Azərbaycan Prezidenti İlham Əliyev «Commerzbank AG» bankının idarə heyəti sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də "Commerzbank AG" bankının idarə heyətinin sədri Martin Blessinqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycana ilk dəfə 5 il bundan əvvəl səfər etdiyini xatırlayan  Martin Blessinq ötən dövr ərzində ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinin şahidi olduğunu qeyd etdi. O, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlərin önəmini vurğuladı.

Dövlət başçısı "Commerzbank AG" bankının idarə heyətinin sədri Martin Blessinqin ölkəmizə səfərinin əməkdaşlığın inkişafı ilə bağlı görülən işlərin və bu əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı fürsət yaratdığını dedi. Azərbaycanda son illər sürətli iqtisadi inkişafa nail olunduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə iqtisadi, sosial, infrastruktur layihələrinin uğurla həyata keçirildiyini vurğuladı.

Görüşdə "Commerzbank AG" bankı ilə ölkəmiz arasında qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, kənd təsərrüfatının müasir texnika ilə təmin olunması və məhsuldarlığın artırılması üzrə məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 24 aprel.- S.2.