Ulu öndər haqqında 37 miniatür
kitab çap olunmuşdur
Dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında saysız-hesabsız əsərlər yazılmış, cild-cild kitablar nəşr olunmuşdur. Əlbəttə, Heydər Əliyev irsi elə bir xəzinədir ki, onu öyrənib, tədqiq edib başa çatdırmaq mümkün deyil. Bu irs hələ bundan sonra da yeni-yeni nəsillərin tədqiqat obyekti olacaq.
Ulu öndərin həyat və fəaliyyətindən, fövqəladə rəhbərlik qabiliyyətindən və siyasi uzaqgörənliyindən, böyük humanizmindən bəhs edən hər bir kitabın öz yeri və rolu var. Maraqlıdır ki, Heydər Əliyev fenomenindən bəhs edən ən qalın cildlərlə yanaşı, çox kiçik həcmli nəfis poliqrafik tərtibatlı miniatür kitablar da nəşr olunub. Zövqləri oxşayan bu zərif kitablar hamı tərəfindən rəğbətlə, eyni zamanda, böyük maraqla qarşılanır. Hər şeydən öncə, oxucularda xoş əhval-ruhiyyə yaradır.
İndiyədək Azərbaycan Respublikası "Kitab" Cəmiyyətinin xəttilə ulu öndər Heydər Əliyevlə bağlı 37 miniatür nəşr işıq üzü görüb. Müxtəlif ölçülərdə buraxılan kitabların hamısı Heydər Əliyev Fondunda və bütün dünyada analoqu olmayan Bakıdakı Miniatür Kitab Muzeyində nümayiş etdirilir. Təkrarsız sənət inciləri kimi yaradılan bu kitablar "İNDİQO" nəşriyyatında çap olunub.
Qeyd edək ki, Azərbaycanda miniatür kitab buraxılışı ilə məşğul olan tanınmış ziyalı, naşir, "Kitab" Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahovanın Heydər Əliyev irsini həm də bu cür kitablarla təbliğ etmək fəaliyyəti 1993-cü ildən, ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığı dövrdən başlanıb. Belə ki, həmin il Prezident seçilən ümummilli liderin oktyabrın 15-də andiçmə mərasimindəki nitqi Azərbaycan, rus və ingilis dillərində miniatür kitab şəklində buraxılıb. Zərifə Salahova ulu öndərlə bağlı ilk miniatür kitabın çapını belə xatırlayır: "1993-cü il oktyabrın 15-də Prezidentin andiçmə mərasimi keçirilirdi. Mərasimdə mən də iştirak edirdim. Ulu öndərin buradakı dərin məzmunlu nitqinə heyran qaldım. Həmin dövr Azərbaycan öz ağır günlərini yaşayırdı. Heydər Əliyev düz bir saat 10 dəqiqə ayaq üstə, heç bir qeydə-kağıza baxmadan proqram xarakterli çıxış etdi. Bütün iştirakçılar həyəcan içində idi. Mən hətta kövrəlmişdim. Heydər Əliyevin hər bir sözü, Azərbaycanın uğurlu gələcəyinə ünvanlanmış hər bir fikri çəkdiyimiz əzablı günləri bizlərə unudur, haqqa-ədalətə inamı artırırdı. Bu, vətənə, xalqa, dövlətə əsl sədaqət andı idi. Mən hələ tədbirdə özlüyümdə belə qərara gəldim ki, bu çıxışın mətnini kiçik ölçüdə nəfis tərtibatda nəşr edəcəyəm". 1995-ci il iyunun 3-də M.F.Axundov adına Dövlət Kitabxanasında üç dildə - Azərbaycan, rus və ingilis dillərində çıxan "Vətənə, dövlətə, xalqa sədaqət andı" miniatür kitabların təqdimat mərasimi keçirildi. Təqdimatda Azərbaycan Prezidenti Heydər Əliyev iştirak etdi və gözəl bir nitq söylədi. Həmin nitqdə Azərbaycanda miniatür kitab nəşri sahəsində Zərifə Salahovanın fəaliyyətinin yüksək qiymətə layiq olduğunu bildirdi. Bu nəşrin ardınca Azərbaycan dilində üç min nüsxə tirajla 60x80 mm ölçüdə "Azərbaycan Respublikasının Konstitusiyası", 38x53 mm ölçüdə min tirajla üç dildə "Azərbaycan Respublikası", 1998-ci ildə ümümmilli liderin ikinci müddətə Prezident seçildikdən sonra andiçmə mərasimindəki çıxışı min nüsxə tirajla üç dildə çap olunmuşdur. Bir faktı qeyd edək ki, ulu öndərlə bağlı bu kitablar mövzu baxımından da