Mingəçevirin gələcək
inkişafı sənayenin, turizmin
inkişafı ilə bağlı olacaqdır
Prezident İlham Əliyevin
bölgəyə səfəri zamanı bəyan etdiyi bu fikir nur şəhərində böyük
razılıqla qarşılandı
Çölün,
çəmənin zümrüd libasa büründüyü,
meyvə ağacları başına əlvan çiçəklərdən
çətir tutduğu bu yaz günlərində Boz
dağın ətəyində qərar tutmuş Mingəçevirdə
fərqli bir bahar yaşanır. Üzümüzə
açılan bu baharı mingəçevirlilər
üçün ikiqat sevimli edən özəl cəhətlər
vardır. Respublika Prezidenti aprelin 16-da nur şəhərinə
gerçəkləşən səfəri ilə sanki təbiətdə
əlvan rəngləri ilə göz oxşayan, isti nəfəsi
ilə xoş duyğular oyadan baharı könüllərə
köçürdü. Dövlət başçısı
şəhər ictimaiyyətinin nümayəndələri ilə
görüşdə burada görülən
genişmiqyaslı tikinti, abadlıq-quruculuq işlərinə
yüksək qiymət verdi. Görüşdə
xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət
və qayğısı, şəxsi təşəbbüsü
və qətiyyətlə həyata keçirdiyi məqsədyönlü
tədbirlər nəticəsində nəinki
respublikamızın, eyni zamanda, bütün Qafqazın enerji nəhənginə
çevrilən Mingəçevirin şöhrət çələnginə
əsl dövlət məhəbbəti
ilə bu gün də yeni naxışlar vurulduğu
qürurla dönə-dönə vurğulandı.
Ulu
öndər Heydər Əliyev deyirdi ki, Mingəçevirin
tikilməsində, qurulmasında, inkişaf etməsində
vaxtilə mən çox zəhmət çəkmişəm.
İndi mən buraya gəlib bu hündür binaları,
gözəl küçələri, gözəl
meydanları, gözəl yaşıllıqları görəndə
sevinirəm. Çünki 30 il bundan öncə mən Azərbaycanda
rəhbərliyə başlayarkən biz Azərbaycanın hər
bir yerində quruculuq işləri aparırdıq. Ancaq Mingəçevir
gənc şəhər olduğuna görə buraya xüsusi
fikir verirdik.
İllər keçir, zaman dəyişir. Amma Heydər Əliyevin müəyyən etdiyi yol dəyişmir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin yaratdığı qalib siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə və müasir dövrün spesifik xüsusiyyətlərinə uyğun yaradıcılıqla yerinə yetirildiyini bir daha təsdiq etmək üçün konkret olaraq nur şəhəri Mingəçevirin gündən-günə gözəlləşən simasına nəzər yetirmək kifayətdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla reallaşdırılması nəticəsində Mingəçevir şəhərində son illər böyük nailiyyətlərə imza atılmış, mühüm infrastruktur layihələri həyata keçirilmiş, yeni istehsal və emal müəssisələri yaradılmışdır. Məhz son illərdə burada "Kür" Olimpiya Tədris İdman Mərkəzi, dövlət dram teatrı yenidən qurulmuş, Heydər Əliyev Mərkəzi, Gənclər evi inşa edilmiş, "Sahil" və "Dostluq" parklarında göz oxşayan abadlıq-quruculuq işləri görülmüş, məcburi köçkün ailələri üçün 10 ədəd 9 mərtəbəli binalardan ibarət yaşayış məhəlləsi salınmışdır. Dövlətin qayğısından güc alan, qurub-yaratmaq həvəsli övladlarının odlu ürəyi, hərəkətli əlləri ilə hər gün bir boyda ucalan Mingəçevir yüksəliş, tərəqqi yolunda inamla addımlayır.
Dövlət başçısının Mingəçevirə səfərindən bir neçə gün keçir. Amma bu səfərin yaratdığı xoş ovqat energetiklər şəhərində bu gün də yaşanır. Prezidentlə səmimi görüşün xoş duyğuları könülləri tərk etməmiş nur şəhərini yeni sevinc dalğası bürümüşdür. Respublika Prezidenti İlham Əliyev aprelin 18-də, bölgəyə səfərindən iki gün sonra Mingəçevirin yüksəlişinə hesablanan üç sərəncam imzalamışdır. "Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında" sərancamla Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat, "Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncamla Mingəçevir şəhəri ərazisində 40 min nəfərdən çox əhalinin istifadə etdiyi 13 kilometr avtomobil yollarının yenidən qurulması məqsədilə dövlət büdcəsindən 2 milyon manat ayırmışdır. "Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulması haqqında" dövlət başçısının imzaladığı sərəncam əsasında isə dövlət büdcəsindən ilkin olaraq 3 milyon manat ayrılmışdır.
