Bakıda «Heydər Əliyev və Azərbaycanın
sosial-iqtisadi inkişafı» mövzusunda konfrans keçirilmişdir
Aprelin
23-də Bakı Biznes Mərkəzində ümummilli liderin 90
illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və
Azərbaycanın sosial-iqtisadi inkişafı" mövzusunda
konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, konfrans müasir Azərbaycan dövlətçiliyinin
memarı Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunmuş filmin nümayişi ilə
başlanmışdır.
İqtisadi
inkişaf naziri Şahin Mustafayev konfransı açaraq
ümummilli lider Heydər Əliyevin Azərbaycanın
inkişafı üçün gördüyü mühüm
işlərdən bəhs etmiş, bu dahi şəxsiyyətin
dövlətçiliyimizin möhkəmləndirilməsində,
iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən
danışmışdır. Qeyd edilmişdir ki, ulu öndər
Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörən
siyasəti nəticəsində digər sahələrdə
olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı
islahatlar həyata keçirilmiş, Azərbaycan nüfuzlu
beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı
regional layihələrin iştirakçısına
çevrilmişdir.
Qazanılmış
nailiyyətlər sonrakı illərdə ölkə
iqtisadiyyatının davamlı və dayanıqlı
inkişafı üçün möhkəm zəmin
yaratmışdır. Bu gün Heydər Əliyev siyasi xəttinin
Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi
inkişafı davamlı xarakter almış, Azərbaycan
siyasi və makroiqtisadi baxımdan sabit, davamlı,
dayanıqlı iqtisadi inkişafa malik ölkəyə,
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və
nəqliyyat layihələrinin iştirakçısına,
beynəlxalq tədbirlər məkanına
çevrilmişdir. Həyata keçirilən uzaqgörən,
düşünülmüş siyasətin nəticəsidir
ki, Azərbaycan sürətlə inkişaf edir, dünyada
nüfuzu gündən-günə artır.
Milli
Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik
Ziyad Səmədzadə, Azərbaycan Respublikasının
Prezidenti Administrasiyasının iqtisadi siyasət məsələləri
şöbəsinin müdiri Mail Rəhimov, Prezident
Administrasiyasının aqrar siyasət məsələləri
şöbəsinin müdiri Azər Əmiraslanov, AMEA-nın
İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və
"Azərsun Holdinq"in prezidenti Abdolbari Goozal ulu öndər
Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar
olması, bütün sahələrdə köklü
islahatların həyata keçirilməsi, iqtisadiyyatın,
regionların və sahibkarlığın inkişafı sahəsində
misilsiz xidmətləri barədə məruzələrlə
çıxış etmişlər.
İqtisadi
İnkişaf naziri Şahin Mustafayev konfransa yekun vuraraq tarixin
sınağından böyük uğurla çıxmış
ulu öndər Heydər Əliyev strategiyasının Prezident
İlham Əliyev tərəfindən uğurlu
davamının ölkəmizin sürətli inkişafı
üçün möhkəm zəmanət olduğunu, Azərbaycan
xalqının xoşbəxtliyini gələcəkdə də
təmin edəcəyini vurğulamışdır.
Azərbaycan.-2013.- 24 aprel.- S.5.