«Erməni müəlliflərinin kitablarındakı uydurmalara «müəlliflik hüququ» mövzusunda simpozium keçirilmişdir

 

Aprelin 23-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə Dünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı "Erməni müəlliflərinin kitablarındakı uydurmalara "müəlliflik hüququ" mövzusunda beynəlxalq simpozium keçirilmişdir.

AzərTAc xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, xarici ölkələrin və beynəlxalq təşkilatların tanınmış mütəxəssisləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri  iştirak etmişlər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin mənalı ömür yolundan bəhs edən videosüjet göstərilmişdir.

MHA-nın sədri Kamran İmanov bildirmişdir ki, UNESCO tərəfindən elan olunmuş 23 aprel - Dünya Kitab və Müəlliflik Hüququ Günü hazırda dünyanın əksər ölkələrində geniş şəkildə qeyd olunur. Azərbaycanda həmin gün 1997-ci ildən etibarən ənənəvi şəkildə qeyd edilir və müxtəlif tədbirlərlə müşayiət olunur.

Tədbirin əhəmiyyətindən danışan K.İmanov vurğulamışdır ki, simpozium ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirilir və onun unudulmaz xatirəsinə həsr olunur. Ulu öndər Azərbaycanın müəllif-hüquq sisteminin müəllifi və yaradıcısıdır. Məhz onun uzaqgörənliyi sayəsində 1993-cü ildə mərkəzi icra hakimiyyəti statusunda Müəllif Hüquqları Agentliyi yaranmış və 1996-cı ildə müstəqil Azərbaycanın ilk əqli mülkiyyət üzrə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanunu qəbul olunmuşdur. Beləliklə, Azərbaycanın əqli mülkiyyət sisteminin beynəlxalq səviyyəyə yüksəlməsinə yol açılmışdır. Həmin qanunun əsas məqamlarından biri ondan ibarətdir ki, ictimai varidat sayılan qeyri-maddi mədəni irsimizin inciləri - ənənəvi mədəni nümunələr (folklor nümunələri) və ənənəvi biliklərin hüquqi qorunmasına şərait yaradılmışdır. Ulu öndərin tövsiyələri sayəsində Avropa məkanında ilk dəfə olaraq, MHA tərəfindən "Azərbaycan folklor nümunələrinin qorunması haqqında" qanun layihəsi hazırlanmış, 2003-cü ildə  Milli Məclisdə qəbul edilmiş və ulu öndər tərəfindən imzalanmışdır. 2002-ci ildə isə "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Qanun qüvvəyə minmişdir.

Bildirilmişdir ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, adıçəkilən qanunlarda müasir dəyişikliklər edilmiş və onlara əlavələr olunmuşdur. Bununla yanaşı, müəllif-hüquq qanunvericiliyi zənginləşmiş,  2004-cü ildə "Məlumat toplularının hüquqi qorunması haqqında" Qanun, 2012-ci ildə isə "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun qəbul olunmuşdur. Beləliklə, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ulu öndərin layiqli davamçısı  Prezident  İlham Əliyevin   düşünülmüş  siyasətinin nəticəsi olaraq,   Azərbaycanın müəllif-hüquq sistemi beynəlxalq ekspertlərin rəyinə əsasən MDB məkanında ən inkişaf etmiş sıralara daxil edilmiş və nümunəvi sistem kimi qəbul olunmuşdur.  Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" Konsepsiyasında bu sistemin özünəməxsus yeri vardır.

MHA-nın sədri  qeyd etmişdir ki, ulu öndərin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərmana əsasən, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla da, ilk dəfə olaraq, rəsmi dövlət sənədində "böyük Ermənistan" xülyası ifşa edilmiş, Azərbaycan xalqına qarşı yeridilən fiziki və mənəvi terror, torpaqlarımızın zəbt edilməsi, tariximizin saxtalaşdırılması, mədəni irsimizin mənimsənilməsi ilə bağlı məsələlər beynəlxalq ictimaiyyətə çatdırılmışdır. On beş il əvvəl qəbul olunmuş bu tarixi sənəddə geniş tədbirlər çərçivəsində erməni uydurmalarının ifşa edilməsi ilə bağlı tədqiqat işlərinin aparılması qarşımızda duran əsas vəzifələrdəndir.