Dövlətin sosial siyasətinin əsas hədəfləri, Prezidentin ölkə vətəndaşlarının həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmağa yönələn qayğı və diqqətinin konkret ifadəsi göz qabağındadır. Səmimi notlar üzərində keçən hərarətli görüşdən iki gün sonra dövlət başçısının imzaladığı sözü gedən üç sərəncam, sözün həqiqi mənasında, Mingəçevirdə rezonans doğurmuşdur. Küçədə qarşılaşan şəhər sakinləri bir-birini təbrik edir, göz aydınlığı verirdilər. Könüllərdə baş qaldıran misilsiz minnətdarlıq hissinin əsas ünvanı isə böyük humanizmi, qayğıkeşliyi, mehribanlığı ilə ürəklərdə sonsuz istək və məhəbbət yaratmış Prezident İlham Əliyevdir.
Ayrı-ayrı şəhər sakinlərinin
ürək sözlərini eşidəndə bunun
bir daha şahidi olduq..
Akif Hacıyev - şəhər Ağsaqqallar Şurasının sədri:
- Mingəçevir mənə doğma, anam qədər əziz şəhərdir. Onun xoş sorağı, indiki ağ günləri ömrümə ömür calayır. Azərbaycan gəncliyinin dünyaya səs salan hünəri biz yaşlı nəslə qürur verir. Mən respublika Prezidenti İlham Əliyevi Azərbaycan gəncliyinin simvolu hesab edirəm. Onun yeritdiyi müdrik və uzaqgörən siyasəti bizim Mingəçevir şəhərində hamı bəyənir və müdafiə edir. Dövlətimizin başçısı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə Mingəçevirdə yeni müəssələr hesabına texnoparklar yaradılmasının artıq zərurətə çevrildiyini deyəndə onu doğma övladım kimi bağrıma basıb alnından öpmək istədim. Prezidentin səsləndirdiyi bu fikirlər bizim şəhər üçün taleyüklü bir məsələdir. Son illər şəhərimizdə yeni iş yerlərinin sayı sürətlə artsa da, hələ xeyli işsiz var. İşsiz varsa, deməli, o işsizin mənsub olduğu ailədə dolanışıq problemi də var. Bax, möhtərəm Prezidentin nəzərdə tutduğu tədbirlər bir tərəfdən ölkənin iqtisadi qüdrətini artırmağa hesablanırsa, az əhəmiyyət kəsb etməyən digər mühüm tərəfdən isə minlərlə yeni iş yerinin açılması ilə çox sayda ailələrin dolanışığını yaxşılaşdırmağı hədəfə alır.
Mən dünya görmüş insanam. Bəzən
ağına-bozuna baxmadan keçmişi
topa tutanlarla
razılaşmıram. Sovetlər dövründə belə bir şüar vardı - kadrlar hər şeyi həll
edir. Məncə, bu, çox doğru
yanaşmadır və bu günümüz
üçün də son
dərəcə aktualdır. Sözümün
canı var. Dövlətimizin
başçısına bir də ona görə minnətdarıq ki, ölkə üçün
strateji əhəmiyyətə malik Mingəçevirə qurucu,
yaradıcı rəhbər təyin edib.
5-10 ilə görüləsi iş bir ildə görülüb.
Əlbəttə, dövlətimizin qüdrəti sayəsində,
bacarıqla səfərbər edilmiş
mingəçevirlilərin əzmkarlığı ilə.
İlham Mayılov - şəhər mərkəzi
xəstəxanasının baş həkiminin müavini:
- Həqiqətdir ki, bu gün Mingəçevir bayram əhval-ruhiyyəsindədir. Hamının üzü güldüyü, könlü açıldığı bu günlərdə bəlkə də daha çox sevinən tibb işçiləridir. Əlbəttə, bu, səbəbsiz deyil. Prezident İlham Əliyevin "Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulması haqqında" imzaladığı sərəncam çoxsaylı tibb işçilərinin üstünə gün kimi doğmuşdur. Mingəçevir səhiyyəsi vaxtilə bütün regionda böyük şöhrət qazanmışdı. Uzun illər boyu binaların təmir edilməməsi, müasir müayinə və müalicə avadanlıqlarının olmaması, xəstəxananın maddi-texniki bazasının zəifləməsi köhnə şöhrəti qoruyub saxlamağa imkan vermirdi.
