«The Business Year» jurnalında «Bakıda Dünya İqtisadi Forumu» sərlövhəli məqalə dərc olunmuşdur

 

Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalı "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda aprelin 7-8-də Bakıda keçirilən Dünya İqtisadi Forumu barədə məqalə dərc etmişdir. AzərTAc məqalənin xülasəsini təqdim edir.

"Bakıda Dünya İqtisadi Forumu" sərlövhəli məqalədə deyilir ki,  tədbir iqtisadi inteqrasiya barədə müzakirələr aparmaq üçün dünyanın nüfuzlu iqtisadçılarını bir araya gətirmiş və yeni "İpək Yolu"nun əhəmiyyətini bir daha beynəlxalq aləmə çatdırmışdır.

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı direktoru Klaus Şvabın fikrincə, forumun Bakıda keçirilməsi mühüm bir addımdır. O demişdir ki, Azərbaycan müxtəlif yollarla regionun geniş imkanlarını təmsil edən kiçik bir dünyadır. Təbii resurs potensialından düzgün istifadə sayəsində son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri əldə edilmişdir. Eyni zamanda, bu nailiyyətlər həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanılmışdır.

Tədbirdə çıxış edən dövlət və özəl sektorun nümayəndələri də regionun iqtisadiyyatı ilə bağlı oxşar fikirlər səsləndirmişlər. Bildirilmişdir ki, son səkkiz il ərzində Azərbaycanın təbii qaz istehsalı 200 faiz artmışdır. Məqalədə deyilir ki, tədbirdə 4 əsas məsələ müzakirə olunmuşdur: enerji və təbii ehtiyatlar, sahibkarlıq və insan kapitalı, maliyyələşmə və uzunmüddətli sərmayələr, ticarət və təchizat vəsiləsi.

Klaus Şvabın fikrincə, forumun məqsədi uzunmüddətli təşəbbüslərə start vermək və bununla da regiondan və region xaricindən olan aparıcı şəxsləri regional inteqrasiya prosesinə cəlb etməkdir.

Müzakirələrdə Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) kimi vacib layihələrə də toxunulmuşdur. 2013-2014-cü illərdə çəkilişinə başlanılacaq TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından təbii qazın Türkiyə ərazisindən Avropaya ötürülməsini  nəzərdə tutur. Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız "The Business Year" jurnalına müsahibəsində demişdir: "Mən düşünürəm ki, TANAP bu gün bizim bu forumda müzakirə etdiyimiz məsələlər içərisində ən realıdır. Bir layihə olaraq TANAP bizim bu gün burada müzakirə etdiyimiz regional inteqrasiya məsələlərinin bariz sübutudur".

Müzakirə olunan digər məsələlər isə idarəçilik, sabitlik və proqnozlaşdırma məsələləri idi. Bu mövzularla bağlı Azərbaycan BP kimi əsas sərmayədarlardan yüksək qiymət almışdır. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell demişdir: "Azərbaycan heç vaxt BP ilə bağladığı müqavilələrə dəyişiklik etməmişdir. Sərmayədarların ehtiyac duyduğu sabitlik məhz budur".

York Hersoqu, şahzadə Endryu forumdakı çıxışında demişdir: "İnsan kapitalının inkişaf etdirilməsi ilə bağlı məsələlərdə sahibkarlığın keçmiş sovet ölkələrinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidində oynadığı rola forumda böyük diqqət yetirilmişdir. Sahibkarlıq bu regionun gələcəyinin əsasını təşkil edir".

Forumun əsas müzakirə mövzularından biri də Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi önəm verdiyi iqtisadiyyatın şaxələndirilməsi məsələsi olmuşdur.

Prezident İlham Əliyev demişdir: "Bizim iqtisadi inkişafımız enerji sektoru ilə başlamışdır və bu sektor hələ də xarici sərmayələr üçün cəlbedici sahə kimi qalır. Lakin hazırda əsas məqsədimiz iqtisadiyyatı şaxələndirməkdir. Bunu etmək üçün biz dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyi və təbii sərvətlərə malik olan ölkə, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq olan bir ölkə kimi təqdim etməliyik".

Daha əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunun 7 iclasında iştirak edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatının şaxələndirilməsində forumun rolunu xüsusi qeyd edərək demişdir: "Dünya İqtisadi Forumu sayəsində açılan imkanlar Azərbaycanı keçmişdə ümumiyyətlə, tanımayan dünya şirkətləri ilə münasibətlərin qurulmasını mümkün edir".

Məqalədə deyilir ki, iki gün davam edən tədbir forumun 18 ay ərzində reallaşacaq təşəbbüsünə - mümkün iqtisadi və geosiyasi vəziyyətlər arasında dialoq yaratmaqla 2030-cu ilə qədər Cənubi Qafqazın və Mərkəzi Asiyanın regional inteqrasiya məsələlərinin başlanğıcına da start vermişdir.

 

 

Azərbaycan.-2013.- 24 aprel.- S.6.