rəngarəngdir. Məsələn, "Azərbaycan Respublikası" adlı nəşrdə ölkəmiz haqqında tarixi məlumatlar, dövlət rəmzləri, eləcə də ümummilli lider Heydər Əliyevin tərcümeyi-halı, dövlətçilik fəaliyyəti, irsi haqqında maraqlı məqalələr verilmişdir. "Azərbaycan XXI əsrin və üçüncü minilliyin astanasında" adlı müniatür kitabda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minilliklə bağlı Azərbaycan xalqına müraciəti nəşr olunmuşdur. Bu kitab 2001-ci ildə rus dilində, 2003-cü ildə isə Azərbaycan və ingilis dillərində 55x77 mm ölçüdə oxucuların istifadəsinə verilmişdir. Bundan başqa, "İstanbul sammitinin yekunları", "Yeni Azərbaycan Partiyasının I qurultayı", "Görkəmli siyasətçilərə "İstiqlal" ordeni", "Dünya Azərbaycanlılarının I qurultayı", "Minilliyin Zirvə görüşü", "Azərbaycan Qadınlarının I qurultayı", "Olimpiya oyunları-2000", "Heydər Əliyevin neft strategiyasının təntənəsi" və s. miniatür kitablarda ölkə həyatında əlamətdar hadisələrlə bağlı keçirilən tədbirlərdə ulu öndərin çıxışları, nitqləri, imzaladığı fərman və sərəncamlar, xarici olkələrə səfərləri öz əksini tapmışdır.
Heydər Əliyev haqqında nəşr olunan kitabların hər biri diqqətçəkəndir. Bunların arasında ulu öndərin 75 illiyi münasibətilə buraxılan kitab xüsusi önəm daşıyır. Çünki o, xatirə hədiyyəsi kimi tərtib olunmuş, kitabın yerləşdiyi qutuya Moskvada, "Monetnıy dvor"da qızıldan hazırlanmış xatirə medalı da daxil edilmişdi. "Əsrin müqaviləsi" adlanan bu miniatür kitabı Zərifə Salahova ulu öndərə şəxsən təqdim etmişdi. O, həmin hadisəni belə xatırlayır:
- Mən bu simvolik hədiyyəni ümummilli liderə təqdim edəndə dedim ki, siz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra daxili və xarici siyasət sahəsində çox işlər görmüsünüz, "Əsrin müqaviləsi"ni imzalamısınız. Sizin bu işiniz hamıya çatdırılmalıdır. "Əsrin müqaviləsi"nin imzalanması çətin bir dövrə düşmüşdü və bu kontraktın reallığına, uğuruna inanmayanlar çox idi. Amma ulu öndərin müdrikliyi qalib gəldi. Heydər Əliyev təşəkkür edib, medalın üzündəki portretinə diqqətlə baxdı və dedi ki, mən heç bir şəkildə bu qədər özümə oxşamamışam. "Əsrin müqaviləsi" haqqında ilk kitabı miniatür şəkildə biz buraxdıq.
Diqqəti çəkən cəhətlərdən biri də budur ki, həcmcə kiçik olduqlarına baxmayaraq, bu kitablar bir-birinə bənzəmirlər. Üz qabıqları üçün maraqlı, bir-birindən fərqli formalar düşünülür. Ümumiyyətlə, nəşrlər tərtibat cəhətdən fərqlənirlər ki, bunu da etmək digər, yəni, irihəcmli kitablarda olduğundan çox çətindir. "Yeni Azərbaycan Partiyası 10 il", "Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yubileyi münasibəti ilə təbriklər", "Əsrin kontraktı", "Milli Olimpiya Komitəsi 10 il", "Naxçıvan-85", "Dünya kədər içində", E.Axundovanın "Lider", "Heydər Əliyevin xatirəsinə" və s. kitablar xüsusi zövqlə, nəfis tərtibatda çapdan çıxmışdır.
Bu günlərdə ümummilli lider Heydər Əliyevin 90 illiyi ərəfəsində daha bir kitab işıq üzü görüb. "İNDİQO" nəşriyyatında Azərbaycan və ingilis dillərində buraxılan miniatür nəşrin formatı 38x53 millimetrdir. Azərbaycan dilindəki kitab 176 səhifədən ibarətdir, orada 14 foto yerləşdirilib. 174 səhifəlik ingilisdilli variantda isə 17 foto var. Nəfis tərtibatlı bu nəşr "H. Halal: hər şey poliqrafiya üçün" müəssisəsinin sponsorluğu ilə çap olunub.
Kitabların üz qabığı təbii dəridən hazırlanıb, qızılı naxışlarla bəzədilib.