Xəstəxana adamların daha çox müraciət etdiyi sosial ünvandır. Müayinə otaqlarının, laboratoriyaların, palataların vəziyyəti o həddə idi ki, biz xəcalət çəkməyə bilmirdik. Dövlət başçısının qayğı və diqqəti sayəsində illərdən bəri çəkdiyimiz bu sıxıntıdan qurtuluruq. Təsəvvür edin, xəstəxanada istilik sistemi yoxdur. Müasir tələblərə cavab verən müayinə və müalicə aparatları çatışmır. Böyük ehtiyac duyulan dializ aparatının olmaması şəhər sakinlərində narazılıq yaradır. Halbuki şəhərdə dializ olunası 36 nəfər xəstə var. İndi bu xəstələr Zaqatala, yaxud Bərdə rayonlarına getmək məcburiyyətində qalırlar.
Respublika Prezidenti İlham
Əliyevin Mingəçevrə səfəri, iki
gün sonra isə mərkəzi şəhər xəstəxanasının
yenidən qurulması haqqında sərəncam imzalaması təkcə
tibb işçilərinin deyil,
bütün şəhər sakinlərinin
böyük sevincinə səbəb olmuşdur. Dövlətin öz vətəndaşına sahib
çıxması, hər kəsə çata
biləcək qayğı və diqqətini əsirgəməməsi
ruh yüksəkliyi yaratmaqla
yanaşı, məsuliyyətimizi də artırır.
Dövlət başçısının mingəçevirlilərin
sağlamlığı qayğısına necə böyük həssaslıqla
yanaşmasından məntiqi nəticə çıxaran həkimlərimizin
fəaliyyətində artıq yeni dövr başlayır. Dərk edirik
ki, səhiyyənin inkişafına artan dövlət qayğısının məntiqi
davamı olaraq biz həkimlərdən
nümunəvi xidmət tələb olunacaqdır. Biz fəaliyyətimizi yeni
tələblər səviyyəsində qurmağa
çalışırıq.
Səfər Cəfərov
- səhər 1 saylı orta məktəbin
direktoru:
- Dövlət başçısının
şəhərimizə hər gəlişi bayrama
çevrilir. Bu dəfəki səfərinin
sevinci isə daha böyükdür. İllərdən bəri
məktəblərimiz üçün müşkül olan bir məsələnin həllinə artıq start verilib. Şəhərimizin
demək olar ki, bütün təhsil ocaqlarında çox sayda
qaçqın və məcburi köçkün ailəsi
məskunlaşırdı. Elə bizim 1
saylı şəhər orta məktəbində
29 sinif otağı qaçqınların
istifadəsində idi. Əlbəttə,
belə şəraitdə təhsildə qarşıya qoyulan müasir tələblərə
cavab vermək çox
çətindir. 20 ildir ki,
məktəblərimiz belə ağır şəraitdə fəaliyyət
göstərir. İndi isə
üstümüzə gün doğub. Respublika Prezidenti İlham Əliyevin
Mingəçevirə bu dəfəki səfəri
şəhərimizin sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, təhsildə
də inkişafa güclü
təkan verəcək. Qaçqın və məcburi
köçkünlər üçün
yeni salınan hər cür
infrastruktura malik şəhərcik
bir tərəfdən uzun
illər boyu çətin şəraitdə
yaşayan soydaşlarımızı məişət
rahatlığına qovuşdurursa, digər
tərəfdən təhsil müəssisələrinin normal fəaliyyətini təmin
edəcəkdir. İllərlə arzu olaraq qalan və bu istəyi gerçəkləşdirən Prezident İlham Əliyevə
şəhərin bütün pedaqoji işçiləri, şagirdləri,
eləcə də valideynlər böyük
təşəkkür və minnətdarlıqlarını
çatdırırlar.
Səidə İbrahimova - Ağdam rayonundan məcburi köçkün,
şəhid ailəsi:
- Bu günün
gələcəyinə, arzularımın həyata keçəcəyinə
inanırdım. Hər dəfə televiziyada yeni
qaçqın şəhərciklərinin istifadəyə verildiyini, illər boyu
ağır şəraitdə yaşayan
ailələrin firavan həyata qovuşduğunu görandə
öz-özümə pıçıldayırdım ki, bu bizə də nəsib
olsun. İndi özümü xoşbəxt sayıram.
Beş nəfərdən ibarət olan ailəmizin
artıq öz evi
var. Dördotaqlı mənzildə ailəmizin
firavan yaşaması üçün
hər cür şərait
yaradılmışdır. Sevinən, bayram
edən təkcə biz deyilik.
Mingəçevirdə yeni tikilən çoxmərtəbəli
yaşayış binalarında bizimlə bərabər 502 məcburi
köçkün ailəsi də yeni mənzillərə köçmüşdür.
Əlbəttə, bu sevinci
bizə dövlətimizin başçısı İlham Əliyev bəxş etmişdir.