K.İmanov demişdir ki, "kitab", "müəllif" və "müəlliflik hüququ" anlayışları yarandığı andan bir-biri ilə sıx təmasda olmuşdur.  "Yaradıcıdan, müəllifdən - əlyazmaya, kitaba", "Əlyazmadan, kitabdan - müəlliflik hüququna" - bu tellər, üzvü əlaqələr bir tərəfdən tarixi ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini əks etdirir. Hər bir işin başlanğıcı insanın tükənməz təbii resurslarından irəli gələn yaradıcılığıdır, əqli fəaliyyətidir. Onların nəticələri obyektivləşərək maddi daşıyıcıda əksini tapır, yazıya, kitaba çevrilir. Odur ki, insan yaradıcılığının təsviri olan hər şey kitabdan başlayır və hər şey də kitabdadır. Bugünkü rəqəmli dünyanın köklü dəyişikliklərinə baxmayaraq,  kitab haqqında müdrik kəlamlar bu gün də aktuallığını və əhəmiyyətini qoruyub saxlayır. Dahi Nizaminin "tükənməz mənəvi qida", Şekspirin   "tacdan qiymətli", böyük Sabirin "ilk dost", maarifçi-alim Zərdabinin "qiymətli dəfinə" adlandırdıqları kitab Volterin sözləri ilə desək, "ocaqlarımızdakı oda bənzəyir: qonşudan götürür, özümüzdə yandırır və digərlərinə veririk, beləliklə, onlar hamıya məxsusdur".

Müəlliflik hüququndan danışan MHA-nın sədri demişdir ki,   təbiətdə hüquq, o cümlədən müəlliflik hüququ yoxdur. Yaradıcılıq nəticələrinə müdaxilə edilən müəlliflik hüququ törəmədir, sonrakıdır, tarixidir. Çünki bu hüquq ünvanlıdır, folklor, anonim əsərlərdən fərqli olaraq, konkret müəllifə yönəlir və müəllifin heç bir kəsdən asılı olmayaraq orijinal ifadə edilən əsərinin ideyasının keşiyində durur, onu qoruyur. Müəlliflik hüququnun və müəllif anlayışının tarixinə nəzər salarkən, kitabın təşəkkül tarixini unutmamalıyıq. Bu təşəkkül prosesində yazını, əlifbanı və yazı daşıyıcıları amillərini xüsusilə qeyd etməliyik. Yazının piktroqrafik, ideoqrafik, sillaloqrafik və nəhayət, əlifbaya gətirən fonoqrafik növünü xatırlamalıyıq. Əlifba ilə yanaşı, daş, gil, lövhə, ağac, papirus və perqamentdən keçən yolun kağız kimi maddi daşıyıcı ilə nəticələnməsini qeyd etməliyik. Beləliklə, əlifba və kağız  əlyazmalara, əlyazma kitabların genişlənməsinə yol açmış, Yaxın Şərq mədəniyyətini "divan", "külliyyat", "şərh", "risalə", "dərslik" və s. əlyazma kitabları ilə zənginləşdirmişdir.

K.İmanov vurğulamışdır ki, qədim əlyazmalar xəttatlar vasitəsilə çoxaldılmışdır. Azərbaycanda qədim və nadir əlyazma kitablar sırasında  Əbu Əli Sinanın "Əl-Qanun fit-tib" əsərinin 1141-ci il nüsxəsi, XaqaniNizaminin XV-XVI əsrlərdə üzü köçürülmüş nəfis külliyyatları, Nəsirəddin Tusi, Nəsimi, Fizuli, Firdovsi, Xəyyam, Sədi Şirazi,  Məhsəti Gəncəvi və digər  klassiklərin əsərləri əlyazma fondumuzun incilərindəndir.

