Mingəçevirin gələcək
inkişafı sənayenin, turizmin inkişafı ilə bağlı
olacaqdır
Prezident İlham Əliyevin bölgəyə
səfəri zamanı bəyan etdiyi bu fikir nur şəhərində
böyük razılıqla qarşılandı
Çölün,
çəmənin zümrüd libasa büründüyü,
meyvə ağacları başına əlvan çiçəklərdən
çətir tutduğu bu yaz günlərində Boz
dağın ətəyində qərar tutmuş Mingəçevirdə
fərqli bir bahar yaşanır. Üzümüzə
açılan bu baharı mingəçevirlilər
üçün ikiqat sevimli edən özəl cəhətlər
vardır. Respublika Prezidenti aprelin 16-da nur şəhərinə
gerçəkləşən səfəri ilə sanki təbiətdə
əlvan rəngləri ilə göz oxşayan, isti nəfəsi
ilə xoş duyğular oyadan baharı könüllərə
köçürdü. Dövlət başçısı
şəhər ictimaiyyətinin nümayəndələri ilə
görüşdə burada görülən
genişmiqyaslı tikinti, abadlıq-quruculuq işlərinə
yüksək qiymət verdi. Görüşdə
xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət
və qayğısı, şəxsi təşəbbüsü
və qətiyyətlə həyata keçirdiyi məqsədyönlü
tədbirlər nəticəsində nəinki
respublikamızın, eyni zamanda, bütün Qafqazın enerji nəhənginə
çevrilən Mingəçevirin şöhrət çələnginə
əsl dövlət məhəbbəti
ilə bu gün də yeni naxışlar vurulduğu
qürurla dönə-dönə vurğulandı.
Ulu
öndər Heydər Əliyev deyirdi ki, Mingəçevirin
tikilməsində, qurulmasında, inkişaf etməsində
vaxtilə mən çox zəhmət çəkmişəm.
İndi mən buraya gəlib bu hündür binaları,
gözəl küçələri, gözəl
meydanları, gözəl yaşıllıqları görəndə
sevinirəm. Çünki 30 il bundan öncə mən Azərbaycanda
rəhbərliyə başlayarkən biz Azərbaycanın hər
bir yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir
gənc şəhər olduğuna görə buraya xüsusi
fikir verirdik.
İllər
keçir, zaman dəyişir. Amma Heydər Əliyevin müəyyən
etdiyi yol dəyişmir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin
yaratdığı qalib siyasi kursun bu gün Prezident İlham Əliyev
tərəfindən müvəffəqiyyətlə və
müasir dövrün spesifik xüsusiyyətlərinə
uyğun yaradıcılıqla yerinə yetirildiyini bir daha təsdiq
etmək üçün konkret olaraq nur şəhəri Mingəçevirin
gündən-günə gözəlləşən
simasına nəzər yetirmək kifayətdir. Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının uğurla
reallaşdırılması nəticəsində Mingəçevir
şəhərində son illər böyük nailiyyətlərə
imza atılmış, mühüm infrastruktur layihələri
həyata keçirilmiş, yeni istehsal və emal müəssisələri
yaradılmışdır. Məhz son illərdə burada "Kür" Olimpiya Tədris
İdman Mərkəzi, dövlət dram teatrı yenidən
qurulmuş, Heydər Əliyev Mərkəzi, Gənclər evi
inşa edilmiş, "Sahil" və "Dostluq"
parklarında göz oxşayan abadlıq-quruculuq işləri
görülmüş, məcburi köçkün ailələri
üçün 10 ədəd 9 mərtəbəli binalardan
ibarət yaşayış məhəlləsi
salınmışdır. Dövlətin qayğısından
güc alan, qurub-yaratmaq həvəsli övladlarının
odlu ürəyi, hərəkətli əlləri ilə hər
gün bir boyda ucalan Mingəçevir yüksəliş, tərəqqi
yolunda inamla addımlayır.
