Ədalət mühakiməsinin səmərəliliyinin artırılması ali məqsəddir

 

Son dərəcə çətin, keşməkeşli inkişaf mərhələlərindən keçmiş demokratik inkişaf təmayülünün əsas hədəfi dövlətin insanların şəxsi həyatına müdaxiləsini minimuma endirmək, vətəndaşların təbii və qazanılmış hüquqlarını daim qorumaq, qanunların aliliyini təmin etmək, cəmiyyətin hüquq mədəniyyətini yüksəltməkdir. Tarixən bu məqsədlərin uğurla gerçəkləşdirilməsi isə yalnız müstəqil məhkəmə sisteminin mövcud olduğu, ədalət mühakiməsinin obyektivlik, şəffaflıq və qanunçuluq prinsipləri ilə həyata keçirildiyi sivil cəmiyyətlərdə mümkün olur.

Bu reallığı böyük müdrikliklə dəyərləndirən ulu öndər Heydər Əliyev xalqın təkidli istəyi ilə hakimiyyətə gəldiyi ilk gündən məhkəmə orqanlarının dövlət idarəçilik sistemindəki müstəsna yeri və rolunu düzgün dəyərləndirmiş, insan hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılması baxımından ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsini vacib saymışdır. Böyük strateqin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Əsas Qanunun qəbulundan sonra Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlar və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual Məcəllənin, habelə məhkəmə-hüquqi sistemi ilə bağlı yeni qanunların hazırlanmasının əsası qoyulmuşdur. Ulu öndərin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların mükəmməl beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir.

Komissiya tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış 1997-ci il 10 iyun tarixli "Məhkəmələr və hakimlər haqqında" qanunla ölkədə üçpilləli məhkəmə sisteminin yaradılması təmin edilmiş, həmçinin məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Qanun məhkəmə orqanlarının sovet dövründən miras qalmış köhnə funksiyalardan azad olmasına, onların fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına, bir sözlə, ədalət məhkəmələrinin cəmiyyətdəki nüfuzunun möhkəmləndirilməsinə xidmət etmişdir. Dövrün tələbindən irəli gələn bu islahatlar məhkəmələrin işinin təkmilləşdirilməsinə, onların fəaliyyətində şəffaflığın geniş təminatına, hakimlərin seçilməsi qaydalarının mütərəqqi dəyərlərə uyğunlaşdırılmasına, işində səhlənkarlığa, sui-istifadə hallarına yol verən, qanunçuluğu düzgün tətbiq etməyən hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsi məqsədinə xidmət etmişdir.

 Müstəqil məhkəmə hakimiyyətinin yaradılması baxımından açıq, obyektiv və səmərəli ədalət mühakiməsini həyata keçirən hakimlər korpusunun yaradılması ulu öndərin Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən biridir. 2000-ci ildən hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Həmin il test üsulu ilə keçirilən seçkilərdə hakim korpusunun 60 faizinin yenilənməsi müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması baxımından vacib addım olmuşdur.

2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin bir qrupu da məhz məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur. Konstitusiyanın Apelyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək, onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.

Daha bir mühüm yeniliklə bütün məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmişdir. Dəyişikliyin məzmununa görə hər kəs, onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Həyata keçirilən mütərəqqi tədbirlərin, xüsusilə məhkəmə hakimiyyətinə inamın və çatımlıq imkanlarının genişlənməsinin təzahürüdür ki, yeni məhkəmə sistemi fəaliyyətə başladıqdan sonra (2000-ci il) mülki mübahisələrlə bağlı məhkəmələrə müraciətlərin sayı 7 dəfədən çox artmışdır.

2003-cü ilin 15 oktyabrından bu islahatları uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da müasirləşdirilməsinə xidmət edən tədbirlər genişləndirilmişdir. Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanıb həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində "Məhkəmələr və hakimlər haqqında" qanun əsaslı şəkildə yenilənmiş, "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanun, "Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə", "Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları", Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir və hazırda uğurla tətbiq olunmaqdadır. Məhkəmə-Hüquq Şurasının tərkibinin yenilənərək, əsasən hakimlərdən, eyni zamanda, ölkə Prezidentinin, Milli Məclisin, Prokurorluğun, Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət formalaşdırılması onun fəaliyyətinin daha da təkmilləşməsinə xidmət etmişdir. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.

Respublikanın məhkəmə sisteminin əsaslı şəkildə müasirləşdirilməsi və təkmilləşdirilməsi baxımından 19 yanvar 2006-cı il tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanın əhəmiyyəti xüsusi vurğulanmalıdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması təmin edilmişdir. Fərman əsasında, həmçinin, Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Şübhəsiz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bu reallıq nəzərə alınmaqla, vətəndaşların haqlı narazılığına səbəb olan qanun pozuntularının aradan qaldırılması, məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Dövlət başçısı İlham Əliyevin 17 avqust 2006-cı il tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırılmışdır.

Son illər 2200 namizəd sırasından seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmiş, bu proses Avropa Şurası tərəfindən yüksək dəyərləndirilmişdir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında rolu nəzərə alınaraq hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin demokratik əsasları təsbit olunmuşdur. Eləcə də korrupsiya hallarının qarşısının alınması üçün hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilmiş, məhkəmə qərarlarının dərci nəzərdə tutulmuş, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, demokratik qaydaları müəyyən olunmuşdur.

Ümumiyyətlə, ötən illərdə ölkədə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. 2011-ci il yanvarın 1-dən inzibati xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir. Ümumilikdə, regionlarda ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrin yaradılması yeni dövrün tələblərindən irəli gələn sosial tələbatdır.

Vətəndaşların məhkəmələrə müraciətlərinin sadələşdirilməsi, elektron xidmətlərin təşkili məqsədilə bütün məhkəmələri əhatə edən vahid internet portalı yaradılmışdır. İnternet portalı ali, apelyasiya və birinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır.

Dünya Bankının dəstəyi ilə Ədliyyə Nazirliyi tərəfindən uğurla həyata keçirilən "Ədliyyə sektorunun müasirləşdirilməsi" layihəsinin əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Layihəyə əsasən bir sıra yeni məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri, onların texniki cəhətdən müasirləşdirilməsi nəzərdə tutulmuşdur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilir, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələlərinə həssaslıqla yanaşılır. Əminliklə demək olar ki, Azərbaycanın iqtisadi inkişaf tempinə adekvat olaraq bu islahatlar ardıcıl şəkildə davam etdiriləcək, məhkəmələrdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunması səviyyəsi ildən-ilə yüksələcəkdir.

 

 

Malik QARAYEV,

Sabirabad Rayon Məhkəməsinin sədri

 

 Azərbaycan.-2013.- 24 aprel.- S.4.