AIDA - Azərbaycanın xarici
siyasətinin yeni istiqaməti
Xarici İşlər Nazirliyinin
Beynəlxalq İnkişafa Yardım Agentliyinin texniki və humanitar yardımları ölkəmizə yeni siyasi və iqtisadi tərəfdaşlar qazandırır
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarını maksimum səviyyədə təmin etməsinə nail olmuşdur. Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasındadır.
Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət strategiyası müstəqil Azərbaycanın qurtuluşuna, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə yönəlmişdi. İlkin mərhələdə Azərbaycanın beynəlxalq aləmdə təcrid vəziyyətindən çıxarılması, tarazlaşdırılmış xarici siyasət xətti, dünya iqtisadiyyatına və Avratlantik məkana inteqrasiyası, dünya azərbaycanlılarının təşkilatlanıb mütəşəkkil fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə regionun iqtisadi mərkəzlərindən birinə, qlobal arenada söz sahibinə çevrilməsi bu strategiyanın konseptual əsaslarını təşkil edir.
Son
illər ərzində Azərbaycan dünya miqyasında
özünü dinamik inkişaf edən, müasir,
güclü ölkə kimi təqdim edə bilmişdir. Bu
gün Azərbaycanın xarici siyasət kursu milli maraqların
prioritetliyi şərti ilə respublikamızın beynəlxalq
miqyasda özünü təsdiqləməsinə,
iqtisadi-siyasi potensialını effektiv surətdə
reallaşdırmasına və təhlükəsizliyini hərtərəfli
təmin etməsinə təminat yaradır.
Yardım alan ölkədən
yardım edən ölkəyə çevrilən Azərbaycan
Ölkəmizin coğrafi, geosiyasi
mövqeyi, eləcə də mövcud iqtisadi vəziyyəti
və potensialı onun xarici siyasətinin müəyyənləşdirilməsində
başlıca rol oynayır. Tarixən müxtəlif sivilizasiyaların,
mədəniyyətlərin, dinlərin kəsişməsində
yerləşən Azərbaycan Şərqlə Qərbi,
Şimalla Cənubu birləşdirən, Avrasiya məkanında
yeni kommunikasiyaların, nəqliyyat və enerji dəhlizlərinin
üzərində qovşaq ölkə kimi regionda
böyük nüfuza malikdir. Bu gün Azərbaycan müstəqil
xarici siyasət yürüdür və heç bir xarici
dövlətin onun daxili işlərinə
qarışmasına imkan vermir.
Keçid
dövrünün bir çox problemlərinin öhdəsindən
məharətlə gəlmiş ölkəmiz müasir idarəçilik
və dövlət quruculuğu sahələrində əldə
etdiyi uğurlarla dünyanın inkişaf etmiş ölkələri
sırasında öz layiqli yerini tutmaqdadır. Yardım alan
ölkədən yardım edən ölkəyə
çevrilən Azərbaycan bu gün həm də
dünyanın donor ölkələri sırasına daxil olub.
Azərbaycanın adı təbii fəlakətlər,
müharibələr və digər sosial-iqtisadi
sıxıntılar keçirən ölkələrə
yardım edən ilk dövlətlər sırasında çəkilir.