Dövlət
başçısının Mingəçevirə səfərindən
bir neçə gün keçir. Amma bu səfərin
yaratdığı xoş ovqat energetiklər şəhərində
bu gün də yaşanır. Prezidentlə səmimi
görüşün xoş duyğuları könülləri
tərk etməmiş nur şəhərini yeni sevinc
dalğası bürümüşdür. Respublika Prezidenti
İlham Əliyev aprelin 18-də, bölgəyə səfərindən
iki gün sonra Mingəçevirin yüksəlişinə
hesablanan üç sərəncam imzalamışdır.
"Mingəçevir şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair tədbirlər
haqqında" sərancamla Mingəçevir Şəhər
İcra Hakimiyyətinə Azərbaycan Respublikasının
2013-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan
5 milyon manat, "Mingəçevir şəhərinin
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında" sərəncamla
Mingəçevir şəhəri ərazisində 40 min nəfərdən
çox əhalinin istifadə etdiyi 13 kilometr avtomobil
yollarının yenidən qurulması məqsədilə
dövlət büdcəsindən 2 milyon manat
ayırmışdır. "Mingəçevir Mərkəzi
Şəhər Xəstəxanasının yenidən
qurulması haqqında" dövlət
başçısının imzaladığı sərəncam
əsasında isə dövlət büdcəsindən ilkin
olaraq 3 milyon manat ayrılmışdır.
Dövlətin
sosial siyasətinin əsas hədəfləri, Prezidentin
ölkə vətəndaşlarının həyat şəraitini
hər vasitə ilə yaxşılaşdırmağa yönələn
qayğı və diqqətinin konkret ifadəsi göz
qabağındadır. Səmimi notlar üzərində
keçən hərarətli görüşdən iki gün
sonra dövlət başçısının
imzaladığı sözü gedən üç sərəncam,
sözün həqiqi mənasında, Mingəçevirdə
rezonans doğurmuşdur. Küçədə
qarşılaşan şəhər sakinləri bir-birini təbrik
edir, göz aydınlığı verirdilər. Könüllərdə
baş qaldıran misilsiz minnətdarlıq hissinin əsas
ünvanı isə böyük humanizmi,
qayğıkeşliyi, mehribanlığı ilə ürəklərdə
sonsuz istək və məhəbbət yaratmış Prezident
İlham Əliyevdir.
Ayrı-ayrı
şəhər sakinlərinin ürək sözlərini
eşidəndə bunun bir daha şahidi olduq..
Akif Hacıyev - şəhər
Ağsaqqallar Şurasının sədri:
-
Mingəçevir mənə doğma, anam qədər əziz
şəhərdir. Onun xoş sorağı, indiki ağ
günləri ömrümə ömür calayır. Azərbaycan
gəncliyinin dünyaya səs salan hünəri biz
yaşlı nəslə qürur verir. Mən respublika
Prezidenti İlham Əliyevi Azərbaycan gəncliyinin simvolu
hesab edirəm. Onun yeritdiyi müdrik və uzaqgörən siyasəti
bizim Mingəçevir şəhərində hamı bəyənir
və müdafiə edir. Dövlətimizin
başçısı şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşdə Mingəçevirdə
yeni müəssələr hesabına texnoparklar
yaradılmasının artıq zərurətə
çevrildiyini deyəndə onu doğma övladım kimi
bağrıma basıb alnından öpmək istədim.
Prezidentin səsləndirdiyi bu fikirlər bizim şəhər
üçün taleyüklü bir məsələdir. Son illər
şəhərimizdə yeni iş yerlərinin sayı sürətlə
artsa da, hələ xeyli işsiz var. İşsiz varsa, deməli,
o işsizin mənsub olduğu ailədə
dolanışıq problemi də var. Bax, möhtərəm
Prezidentin nəzərdə tutduğu tədbirlər bir tərəfdən
ölkənin iqtisadi qüdrətini artırmağa
hesablanırsa, az əhəmiyyət kəsb etməyən digər
mühüm tərəfdən isə minlərlə yeni
iş yerinin açılması ilə çox sayda ailələrin
dolanışığını
yaxşılaşdırmağı hədəfə alır.
