Biz hamımız
sülh istəyirik, hamımız buna can
atırıq. Əlbəttə, bizim müqəddəs
yerləri ziyarət etməyiniz sevindiricidir. İndi yenə Bakıdasınız. Əminəm ki, biz hələ gələcəkdə
də tez-tez görüşəcəyik. Əlbəttə
ki, ünsiyyət, görüşlər, beynəlxalq tədbirlərdə
iştirak, səylərin cəmləşdirilməsi -
bütün bunlar çox müsbət haldır.
Mən hamınızı salamlayıram, bizim burada və
başqa yerlərdə keçirdiyimiz tədbirlərdə fəal
iştirakınıza görə təşəkkür edirəm. Bütün
bunlar bizim ümumi köklərimizə, tariximizə və
ümumi məqsədimizə əsaslanan əməkdaşlığın
baş tutmuş formatıdır. Bir daha xoş gəlmisiniz!
* * *
Qafqaz
Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür PAŞAZADƏ dedi:
- Hörmətli
cənab Prezident həzrətləri!
Mən istərdim ki, Qafqazın şeyxülislamı
kimi Sizə minnətdarlığımı bildirim. Sizin bu gün
bizi qəbul etməyiniz bir daha dinə, mənəviyyata olan
münasibətinizin göstəricisidir.
Allah-Təala Heydər Əliyev həzrətlərinə
rəhmət etsin. Onun qoyduğu yol bu gün də davam
etdirilir. Azərbaycan inkişaf edir. Heydər Əliyev həzrətləri prezident
seçiləndən sonra ilk addımlarından biri peyğəmbər
əleyhissalamın mövludu günü Təzəpir məscidinə
gəlməsi oldu. Yəni, bu yol müqəddəs
məkandan keçir və bu gün də davam edir.
Bu gün Sizin Azərbaycan üçün
gördüyünüz işlər göz
qabağındadır. Siz Azərbaycanda və onun
hüdudlarından kənarda məscidləri, kilsələri
bərpa etdirirsiniz. Bakıya gələn
din xadimləri də bunu xüsusi vurğulayırlar. Azərbaycan həm maddi, həm də mənəvi cəhətdən
sürətlə inkişaf edir. Biz
Prezidentimiz ilə, Azərbaycanımız ilə fəxr
edirik.
Bu
konfransın Bakıda keçirilməsi və mənim MDB
Müsəlmanları Məşvərət Şurasına
ikinci dəfə beş illiyə sədr
seçilməyim Sizə, Azərbaycana yüksək hörmət
və ehtiramın göstəricisidir. Biz - müxtəlif dinlərin
xadimləri birlikdə sülh və qardaşlıq
üçün öz təcrübələrimizdən
istifadə etmək istəyirik. Biz Ümrə
ziyarətində olduq. Peyğəmbərin
məzarının yanında hamımız Heydər Əliyev
həzrətlərinin və Zərifə xanımın ruhuna
dua etdik və mən Quran oxudum.
Demək istəyirəm ki, bu konfrans başqa yerlərdə
də keçirilə bilərdi. Ancaq tədbirin
Bakıda keçirilməsi, Sizin və digər dövlət
başçılarının, dini liderlərin
konfransımıza təbriklər göndərməsi Azərbaycana
verilən önəmin və hörmətin təsdiqidir.
Bu, Sizin apardığınız siyasətin
düzgünlüyünü təsdiq edən bir faktdır. Ona görə də hamımızın adından
Sizə təşəkkürümü bildirirəm.
* * *
Rusiya
Federasiyası Qaraçay-Çərkəz
Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları
Əlaqələndirmə Şurasının sədri
İsmayıl BERDİYEV Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin xatirəsinin daim əziz tutulduğunu
vurğulayaraq dedi:
- Bizim
hamımızın böyük hörmət etdiyimiz, sovet
dövründə isə Siyasi Büronun üzvü olması
ilə fəxr etdiyimiz Sizin atanızın 90 illiyi ərəfəsində
Bakıya gəlmişik. Biz burada Sizin
atanızın, ananızın ruhuna quran oxuduq, dualar etdik.
Allah ruhlarını şad etsin. Sizə gəlincə, Siz də hər şeyi
xalqınız üçün edirsiniz. Sizin
qəlbinizdə iman işığı vardır. Şeyxin dediyi kimi, atanız Sizi özü ilə
ilk dəfə məscidə ziyarətə aparıb və
hamısı da bundan başlayıb. Biz
Sizin Həcc ziyarətində olmağınızın
kadrlarını görmüşük. Bütün
bunlar sübut edir ki, Sizin qəlbinizdə iman və inam vardır.
Allah sizi qorusun!
* * *
Prezident İlham ƏLİYEV xoş sözlərə
görə minnətdarlığını bildirdi. Ulu öndərlə birlikdə
müqəddəs ocaqlara ziyarətlərini məmnunluqla xatırlayan dövlət başçısı
həmin səfərlərlə bağlı xatirələrin daim qəlbində
yaşadığını qeyd etdi.
