Beynəlxalq festival xoş təəssürat
yaratdı
Ənənəvi olaraq dünya musiqiçiləri beşinci dəfə Bakıya toplaşdılar. Dahi bəstəkar Qara Qarayev adına V Beynəlxalq musiqi festivalı yenidən tanınmış ifaçı və kollektivləri bir araya gətirdi. Aprelin 14-də Azərbaycan Dövlət Filarmoniyasında mərasimin təntənəli açılışı və ilk konserti keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirk edirdilər. Filarmoniyanın foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının dahi bəstəkar Qara Qarayevə həsr olunmuş foto və kitab sərgisi keçirildi.
Bu ilki beynəlxalq festival həm də dahi Qara Qarayevin 95 illiyinə həsr olunmuşdu. İl başlayandan ölkəmizin musiqi mədəniyyəti ocaqlarında dünya şöhrətli bəstəkarla bağlı keçirilən rəngarəng silsilə tədbirlər musiqisevərlərin ürəyincə oldu.
Rəngarəng və maraqlı proqrama malik olan beynəlxalq festivalda Almaniya, Avstriya, Fransa, Hollandiya, Rusiya və digər ölkələrin müasir musiqiçiləri təmsil olunurdular. Festivalın açılış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayev, Xəyyam Mirzəzadə, Fərəc Qarayev, Dmitri Şostakoviç, Ottorino Respiginin əsərləri səsləndirildi. Möhtəşəm musiqi əsərlərinə xalq artisti Rauf Abdullayev dirijorluq edirdi.
Muzey mərkəzində müasir musiqinin problemlərinə həsr olunmuş konfransda həm xarici ölkə, həm də Azərbaycan musiqişünaslarının məruzələri dinlənildi. Xüsusilə də, Zümrüd Dadaşzadənin "Qara Qarayev: XI əsrdən baxış" məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılandı. Rəşid Behbudov adına Mahnı Teatrında isə Fransanın musiqi kollektivləri kamera konserti verdilər. Festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında, Muğam mərkəzində, Kamera və orqan musiqi zalında konsertlər davam etdirildi.
Festivalın başqa bir orijinal layihəsi isə Gənc Tamaşaçılar Teatrının səhnəsində gerçəkləşdi. Müasir dünya musiqisinin ekstravaqant klassiklərindən biri olan Mauricio Kagel'in musiqi əsasında "Variete" tamaşası nümayiş olundu. Əsər alman, ispan mənşəli "AVA Dance Company" və Bakı müasir musiqi kollektivi Con tempo tərəfindən ukraynalı dirijor Vladimir Punçakinin idarəsi altında ifa edildi. Bu konsertdə alman akkordeonisti Eva Zöllner də çıxış etdi. Maraqlıdır ki, bu məşhur ifaçı öz akkordeonunda Azərbaycan musiqisini də böyük məhəbbət və ehtiramla dinləyicilərə çatdırdı.
Festival çərçivəsində diqqətçəkən musiqi əsərlərindən biri də Cəlal Abbasovun Qara Qarayevin xatirəsinə həsr etdiyi "Postludiya" əsəri oldu. Həm Rusiya, həm də Azərbaycan musiqiçilərinin təqdim etdiyi bu möhtəşəm əsər festivalın yaddaqalan ifalarından oldu. Orqan, gitara, molin və violonçelin sədaları altında yaranan musiqi dünyasında Qara Qarayev şəxsiyyətinə, yaradıcılığına rəğbətin musiqi töhfəsi tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Xarici ölkə və yerli ifaçıların birlikdə səsləndirdiyi dünya musiqisinin inciləri bir daha sübut etdi ki, həqiqətən də, musiqinin dili yoxdur. Onun ahəngindəki qüdrət, sədalarındakı coşqunluq dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsi məftun edir. Bu tərcüməyə ehtiyacı olmayan sənət əsərlərinin dünyanın harasında meydana gəlməsindən asılı olmayaraq sərhədlər aşmaq, müxtəlif konsert salonlarında səslənmək, qəlbləri fəth etmək qüdrəti də elə onun varlığındakı humanistliyin, xoş emosiyaların, həyat eşqinin doğurduğu ölməzlikdir!
Festivalın bağlanış tədbiri də Azərbaycan Dövlət Filarmoniyasında oldu. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dünya musiqiçilərinin əsərlərini bir daha səsləndirərək Azərbaycanda baş tutan musiqi bayramının təntənəsinə yeni rəng qatdı. Festivalda Azərbaycan, Almaniya, Avstriya, Hollandiya, Rusiya, İspaniya və Türkiyə musiqiçiləri müasir musiqini mükəmməl ifa edən solist və kollektivlər iştirak edərək proqramları ilə XXI əsr musiqi təfəkkürünün inkişafında yeni izlər saldılar. Əslində, bu festival müasir musiqi sənətinin yeni bir mərhələsinin davamı oldu və ölkəmizə gəlmiş dünya musiqiçilərinin qəlblərində gözəl anlar yaşatdılar. Sənət və sənətkarların birliyi bir daha sübut etdi ki, hər cür neqativ hallardan dünyanı mədəniyyət xilas edə bilər.
Ölkəmizdə keçirilən beynəlxalq festivalda iştirak edən xarici musiqiçilər söhbət zamanı bildirdilər ki, Azərbaycan xalqı öz qonaqpərvərliyi, musiqisevərliyi, humanistliyi və digər məziyyətləri ilə müqayisəyəgəlməzdir. Dünyanın çox yerini dolaşmış, fərqli tamaşaçılar görmüş, müxtəlif auralara düşmüş ifaçılar Azərbaycandakı xoş rəftarı, musiqisevərliyi, gözəlliyi, aldıqları müsbət emosiyaları dəfələrlə söyləməkdən, etiraf etməkdən sanki zövq alırdılar. Əlbəttə, dünya musiqiçilərinin ölkəmizin paytaxtına gəlib beş gün ərzində könül rahatlığı ilə beynəlxalq bir tədbirdə fərəhlə iştirak etmələri üçün yaradılan hərtərəfli şəraitin də təsiri böyükdür. Artıq neçə illərdir ki, Bakı beynəlxalq tədbirlərə məharətlə ev sahibliyi edir. Təkcə Bakıda deyil, bölgələrimizdə də mədəniyyət, musiqi və teatrla bağlı müxtəlif konfranslar, yarışmalar, müsabiqələr, görüşlər keçirilir. Hər dəfə də əcnəbilər ölkəmizdən könül xoşluğu və mütləq bir istəklə ayrılırlar. Yenidən Azərbaycana gəlmək arzusu onların bütün təəssüratlarının sarı siminə çevrilir...
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 24 aprel.- S.9.