Azərbaycanda əlyazma kitabın təşəkkülündən irəli gələn müəlliflik hüququnun da kökləri qədim dövrlərə gedib çıxır. O zamankı əsərlərin ibtidai-təbii-anonim məzmunu, yazıların Yaradıcı Tanrıya məxsusluğu getdikcə müəlliflik şəxsiyyəti ilə əvəz olunmağa başlamışdır. Şifahi xalq yaradıcılığı və folklor nümunələrinin yazıya alınması ilə yanaşı, öz müəlliflərinin adlarını qoruyub saxlayan əsərlər də meydana çıxmışdır. Buna misal olaraq, eramızın ilk dövrlərindən bəhs edən "Kitabi-Dədə Qorqud" dastanları, Xaqaninin, Nizaminin əsərləri göstərilə bilər. Əgər Qərb Avropasında o zamankı müəlliflər kütlə qarşısında əsərlərini oxuduqdan sonra çoxaldılması üçün  orijinalları "əlyazma çapı" agentlərinə verərək sifariş olunan və köçürdülən nüsxələrində öz adlarını saxlaya bilirdilərsə, yaxud savadsız trubadurlar, menestrellər öz əsərlərinə müəllifliyi saxlamaq üçün onları mirzələrə diktə edirdilərsə, orta əsr Azərbaycanında  müəlliflər - ozan-aşıqlar müəllifliklərini əbədiləşdirməyin orijinal formasını tapmışlar və bu, bütün Şərqə yayılmışdır.  Yaradıcının əsl adı və poetik ləqəbi hökmən şeirin-nəğmənin son beytinə - "tapşırma"ya salınırdı. Müasir müəlliflik hüququ terminologiyası ilə ifadə etmiş olsaq, bu, müəllifin şəxsi hüquqlarının qorunmasının bir forması idi. Tapşırmadan mənimsəmələr və ya onun dəyişdirilməsi adi mülki hüquqla - adətlə təqib edilirdi və plagiatçılıq edən şəxslər ictimai nifrətə məruz qalırdılar.

Bugünkü müəllif hüququ ənənəsində müəllifin əmlak hüququ kimi tanıdılan məsələlər o vaxtlar mesenatçılıq xarakteri daşıyırdı. Vergili, Horatsi, Marsial öz himayədarlarının - mesenatların maddi köməyi ilə yazıb-yaratdıqları kimi, böyük Azərbaycan memarı Əcəmi Naxçıvani də özünün ən gözəl əsərlərini Azərbaycan Atabəylərinin sifarişi və himayəsilə yaratmışdır. Azərbaycan Şirvanşahları Seyid Yəhya Bakuvi kimi görkəmli alim-filosof, Xaqani və Fələki Şirvani kimi məşhur şairlərə himayədarlıq edirdilər. Dahi Nizami Gəncəvi   "XosrovŞirin" poemasına görə böyük hökmdar Qızıl Arslan tərəfindən xüsusi bəxşişlə mükafatlandırılmışdır.

K.İmanov bildirmişdir ki, Şərqdə intibah dövrü sayılan XII əsr   Azərbaycanın kitab mədəniyyətinin ən maraqlı dövrü olmuşdur və bu sahədə dahi Nizaminin rolu danılmazdır. Gözəl xəttat və məşhur ustad olan şair doğma Gəncə şəhərini əlyazma kitab emalatxanalarına və kitabxanalarına çevirərək, evlərdə şəxsi kitabxanaların yaranmasına böyük təkan vermişdir.

XV əsrdə çap üsulunun kəşf  edilməsi kitabların sayının sürətlə artmasına və yeni naşir təbəqəsinin yaranmasına səbəb olmuşdur. Bununla belə, həmin dövr müasir müəlliflik hüququnun formalaşmasının başlanğıcı hesab edilir.

K.İmanov bildirmişdir ki, Azərbaycanın Ağqoyunlu və Səfəvilər dövlətlərinin Qərbi Avropa ölkələri, xüsusilə də Venesiya Respublikası ilə xarici əlaqələri sayəsində 1594-cü ildə Romada Mediçi məntəqəsində ilk azərbaycanlı müəllifin kitabı çap üsulu ilə nəşr olunmuşdur. Bu kitab böyük Azərbaycan alimi Nəsirəddin Tusinin  XIX əsrin sonlarınadək Asiya və Şərq ölkələrində həndəsə və cəbr fənləri üzrə ən yaxşı dərslik hesab edilən və əlyazma şəklində   hələ 1248-ci ildən mövcud olan "Təhriri-İqlidis" əsəri idi. Həmin əsər 1598-ci ildə yenidən çap edilmiş və latın dilinə çevrildikdən sonra 1657-ci ildə Londonda təkrar nəşr olunmuş, bizim dövrədək Avropa məktəblərində ondan dərslik kimi istifadə edilmişdir. Azərbaycanın nəşr olunan ilk kitabları sırasında ana dilimizdə "Kitabi-Dədə Qorqud" dastanları da olmuşdur.