Yeni mənzil alan ailələrin
471-i ağdamlıdır. Ağdamlılar bütün
zamanlarda Prezident İlham Əliyevin siyasətini dəstəkləmişlər.
Fəxr edirik ki, belə
qayğıkeş rəhbərimiz var. Böyük Yaradanın nəzərləri həmişə
onun üstündə olsun.
Dövlət başçısının əvəzsiz
qayğısı, diqqəti bizə ağrı-acılara üstün gəlməkdə güc-qüvvət,
yaşamağa həvəs verir. Biz inanırıq ki, müdrik və qətiyyətli
Prezidentimiz işğal
altındakı torpaqlarımızı tezliklə azad edəcək, toy-bayramla
Qarabağa, doğma Ağdama dönəcəyik.
Kamal Nəcəfli - şəhər gənclər
və idman idarəsinin rəisi:
- Respublika Prezidenti İlham Əliyevin Mingəçevirə aprelin 16-da gerçəkləşən tarixi səfəri şəhərimizin gənclərinin həyatında çox əlamətdar hadisə ilə yaddaşlara yazılıb. Səfər zamanı dövlət başçısı Gənclər evinin açılış mərasimində iştirak etdi. Bütün regionda tayı-bərabəri olmayan bu möhtəşəm ocaq məhz Prezidentin təşəbbüsü ilə yaranmışdır. Ümumi sahəsi 380 kvadratmetr olan Gənclər evində şəhərimizin yeniyetmə və gənclərinin öz asudə vaxtlarını səmərəli keçirməsi, intellektual səviyyələrini artırmaları üçün hər cür şərait yaradılmışdır. Şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə dövlət başçısı digər quruculuq işləri ilə yanaşı, Mingəçevirdə Olimpiya İdman Mərkəzinin tikiləcəyini bəyan etdi. Dövlət başçısının qayğısı şəhərimizin gənclərini yeni uğurlara, müstəqil Azərbaycan dövlətinin fəal vətəndaşı olmağa ruhlandırır.
Dövlət başçısının Mingəçevirin sosial-iqtisadi inkişafında yeni dövrün başlandığı anlamına gətirən tarixi səfərindən bir neçə gün keçir. Amma bu bölgədə çox şeyin dəyişdiyi gerçək bir reallıqdır. Həmişə qaynar həyat yaşanan Mingəçevirdə indi fərqli bir durum var. Dövlət başçısının bu bölgənin yüksəlişinə artan qayğısı nur şəhərində formalaşan sağlam mənəvi-psixoloji mühitə yeni çalarlar verir. Şəhər rəhbərliyinin təşkilatçılıq bacarığı ilə adamların gücü aydın istiqamətə - ölkənin iqtisadi qüdrətinin artırılması, doğma diyarın cənnətə döndərilməsi uğrunda mübarizəyə səfərbər edilir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov söhbət zamanı dedi ki, Respublika Prezidenti İlham Əliyev bölgəyə səfəri zamanı burada görülən abadlıq-quruculuq işlərinə yüksək qiymət verməklə yanaşı, nur şəhərinin inkişafında mühüm rol oynayacaq yeni dövrün başlandığını bəyan etdi. Dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir:
"Mingəçevir Azərbaycanın çox böyük turizm mərkəzinə çevrilməlidir. Bunu etmək üçün bir daha demək istəyirəm ki, bütün imkanlar vardır. Artıq tikilən hotellər də turizm sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, biz gərək Mingəçeviri böyük sənaye mərkəzi kimi inkişaf etdirək. Mən Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı xüsusi göstəriş vermişəm... Biz Mingəçeviri yenidən böyük sənaye mərkəzinə çevirməliyik. Buna nail olmaq üçün artıq hökumətə müvafiq göstərişlər verilmişdir. İndi işlər gedir ki, Mingəçevirdə texnologiya parkı yaradılsın. Dövlətin dəstəyi ilə burada bir neçə iri müəssisə yaradılsın ki, iş yerləri çoxalsın".
Dövlət
başçısı Mingəçevirin gələcək
inkişafı sənayenin, turizmin inkişafı ilə
bağlı olacaq fikrini bəyan etməklə nur şəhərinin
üzünə yeni və daha işıqlı sabahlar açır. Bu
qayğını yüksək dəyərləndirən mingəçevirlilər
indi çox məmnundurlar. Onlar fəaliyyətinin əsas hədəfi
insan amili olduğunu dəfələrlə bəyan edən
dövlət başçısının yeritdiyi müdrik
siyasəti birmənalı şəkildə müdafiə
edir, həmişə öz prezidentlərinin ətrafında
sıx cərgələrdə birləşdiklərini
qürur və iftixarla dilə gətirirlər.
Lazım QULİYEV
Azərbaycan.-2013.- 24 aprel.- S.7.