Mən
dünya görmüş insanam. Bəzən
ağına-bozuna baxmadan keçmişi topa tutanlarla
razılaşmıram. Sovetlər dövründə belə
bir şüar vardı - kadrlar hər şeyi həll edir. Məncə,
bu, çox doğru yanaşmadır və bu
günümüz üçün də son dərəcə
aktualdır. Sözümün canı var. Dövlətimizin
başçısına bir də ona görə minnətdarıq
ki, ölkə üçün strateji əhəmiyyətə
malik Mingəçevirə qurucu, yaradıcı rəhbər
təyin edib. 5-10 ilə görüləsi iş bir ildə
görülüb. Əlbəttə, dövlətimizin
qüdrəti sayəsində, bacarıqla səfərbər
edilmiş mingəçevirlilərin əzmkarlığı
ilə.
İlham Mayılov - şəhər
mərkəzi xəstəxanasının baş həkiminin müavini:
- Həqiqətdir
ki, bu gün Mingəçevir bayram əhval-ruhiyyəsindədir.
Hamının üzü güldüyü, könlü
açıldığı bu günlərdə bəlkə
də daha çox sevinən tibb işçiləridir. Əlbəttə,
bu, səbəbsiz deyil. Prezident İlham Əliyevin "Mingəçevir
Mərkəzi Şəhər Xəstəxanasının yenidən
qurulması haqqında" imzaladığı sərəncam
çoxsaylı tibb işçilərinin üstünə
gün kimi doğmuşdur. Mingəçevir səhiyyəsi
vaxtilə bütün regionda böyük şöhrət
qazanmışdı. Uzun illər boyu binaların təmir edilməməsi,
müasir müayinə və müalicə
avadanlıqlarının olmaması, xəstəxananın
maddi-texniki bazasının zəifləməsi köhnə
şöhrəti qoruyub saxlamağa imkan vermirdi.
Xəstəxana
adamların daha çox müraciət etdiyi sosial
ünvandır. Müayinə otaqlarının,
laboratoriyaların, palataların vəziyyəti o həddə
idi ki, biz xəcalət çəkməyə bilmirdik.
Dövlət başçısının qayğı və
diqqəti sayəsində illərdən bəri çəkdiyimiz
bu sıxıntıdan qurtuluruq. Təsəvvür edin, xəstəxanada
istilik sistemi yoxdur. Müasir tələblərə cavab verən
müayinə və müalicə aparatları
çatışmır. Böyük ehtiyac duyulan dializ
aparatının olmaması şəhər sakinlərində
narazılıq yaradır. Halbuki şəhərdə dializ
olunası 36 nəfər xəstə var. İndi bu xəstələr
Zaqatala, yaxud Bərdə rayonlarına getmək məcburiyyətində
qalırlar.
Respublika
Prezidenti İlham Əliyevin Mingəçevrə səfəri,
iki gün sonra isə mərkəzi
şəhər xəstəxanasının yenidən
qurulması haqqında sərəncam imzalaması təkcə
tibb işçilərinin deyil, bütün şəhər
sakinlərinin böyük sevincinə səbəb olmuşdur.
Dövlətin öz vətəndaşına sahib çıxması,
hər kəsə çata biləcək qayğı və
diqqətini əsirgəməməsi ruh yüksəkliyi
yaratmaqla yanaşı, məsuliyyətimizi də
artırır. Dövlət başçısının mingəçevirlilərin
sağlamlığı qayğısına necə
böyük həssaslıqla yanaşmasından məntiqi nəticə
çıxaran həkimlərimizin fəaliyyətində
artıq yeni dövr başlayır. Dərk edirik ki, səhiyyənin
inkişafına artan dövlət qayğısının məntiqi
davamı olaraq biz həkimlərdən nümunəvi xidmət
tələb olunacaqdır. Biz fəaliyyətimizi yeni tələblər
səviyyəsində qurmağa çalışırıq.