Din xadimləri
arasında daimi təmasların və müntəzəm görüşlərin önəmini
vurğulayan Prezident İlham ƏLİYEV dedi:
- Biz həmişə
bir yerdəyik, ünsiyyətdəyik. Mən
sizin rolunuzu çox yüksək qiymətləndirirəm.
Həm də müsəlman dünyasında
böyük nüfuzu olan şeyximizin rolunu yüksək dəyərləndirirəm.
Sizin respublikaların rəhbərləri ilə
görüşlərimiz, onların ölkəmizə səfərləri
və sizin Azərbaycanda keçirilən tədbirlərdə
iştirakınız, digər təşəbbüslər
sıx əlaqələrimizin sübutudur. Bir sözlə,
biz bütün istiqamətlərdə əməkdaşlığı davam etdiririk. Bizim islam ölkələri ilə birlikdə beynəlxalq
fəaliyyətimizdə və beynəlxalq münasibətlər
çərçivəsində, burada keçirdiyimiz forumlar
sırasında sizin konfransınız da müstəsna əhəmiyyətə
malikdir.
Prezident
İlham Əliyev dünyada cərəyan edən mürəkkəb
proseslər fonunda tolerantlığın, dinc yanaşı
yaşamanın və qarşılıqlı etimadın
möhkəmləndirilməsinin əhəmiyyətindən də
danışaraq bildirdi:
- Təəssüf
ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada həyəcanlı
proseslər gedir. Antiislam, islamofobiya təbliğatı
aparılır. Biz nə qədər
çalışsaq da, hər halda kütləvi informasiya
vasitələrində bu terminlər işlədilir. Terrorçuları "islamçı"
adlandırırlar. Terrorçunun nə milləti,
nə də dini vardır.
Azərbaycanda milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi
işinə dövlət səviyyəsində
daim diqqət yetirildiyini, dini-tarixi abidələrin bərpası
və mühafizəsi sahəsində mühüm tədbirlərin həyata
keçirildiyini diqqətə çatdıran Prezident
İlham Əliyev Azərbaycan dövlətinin ölkəmizin
hüdudlarından kənarda da müxtəlif dinlərə məxsus
məbədlərin bərpasında
və tikintisində fəal iştirak etdiyini və bu işlərin bundan sonra da davam etdiriləcəyini
vurğuladı. Dövlət başçısı Azərbaycanın ən
qədim məscidi olan Şamaxı "Cümə" məscidində
gedən bərpa işlərindən də danışaraq
dedi:
- Bu,
tarixi məsciddir. Bu, Azərbaycanın ən qədim
məscididir. Bu məscid 743-cü ildə
inşa edilib. Onu zəlzələlər
dağıtmışdı. Şamaxı
şəhəri zəlzələdən zərər çəkəndə
paytaxt Bakıya köçürüldü. Sonra isə artıq XX əsrdə məscid erməni
vandalizminə məruz qaldı, ermənilər tərəfindən
yandırıldı. Bütün bunlar sənədləşdirilib.
1918-ci il bizim xalqımız
üçün çox ağır il idi. O vaxt Bakıda,
Şamaxıda, Qubada və digər regionlarda minlərlə azərbaycanlı
qətlə yetirilmişdir. Biz bütün
tarixi və dini abidələrimizi bərpa edirik, onları əziz
tutur, qoruyuruq. Biz xalqlarımızın
rifahı naminə birlikdə çalışacağıq.
* * *
Rusiya
Federasiyası Çeçenistan Respublikasının müftisi Sultan MİRZAYEV
Bakıda keçirilən konfransın əhəmiyyətinə toxundu
və MDB dövlətləri ilə yanaşı, digər
ölkələrin nümayəndələrinin də ilk dəfə
bu tədbirdə iştirakını əlamətdar hadisə
kimi dəyərləndirdi. Bakının artıq nüfuzlu beynəlxalq tədbirlərin
keçirildiyi bir məkana çevrildiyini söyləyən
Çeçenistanın müftisi budəfəki konfransın
da səmərəli nəticələr verəcəyinə əminliyini
ifadə etdi. O, daha sonra gənclərin mənəvi cəhətdən
formalaşmasının cəmiyyətin ümumi
inkişafına göstərdiyi təsirdən
danışdı. Sultan Mirzayev ümummilli lider Heydər Əliyevin
Azərbaycanın inkişafındakı müstəsna xidmətlərindən
danışdı və bu siyasətin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq
dedi:
- Heydər
Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndə
çox ağır dövr idi. O, Azərbaycanı ayağa
qaldırdı, ölkəni inkişaf etdirməyin yolunu
göstərdi. Çox sağ olun ki, Siz də
bu yolla gedirsiniz, olanları qoruyursunuz, inkişaf etdirirsiniz,
genişləndirirsiniz.
Sultan
Mirzayev daha sonra Çeçenistan Respublikasında
yaranmış sabitlikdən danışaraq bildirdi:
- Bu
gün Çeçenistanda sülh, sabitlik hökm
sürür. Bu da Şimali Qafqazda çox
mühüm rol oynayır.