Hər bir dövlətin yardım siyasəti, xüsusilə də beynəlxalq müstəvidə, həmin ölkənin gücündən, nüfuzundan xəbər verir. Xarici ölkələrdə baş vermiş fəlakətlər zamanı Azərbaycan dövlətinin göstərdiyi yardımlar, ilk növbədə Azərbaycan xalqının xeyirxahlığının, humanistliyinin və mərhəmətli olmasının parlaq göstəricisidir. Bu bizim daxili dünyamızın təzahürüdür. Azərbaycan xalqı özünün mədəniyyəti, milli-mənəvi dəyərləri ilə seçilən xalqlardandır. Təbii ki, bu insani keyfiyyətləri özündə təcəssüm etdirən xalqın yaşayıb-yaratdığı, qurub qoruduğu müstəqil dövlət də humanist prinsiplər əsasında idarə olunur. Bu baxımdan da insan faktoru, insan ləyaqətinə hörmət prioritet məsələlər kimi qəbul edilir. Dövlətimizin xarici ölkələrdə zərərçəkmiş insanlara yardım etməsinin əsasında duran amillərdən biri də budur. Digər tərəfdən də Azərbaycanın hansısa ölkəyə yardım etməsi artıq donorluq siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Belə yardımların beynəlxalq aləmdə müsbət dəyərləndirilməsi Azərbaycanın nüfuzunun daha da möhkəmlənməsinə, beynəlxalq təşkilatlarda ölkəmizlə bağlı hər hansısa bir qərarın çıxarılması üçün aparılan səsvermənin nəticəsinə bilavasitə təsir edə biləcək amillərdir. Bu da xarici siyasətin vacib elementlərindən biri hesab olunur.
Azərbaycanın xarici
siyasətinin yeni qanadı - AİDA
2001-ci ilin sentyabr ayında Azərbaycan
Xarici İşlər Nazirliyinin nəzdində yaradılan Azərbaycan
Respublikasının Beynəlxalq İnkişafa Yardım
Agentliyinin (Azerbaijan
İnternational Development Agency - AİDA) fəaliyyəti məhz
dövlətimizin xarici siyasətinin maraqlarına xidmət
edir. AİDA Agentliyinin yaradılması və onun uğurlu fəaliyyəti
Azərbaycanın sürətli və dinamik inkişafının,
ölkəmizdə müvəffəqiyyətlə həyata
keçirilən iqtisadi islahatların nəticəsidir.
AİDA Agentliyi Azərbaycanın xarici siyasətinin yeni
qanadı, ümumiyyətlə xarici siyasətdə öz məqsədlərimizə
çatmaq üçün yeni və effektiv bir vasitədir.
Azərbaycan dövləti tərəfindən edilən
yardımlar vasitəsilə AİDA dövlətimizin xarici
siyasətini diplomatik nümayəndəliklərimizin
olmadığı ölkələrdə də
yürüdür. Bu ölkələrin televiziyalarında Azərbaycan
və onun AİDA Agentliyi ilə bağlı müsahibələr
verilir, aparıcı qəzetlərində məqalələr
çap edilir. AİDA xarici siyasətimizin yeni bir qanadı
olmaqla yanaşı, eyni zamanda diplomatiyamızın effektiv bir
alətidir. Belə ki, beynəlxalq yardımların xarici siyasətin
maraqlarına uyğun şəkildə göstərilməsi
və bu yardımların effektiv bir alət kimi xarici siyasətdə
tətbiqi dünyanın inkişaf etmiş ölkələri
arasında geniş yayılmış bir təcrübədir.
AİDA tərəfindən edilən yardımlar ölkəmizin
dünyada müsbət imicinin möhkəmləndirilməsinə
xidmət etməklə yanaşı, eyni zamanda Azərbaycana
yeni siyasi və iqtisadi tərəfdaşlar qazandırır.
AİDA humanizm, xoşniyyətlilik və yardımsevərlik
kimi Azərbaycan xalqının milli-mənəvi dəyərlərini
öz fəaliyyətində əks etdirir.
AİDA-nın texniki
yardımlarının istiqamətləri
Qurumun texniki yardım layihələri
bir neçə istiqamət üzrə həyata
keçirilir. İnkişaf etməkdə olan ölkələrdə
gənclərin Azərbaycan universitetlərində ali təhsil
almaları üçün onlara təqaüd verilir. Burada məqsəd
həmin ölkələrin insan kapitalının inkişaf
etdirilməsinə yardım etmək və bu gənclərin
Azərbaycan dövlətinə marağını artırmaq,
gələcəkdə hər hansısa bir sahə üzrə
əməkdaşlıq mübadiləsinin aparılmasına
şərait yaratmaqdır. Hazırda bu layihə istiqamətində
bir neçə ölkənin gəncləri Azərbaycanda təhsil
alır. İkitərəfli münasibətlərə
müsbət təsir edən bu layihə gələcəkdə
daha da genişləndiriləcək. Eyni zamanda Azərbaycanda
ixtisasartırma kursları təşkil olunur. Bu kurslara
inkişaf etmiş ölkələrdən mütəxəssislər
cəlb edilir. Bu ilin may ayında isə Azərbaycan Dövlət
Neft Akademiyasında beynəlxalq neft seminarın keçirilməsi
nəzərdə tutulub. Seminara neft hasilatı sənayesi
mövcud olan ölkələrdən nümayəndələr
dəvət edilib. Bu seminar İslam Əməkdaşlıq Təşkilatının
və Afrika İttifaqının himayəçiliyi altında
keçiriləcək. Seminar sırf Afrikaya həsr
olunduğu üçün iştirakçı dövlətlər
bu iki quruma üzv ölkələr olacaq.