Səfər Cəfərov - səhər
1 saylı orta məktəbin direktoru:
-
Dövlət başçısının şəhərimizə
hər gəlişi bayrama çevrilir. Bu dəfəki səfərinin
sevinci isə daha böyükdür. İllərdən bəri
məktəblərimiz üçün müşkül olan
bir məsələnin həllinə artıq start verilib. Şəhərimizin
demək olar ki, bütün təhsil ocaqlarında çox
sayda qaçqın və məcburi köçkün ailəsi
məskunlaşırdı. Elə bizim 1 saylı şəhər
orta məktəbində 29 sinif otağı
qaçqınların istifadəsində idi. Əlbəttə,
belə şəraitdə təhsildə qarşıya qoyulan
müasir tələblərə cavab vermək çox çətindir.
20 ildir ki, məktəblərimiz belə ağır şəraitdə
fəaliyyət göstərir. İndi isə
üstümüzə gün doğub. Respublika Prezidenti
İlham Əliyevin Mingəçevirə bu dəfəki səfəri
şəhərimizin
sosial-iqtisadi həyatının bütün sahələrində
olduğu kimi, təhsildə də inkişafa güclü təkan
verəcək. Qaçqın və məcburi
köçkünlər üçün yeni salınan hər
cür infrastruktura malik şəhərcik bir tərəfdən
uzun illər boyu çətin şəraitdə yaşayan
soydaşlarımızı məişət
rahatlığına qovuşdurursa, digər tərəfdən
təhsil müəssisələrinin normal fəaliyyətini təmin
edəcəkdir. İllərlə arzu olaraq qalan və bu istəyi
gerçəkləşdirən Prezident İlham Əliyevə
şəhərin bütün pedaqoji işçiləri,
şagirdləri, eləcə də valideynlər böyük
təşəkkür və minnətdarlıqlarını
çatdırırlar.
Səidə İbrahimova - Ağdam
rayonundan məcburi köçkün, şəhid ailəsi:
- Bu
günün gələcəyinə, arzularımın həyata
keçəcəyinə inanırdım. Hər dəfə
televiziyada yeni qaçqın şəhərciklərinin
istifadəyə verildiyini, illər boyu ağır şəraitdə
yaşayan ailələrin firavan həyata qovuşduğunu
görandə öz-özümə
pıçıldayırdım ki, bu bizə də nəsib
olsun. İndi özümü xoşbəxt sayıram. Beş
nəfərdən ibarət olan ailəmizin artıq öz evi var.
Dördotaqlı mənzildə ailəmizin firavan
yaşaması üçün hər cür şərait
yaradılmışdır. Sevinən, bayram edən təkcə
biz deyilik. Mingəçevirdə yeni tikilən çoxmərtəbəli
yaşayış binalarında bizimlə bərabər 502 məcburi
köçkün ailəsi də yeni mənzillərə
köçmüşdür. Əlbəttə, bu sevinci bizə
dövlətimizin başçısı İlham Əliyev bəxş
etmişdir. Yeni mənzil alan ailələrin 471-i
ağdamlıdır. Ağdamlılar bütün zamanlarda
Prezident İlham Əliyevin siyasətini dəstəkləmişlər.
Fəxr edirik ki, belə qayğıkeş rəhbərimiz
var. Böyük Yaradanın nəzərləri həmişə
onun üstündə olsun. Dövlət
başçısının əvəzsiz qayğısı,
diqqəti bizə ağrı-acılara üstün gəlməkdə
güc-qüvvət, yaşamağa həvəs verir. Biz
inanırıq ki, müdrik və qətiyyətli Prezidentimiz
işğal altındakı torpaqlarımızı tezliklə
azad edəcək, toy-bayramla Qarabağa, doğma Ağdama
dönəcəyik.
Kamal Nəcəfli - şəhər
gənclər və idman idarəsinin rəisi:
-
Respublika Prezidenti İlham Əliyevin Mingəçevirə
aprelin 16-da gerçəkləşən tarixi səfəri şəhərimizin
gənclərinin həyatında çox əlamətdar hadisə
ilə yaddaşlara yazılıb. Səfər zamanı
dövlət başçısı Gənclər evinin
açılış mərasimində iştirak etdi.
