Bakıda İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin
əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin
iclası keçirilir
Aprelin
23-də Bakıda Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı
ilə İslam Əməkdaşlıq Təşkilatına
(İƏT) üzv ölkələrin əmək nazirliklərinin
yüksək səviyyəli rəsmilərinin iclası işə
başlamışdır.
AzərTAc
xəbər verir ki, iki gün davam edəcək iclasın məqsədi
təşkilata üzv ölkələrin əmək nazirlərinin
aprelin 25-26-da keçiriləcək konfransının gündəliyinin
hazırlanması, nazirlərin görüşü zamanı
müzakirəyə çıxarılacaq əsas sənədlərin
yekun razılaşdırılmasıdır.
İclasın
açılışında Qurani-Kərimdən ayələr
oxunmuşdur.
İƏT-in
əmək nazirlərinin I konfransına sədrlik etmiş Səudiyyə
Ərəbistanı Krallığının əmək nazirinin
müavini Moffarej Əl Hoqubani çıxış etmiş,
II konfransın sədrini və büro üzvlərini təqdim
etmişdir.
Moffarej
Əl Hoqubani tədbirin əhəmiyyətindən
danışmış, iclasın Bakıda keçirilməsini
yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, bu
görüşün keçirilməsi hələ əmək
nazirlərinin ilk görüşündə
planlaşdırılmışdır. Bu görüş
iş yerlərində təhlükəsizlik, işsizliyin
aradan qaldırılması üçün yeni iş yerlərinin
açılması və digər məsələləri
birgə müzakirə etməyimiz üçün fürsətdir.
Əmək nazirlərinin birinci görüşündən
sonra Səudiyyə Ərəbistanı Krallığında əmək
bazarlarının inkişafı, işsizliyin aradan
qaldırılması istiqamətində işlər
görülmüş, özəl və dövlət
sektorları arasında münasibətlərin
yaradılması istiqamətində lazımi tədbirlər həyata
keçirilmişdir.
İkinci
konfransın sədri, Azərbaycan Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov
çıxış edərək tədbirin əhəmiyyətindən,
İƏT ilə Azərbaycanın uğurlu əməkdaşlığından
danışmışdır.
F.Ələkbərov
bildirmişdir ki, Bakıda İƏT-ə üzv ölkələrin
əmək nazirliklərinin yüksək səviyyəli rəsmilərinin
görüşü islam dünyası, eləcə də digər
xalqlar arasında əməkdaşlığın
inkişafı üçün qarşılıqlı etimad
mühitinin möhkəmləndirilməsində ölkəmizin
getdikcə artan rolunun növbəti əməli təsdiqidir.
Nazir
vurğulamışdır ki, bu görüş ilk dəfə
olaraq üzv dövlətlər arasında əməkdaşlıq
sahəsində vahid əlaqələndirmə mexanizminin
formalaşmasına imkan yaradacaqdır. Görüşdə qəbul
edəcəyimiz "Bakı Çərçivə Sənədi",
eyni zamanda, qətnamə və Bakı Bəyannaməsi belə
bir əlaqələndirmə mexanizminin artıq rəsmi şəkildə
təsdiqinə səbəb olacaqdır.
F.Ələkbərov
diqqətə çatdırmışdır ki, bu
görüş İƏT ilə Azərbaycan arasında
mövcud əməkdaşlığın daha da genişlənməsinə
töhfəsini verəcəkdir. Ötən müddətdə
İƏT-in Azərbaycan ilə bağlı bütün
istiqamətlərdə, xüsusən ölkəmizin Ermənistan
tərəfindən işğal olunmuş ərazilərinin
azad edilməsi ilə bağlı konstruktiv və ədalətli
münasibət, qətiyyətli mövqe nümayiş etdirməsini
yüksək qiymətləndiririk. Bütün bunlar İƏT
ilə Azərbaycan arasında əməkdaşlığın
güclənməsi naminə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən əsası
qoyulan və Prezident İlham Əliyevin layiqincə davam
etdirdiyi siyasi kursun uğurlu nəticələridir.
İşçi
sessiyalarla davam edən iclasda "Təhlükəsiz və
sağlam əmək şəraiti", "İsşizliyin
azaldılması və peşə bacarıqlarının təkmilləşdirilməsi",
"Miqrant işçilərin hüquqlarının
müdafiəsi üzrə beynəlxalq qanunvericilik" və
digər mövzularda çıxışlar olmuş,
müzakirələr aparılmışdır.
Azərbaycan.-2013.- 24 aprel.- S.10.