Bütün Şimali Qafqaz regionunun müftiləri bunu təsdiq
edə bilərlər.
*
Prezident
İlham ƏLİYEV: Mən tez-tez bu barədə deyirəm:
cəmiyyətimizin əsasında mənəvi-tərbiyəvi
prinsiplər durur. Əgər biz bunu itirsək,
cəmiyyət olmayacaqdır. Onda biz
bünövrəni itirmiş olarıq. Biz
həm dinimizi, həm dilimizi, həm ədəbiyyatımızı,
həm də incəsənətimizi qoruyub
saxlamışıq. Müstəqillik illərində
də bu mövqeləri möhkəmləndirmişik. Gənclər də milli ruhda tərbiyə
olunmalı, savadlı olmalıdırlar.
* * *
Ukraynanın
müftisi Təmim ƏHMƏD Azərbaycan dövləti tərəfindən
tolerantlığa, dini etiqada, mənəvi dəyərlərə
göstərilən yüksək qayğının cəmiyyətin
ümumi inkişafına verdiyi töhfələrdən söhbət açaraq
bildirdi:
- Mən
demək istəyirəm ki, bizim Ukraynada ən azı MDB-nin demək
olar ki, bütün millətlərinin nümayəndələri
yaşayırlar. Buna görə də
bütün ölkələrdə sülh və əmin-amanlıq
olanda bizdə də sülh və əmin-amanlıq olur.
Ukrayna MDB ölkələri üçün
çox mühüm strateji yerdir. Biz müxtəlif ənənələrə və
mədəniyyətlərə malik bütün müsəlmanlarla
birlikdə çalışırıq.
Təmim Əhməd Kiyevdə
ilk məscidin inşasına Azərbaycan dövlətinin
göstərdiyi köməyə görə minnətdarlığını bildirdi.
Ukrayna müftisi Prezident İlham Əliyevə xatirə
hədiyyəsi təqdim etdi.
* * *
Serbiyanın müftisi Muhammed YUSİFPAHİÇ Azərbaycanda
sülhün və əmin-amanlığın
mövcudluğundan məmnunluq hissi keçirdiyini
vurğuladı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə məlumatlı olduğunu
bildirərək dedi:
- Azərbaycana
qarşı haqsızlıq olub və var. Ölkənin
Dağlıq Qarabağla birlikdə 20 faiz ərazisi
işğal altındadır.
Muhammed Yusifpahiç münaqişənin həlli ilə
bağlı Prezident İlham Əliyevin müdrik siyasət apardığını
söylədi.
Serbiyanın müftisi Azərbaycan dövlətinin başçısına
Belqradda ölkənin qədim tarixi abidələrindən
olan məscidin bərpasına,
həmçinin pravoslav kilsəsinin təmirinə göstərilən
yardıma görə təşəkkür
etdi. O, Bakıda keçirilən konfransın əhəmiyyətindən
də danışdı.
Serbiyanın müftisi Prezident İlham Əliyevə
xatirə hədiyyəsi təqdim etdi.
* * *
Sonra Beynəlxalq İslam Missiyasının
prezidenti, Qafqaz Müsəlmanları İdarəsinin
Moskvadakı səlahiyyətli nümayəndəsi Şafik
PŞİXAÇEV çıxış edərək dedi:
- Möhtərəm
Prezident! Biz Sizin münasibətinizə uyğun
olaraq yenə də, artıq bu dəfə belə bir formatda
"MDB müsəlmanları sülh və sabit inkişaf
naminə" adlı konfransı keçirmək
üçün Bakıya toplaşmışıq. Biz
hamımız Sizin atanızın bu xoş
münasibətlərin əsasını qoymasını
çox əziz tuturuq. Biz müqəddəs
yerlərdə dua etmişik. Biz Sizin
valideynləriniz üçün dua etmişik. Xalqına
böyük nemətlər bəxş edən və ölkənizin
tərəqqisi üçün yol göstərən Heydər
Əliyevin ruhuna dua oxumuşuq. Bu, bizim "MDB müsəlmanları
sülh və sabit inkişaf naminə" adlı ikinci konfransımızdır.
İlk konfrans 2009-cu ildə Moskvada
keçirilmişdi. İndi Bakıda
toplaşmışıq. Buranı
seçməyimiz təsadüfi deyildir. Mənim həmkarlarımın,
qardaşlarımın fikirlərinə qoşuluram ki, Bakı
islam mədəniyyətinin mərkəzlərindən
biridir. Bu, Sizin xoş məramınızdır,
Sizin iradənizdir. Biz Sizə çox minnətdarıq.
Biz dua edirik ki, Allah-Təala Sizə həmişə
kömək olsun və uğurlarınız daha da artsın.
* * *
Prezident
İlham Əliyev Məşvərət Şurası çərçivəsində
əməkdaşlığın
gələcəkdə də
genişləndirilməsi işində Şura üzvlərinə
uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.-2013.- 24 aprel.- S.1.