XVII əsrdən, şrift üsulu ilə kitab nəşrinin fəal inkişaf etdiyi Səfəvilər dövründən Azərbaycanda müəlliflik hüququ müasir mənada qəbul edilməyə başlamışdır və onun tənzimlənməsi adi hüquq çərçivəsində həyata keçirilirdi. Litoqrafiya üsulu ilə buraxılan ilk kitab isə 1812-ci ildə Təbrizdə hazırlanmışdır.

UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı müraciətində qeyd olunur ki, "kitabların forma və məzmununun çoxçeşidliyi bilik artırma mənbəyi olaraq, mədəniyyətin simasızlığına yol vermədən müvafiq dövlət siyasəti vasitəsilə dəstəklənməlidir. Bu cür  kitab müxtəlifliyi bizim varlığımız olaraq, kitabı yalnız fiziki obyektə deyil, bəşəriyyətin ən dahi ixtirasına çevirir, zaman və məkan sərhədlərini aşaraq ideyalar, biliklər mübadiləsinə çevirir". Bununla yanaşı, mədəniyyət mübadiləsi və qarşılıqlı zənginləşmə millətin həyat tərzində və birgə yaşayış bacarığında əksini tapmalıdır. Böyük filosof alim, Nobel mükafatı laureatı Fridrix fon Hayekin sözləri ilə desək, "İnsanları cəmləşdirən, həyatını mümkün edən onların fəaliyyətinin nizamlanmasıdır, vərdişlərinin düşünülmüş qayda-qanunlarla əvəz edilməsi və hüquqi normalara riayət edilməsidir".

MHA-nın sədri vurğulamışdır ki, siyasi mifologiyatarixi uydurmalar, digər xalqın torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizlənməyə və ksenofobiyaya çağırışlarla dolu kitablar mədəni mübadilənin, qarşılıqlı zənginləşmənin əksinə işləyir. Bədnam qonşularımızın millətçi müəllifləri tərəfindən yazılmış  kitablar bu qəbildəndir. Burada məşhur alman alimi Georq Lixtenberqin sözlərini xatırlatmaq yerinə düşərdi: "İnsanlar necədirlərsə, yazdıqları kitablar da elədir".

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirmişlər. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik "böyük Ermənistan" yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları on illər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışlar. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir...".

Bildirilmişdir ki, Azərbaycan xalqının mədəni irsinin yüz illər boyunca ermənilər tərəfindən "Gəldim, gördüm,E...mənimsədim" sxemi üzrə oğurlanması onların torpaqlarımıza olan ərazi iddiaları ilə sıx bağlıdır. "Böyük Ermənistan" haqqında mifin reanimatorlarının niyyətləri kifayət qədər aydındır: gəlmə etnos olan ermənilər onlara məxsus olmayan torpaqlara aid ərazi iddialarının "əsaslandırılmasını" həmin torpaqların həqiqi sakinlərinə məxsus   maddiqeyri-maddi irsin qavranılması, mənimsənilməsi və erməniləşdirilməsi ilə əlaqələndirirlər. Ermənilərin əqli və maddi-mədəni oğurluqları tarixi-coğrafi uydurmalarla, özlərinə yalançı tarix formalaşdırmaqla və əlbəttə ki, Azərbaycanın, bütövlükdə bölgənin tarixini təhrif etməklə müşayiət olunur.

Prezident İlham Əliyev informasiya və əks-təbliğat işinin qurulmasında bu erməniçilik amilinin nəzərə alınmasına, dünya ictimaiyyətinin və siyasi dairələrin diqqətini cəlb etmək üçün daha genişmiqyaslı və müntəzəm tədbirlərin həyata keçirilməsinə çağırmışdır. Bu, yalnız Azərbaycan xalqının müdafiəsi naminə deyil, bütövlükdə, saxta erməni təbliğatını ifşa etmək vəzifəsi olaraq qarşıya qoyulmuşdur. Prezident İlham Əliyev demişdir: "Mən dəfələrlə demişəm və yenə təkrar etmək istəyirəm ki, biz təbliğat hücumuna keçməliyik".  Dövlət başçısının tapşırığına riayət edərək bugünkü tədbirdə dinləyəcəyimiz çıxışlarda erməni təbliğat maşınının bir neçə "nüsxələri" ifşa olunacaqdır. Saxtakarlıq yolu ilə qonşularının hesabına "böyük Ermənistan" və "böyük erməni mədəniyyəti" xülyası ilə yaşayanlara məşhur ingilis filosofu və hüquqşünası, ideoloji liberalizminanalitik liberal hüquq məktəbinin banisi İyeremiya Bentamın XVIII əsrdə dediyi sözləri xatırlatmaq yerinə düşərdi: "Prinsiplərə riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar".

Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, "Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar"a biz "qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edirik".

Tədbirdə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva qurumun baş katibi xanım İrina Bokovanın Dünya Kitab və Müəlliflik Hüququ Günü  münasibəti ilə müraciətini oxumuşdur.

Sonra erməni saxtakarlığını ifşa edən qısametrajlı film nümayiş olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirmişdir ki, təhlillərə əsasən, ermənilərin etnomədəni ekspansiyası paralel olaraq regionda etnik separatçılıq və ksenofobiya meyillərinin şiddətləndirilməsi, etnik münaqişələrin baş qaldırması üçün ciddi presedent rolunu oynamaqdadır. Son dövrlərdə Azərbaycanda xalqımızın maddi-mədəni irsinin qorunması və beynəlxalq miqyasda təbliği sahəsində bir sıra mühüm addımlar atılmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycan muğamı, tar, aşıq musiqisi, xalçaçılıq sənəti kimi etnik mədəniyyət incilərimiz UNESCO səviyyəsində geniş təqdim olunmuş, xalqımızın tarixi irs nümunələri olaraq beynəlxalq dəyərini almışdır. Hazırda bu istiqamətdə işlər  davam etdirilir.

F.Məmmədov vurğulamışdır ki, Azərbaycan xalqının maddi-mədəni irsinin, intellektual mülkiyyətinin, qeyri-ənənəvi biliklərinin   mənimsəmələrdən qorunması, aparılan mübarizənin hüquqi təminatının gücləndirilməsi, bu dəyərlərin etnomədəni immunitetinin artırılması məqsədi ilə onların pasportlaşdırılması  işi sürətləndirilməli və xarici ölkələrdə sistemli şəkildə tanıdılmalıdır. Eyni zamanda, həmin dəyərlərin Azərbaycanda akademik səviyyədə öyrənilməsi günün tələbləri səviyyəsinə qaldırılmalı, xarici mütəxəssislərin bu istiqamətdə elmi araşdırmalarına dəstək  göstərilməsi daha da genişləndirilməlidir. Əminəm ki, bütün bu amillərin reallaşdırılması Azərbaycan tarixinə, mədəniyyətinə və incəsənətinə erməni ekspansiyasının neytrallaşmasında təsirli rol oynayacaqdır.

Milli Təhlükəsizlik Nazirliyi Aparatının rəhbəri Fərhad Vahabov tədbirin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, Azərbaycanın regionda artan nüfuzu, transmilli iqtisadi layihələrin reallaşdırılmasında həlledici rolu, xalqımızın milli maraqlarına və milli təhlükəsizliyinin təminatına istiqamətləndirilmiş müstəqil siyasəti Ermənistanın Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı yönəltdiyi davamlı mədəni ekspansiyasının əsas  səbəblərindəndir. Azərbaycan xalqının maddi-mədəni irsinin,  intellektual mülkiyyətinin erməni mənimsəmələrinə qarşı mübarizə günümüzün əsas tələblərindəndir. Bu istiqamətdə fəaliyyətlərin daha da genişləndirilməsi və gücləndirilməsi vacib məsələlərdəndir.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Vəfa Quliyevanın, Bakı Dövlət Universitetinin müəllimi Kərəm Məmmədovun, Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçiləri   İlhami Cəfərsoy və Bəxtiyar Tuncayın mövzuya dair məruzə və çıxışları dinlənilmişdir. Natiqlər kitabların cəmiyyətdə və insan həyatında rolu, erməni müəlliflərin kitablarındakı uydurmalar və belə "əsərlərə" olan "müəlliflik hüquqları" və digər erməni plagiatçılıqları ilə bağlı məsələlərdən söz açmışlar. Azərbaycanda müəllif hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi istiqamətində keçirilən təlim-seminarların əhəmiyyəti vurğulanmışdır.

Sonra mövzu ətrafında  müzakirələr aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 24 aprel.- S.10.