Qurumun
vasitəsi ilə Azərbaycan, eyni zamanda, informasiya-kommunkasiya
texnologiyaları sahəsində Əfqanıstana yardımlar
göstərir. AİDA Agentliyi, Azərbaycanın Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin inkişaf
proqramı ilə birgə Əfqanıstanda elektron hökumətin
yaradılmasına kömək göstərir. Bu layihə
çərçivəsində cari ilin iyun ayında
Bakıda yüksək səviyyəli toplantı keçiriləcək.
İclasda Əfqanıstanın hökumət nümayəndələri
Azərbaycanda elektron hökumətin hansı formada
qurulduğunu nəzərdən keçirəcək.
AİDA-nın beynəlxalq insani
yardımları
Azərbaycan
Respublikasının Beynəlxalq İnkişafa Yardım
Agentliyi vasitəsi ilə Azərbaycan dövləti bu gün
dünyanın ən qaynar nöqtələrində hər
şeyini itirmək təhlükəsi ilə üz-üzə
qalmış insanlara humanitar yardımlar göstərir.
Onların sırasında Qəzzadakı Fələstin
xalqı, Suriyadan qaçaraq İordaniyada məskunlaşmış
qaçqınlar da var. Yaxın zamanlarda isə Suriyadan
qaçaraq digər dövlətlərin ərazisində məskunlaşan
məcburi köçkünlərə humanitar
yardımların edilməsi də planlaşdırılır.
AİDA
strateji rəsmi tərəfdaşlıq çərçivəsində
İslam İnkişaf Bankı ilə birgə İslam Əməkdaşlıq
Təşkilatına üzv olan Afrika ölkələrində
"Görmə qabiliyyətinin itirilməsi ilə mübarizə"
kampaniyası təşkil edir. Göz katarakta xəstəliklərinin
bu ölkələrdə geniş yayılması əsasən
Afrikanın iqlimi ilə əlaqədardır. Burkino Faso və
ÇAD-da keçirilən kampaniya çərçivəsində
1258 nəfərin görmə qabiliyyəti bərpa edilib.
Liviyada keçirilən kampaniyada isə 200 nəfər əməliyyat
olunub. May ayının əvvəllərində isə yenidən
Burkino Fasoda görmə qabiliyyətinin itirilməsinə
qarşı əməliyyatlar aparılacaq. Bu kampaniyda AİDA
Azərbaycan həkimlərinin də iştirakını təşkil
edir. Bu kampaniyadan sonra həyata keçiriləcək növbəti
layihələrin birində isə yalnız Azərbaycan həkimləri
iştirak edəcəklər.
Bu
humanitar aksiyalar ilk baxışdan quru rəsmiyyət kimi səslənsə
də, gözünün nurunu itirmiş beşikdəki
körpələrdən tutmuş yaşlı insanlaradək
onlara həyatı yenidən görmək imkanı verərək
təkcə özlərinə yox, yaxınlarının da həyatına
böyük sevinc gətirir. Övladını dünyaya gətirmiş
və onu 18 il ərzində bir dəfə də olsun görə
bilməyən və onu yalnız səsindən və
toxunuşları ilə hiss edərək tanıyan
ananın oğlunu
gördüyü zaman keçirdiyi hissləri anlamaq o qədər
də çətin deyildir! Belə hadisələr yüzlərlə,
bəlkə də minlərlədir və əlbəttə
ki, gözləri tutulmuş insanların həyatı yenidən
gördüyü zaman onların və yaxınlarının
keçirdiyi hisslərin Azərbaycanla bağlı olması
qürurvericidir.