Bu kitab da 15 il əvvəl ulu öndərin 75 illiyi münasibətilə buraxılan kitab kimi xüsusi futlyarda yerləşdirilib. Futlyarın ölçüləri 60x75 millimetrdir. Qutuya eləcə də Moskvadakı "Monetnıy dvor"da qızıldan hazırlanmış medal da qoyulub ki, onun müəllifi İvan Kopıtkindir. Xatırladaq ki, İ.İ.Kopıtkin bu özünəməxsus incə fəaliyyətlə, yəni, medallar tərtib etməklə məşğul olan tanınmış rəssam və heykəltəraşdır.
Medalın bir üzündə Heydər Əliyevin vaxtilə bəyəndiyi portreti, o biri üzündə isə dəfnə və zeytun budaqları ilə əhatələnmiş "90" rəqəmi, rəqəmin üstündə Azərbaycanın gerbi - yəni, səkkizguşəli ulduz həkk olunub.
Kitabda üç çıxış verilib. Bunlardan birincisi Azərbaycan xalqının həyatında tarixi günlərdən birində - 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanarkən ümummilli liderin çıxışının mətnidir. Daha sonra kitabda Prezident İlham Əliyevin 2004-cü və 2009-cu illərin sentyabr ayında "Əsrin müqaviləsi"nin 10-cu və 15-ci ildönümləri münasibətilə keçirilən tmərasimlərdəki nitqləri dərc olunub.
19 il əvvəl Azərbaycan xalqının həyatında mühüm amilə çevrilən möhtəşəm neft müqaviləsini imzalayarkən ulu öndər demişdi: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk".
Hamının yadındadır ki, o vaxt ölkəmizin gələcək inkişaf istiqamətləri müəyyən edilirdi. Azərbaycanın necə, hansı yollarla inkişaf etdiriləcəyi məsələsi üzərində düşünülürdü. Əlbəttə, ölkənin ümumi inkişafına ilk növbədə, əsas sərvətimiz olan neft ehtiyatları xidmət göstərməli idi. "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin yeni neft strategiyasının başlanması demək idi. Məhz ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı.
Miniatür nəşrdə ulu öndərin nitqinin mətnindən sonra Prezident İlham Əliyevin çıxışlarının dərci təsadüfi deyil, qanunauyğun haldır. Çünki ümummilli liderin başladığı nəhəng işlər bu gün uğurla davam etdirilir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü iqtisadi siyasət sayəsində Heydər Əliyevin yeni neft strategiyası çərçivəsində yeni-yeni nailiyyətlər qazanılır. İndi ölkəmizdə neft kapitalı insan kapitalına çevrilir. Neftdən gələn gəlirlər xalqın ən ümdə probleminin həllinə yönəldilir. Üstəlik, qeyri-neft sektorunun inkişafı dövlətin prioritet vəzifəsi kimi qarşıya qoyulub. Bütün bunlara zəmin yaradan, qazanılan nailiyyətləri mümkün edən məhz Heydər Əliyevin neft strategiyasının uğurlarıdır.
Beləliklə, sözügedən miniatür kitabda üç çıxışın birləşdirilməsi Azərbaycanın Heydər Əliyev ənənələrinə sədaqətini və müvəffəqiyyətlərimizin dönməzliyini bariz şəkildə göstərir.
Bu gün Miniatür Kitab Muzeyində nümayiş etdirilən ən dəyərli nəşrlər məhz Heydər Əliyevə həsr olunan kitablardır. Çünki Azərbaycanda belə bir muzeyin varlığı, mövcudluğu da böyük rəhbərin adı ilə bağlıdır.
Zərifə Salahova haqlı olaraq deyir ki, ulu öndər mənim belə bir muzey yaratmaq fikrimi hamıdan öncə bəyəndi və onun tapşırığı ilə muzey binasının tikintisi üçün İçərişəhərdə yer ayrıldı. Mən bunu ömrüm boyu unutmaram. Heydər Əliyevin qayğısı və köməyi olmasaydı, heç vaxt belə bir muzey yaradılıb xalqın ixtiyarına, istifadəsinə verilə bilməzdi. O zaman bu, ulu öndərin Azərbaycan mədəniyyətinə yeni bir töhfəsi oldu.
Hazırda
muzeydə Heydər Əliyevlə bağlı dəyərli
miniatür nəşrlər nümayiş etdirilir və bundan
sonra da böyük rəhbər haqqında yazılacaq
neçə-neçə kitab burada özünə yer alacaq.
İradə ƏLİYEVA
Azərbaycan.-2013.- 24 aprel.- S.9.