Bütün regionda tayı-bərabəri olmayan bu möhtəşəm
ocaq məhz Prezidentin təşəbbüsü
ilə yaranmışdır. Ümumi sahəsi 380 kvadratmetr
olan Gənclər evində şəhərimizin yeniyetmə və
gənclərinin öz asudə vaxtlarını səmərəli
keçirməsi, intellektual səviyyələrini
artırmaları üçün hər cür şərait
yaradılmışdır. Şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşdə
dövlət başçısı digər quruculuq işləri
ilə yanaşı, Mingəçevirdə Olimpiya İdman Mərkəzinin
tikiləcəyini bəyan etdi. Dövlət
başçısının qayğısı şəhərimizin
gənclərini yeni uğurlara, müstəqil Azərbaycan
dövlətinin fəal vətəndaşı olmağa
ruhlandırır.
Dövlət
başçısının Mingəçevirin sosial-iqtisadi
inkişafında yeni dövrün başlandığı
anlamına gətirən tarixi səfərindən bir neçə
gün keçir. Amma bu bölgədə çox şeyin dəyişdiyi
gerçək bir reallıqdır. Həmişə qaynar həyat
yaşanan Mingəçevirdə indi fərqli bir durum var.
Dövlət başçısının bu bölgənin
yüksəlişinə artan qayğısı nur şəhərində
formalaşan sağlam mənəvi-psixoloji mühitə yeni
çalarlar verir. Şəhər rəhbərliyinin təşkilatçılıq
bacarığı ilə adamların gücü aydın istiqamətə
- ölkənin iqtisadi qüdrətinin artırılması,
doğma diyarın cənnətə döndərilməsi
uğrunda mübarizəyə səfərbər edilir. Mingəçevir
Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramov söhbət zamanı dedi
ki, Respublika Prezidenti İlham Əliyev bölgəyə səfəri
zamanı burada görülən abadlıq-quruculuq işlərinə
yüksək qiymət verməklə yanaşı, nur şəhərinin
inkişafında mühüm rol oynayacaq yeni dövrün
başlandığını bəyan etdi. Dövlət
başçısı şəhər ictimaiyyətinin
nümayəndələri ilə görüşdə
demişdir:
"Mingəçevir
Azərbaycanın çox böyük turizm mərkəzinə
çevrilməlidir. Bunu etmək üçün bir daha demək
istəyirəm ki, bütün imkanlar vardır. Artıq tikilən
hotellər də turizm sektorunun inkişafına xidmət
göstərəcəkdir. Eyni zamanda, biz gərək Mingəçeviri
böyük sənaye mərkəzi kimi inkişaf etdirək. Mən
Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə
bağlı xüsusi göstəriş vermişəm... Biz
Mingəçeviri yenidən
böyük sənaye mərkəzinə çevirməliyik.
Buna nail olmaq üçün artıq hökumətə
müvafiq göstərişlər verilmişdir. İndi
işlər gedir ki, Mingəçevirdə texnologiya parkı
yaradılsın. Dövlətin dəstəyi ilə burada bir
neçə iri müəssisə yaradılsın ki, iş
yerləri çoxalsın".
Dövlət
başçısı Mingəçevirin gələcək
inkişafı sənayenin, turizmin inkişafı ilə
bağlı olacaq fikrini bəyan etməklə nur şəhərinin
üzünə yeni və daha işıqlı sabahlar açır. Bu
qayğını yüksək dəyərləndirən mingəçevirlilər
indi çox məmnundurlar. Onlar fəaliyyətinin əsas hədəfi
insan amili olduğunu dəfələrlə bəyan edən
dövlət başçısının yeritdiyi müdrik
siyasəti birmənalı şəkildə müdafiə edir,
həmişə öz prezidentlərinin ətrafında
sıx cərgələrdə birləşdiklərini
qürur və iftixarla dilə gətirirlər.
Lazım QULİYEV
Azərbaycan.-2013.- 24 aprel.- S.8.