Humanitar yardımların göstərilməsində
çevik mexanizmin üstünlüyü
AİDA
Agentliyi bütün bunlarla yanaşı, böhran baş verən
ölkələrə daha tez yardım göstərmək
üçün çevik mexanizm üzərində işləyir.
Çünki fəlakət baş vermiş ölkələrdən
yardım edilməsilə bağlı müraciətdən
sonra beynəlxalq təşkilatlar və donor dövlətlər
operativlik nümayiş etdirərək dərhal yardım
göstərir. Həmin dövlətlərin ardınca isə
digər ölkələrin humanitar köməyi böhrandan əziyyət
çəkənlərə müsbət təsir göstərsə
də, çəkilən əziyyət bəzən kölgədə
qalır. Ona görə də yardıma ehtiyacı olan
dövlətdən nəyə tələbatın olması ilə
bağlı məlumat alındıqda dərhal həyata
keçirilməlidir. Çünki 2-3 gündən sonra tələbat
dəyişəcək və gecikmiş humanitar yardım
lazımsız sayılacaq.
Misal
üçün, Türkiyənin Van vilayətində baş
verən zəlzələ zamanı ilk hərtərəfli
yardım göstərən dövlət Azərbaycan
olmuşdur. Hətta Türkiyə xilasedici dəstələri
8 saat iş rejimi ilə işlədikləri zaman Azərbaycanın
Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadası 24
saat dayanmadan insanların uçqunlar altından
çıxarılması, dağıntıların təmizlənməsi
işləri ilə məşğul olurdular. Türkiyənin
və digər ölkələrin telekanalları isə bu qəhrəmanlığı
dünyaya yayırdılar. Azərbaycanın nüfuzunu daha da
yüksəldən bu yardımlar isə dövlətimizə
həqiqətən dünyada xeyli tərəfdaş qazandırıb.
AİDA
isə bu gün yardımların göstərilməsində
çevik mexanizm axtarmaqla Azərbaycanın daha böyük
uğurlar qazanması üçün
çalışır. Qeyd edək ki, Azərbaycan dövləti
hazırda dünyanın böhran vəziyyətində olan
qaynar nöqtələrinə maliyyə yardımı göstərir.
AİDA isə bu yardımların tək maliyyə yox, eyni
zamanda humanitar məhsullarla da əvəz olunmasının tərəfdarıdır.
Çünki hər hansısa bir dövlətin humanitar
yardımı zamanı onun adı, bayrağı və ya
gerbinin təsviri məhsulun üzərində olduqda, diqqəti
daha çox cəlb edir.
Yardımı alan hər hansı bir şəxs onun hansı
dövlət tərəfindən göndərildiyini
görür və bu çətin anında kimin onun
yanında olduğunu bilir.
AİDA-nın
yeni planları və qarşıya qoyulan məqsəd
AİDA hazırda beynəlxalq
yardım prinsiplərinin hüquqi əsasları üzərində
işləyir. Yeni tərəfdaşların tapılması, ən
yaxşı beynəlxalq təcrübələrin həyata
keçirilməsi bu qurumun fəaliyyətini daha da genişləndirəcək.
Ancaq təbii ki, bütün bunların həyata keçirilməsi
üçün maliyyə vəsaiti tələb olunur. Azərbaycan
dövləti isə beynəlxalq nüfuzunun daha da artması,
ikitərəfli münasibətlərin genişlənməsi,
diplomatik korpuslarının sayının çoxalması
baxımından AİDA-nın fəaliyyətinə dəstək
olur və dünyanın güclü donor dövlətinə
çevrilmək üçün bütün zəruri vasitələrdən
istifadə edir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 24 aprel.- S.7.